22 oktyabr 2020, 15:30

Nicat İsmayılovdan, Bakı, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Bakı Dövlət Universitetinin hər bir tələbəsi əks-hücum əmri verdiyiniz gündən müsəlləh əsgər kimi Sizin hər bir əmrinizə hazır dayanmışdır.

Biz gənclər torpaqlarımızın azad olunması arzusu ilə illərdir ki, alışıb yanırdıq. Həyat göstərdi ki, hər şeyin öz vaxtı var. Hadisələri qiymətləndirmək, məqamı düzgün seçmək üçün çox böyük müdriklik tələb olunurmuş.

Məkrli, hiyləgər düşmənə qarşı ağlın, səbrin, təmkinin və qətiyyətin birliyini ortaya qoymağı Siz bacardınız. Sizin xalqımıza səmimi müraciətləriniz, müxtəlif xarici kütləvi informasiya vasitələrinə verdiyiniz müsahibələr hər bir tələbə gənci qürurlandırır. Hər bir cümləniz öz sərrastlığı ilə düşməni aciz vəziyyətə salır, onun əsl məkrli niyyətini ifşa edir.

Cənab Prezident, cənab Ali Baş Komandan, bizə bu sevincli anlan yaşatdığınız üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Biz hər zaman Sizin ətrafınızda sıx birləşmişik. Sizin rəhbərliyiniz ilə işğal altındakı torpaqlarımız azad olur, Qarabağ öz həqiqi övladlarına qayıdır. Qarabağ Azərbaycandır!

Bakı Dövlət Universitetinin tələbə-gəncləri Sizin rəhbərliyinizlə şanlı ordumuza yeni zəfərlər arzulayır və bildirmək istəyirik ki, biz işğaldan azad edilən torpaqlarımızı cənnətə çevirmək üçün bugünün tələbələri - sabahın mütəxəssisləri kimi hazırıq.

Bakı Dövlət Universitetinin tələbə-gəncləri adından dərin hörmətlə,

Nicat İsmayılov

Universitetin Tələbə Gənclər Təşkilatının sədri

Azərbaycan Respublikası, Bakı şəhəri.