04 oktyabr 2020, 20:09

Yusif Cəfərbəylidən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Mən gündən-günə çiçəklənən müstəqil Azərbaycanımızın gənc bir vətəndaşı kimi bu məktubu Sizə ünvanlamağı özümə borc bildim. Sizin bütün çıxışlarınızı diqqətlə izləyirik. Uzun illərdir xalqımızın səbrsizliklə gözlədiyi günlər bu gün yaşanır. Sizin dünya ictimaiyyətinə səslənərək qətiyyətli mövqe nümayiş etdirməyiniz, bütün işğal altında olan torpaqlarımızı azad edəcəyimizi bəyan etməyiniz hər bir azərbaycanlını qürürlandırır. Xüsusilə də Sizin “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında və “Əl-Cəzirə” televiziya kanalınadakı çıxışlarınız Ermənistan rəhbərliyinə bir siyasət dərsidir. Sizin çıxışlarınız və qüdrətli Azərbaycan Ordusunun sarsılmaz gücü düşməni lərzəyə salıb.

Cənab Prezident, mən Laçın rayonundanam, lakin bu vaxta qədər öz ata-anamın doğulub boya-başa çatdığı doğma yurdumuzu görməmişəm və hər zaman o yurdların həsrəti ilə yaşamışam. Ancaq inanıram ki, tezliklə bu həsrət sona çatacaq, Sizin komandanlığınızla Qələbə xəbərini alacağıq və üçrəngli şanlı bayrağımız Şuşada, Laçında, Xocalıda, bütün Qarabağımızda dalğalanacaq.

Dərin hörmət və ehtiramla,

Cəfərbəyli Yusif Vahid oğlu

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi, UNEC İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.