Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı iclasda nitq söyləyib.
Prezident İlham Əliyevin nitqi
- Hər il olduğu kimi, biz bu il də plan üzrə altı ayın sosial-iqtisadi yekunlarını müzakirə edəcəyik. Bu ənənə öz bəhrəsini verir. Çünki bu toplantılarda həm görülmüş işlər, buraxılan nöqsanlar təhlil olunur, eyni zamanda, gələcək fəaliyyətimiz üçün praktiki addımların atılması müəyyən edilir. Təbii ki, hər ilin əvvəlində il ərzində görüləcək işlər haqqında qərar verilir, tədbirlər planı təsdiq olunur. Ancaq həyat yerində durmur. Həyat dəyişir və yeni çağırışlar üzə çıxır. Belə olan halda əlbəttə ki, biz öz planlarımıza da düzəlişlər etməliyik və edirik. Bu düzəlişlərin əsas məqsədi ölkəmizin uğurlu inkişafını sürətləndirmək, bunu təmin etməkdir. Ona görə biz bu gün də ənənəvi olaraq bu məsələləri müzakirə edəcəyik.
Ancaq bundan əvvəl son günlər ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş hadisələr haqqında ictimaiyyətə məlumat vermək istərdim. Bildiyiniz kimi, iyulun 12-də erməni silahlı qüvvələri Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbə endirmişlər və bu gözlənilməz zərbə nəticəsində bizim hərbçilərimiz həlak olub, yaralanıb. Ondan sonra hər dəfə olduğu kimi, Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etmişdir, halbuki bu, heç bir məntiqə sığmır. Bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur. Bildiyiniz kimi, bir neçə il bundan əvvəl mənim tapşırığımla sərhədin bir hissəsinin qorunması Sərhəd Qoşunlarına həvalə olunubdur. Bu da onu göstərir ki, bizim bu istiqamətdə hər hansı bir hərbi planımız yoxdur və prinsip etibarilə hərbi məqsədlər nöqteyi-nəzərdən bunun heç bir əhəmiyyəti yoxdur. Üstəgəl Ermənistan dırnaqarası “Azərbaycan diversiyasını” əsaslandırmaq üçün çox ağılsız və hesab edirəm ki, onların səviyyəsinə uyğun səbəb göstərməyə cəhd etdi. Guya ki, Azərbaycanın hərbi qulluqçuları – iki nəfər UAZ maşını ilə Ermənistan sərhədini pozaraq hərbi diversiya törətməyə cəhd etmişlər. Sual olunur, hansı ölkənin ordusu hücumu iki zabit və əsgərlə UAZ maşını ilə təşkil edir? Bəlkə Ermənistan ordusu belə “müdrik” hərbi əməliyyatlar hazırlamaqla məşğuldur? Ancaq Azərbaycan Ordusu və dünyanın heç bir ordusu belə ağılsız addım atmaz. Yəni, bu cəfəng versiyanın Ermənistan tərəfindən təqdim edilməsinin əsas səbəbi günahı bizim üzərimizə yıxmaqdır, hər dəfə olduğu kimi. Ancaq bu dəfə buna heç kim inanmayıb. Hərbi mütəxəssis olmaq lazım deyil ki, bu cəfəng versiyaya insanlar inansın. Əsl vəziyyət ondan ibarət idi ki, bir daha demək istəyirəm bizim hərbi postumuz artilleriya atəşi ilə vurulub və bu qəfil çirkin addım nəticəsində hərbçilərimiz həlak olublar. Dərhal mən bütün müvafiq göstərişlər verdim. Azərbaycan Silahlı Qüvvələrinə göstəriş verdim ki, hərbçilərimizin intiqamı alınmalıdır, onların qanı yerdə qalmamalıdır və düşmənə elə bir zərbə endirilməlidir ki, onu uzun illər bundan sonra yaddan çıxarmasın. Eyni zamanda, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti qurumlara göstəriş verilib ki, bütün beynəlxalq təşkilatlar Ermənistanın bu diversiyası ilə əlaqədar məlumatlandırılsın, bu hadisə haqqında dolğun məlumat verilsin. Mən dərhal Təhlükəsizlik Şurasının toplantısını çağırdım və orada qeyd etdim ki, operativ vəziyyət imkan verən kimi, biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin nümayəndəliklərində işləyən hərbi attaşeləri, jurnalistləri, əgər belə istək olarsa, səfirliklərin digər nümayəndələrini həmin bölgəyə dəvət edəcəyik, onları bu vəziyyətlə tanış edəcəyik və onlar yerində görəcəklər ki, bu təxribatı törədən kimdir və bu təxribat nəticəsində həlak olanlar hansı ordunun əsgərləridir.
Bir daha demək istəyirəm ki, görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı. Mən Təhlükəsizlik Şurasının toplantısında artıq demişdim ki, Azərbaycan əsgər və zabitlərinin qanı yerdə qalmamalıdır. Onlara sarsıdıcı zərbələr endirildi və bu zərbələr əminəm ki, onlara yaxşı dərs oldu. Ancaq buna baxmayaraq, dünən və srağagün onlar tərəfindən yenidən çirkin addımlar atılmışdır, növbəti dəfə hərbi təxribat törədilmişdir və bu təxribat nəticəsində yenə də bir neçə hərbçimiz, o cümlədən general Polad Həşimov, polkovnik İlqar Mirzəyev həlak olmuşlar.
Bu gün səhər saatlarında general Polad Həşimovun anası Səmayə xanımla telefonla danışdım, ona başsağlığı verdim, Allahdan səbir dilədim. Onu əmin etdim ki, oğlunun, bizim qəhrəmanımızın qanı yerdə qalmayıb, onun qisası alındı və bundan sonra da alınacaqdır. Belə analara eşq olsun ki, xalqımız, dövlətimiz üçün bu cür övladlar, igidlər yetişdirib.
Bildirməliyəm ki, general Polad Həşimov orduda çox böyük hörmətə malik olan bir insan idi. Aprel döyüşlərində öz rəşadətini göstərmişdir. Mənim tərəfimdən iki dəfə yüksək dövlət ordeni ilə təltif edilmişdir. Mənim tərəfimdən ona general rütbəsi verilmişdir. Polkovnik İlqar Mirzəyevin oğlu Elvinlə bu gün söhbət zamanı atasının qəhrəmanlığı haqqında danışdım. Dedim ki, o, atasına oxşamalıdır, bizim bütün gənclərimiz qəhrəmanlarımıza oxşamalıdırlar. Onların həyatı, torpaq, Vətən uğrunda göstərdikləri şücaət, qəhrəmanlıq hər bir gənc üçün nümunə olmalıdır. Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib. Onların ailə üzvlərinə, yaxınlarına bir daha başsağlığı verirəm. Eyni zamanda, son günlər ərzində həlak olmuş bütün insanların yaxınlarına, qohumlarına başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin, Allah yaralı hərbçilərimizə şəfa versin.
Təklif edirəm ki, bu günlər ərzində torpaq uğrunda qəhrəmancasına həlak olmuş hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilsin.
Allah rəhmət eləsin!
Bildirməliyəm ki, bu çirkin əməldən sonra mənim göstərişimlə qisas əməliyyatının ikinci fazası başlamışdır. Son iki gün ərzində düşmənə növbəti dəfə sarsıdıcı zərbələr endirildi. Bizdə olan məlumata görə, onlarla erməni hərbçi məhv edildi, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edildi. O cümlədən onların bəhanə kimi gətirdiyi məlum postun da bütün infrastrukturu darmadağın edildi, bu post artıq mövcud deyil. Düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilmişdir. Əməliyyat haqqında bundan artıq demək istəməzdim. Çünki bu, hərbi sirdir, məxfi xarakter daşıyır. Ancaq biz bəzi videogörüntüləri paylaşdıq. Bu videogörüntülər Azərbaycan Ordusu tərəfindən keçirilmiş əməliyyatların cüzi bir hissəsidir. Nə mümkün olubsa, onu göstərmişik, hesab edirəm ki, indiki mərhələdə bundan artıq informasiya vermək düzgün olmazdı. Ancaq bu videosüjetlər açıq-aydın göstərir ki, düşmənin infrastrukturu, canlı qüvvəsi, səngərləri, postları, dayaq məntəqələri nə qədər dəqiqliklə məhv edilir.
Deməliyəm ki, son günlər ərzində Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. Mən hesab edirəm ki, bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. Necə ki, 2016-cı ildə Aprel döyüşlərində düşmənə dərs verdik və Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini düşməndən azad etdik. İki il bundan əvvəl – 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən götürüldü və işğalçılar o bölgələrdən qovuldu. Azərbaycan Ordusu tərəfindən götürülmüş strateji yüksəkliklər imkan verir ki, biz Ermənistanın bir neçə yaşayış məntəqəsinə nəzarət edək. Ermənistandan Dağlıq Qarabağa gedən avtomobil yolu bizim nəzarətimizdədir. Vaxtilə - 1990-cı illərin əvvəllərində Naxçıvan ərazisinin bir hissəsini işğal etmiş Ermənistan qüvvələri həmin ərazilərdən qovuldu, çıxarıldı, o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı.
Bu əməliyyat - son günlər ərzində baş vermiş hərbi toqquşma bizim növbəti şanlı qələbəmizdir. Bunu Azərbaycan xalqı bilir. Mən bu günlərdə minlərlə vətəndaşdan məktub alıram və bu məktubların hamısı dəstək xarakterlidir. Beynəlxalq hərbi ekspertlər eyni fikirdədirlər və bunu o bölgədə real vəziyyət göstərir. Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan torpağına girə bilməmişlər və heç vaxt buna nail olmayacaqlar. Əksinə, əgər biz istəsəydik, bu gün Ermənistanın o ərazisində torpaqların böyük hissəsi nəzarətimizə keçə bilərdi. Ancaq bizim qarşımızda belə məqsəd dayanmır.
Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyətlə bağlı məlumat artıq verildi və bu gün operativ vəziyyət bizi tamamilə qane edir. Biz istənilən vaxtda, lazım olan vaxtda bu günlərdə yaradılmış əlavə imkanlardan, o cümlədən döyüş məntəqələrinin yeni yerləşməsindən istifadə edib öz sözümüzü deyəcəyik. Aprel döyüşlərində olduğu kimi, mənfur qonşu bu dəfə də ən çirkin əməllərə əl atdı. O da nədən ibarətdir? Bizim kəndlərimizi atəşə tutdu və bunun nəticəsində 76 yaşında ağsaqqal Əziz Əzizov həlak olmuşdur. Bu, bir daha onu göstərir ki, Ermənistan faşist dövlətdir.
Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz. Torpaqların itirilməsi bir daha demək istəyirəm ki, o vaxt hakimiyyətə göz dikmiş Azərbaycan Xalq Cəbhəsinin və onun başında dayananların xəyanətidir. O vaxt Azərbaycanda vəziyyəti qarışdırmaq, hərc-mərclik salmaq, hakimiyyəti yıxmaq üçün onlar Qarabağ bölgəsində xəyanət etmişlər. O vaxt o bölgədə fəaliyyət göstərən Azərbaycan Xalq Cəbhəsinin batalyonları və onların komandirlərinin bir neçəsi xəyanət etmişlər. Baxmayaraq ki, onların tərkibində cəsur və Vətənə bağlı insanlar döyüşürdülər, öz canlarını qurban vermişlər. Ancaq o vaxt Azərbaycan Xalq Cəbhəsinin başında dayananlar nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək üçün torpaqları satdılar və beləliklə, o vaxtkı hakimiyyəti yıxa bildilər. O vaxt bizim torpaqlarımızın itirilməsi bilavasitə Azərbaycan Xalq Cəbhəsinin xəyanətkar fəaliyyəti ilə bağlıdır. Ona görə Ermənistan hər zaman bu imkanlardan faydalanıb. İndi də özləri gizlətmirlər ki, o vaxt Azərbaycanda xaos, anarxiya idi, onlar bundan istifadə edib torpaqlarımızı zəbt etdilər. O vaxt Azərbaycan Xalq Cəbhəsi Gəncəni bombalayırdı, Azərbaycan əsgərlərini əsir götürmüşdü. Orada torpaq əldən gedirdi, burada isə onlar hakimiyyət uğrunda mübarizə aparırdılar və əfsuslar olsun ki, öz çirkin əməllərinə nail oldular. Hakimiyyətə gəldilər, daha çox torpaq verdilər, sonra da biabırcasına qaçıb gizləndilər, fərarilik etdilər. Bütün bunlar bizim tariximizdir.
Amma Ermənistan ancaq əliyalın insanlara qarşı vuruşub, qocalara, uşaqlara qarşı soyqırımı törədib. Xocalı soyqırımını törədənlər Ermənistanın siyasi rəhbərliyidir, keçmiş hakimiyyətidir, keçmiş iki prezidentidir hərbi cinayətkarlar. Xocalı soyqırımı zamanı bu cəlladlar tərəfindən 106 qadın, 63 uşaq öldürüldü. Əziz Əzizov da həmin erməni faşistlərin əməlləri nəticəsində həlak olmuşdur. Bildirməliyəm ki, ağsaqqal Əziz Əzizovun da qanı yerdə qalmayıb, qarşı tərəfə adekvat cavab verilib və veriləcəkdir və heç kimdə bu haqda şübhə olmasın.
Mən hesab edirəm ki, son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərdi.
O ki qaldı, bu erməni hərbi təxribatının səbəblərinə, əlbəttə ki, bu səbəbləri biz tam dəqiqliklə bilə bilmərik, bunu həyat göstərər. Ancaq bir çox məntiqli ehtimallar mövcuddur və bu haqda mən Azərbaycan vətəndaşları ilə öz fikirlərimi bölüşmək istərdim. Hesab edirəm ki, birinci səbəb Ermənistanda hazırda mövcud olan siyasi və iqtisadi böhrandır. Bu, heç kimə sirr deyil. Xaricdən maliyyələşən, xarici fondlardan maaş alan, onlardan təlimat alan və onların çevriliş texnologiyalarından bəhrələnən dəstə iki il bundan əvvəl hakimiyyəti qanunsuz yollarla zəbt edəndən sonra bir çox vədlər vermişdi. Ermənistanda çiçəklənmə, cənnət olacağını vəd vermişdi. Bəyan etmişdi ki, qısa müddət ərzində Ermənistana on milyardlarla dollar sərmayə qoyulacaq, qısa müddət ərzində Ermənistan əhalisi 5 milyona çatacaq - halbuki indi Ermənistan əhalisi 2 milyondan azdır, - Ermənistanda bütün həyat yenidən qurulacaq, ədalət olacaq, demokratiya inkişaf edəcək, insan haqları qorunacaq və digər vədlər vermişdi. Erməni xalqı Sarkisyan rejimindən o qədər bezmişdir ki, o, kimə istəsən inanardı. O çevrilişi təşkil edənlərin başında başqa adam olsaydı, ona da gedib səs verəcəkdi. Çünki Sarkisyan rejiminə nifrət həddindən artıq böyük idi və bundan istifadə edib hakimiyyəti zor gücü ilə zəbt etmiş bu qruplaşma bu vədləri sonra yerinə yetirməli idi. Ancaq necə yerinə yetirsin ki, təcrübə yox, səriştə yox, daxili resurslar yox, xarici investisiyalar qoyulmayıb. Əksinə, xarici investorları indi çürüdürlər, məhkəmə çəkişmələrinə cəlb edirlər. Bu gün Ermənistanın ayaqda dayanmasını şərtləndirən strateji investorları məhkəməyə çəkirlər, onları korrupsiyada ittiham edirlər, hətta necə deyərlər, bel bağladığı ölkənin şirkətlərinə qarşı çirkin əməllər törədirlər. Əlbəttə ki, bütün bunlar istənilən potensial investoru qorxudacaq. Əgər, sənin ölkənə pul qoyan, orada infrastruktur yaradan, insanları işlə təmin edən ən yaxın şirkətlərə belə münasibət bəsləyirsənsə, onda başqa ölkələrin investorları nə fikirləşsin?!
Ona görə bu vədlərin iflasa uğraması təbii ki, Ermənistanda artıq böhranlı vəziyyətin yaranmasına gətirib çıxarıb. Hakimiyyət buna necə reaksiya verib? Cəmiyyəti birləşdirmək əvəzinə, əksinə, indi siyasi məhbuslar yaradır, siyasi opponentlər həbs edilir, təqib olunur, onların toxunulmazlığı götürülür, konstitusiya kobudcasına pozulur, konstitusiyaya qanunsuz düzəlişlər edilir, hansı ki, bu düzəlişlər ancaq referendumla oluna bilərdi. Bilirlər ki, referendumda bu düzəlişlər keçməyəcək. Hakimiyyət zəbt olunub və hakimiyyət bölgüsü yoxdur. Hakimiyyət bir adamın əlində cəmləşib və demokratiyadan əsər-əlamət yoxdur və heç vaxt olmayıb. Faşist dövlətində hansı demokratiya, insan haqlarından söhbət gedə bilər. Amma indiki vəziyyət daha da acınacaqlıdır. Ona görə ki, iqtisadi sahədə vədlər yerinə yetirilmədi, siyasi cəhətdən Ermənistan özünü təcrid vəziyyətə qoydu. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması ilə bağlı onların ağılsız addımları bir daha bunu göstərir. Bütün dünya bizi dəstəklədi, əleyhinə çıxan yeganə ölkə Ermənistandır.
Demokratik prinsiplər tamamilə pozulub, Venesiya Komissiyasının tövsiyələri rədd edilib, siyasi opponentlər təqib olunur və diktatura hökm sürür. Ona görə indi Ermənistan rəhbərliyinə hansısa bir böhranlı vəziyyət lazımdır ki, fikri bu əsas məsələlərdən yayındırsın və şüurlu şəkildə bu təxribata əl atdı. Nə üçün məhz iyulun 12-də? Bu da təsadüfi deyil. İndi Ermənistanda bunu başqa hadisələrlə əlaqələndirirlər. Mən bu məsələyə toxunmaq istəmirəm. Çünki mən heç vaxt ailə məsələlərinə toxunmamışam və heç kimə məsləhət görmürəm. Amma mən hesab edirəm ki, iyulun 10-da artıq rəsmən açıq elan edilmiş BMT Baş Assambleyasının xüsusi sessiyası bunun əsas səbəbi olub. Çünki, bu, ölkəmizin növbəti böyük uğurudur, növbəti böyük qələbəsidir, 130 ölkə bizi dəstəklədi. Azərbaycan o ölkədir ki, gündəliyi zəbt etmiş COVID-19 məsələsi diqqətə gətirildi, iki böyük Zirvə görüşü keçirildi və ondan sonra BMT-nin Baş Assambleyasının xüsusi sessiyası. Budur səbəb. Səbəblər çox ola bilər. Sadəcə olaraq, mən öz fikirlərimizi bölüşmək istəyirəm, fakt odur ki, Ermənistanın hərbi təxribatı məhz bu vaxtlarda təsadüfən törədilməyib. Amma layiqli cavab verildi. Bir daha demək istəyirəm ki, Azərbaycan Ordusu vəziyyətə tam nəzarət edir. Onu da bildirməliyəm ki, baxmayaraq, kəndlərimiz atəşə tutuldu, ağsaqqal həlak oldu, bizim kəndlərimizdə yaşayan insanlardan bir nəfər də yerindən tərpənmədi, bir nəfər də heç yerə getmədi. Amma bizdə olan operativ məlumata görə, Ermənistanda bəzi kəndlər, bəzi şəhərlər boşaldılır. İndi panika yaranıbdır. Bax, fərq budur. Azərbaycan vətəndaşı öz torpağında ləyaqətlə yaşayır. Azərbaycan dövləti və Azərbaycan Ordusu onu qoruyur və qoruyacaqdır.
Azərbaycan ictimaiyyətinin diqqətini bir məsələyə də çəkmək istərdim. O da ondan ibarətdir ki, bildiyiniz kimi, bu çirkin əməlləri törədəndən və Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdi, dərhal onlardan yardım istədi, dərhal hay-haray qaldırdı ki, qoymayın bizi burada indi boğacaqlar, məhv edəcəklər. KTMT-nın buna nə dəxli var? Birincisi, Azərbaycan, bir daha demək istəyirəm ki, Ermənistanın dövlət sərhədini pozmayıb, təxribat törətməyib, Ermənistan ərazisinə keçməyib. Belə olan halda KTMT-nın bu işə nə dəxli ola bilər? Bu bir. İkincisi, bu addım onların acizliyini, qorxaqlığını göstərir. Onu göstərir ki, Azərbaycan qarşısında təkbaşına duruş gətirə bilməyəcəklər və onu bilirlər. Biz də bunu bilirik. KTMT-ya müraciət etmək onların qorxaqlığının növbəti təzahürüdür. Onlar öz qorxaqlığını, rəhbərliyin qorxaqlığını bir daha göstərdilər. Yaxşı, qələt eləmisən, təxribat törətmisən, cinayət törətmisən, - cavab ver buna. Cavab ver və veribdir artıqlaması ilə. İndi onlar ölənlərin sayını gizlədirlər. Amma bizdə operativ məlumat var. Bəzi ölən erməni hərbçilər haqqında məlumatı biz vermişik, onlar gizlədirdilər. Biz məlumatı verəndən sonra onlar onu etiraf etdilər. Necə ki, Aprel döyüşlərində gizlətmişdilər. Bu bir daha onların acizliyini göstərir, digər tərəfdən nəyi göstərir? Onların riyakar siyasətini göstərir. Yaxşı, necə ola bilər ki, bu yaxınlarda heç bir üzv ölkədən soruşmadan KTMT-nın baş katibini həbs etmisən. Belə şeymi olar? Bu, tamamilə bütün beynəlxalq davranış qaydalarını pozan bir addım idi. KTMT-nın rəhbəri vəzifəsində olan insanı həbs etdilər. Onlara təzyiq olunandan sonra onu buraxdilar, amma cinayət işi hələ bağlanmayıb, davam edir. Beynəlxalq təşkilatın ali nümayəndəsini həbs edir. Ondan sonra bir il ərzində KTMT-ya rəhbər nəzərdə tutulmuş şəxsin namizədliyini bloklayıb, veto qoyub. Çünki əlifba sırası ilə olmalı idi. Ermənistandan sonra Belarusun nümayəndəsi olmalı idi, onun namizədliyi verildi. Amma bir il imkan vermədi ki, o öz fəaliyyətinə başlasın. Budurmu KTMT-ya münasibət? Yaxşı, təxribat törətmisən, başından da zərbə almısan, indi nə olub qaçıb KTMT-dan yardım istəyirsən? KTMT-nın Ermənistandan başqa bütün üzvləri bizim dostlarımızdır.
İndi xarici fondlardan maliyyələşən, hakimiyyət nümayəndələrinin demək olar ki, hamısının SOROS fondunun və buna oxşar fondların tör-töküntüləri olan bir dövlətə KTMT ölkələrinin münasibəti necə olmalıdır? Mən sual verirəm və bu sual hesab edirəm ki, ritorikdir. İndi nə oldu qaçıb, KTMT-nın ətəyindən yapışırsan. Cavab ver öz çirkin əməllərinə görə. Cavab vermisən və verəcəksən.
Onu da bildirməliyəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mən bu yaxınlarda Azərbaycan telekanallarına müsahibədə öz mövqeyimi, bizim prinsipial mövqeyimizi bir daha ifadə etdim. Azərbaycan xalqının bu mənasız danışıqlardan bezdiyini ifadə etdim. Ona görə bu məsələ ilə məşğul olanlar və bu günlər ərzində öz vasitəçilik təkliflərini irəli sürənlər bu haqda düşünsünlər, Azərbaycan xalqının səbri tükənməz deyil. Bu gün biz güclü ordu yaratmışıq. Bu gün xalq-iqtidar birliyi Azərbaycanda sabitliyin inkişafının əsas şərtidir. Ona görə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir addım geri atmayacağıq. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və bizim bu məsələ ilə bağlı fikrimiz qətidir.
O ki qaldı, bizim addımlarımıza, lazım olan vaxtda lazım olan addımları atırıq və atacağıq. Mən hələlik bundan artıq heç nə demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm. Azərbaycanda hadisələri qabaqlamağı heç kimə məsləhət görmürəm. Buna ehtiyac yoxdur. Bu, zərərli ola bilər. Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik. Son dörd il ərzində üç əməliyyat keçirilmişdir, üç toqquşma olmuşdur. Üçündə də qalib gəldik. Üçündə də bayrağımızı istədiyimiz yerə sancdıq. Üçündə də düşmənə sarsıdıcı zərbələr endirdik. Bundan artıq hələ ki, nəsə demək düzgün olmaz.
Mən bir məsələyə də toxunmaq istərdim. Bu da beynəlxalq aləmin bu hadisələrə reaksiyasıdır. Azərbaycan ictimaiyyəti bunu izləyir. Təxribat törədiləndən dərhal sonra - ayın 12-də günorta saatlarında mən Prezident Administrasiyasına müvafiq göstərişlər verdim və bizim beynəlxalq təşkilatlardakı nümayəndələrin, o cümlədən parlamentlərarası təşkilatlardakı nümayəndələrin hər biri təlimat aldı və təmsil olunduqları təşkilatların rəhbərlərinə məsələ ilə bağlı dolğun məlumat verdi.
Ancaq mən hesab edirəm ki, bizim diplomatik fəaliyyətimiz daha səmərəli ola bilərdi. Mən dəfələrlə demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır. Kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır. Mən bunu dəfələrlə demişəm, həm müxtəlif tədbirlərdə, həm Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə yol göstərmişəm ki, nə etməlisiniz. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı addımları atmalısınız. Xarici ölkələrdə fəaliyyət göstərən mətbuatla necə işləməlisiniz. Azərbaycanın iqtisadi maraqlarını necə müdafiə etməlisiniz, Azərbaycan vətəndaşlarının hüquqlarını necə qorumalısınız. Diaspor təşkilatları ilə əlaqədar səmərəli işləri necə aparmalısınız. Beynəlxalq təşkilatlarda Azərbaycana bəzi hallarda ünvanlanan əsassız ittihamlara necə cavab verməlisiniz. Düşməni necə susdurmalısınız. Demişəm, hər bir məsələ ilə bağlı yol göstərmişəm. Amma biz bu göstərişlərin həyatda öz əksini tapmasını görürükmü? Bir çox hallarda görmürük. Əfsuslar olsun ki, son vaxtlar bizim diplomatiyamız ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır, bəzi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğuldur. Düşmən ölkə ilə, bizimlə münaqişədə olan ölkə ilə COVID-lə bağlı hansı danışıqlar aparıla bilər?! Bu, cəfəngiyyatdır. Yəni, nədir, biz Ermənistanla əməkdaşlığamı başladıq?!
Mən demişəm və bütün beynəlxalq təşkilatlar, o cümlədən Minsk qrupunun həmsədrləri bunu bilirlər. Baxmayaraq, təxminən son 17 il ərzində dəfələrlə mənə təkliflər edilib ki, Ermənistanla hansısa formada əməkdaşlığa başlayın, - humanitar, etimad tədbirlərinin gücləndirilməsi və digər. Mən demişəm, biz buna hazır ola bilərik, ancaq biz danışıqlar prosesində tərəqqi görməliyik. Görməliyik ki, biz artıq addım-addım sülh razılaşmasına yaxınlaşırıq. Əgər bu yoxdursa, onda bu əməkdaşlığın nə mənası var? Bu əməkdaşlıq ancaq bizim ziyanımıza ola bilər. Bu gün də bu mövqedəyəm. Gedin, işğalçı dövlətə təzyiq edin, başına ağıl qoyun, nəhayət, sözünüzü deyin ki, onlar bizim torpağımızdan çıxmalıdırlar. Əgər bu baş tutacaqsa və belə bir perspektiv real görünəcəksə, bəli, biz ondan sonra hansısa addımların atılmasını təmin edə bilərik. Ancaq indiki şəraitdə Ermənistanın baş naziri deyir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Mən buna cavab verirəm. Xarici İşlər Nazirliyi hansısa səviyyədə buna cavab verib, yoxsa yox? Mən eşitməmişəm, Azərbaycan xalqı da eşitməyib. Bunu, ilk növbədə, kim etməlidir? Xarici İşlər Nazirliyi, susur. Mən demişəm ki, danışıqlar prosesində tərəqqi olmayana qədər Ermənistan ilə hər hansı bir əməkdaşlıqdan söhbət gedə bilməz. Sən demə, COVID müzakirə olunur. Yəni, biz COVID-lə bağlı erməni işğalçılara köməklikmi göstərməliyik?!
Mən Azərbaycan xalqı ilə bütün vacib məsələləri həm bölüşürəm, həm məsləhətləşirəm, həm öz fikirlərimi, öz siyasətimi deyirəm və eyni zamanda, xalqı narahat edən problemləri dərindən təhlil edirəm. Təsadüfən deyilmir ki, xalqın gözü tərəzidir. Ona görə, bizim hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir. Ona görə mən bütün bu sualları çılpaqlığı ilə ictimaiyyətə təqdim edirəm. Bu son bir neçə gün ərzində ancaq mənim göstərişlərim əsasında addımlar atılıb. Mənim köməkçim Hikmət Hacıyevlə gündə bəlkə də on dəfə təmasdayam, - onu belə elə, bunu belə elə, onu buna de, o təlimatı buraya de.
Xarici İşlər Nazirliyi nə ilə məşğul idi? Harada idi? Ayın 12-də hadisələr baş verəndən sonra biz iş yerindəydik. Baş Nazir iş yerində, mən iş yerində səhərə qədər. Müdafiə naziri, Baş Qərargah rəisi, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Daxili İşlər naziri, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Təhlükəsizlik Şurasının katibi gecə səhərə qədər iş yerində. Mən Xarici İşlər nazirini tapa bilmədim. Mən Əli Əsədovdan soruşdum, haradadır. Sənə nə dedi? De.
Baş Nazir Əli Əsədov: Cənab Prezident, soruşdum, dedi ki, mən evdən işləyirəm.
Prezident İlham Əliyev: Necə, evdən işləyirəm?
Baş Nazir Əli Əsədov: Bəli, dedi ki, evdən işləyirəm. Mən Elmar Məmmədyarova zəng etdim. Sizin dediklərinizi ona dedim, soruşdum ki, bu hadisəni sən nə vaxt eşitmisən və harada olmusan? Dedi, evdən işləmişəm. Dedim, saatbasaat mənə de, harada olmusan? Yenə dedi ki, evdən işləmişəm. Günorta saat 3-də eşitmişəm. Daha sonra dedi ki, təqribən saat 6-da, 7-də Hikmət Hacıyevlə telefonla danışıb. İndi Siz dediniz, Hikmət Hacıyev Sizin təlimatları ona çatdırandan sonra deyib ki, bizim BMT-dəki nümayəndəmiz Yaşar Əliyevlə danışıb. Bax, bu qədər. Mən Sizin verdiyiniz tapşırıqları ona çatdırdım, dedim ki, belə olmaz. Biz hamımız iş yerindəyik. Prosesləri cənab Prezident idarə edir. Xarici İşlər naziri olaraq sən bunu, bunu, bunu et - Sizin dediyiniz tapşırıqları. Soruşdum ki, evdə niyə işləyirsiniz? Sən gəl iş yerinə, kabinetinə və s. Tapşırıq belə oldu. Ondan sonra hadisələr məlumdur.
Prezident İlham Əliyev: Aydındır. Daha dərinə getmək istəmirəm. Bir çox şey deyə bilərəm. Hesab edirəm bu, kifayətdir. Ancaq biz hamımız – həm rəhbər vəzifələrdə olanlar və ictimaiyyət bilməliyik real mənzərə nədən ibarətdir ki, düzgün addımlar ataq. Biz hər gün, hər dəqiqə ölkəmizin maraqlarını qorumalıyıq.
Bir məsələni də demək istərdim, bu beynəlxalq təşkilatların reaksiyası ilə əlaqədardır. İlk növbədə, qardaş Türkiyəyə və onun Prezidenti, mənim qardaşım Rəcəb Tayyib Ərdoğana dərin təşəkkürümü bildirirəm. Biz bu günlərdə Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördük. İlk saatlardan Türkiyənin rəsmi qurumları bu məsələ ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə etdilər, açıqlamalar verdilər. Dünən Prezident tərəfindən çox önəmli açıqlama verildi. Ondan əvvəl Müdafiə naziri, Xarici İşlər naziri, Prezident Administrasiyasının nümayəndələri, deputatlar, ictimai fəallar. Bir daha bütün dünya, Türkiyə və Azərbaycan xalqları gördü ki, biz əsl qardaşıq. Yaxşı günlərdə və ağır günlərdə bir-birimizin yanındayıq. Yəqin ki, həm Türkiyə vətəndaşları, həm Azərbaycan vətəndaşları mənim dəfələrlə dediyim sözləri xatırlayırlar və görürlər ki, mən nə qədər haqlı idim deyəndə ki, dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur. Bu yaşanan vəziyyət bir daha onu göstərir. Ona görə bir daha qardaş Türkiyə xalqına, onun Prezidentinə Azərbaycan xalqı adından və öz adımdan dərin təşəkkürümü bildirmək istəyirəm.
Bizim digər dost, qardaş ölkəmiz Pakistan birmənalı mövqe bildirib, Azərbaycanın haqq işinə öz dəstəyini verib. Eyni zamanda, digər ölkələrin rəsmi nümayəndələri də Azərbaycanı dəstəklədilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası açıqlama verib. Fürsətdən istifadə edərək, Pakistan İslam Respublikasının rəhbərliyinə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin rəhbərlərinə - Qazaxıstan, Qırğızıstan, Türkiyə təbii ki, Özbəkistan rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda, yəqin ki, Azərbaycan ictimaiyyəti bunu bilir, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanı dəstəkləyən bəyanatla çıxış edib. Bu təşkilatda 57 dövlət birləşir. Budur bizə göstərilən beynəlxalq dəstək. Qeyd etdiyim kimi, digər ölkələr, bəzi Avropa ölkələri öz rəsmi nümayəndələri vasitəsilə Azərbaycana dəstək ifadə etdilər. İndi baxın, görün Ermənistana kim dəstək göstərdi? Görməmişəm. Burada da təcrid vəziyyətindədir. Çünki hamı bilir ki, Azərbaycan haqlıdır. Bir çoxları bizim fəaliyyətimiz nəticəsində biliblər ki, bu çirkin təxribatı Ermənistan törətmişdir.
Bir məsələyə də toxunmaq istəyirəm. Bizim ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, əlbəttə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu. Bayaq dediyim kimi, mənə ünvanlanan məktublarda gördüyümüz işlərə tam dəstək ifadə olunur. Dünən bir qrup vətənpərvər insan bu işlərə öz münasibətini bildirmək, Azərbaycan Ordusuna və Ali Baş Komandan kimi mənə öz dəstəyini ifadə etmək üçün Şəhidlər xiyabanına üz tutdu. Mən bu vətənpərvər addımı alqışlayıram. Mənə verilən məlumata görə, bu insanlar uzun məsafəni piyada qət edib və Şəhidlər xiyabanına gedən müddət ərzində vətənpərvər şüarlar səsləndiriblər - mənim haqqımda, ordumuz haqqında, xalqımız haqqında, Qarabağ haqqında. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi. Ancaq əfsuslar olsun ki, bu insanlar Şəhidlər xiyabanına gələndən sonra oraya görünür bu məsələ ilə bağlı haradansa xəbər tutmuş bəzi təxribatçı qruplar da daxil olub. İndi onların şəxsiyyəti araşdırılır. Bu təxribatçı qruplar orada xuliqanlıq törətdilər, ictimai asayişi pozmağa cəhd etdilər və polisə müqavimət göstərdilər. Mən daxili işlər orqanlarına göstəriş vermişdim ki, insanların Şəhidlər xiyabanına gəlişini, onların təhlükəsizliyini təmin etsin, yol hərəkətini tənzimləsin. Çünki insanlar bir çox hallarda avtomobil yolu ilə gedirdilər. Bütün bu göstərişləri dünən axşam mən Daxili İşlər naziri Vilayət Eyvazova verdim. Eyni zamanda, dedim ki, siz ayıq olun, çünki istisna edilmir, hansısa təxribatçı qüvvələr və bizi istəməyənlər, “beşinci kolon”un nümayəndələri, satqınlar orada hansısa təxribat törədə bilərlər. Çünki belə kütləvi tədbirlərdə, o cümlədən əvvəlcədən təşkil olunmamış kütləvi tədbirlərdə bəzən xoşagəlməz hallar da baş verir. Ona görə Şəhidlər xiyabanına qədər bütün yol boyunca polis əməkdaşları öz vəzifə borclarını ləyaqətlə icra ediblər. Şəhidlər xiyabanında da insanlar yığışanda asayiş tam təmin edilirdi. Ancaq bir daha demək istəyirəm ki, bir qrup təxribatçı bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdı. Təbii ki, daxili işlər orqanları tərəfindən onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu. Artıq onların şəxsiyyəti müəyyənləşdirilir. Onların hamısı məsuliyyətə cəlb ediləcək, bir nəfər də, - mən bu gün səhər dedim, - məsuliyyətdən boyun qaçıra bilməyəcək. Əlbəttə ki, ancaq qanun çərçivəsində onlara layiqli cəza veriləcəkdir, əgər onlar məhkəmə tərəfindən bu cəzaya layiq görüləcəklərsə. Onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün biz ictimaiyyətdən də yardım istəyirik. O təxribatçıları tam müəyyən etmək üçün dünən oraya toplaşan vətənpərvər insanlardan da mən xahiş edirəm, əgər o videokadrlarda kimisə, iğtişaş törətmək istəyənləri tanıyırlarsa, məlumat versinlər, biz hamısını tapaq və cəzasını verək.
Azərbaycan xalqını bu təxribata çəkən Ermənistan başından zərbə aldı. Bizim şanlı ordumuz, bizim əsgərlərimiz, zabitlərimiz, hərbi komandirlərimiz bu günlər ərzində gecə-gündüz yatmadan iş başındadırlar. Mən Müdafiə nazirinə, Baş Qərargah rəisinə nə vaxt zəng edirəmsə, iş başındadırlar - gecə, səhər saat 7-də, axşam saat 10-da, gecə saat 2-də. Biz böyük qələbə qazanmışıq, xalq da bunu dəstəklədi. Xalq qələbəni qeyd etmək, şəhidlərimizin ruhunu yad etmək üçün Şəhidlər xiyabanına gəldi. Hansısa yaramaz ünsürlər burada iğtişaş törədəcək? Bu olmayacaq. Onların fikri 1990-cı illərin əvvəllərinə getməsin. Azərbaycanın o vaxtkı hakimiyyətinin bədbəxtliyi də ondan ibarət idi ki, Xalq Cəbhəsi kimi çirkin, mənfur, qorxaq, satqın fərarilərdən qaçdı. O fərarilər ki, ondan bir il sonra hakimiyyəti qoyub qaçdılar. Bax, bu binada otururdular. Bu binanı da zibilləmişdilər. Prezidentin kabinetində hər gün kolbasa, araq yeyib-içirdilər, hər gün, gecə səhərə qədər. Sonra da o vaxtkı prezident saat 12-də yuxudan oyanırdı. Saat 5-də də yenidən kolbasa, araq. Keçmiş müdafiə naziri, keçmiş daxili işlər naziri, keçmiş dövlət katibi, keçmiş prezident bu binanı murdarlamışdılar. Belə bir çirkin dəstə gəlib o vaxt hakimiyyəti hay-küylə yıxdı. Onların fikri ora getməsin. Bunların dərsini vermişik, verəcəyik. Heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək.
Mənə verilən məlumata görə, dünən bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri o kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar. Qanunu pozanların arasında onlar da var, onlar indi müəyyən olunublar. Mən bir daha xəbərdarlıq edirəm, odla oynamasınlar. Bu məsələ milli məsələdir. Heç nəyə baxmayacağıq, kim nə dedi, hansı şura, hansı Avropa Şurası, hansı təşkilat. Bizim son günlərdə sərgilədiyimiz mövqe - beynəlxalq təşkilatlarda bizim əleyhimizə çirkin kampaniya aparanlara qarşı tutduğumuz mövqe artıq nəticə verir. Anti-Azərbaycan qüvvələri harada mümkünsə, onları bloklayacağıq. Onların namizədlərinin meydan oxumasına, Azərbaycana çirkab yaxmasına imkan verməyəcəyik. Heç kim bizə göstəriş verə bilməz. Dünənki hadisə hamımız üçün bir siqnal olmalıdır. Yadınıza salın, o vaxt torpaqlar əldən gedirdi, burada parlamentin qarşısında mitinqlər təşkil edilirdi. Minlərlə insan yığışırdı, öz hiddətini ifadə edirdi. Ancaq nəticə etibarilə nə oldu? Torpaqlar əldən getdi. İndi mitinq vaxtıdırmı? Biz şəhidlər veririk, igidlər itiririk, generallar itiririk. Bu çirkin ünsürlər indi burada vəziyyəti gərginləşdirmək istəyir. Bütün aidiyyəti qurumlara deyirəm. Əgər dünənki hadisələrdə onların əli varsa, bizim qətiyyətimizi görəcəklər. Onlar ermənilərdən də pisdirlər. Erməni açıq düşməndir. Oturub orada, bunlara görə torpaqlarımızı işğal edib. Bu Xalq Cəbhəsinin fərarilərinə görə bu gün o torpaqlardadır. Amma bu, oturub bizim içimizdə. Xaricdən pul alır, təlimat alır, mühiti zəhərləyir, bizim təmiz havamızı üfunət iyi ilə çirkləndirir və belə məqamlarda dövlətin yanında yox, düşmənin yanındadır.
Mən demişəm, hüquq-mühafizə orqanları onların bu günlər ərzində sosial şəbəkələrdə çıxışlarını təhlil etsinlər. Əgər orada cinayət tərkibi varsa, onların hamısı cinayət məsuliyyətinə cəlb edilməlidir. Döyüşlər getdiyi vaxtda onlar ordumuza şər atırlar, yalanlar uydururlar. Deyirlər ki, biz o yeri vermişik, biz oraya getməməliydik, biz buraya getməməliydik. Sən kimsən? Sən bizim ordumuza göstəriş, məsləhət verirsən. Ay başı boş, ay satqın. Bunlardır, bunlar idi Azərbaycan dövlətçiliyini yıxmaq istəyənlər. Biz bunların nazı iləmi oynayacağıq? Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır.
Ona görə, bir daha demək istəyirəm, hüquq-mühafizə orqanları bu işlərlə məşğul olacaq. Onların bütün antidövlət çıxışları, çağırışları təhlil ediləcək. Əgər orada cinayət tərkibi varsa, onlar dərhal cinayət məsuliyyətinə cəlb edilməlidir. Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər.
Bir məsələyə də mən toxunmaq istəyirəm. Dünən həmin təxribatçıların bir çox şüarları olubdur. İnsanları bəzi işlərə təhrik edirdilər. Mən demək istəyirəm, bu gün Azərbaycan Ordusu tam komplektləşdirilib, müasir silahlarla təchiz edilib. Azərbaycan Ordusu Ali Baş Komandan tərəfindən verilən bütün tapşırıqları şərəflə yerinə yetirir. Mənim dövrümdə bir dəfə də olmayıb ki, tapşırıq verilsin, yerinə yetirilməsin. Yerinə yetirilib. Hətta 2016-cı ilin Aprel döyüşlərində Ermənistanın təxribatına elə cavab verib, elə əlverişsiz mövqedən gedib o torpaqları boşaldıb, azad edib ki, bu günə qədər bəzi hərbi ekspertlər buna məəttəl qalırlar. Son günlərin hadisələri onu bir daha göstərir. Ona görə ordumuz üçün nə lazımsa, biz edirik və edəcəyik. Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram. Çünki bizdə müddətdən artıq xidmət edənlərin sayı artır, bu da mənim göstərişim idi. Onlar yaxşı maaş alırlar. Onlar artıq təlim keçmiş, orduda xidmət etmiş insanlardır. Biz onları cəlb edirik və əgər belə təşəbbüs olacaqsa, bunu ancaq alqışlayacağıq. Amma bu gün meydanda səslənən və ola bilər yaxşı niyyətlə “mən gedim Qarabağda vuruşum” sözlərinə son qoymaq lazımdır. Populizmin vaxtı deyil. Sən gedib necə vuruşacaqsan? Gedib nə ilə vuruşacaqsan? Sən vuruşmaq üçün gərək təlim keçəsən. Gərək sən nizamlı orduda xidmət edəsən. Səni gərək hazırlasınlar, səni gərək öyrətsinlər.
Mən bu gün səhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri ilə danışmışam və maraqlanmışam. Dedim, mənə de, bu günlər ərzində sizin rayon şöbələrinə nə qədər adam müraciət edib ki, gedib vuruşmaq istəyir. Mən bu rəqəmi deyəcəyəm, hər kəs onu eşitsin və özü təhlil aparsın. Dedi təqribən 150 nəfər. Dünən Şəhidlər xiyabanının qabağında nə qədər adam var idi? Minlərlə. Müraciət edənlərin sayı 150. Soruşdum daha çox haradan? Dedi ki, 60-ı Tovuzdandır ki, indi orada döyüşlər gedir. Qalanları da Azərbaycanın müxtəlif yerlərindən. Ona görə, mən deyirəm, dünən “Qarabağda vuruşmaq istəyirəm” deyənlər hamısı getsin öz anket məlumatını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə versin. Öz ünvanını versin, orduda xidmət etmə haqqında öz arzusunu ifadə etsin və biz lazım olan vaxtda onları cəlb edəcəyik. Yoxsa kimsə gedib qışqıracaq, insanları qanunsuz əməllərə sövq edəcək, müqəddəs Qarabağ şüarı altında özünə siyasi kapital qazanacaq və sonra nə olacaq. Necə ki, vaxtilə olub, onumu istəyirlər? Bax, real vəziyyət bundan ibarətdir. Bir daha demək istəyirəm ki, bu gün buna ehtiyac yoxdur, bu gün səfərbərliyə ehtiyac yoxdur. Lazım olarsa, bizim qurumumuz var, dövlət xidməti var, ondan sonra Müdafiə Nazirliyi var. Biz bilirik nə etmək lazımdır, nə vaxt lazımdır, hansı məsələlərin həlli üçün bizə nə qədər canlı qüvvə lazımdır. Yoxsa kimsə özündən burada küçə qəhrəmanı düzəltmək istəyirsə, bu, pis yoldur. Mən yenə də deyirəm, dünən Şəhidlər xiyabanına yığışanların mütləq əksəriyyəti vətənpərvər insanlardır. Amma onların arasına bu ünsürlər - Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri girib. Onların məqsədi nə idi? Yenəmi Azərbaycanı qaranlığa qərq etmək, yenəmi vəziyyəti gərginləşdirmək? Yenə də ermənilər bundan istifadə etsinlər? Onların məqsədi budur. Xalq Cəbhəsinin, o çirkin antimilli şuranın məqsədi budur. Görmürdünüz ki, neftin qiyməti 14 dollara düşəndə necə sevinirdilər. Buna kim sevinir - ermənilər, bir də bunlar. Bir-birinə muştuluq verirdilər, bayram edirdilər, təbrik edirdilər. O Amerikada oturan deyir ki, hələ gözləyin sürüşə-sürüşə gələcək sıfıra. Heç olmasa, ağlın olsun, neftin qiyməti sıfır ola bilər? Hələ deyir tələsməyin sevinməyə, hələ gələcəkdə sevinəcəyik ki, neft 14 dollardan da düşsün, ondan sonra nə olacaq. Sual verin, 2 ildir Amerikada oturub. Birincisi hansı pulla sən orada oturursan, kim səni orada saxlayır, kim sənə pul verir, kim sənə təlimat verir. De ki, Azərbaycan xalqı bunu bilsin. İndi oturub orada, xarici pullarla vəziyyəti qarışdırmaq istəyir. Ona görə bunlara son qoyulacaq. Heç kimdə bu haqda şübhə olmasın. Biz dövlətimizi qoruyuruq, qoruyacağıq. Azərbaycan xalqı dəfələrlə vətənpərvərlik göstəribdir. Bu, bizim növbəti şanlı qələbəmizdir. Bu mövzunu yekunlaşdırmaq üçün bir daha demək istəyirəm ki, biz bilirik nə etmək lazımdır, nə vaxt etmək lazımdır və necə etmək lazımdır. Bu günə qədər bizim bütün addımlarımız uğurlu olub - istər döyüş meydanında, istər siyasi müstəvidə, istər daxili vəziyyətlə bağlı, iqtisadi və digər sahələrdə.
İndi isə keçək bizim gündəlikdə duran məsələlərə. İndi iqtisadi vəziyyətlə bağlı müşavirə iştirakçıları məlumat verəcək. İlk növbədə, deməliyəm, heç kəs unutmamalıdır ki, biz hələ də pandemiya dövründə yaşayırıq və karantin rejimi ləğv edilməyib. Baxın statistikaya, görün biz nə vaxt yumşalmaya getdik - mayın əvvəlində. Nə üçün? Çünki dinamika müsbət idi. Sağalanlar xəstələnənlərdən çox idi. Sonra nə gördük? Bəzi insanlar məsuliyyətsizlik göstərdi və yoluxma halları geniş vüsət aldı, dinamika pozuldu. Nə etdik? Yenidən sərtləşdirdik. Unutmamalıyıq ki, bu, ölümcül virusdur, ölümcül! Yaşa baxmır, insanların sağlamlığına baxmır. Birinci mərhələdə hesab olunurdu ki, buna daha çox yaşlı insanlar məruz qalır və daha təhlükəlidir. Amma görün, indi nə qədər gənclərimiz əziyyət çəkir. İndi bizim gözümüzün qabağındadır. Deyirdilər ki, virus ancaq xəstə adamlar üçün təhlükəlidir. Bəs, yoluxan sağlam adamlar, idmançılar? Bu, ölümcül virusdur, bunu heç kim yaddan çıxarmasın. Ona görə, son vaxtlar əlavə tədbirlər görüldü. İstərdim ki, Operativ Qərargahın sədri Baş Nazir bu məsələ ilə bağlı məlumat versin, ümumi vəziyyət necədir. Mənim göstərişimlə təcili tibbi yardım maşınlarının alınması, modul tipli yeni hospitalların gətirilməsi nəzərdə tutulurdu. Bu və digər məsələlər haqqında məlumat verin.
Baş Nazir Əli Əsədov çıxış edərək dedi:
-Təşəkkür edirəm.
Möhtərəm cənab Prezident, bildiyiniz kimi, dünyanı bürümüş koronavirus epidemiyası ilə bağlı ilk olaraq bir qrup Azərbaycan vətəndaşı fevral ayından başlayaraq Çindən təxliyə edilərək xüsusi ayrılmış Qobustan xəstəxanasına karantinə gətirildi. Həmin dövrdən başlayaraq, Azərbaycanın sərhəd-keçid məntəqələri gücləndirilmiş iş rejiminə keçdi, xaricdən, xüsusən də epidemiyanın yayıldığı ölkələrdən gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsinə qərar verildi. Xəstəliyin Azərbaycan ərazisində yarada biləcəyi təhlükələrin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə, cənab Prezident, Sizin Sərəncamınızla 27 fevral tarixində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Sizin Operativ Qərargaha verdiyiniz ilk tapşırığınıza əsasən, xəstəliklə mübarizə aparmaq üçün təxirəsalınmaz qaydada xəstəxanaların virusla mübarizə üçün hazır vəziyyətə gətirilməsi, çarpayı fondunun artırılması və zəruri olan bütün tibbi avadanlıq və preparatların təchiz olunması istiqamətində vacib işlər aparılıb.
Cənab Prezident, bu gün koronavirus xəstələri ölkənin 35 şəhər və rayonunda yerləşən 50 xəstəxanada müalicə alırlar. Bu xəstəxanaların 36-sı Sizin Sərəncamınızla son müddət ərzində inşa edilib. Qısa müddətdə modul tipli xəstəxanalar istifadəyə verilib. Əlavə olaraq, cənab Prezident, son günlər koronavirusla mübarizəyə ambulator tipli müəssisələr də cəlb olunub. Onların 40-ı Bakıda simptomsuz yoluxmuş şəxslərə evdə xidmət göstərmək üçün ayrılıb. Hazırda xəstəliyin müalicəsi üçün ayrılmış çarpayıların ümumi sayı 10 mindən artıqdır və bu istiqamətdə işlər aparılır. Qısa müddətdə 300-dən artıq süni tənəffüs aparatları ölkəyə gətirilib, xəstəxanalara verilib. Ən müasir ECMO cihazlarının sayı artırılıb. Cənab Prezident, son dövrdə təcili tibbi yardımın xidmətlərinə əhali tərəfindən müraciətlərin sayının artması səbəbindən əlavə avtomobillərə tələbat artıb. Tapşırığınızla xaricdən sifariş olunmuş 84 avtomobil ölkəyə gətirilərək tibb müəssisələrinə paylanılıb. İyul-avqust aylarında əlavə olaraq 100 təcili yardım avtomobili gətiriləcək. Fevral ayında koronavirus infeksiyasının müəyyən olunması üçün ölkədə cəmi 6 xüsusiləşdirilmiş laboratoriya mövcud idi və onların gün ərzində minə yaxın test aparmağa imkanı var idi. Hazırda laboratoriyaların sayı 30-a çatdırılıb və gündəlik test imkanları 10 mindən çoxdur. Yaxın zamanlarda əlavə olaraq laboratoriyaların sayı çoxaldılacaq və testlərin sayı 12-13 mini keçəcək.
Məlum olduğu kimi, Ümumdünya Səhiyyə Təşkilatı və epidemioloqların ümumi rəyinə görə, bu xəstəlikdən qorunmaq üçün tibbi maskalar vacibdir. Qısa müddət ərzində 50 milyondan artıq maska Azərbaycana idxal olunub. Sizin tapşırığınızla operativ görülmüş işlər nəticəsində yerli istehsal təşkil olunub və nəticədə 10 milyona qədər maska istehsal edilib. Bu gün Azərbaycanda 14 milyondan artıq maska var və yerli istehsal davam edir.
Cənab Prezident, Siz də qeyd etdiniz, karantin rejimi ilə əlaqədar mart ayının 14-dən etibarən Operativ Qərargah tərəfindən bəzi izolyasiya tədbirləri həyata keçirilməyə başlanılıb. Martın 24-dən isə “Sanitar-epidemioloji salamatlıq haqqında” Qanuna əsasən xüsusi karantin rejimi tətbiq edildi və mərhələli şəkildə gücləndirilməyə başlandı. Karantin rejimi ilə əlaqədar görülmüş işlər və tətbiq olunmuş məhdudiyyətlər ölkə iqtisadiyyatına təbii olaraq mənfi təsirini göstərdi.
Sizin Operativ Qərargah qarşısında qoyduğunuz vəzifələr dövlətin bütün imkan və resurslarını xəstəliklə mübarizəyə yönəltməsinə, vətəndaşlarımızın sağlamlığının qorunması üçün bütün tədbirlərin görülməsinə səfərbər olunmaqdan ibarət idi. Bunun təsdiqi olaraq 19 mart tarixli Sərəncamınızla pandemiyadan əziyyət çəkən işsiz adamlara, aztəminatlı təbəqələrə, fəaliyyəti məhdudlaşdırılmış sahibkarlıq subyektlərinə kömək, ictimai iş yerlərinin yaradılması, özünüməşğulluq proqramının genişləndirilməsi, səhiyyə sisteminin gücləndirilməsi məqsədilə 1,5 milyard manatlıq tədbirlər planı hazırlanıb. Ümumiyyətlə, bütün mənbələr hesabına iqtisadiyyata bu dövr ərzində bütövlükdə 3,5 milyard manat həcmində sosial-iqtisadi yardım paketi müəyyən edilib. Xüsusi karantin rejimi dövründə məhdudlaşdırıcı tədbirlər müsbət nəticə verdi və bu səbəbdən, Siz də qeyd etdiyiniz kimi, may ayının ortalarından Operativ Qərargah tərəfindən yumşalma prosesinin həyata keçirilməsinə başlanıldı. Lakin əfsuslar olsun ki, bundan bir müddət sonra sanitar-epidemioloji qaydalara riayət olunmaması səbəbindən xəstəliyin sayı artdı. Bu cür halların qarşısını almaq məqsədilə qərargah təkrar olaraq məhdudlaşdırıcı tədbirlərə əl atmağa başladı və 16 şəhər və rayonda xüsusi karantin rejimi tətbiq olundu. Son günlərdə xəstəliklə əlaqədar rəqəmlərdə müsbət tendensiya müşahidə olunur və bu da pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlərin düzgün istiqamətdə aparılmasını təsdiqləyir.
Cənab Prezident, Sizin və hörmətli Mehriban xanımın göstərişi ilə Türkiyə, Rusiya və Kubadan olan böyük təcrübəyə malik tibb mütəxəssislərindən ibarət heyətin Azərbaycana gətirilməsi və xəstəxanalarda bizim həkimlərlə birgə işləməsi təşkil olunub. Həmçinin Çin Xalq Respublikası Hökuməti ilə aparılmış danışıqlara və müraciətimizə müvafiq olaraq Çinin bu sahədə ixtisaslaşmış həkimləri və ekspertlərindən ibarət tibbi heyət ölkəmizdə pandemiya ilə mübarizəyə və bizim həkimlərlə təcrübə mübadiləsinə cəlb ediləcək.
Sizin həkimlərin əməyinə və fədakarlığına daim yüksək qiymət verməyinizin ifadəsi olaraq imzaladığınız Sərəncama əsasən koronavirusla əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə onların əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək müddətli əlavə müəyyən edilib. Mart-iyun ayları ərzində bu tədbirlərdə iştirak edən işçilərin əməkhaqları dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına təmin olunub. Ümumiyyətlə, koronavirus pandemiyasının qarşısının alınması və onunla mübarizə üçün səhiyyə sahəsinə 250 milyon manatdan artıq vəsait ayrılıb.
Möhtərəm cənab Prezident, Operativ Qərargahın bütün üzvləri adından Sizin qarşımızda qoyduğunuz tapşırığın mühümlüyünü və məsuliyyətini tam dərk etdiyimizi bildiririk, onların icrası istiqamətində bundan sonra da çalışacağımıza söz veririk.
Koronavirus məsələsi ilə əlaqədar bunu da deməyə bilmərəm. Dünya ölkələrinin - 130 ölkənin, bir ölkəni çıxmaq şərti ilə, Sizin təşəbbüsünüzü dəstəkləməsi Sizin humanizminizi, liderliyinizi, ölkəmizə və Sizin şəxsiyyətinizə olan böyük hörməti bir daha nümayiş etdirdi. Bu, birinci dəfə deyil ki, dünya rəhbərləri, dünya ölkələri Sizi dəstəkləyir.
Diqqətinizə görə təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ olun. İndi COVID-lə bağlı bizim qarşımızda duran əsas məsələlərdən biri həkimlərin sayı ilə bağlıdır. Çünki mən bir dəfə bu haqda dedim. Biz indi yeni klinikalar açırıq, modul tipli xəstəxanalar açılır, o cümlədən indi Fövqəladə Hallar Nazirliyinin xətti ilə 2100-dən çox çarpayılıq iki xəstəxananın açılışı nəzərdə tutulur, biri artıq açılıbdır. Ancaq həkimlərin sayı bizdə təbii ki, arta bilməz və belə olan halda xarici həkimlərə ehtiyacımız olacaq. Dediyiniz kimi, artıq üç ölkədən – Türkiyədən, Rusiyadan və Kubadan həkimlər gəlib. Əlbəttə ki, onlar üçün burada şərait yaradılıb. Bundan sonra bu istiqamətdə hansı addımlar nəzərdə tutulur və bu həkimlərin bir hissəsi gəlib gedib, onların yerinə başqa həkimlər gəlibmi, yoxsa yox? Bu haqda da qısa bir məlumat verin.
Baş Nazir Əli Əsədov: Cənab Prezident, Siz qeyd etdiyiniz kimi, Azərbaycanda indiyə qədər 10 modul tipli xəstəxana operativ şəkildə, çox qısa müddətdə təşkil olunub - 5-i Bakıda, digərləri regionlarda. Əlavə olaraq 6 modul xəstəxana da sifariş olunub, biri Naxçıvan Muxtar Respublikası, digərləri Bakı və bölgələr üçün. Bununla yanaşı, Siz və Mehriban xanım Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin 800 yerlik xəstəxanasının açılışında iştirak etdiniz. Ondan savayı, 1200-dən artıq yerlik orada əlavə...
Prezident İlham Əliyev: Bunu mən bilirəm. Mənim sualım həkimlərlə bağlıdır.
Baş Nazir Əli Əsədov: 200-ə qədər həkim bu gün xarici ölkələrdən burada iştirak edirlər. Ən çox kontrakt Kubadan gələn şəxslərlə üçaylıq müddətinə imzalanıb. Türkiyədən gələn heyət - 47 nəfər "Yeni klinika"da çalışır. Onlar iki ay müddətinə çalışacaqlar. Bundan əlavə, Rusiyanın 20-dən artıq həkim və mütəxəssisi Bakıda və Sumqayıtda çalışırlar. Cənab Prezident, Çin hökuməti ilə aparılan danışıqlar üzrə kontrakt səviyyəsində müəyyənləşdiririk ki, Sizin tapşırığınızla gəlmiş qruplar gedəndən sonra Çindən həkimlər gəlib onları əvəz edəcək, bu, ardıcıllıqla olacaq. O cümlədən cənab Prezident, öz həkimlərimiz - xaricdə təhsil alan tələbələrimiz, Tibb Universitetində olan həkimlər ilk günlərdən Sizin tapşırığınızla və Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu proseslərə cəlb olunub. Bu proseslər davam etdiriləcək.
Prezident İlham Əliyev: Aydındır, sağ olun.
İndi digər önəmli məsələ bu il və keçən il bizə böyük problem yaradan quraqlıqdır. Bilirsiniz ki, keçən ilin quraqlığı bizə böyük ziyan vurdu. Bu il də baxmayaraq ki, kənd təsərrüfatı 6 ayda 2,2 faiz artıb, amma daha çox arta bilərdi. Çünki bu quraqlıq nəticəsində suyun az olması səbəbindən biz istədiyimiz qədər torpaqlardan istifadə edə bilməmişik. Mən bir müddət bundan öncə bütün bu işləri nəzərə alaraq və bu sahədə vahid idarəetmə mexanizmi qurmaq üçün xüsusi komissiya yaratdım. Baş Nazirin müavini Şahin Mustafayev komissiyanın rəhbəridir. Komissiyada aidiyyəti qurumların rəhbərləri təmsil olunur və artıq mənə verilən ilkin məlumata görə, konkret tədbirlər planının hazırlanması son mərhələdədir. Bu planın bir hissəsi artıq mənə məruzə edilibdir. Yaxın zamanlarda biz çox geniş tədbirlər planını təsdiqləyib, icra etməyə başlayacağıq. İstisna edilmir ki, gələcək illərdə də buna oxşar iqlim mənzərəsi davam etsin. Çünki dünyada iqlim dəyişikliyi bildiyiniz kimi, ciddi problemdir. Bəzi ekspertlərin rəyinə görə, Azərbaycanda əgər bu gün lazımi addımlar atılmasa, 2030-cu ilə qədər bəzi ərazilərdə səhralaşma prosesi gedə bilər. Buna qətiyyən yol vermək olmaz. Ona görə vahid idarəetmə mexanizminin yaradılması ilk məsələ idi. Çünki bu günə qədər bu, yox idi. Bizdə, əgər belə demək mümkündürsə, su məsələləri ilə məşğul olan bir neçə dövlət qurumu var və onların arasında koordinasiya lazımi səviyyədə deyil. Buna görə bəzi təsərrüfat obyektləri, infrastruktur obyektləri nəzarətsiz qalıb. Mənə, məsələn, Şahin Mustafayev məlumat verir ki, bəzi su anbarlarından çıxan boru xətlərində, yaxud da su anbarlarına digər su anbarlarından daxil olan boru xətləri boyunca qanunsuz qoşmalar var. Yəni, bu indi aşkar olunubdur. Çünki heç kimin vecinə deyildi, heç kimin məsuliyyətinə aid deyildi. Ona görə bu qanunsuz qoşmalar, əlbəttə, suyun ədalətli bölgüsünə də ziyan vurur. Aydın məsələdir ki, təsərrüfat sahibləri bu sudan istifadə edir. Amma o birilərinə çatmır, bir də ki, israfçılığa yol verilir. Bəzi əkin sahələrində o qədər su verilir ki, buna ehtiyac yoxdur. Ona görə burada vahid idarəetmə mexanizmi işlənməlidir, mənə təkliflər veriləcək. Eyni zamanda, koordinasiya məsələləri, itkilərin azaldılması, sudan səmərəli şəkildə istifadə edilməsi - əgər biz buna nail olarıqsa, hətta mövcud su ehtiyatlarımızla məsələni həll edə bilərik.
Şahin Mustafayev mənə məruzə edib ki, bu günə qədər heç vaxt Azərbaycanda su balansı tutulmamışdır. Bu da dözülməz haldır. Biz əgər bu su balansını müəyyən etməsək, onda bu sudan necə istifadə edəcəyik? Biz necə ki, hər il enerji balansımızı təsdiq edirik, eyni qaydada burada da vəziyyət ona oxşar olmalıdır. Biz son illər ərzində ölkəmizin enerji təhlükəsizliyini təmin etdik və bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, neft, qaz, deməli yanacaq və elektrik enerjisini ixrac edir. Yəni, bu, son illər ərzində əldə edilmiş nailiyyətlərdir. Biz əvvəlki illərdə ancaq neft yanacağı ixrac edirdik. Neft, qaz ixrac etmirdik, elektrik enerjisini ixrac etmirdik.
2006-cı ildə Bakı-Tbilisi-Ceyhan və ondan bir qədər əvvəl Bakı-Supsa, Bakı-Novorossiysk kəmərlərinin işə düşməsi nəticəsində nefti ixrac etməyə başladıq, ondan sonra qazı, daha sonra da elektrik enerjisini. Ona görə bu sahədə istədiyimizə tam nail olduq və bu yaxınlarda Mingəçevir İstilik Elektrik Stansiyasının yenidənqurmadan sonra açılışı bizim gücümüzü daha da artırdı. 2400 meqavat gücündə stansiyadır və biz son illər ərzində 800 meqavat həcmində itirilmiş gücləri bərpa etdik və bu proses davam etdiriləcək.
Nəqliyyat təhlükəsizliyi təmin edilib. Azərbaycan Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilibdir və bizim fəal iştirakımızla Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri fəaliyyətdədir və deyə bilərəm ki, Şərq-Qərb nəqliyyat dəhlizi üzərində artıq iki qol mövcuddur. Biri Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa, digəri isə Pakistan-Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa. Hər ikisi Azərbaycan üzərindən keçir və təbii ki, bizim imkanlarımız daha da genişlənir. Əgər biz Şimal-Cənub nəqliyyat dəhlizini nəzərə alsaq, bu da Şimali Avropa-Rusiya-Azərbaycan-İran-Hindistan ölkələrini əhatə edir. Deməli, təsəvvür etmək çətin deyil ki, bu sahədə də nəqliyyat təhlükəsizliyimizi təmin etmişik.
Ərzaq təhlükəsizliyinin təmin edilməsində önəmli addımlar atılır və bu məsələ ilə bağlı göstəriş verilib. Ərzaq təhlükəsizliyi o demək deyil ki, biz bütün ərzaq məhsullarını, yaxud da kənd təsərrüfatı məhsullarını Azərbaycanda tam həcmdə istehsal etməliyik. Biz gərək ərzaq təhlükəsizliyinə, necə deyərlər, düşünülmüş şəkildə yanaşaq. Bu ərzaq təhlükəsizliyinin böyük hissəsi, təbii ki, Azərbaycanda formalaşmalıdır və əgər indi buğda istehsalını istisna etsək, bütün digər əsas ərzaq qida məhsulları ilə özümüzü böyük dərəcədə təmin edirik. Ancaq, eyni zamanda, bu, bizim ixrac imkanlarımıza da maneçilik törətməməlidir. İxrac bazarlarına çıxara biləcək məhsullara da diqqət yetirilməlidir. Ona görə həm Kənd Təsərrüfatı Nazirliyi və eyni zamanda, İqtisadiyyat Nazirliyi, digər qurumlar bu məsələ ilə məşğuldurlar. Yəni, demək istəyirəm ki, biz bu üç istiqamət üzrə önəmli nailiyyətlərə çatdıq. Bizdə su təhlükəsizliyi məsələsi həll olunmayıb. Sirr deyil ki, su ehtiyatlarının böyük hissəsi sərhədlərimizin kənarında formalaşır. Ona görə burada qonşu ölkələrlə yeni əməkdaşlıq formatı, itkilərin azaldılması və aidiyyəti qurumların birgə işləməsi təşkil edilməlidir.
Ona görə indi Şahin Mustafayev görülmüş işlərlə bağlı məlumat versin. İşlər nə yerdədir və əlavə hansı addımların görülməsi nəzərdə tutulur.
Baş Nazirin müavini Şahin Mustafayev çıxış edərək dedi:
- Təşəkkür edirəm cənab Prezident.
Möhtərəm cənab Prezident, su ehtiyatlarının az olması, iqlim dəyişməsi və orta temperaturun yüksəlməsi, qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların əhəmiyyətli dərəcədə azalması, digər tərəfdən ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi nəticəsində suya tələbatın artması son illərdə ölkədə su çatışmazlığını şərtləndirmişdir. Bu baxımdan, xüsusilə cari ildə ölkənin su ehtiyatları sahəsində gərgin vəziyyət yaranmışdır. Hazırda əsas su anbarlarında 20,5 milyard kubmetr tutuma qarşı əvvəlki illərdən kəskin aşağı səviyyədə - cəmi 11,3 milyard kubmetr su mövcuddur ki, bunun 8,6 milyard kubmetri ölü həcmdir. Sizin rəhbərliyinizlə əvvəlki illərdə böyük həcmdə işlərin həyata keçirilməsinə, ehtiyat tədbirlərinin görülməsinə, məsələn, Taxtakörpü, Şəmkirçay, Naxçıvanda Heydər Əliyev (Vayxır) su anbarlarının, Oğuz-Qəbələ-Bakı su kəmərinin və sair layihələrin inşa edilməsinə baxmayaraq, hazırda kəskin su çatışmazlığı müşahidə edilir.
Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq Sərəncamınızla Komissiya yaradılmışdır. Komissiyaya su təsərrüfatı üzrə idarəetmədə sahələrarası koordinasiyanın zəif olması, sudan istifadədə itkilərin yüksək olması, sudan qənaətlə istifadə edilməməsi, suvarmada suya qənaət edən müasir texnologiyalardan istifadənin aşağı səviyyədə olması, nəzarətdənkənar qoşulmalar, uçot və nəzarət sisteminin zəif olması kimi problemlərin həlli istiqamətində tədbirlərin görülməsi tapşırılmışdır.
Möhtərəm cənab Prezident, Komissiya intensiv fəaliyyətə başlamış, bütün aidiyyəti qurumların koordinasiyası təmin edilmiş, su ehtiyatları barədə operativ məlumat sistemi qurulmuş, alınan məlumatların gündəlik təhlili və nəzarət təmin olunmuşdur. Vəziyyətin ciddiliyi nəzərə alınaraq, xüsusi əhəmiyyətə malik Mingəçevir və Ceyranbatan su anbarları üzrə suvarma, içməli su təchizatı və energetika məqsədləri üçün sudan istifadə rejimi təsdiq olunmuşdur və Komissiyada mütəmadi baxılır. Məhdud su ehtiyatlarının ədalətli, optimal və proporsional bölgüsü prinsipi əsasında 570 mindən artıq əkin sahəsi üzrə suvarma qrafikləri tərtib olunmuşdur. Yaradılmış proqram təminatı sayəsində qrafiklər “Elektron kənd təsərrüfatı” informasiya sisteminə inteqrasiya olunur. Suvarmaya dair problemlərin operativ qaydada həlli məqsədilə Kənd Təsərrüfatı Nazirliyi ilə “Azmelsutəsərrüfat” ASC-nin fəaliyyəti əlaqələndirilmiş, “Çağrı mərkəzi” (8770) yaradılmışdır. Çoxsaylı müraciətlərə fərdi qaydada baxılması üçün iş aparılır.
Operativ tədbirlərlə yanaşı, ölkə üzrə ilk dəfə su təsərrüfatı balansı tərtib edilmişdir. Su ehtiyatlarının formalaşması və istifadəsi üzrə ümumi dəyərləndirmələrin aparılmasına imkan verən su təsərrüfatı balansı əvvəlki üç ilin faktiki, cari ilin gözlənilən və növbəti ilin proqnoz göstəricilərini əks etdirir.
Su təsərrüfatı balansının formalaşması üçün su təsərrüfatı subyektlərinin məlumatlarının elektronlaşdırılması və hesabatın alınması ilə bağlı “Elektron su təsərrüfatı” informasiya sistemi yaradılmışdır. Hazırda su təsərrüfatı balansı sistemə ayrıca modul şəklində daxil edilmişdir. Eyni zamanda, su obyektlərində müasir ölçmə cihazlarının quraşdırılması həyata keçirilir. Növbəti mərhələlərdə aidiyyəti qurumların informasiya sistemlərinin inteqrasiyası və su obyektləri üzrə məlumatların real vaxt rejimində sistemə ötürülməsi təmin ediləcəkdir. Ölkədə su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çaylarının sularının yığılması üçün relyefə uyğun yaradılması nəzərdə tutulan sututarlar üzrə prioritet layihələrə, habelə içməli su təchizatı üçün yeni mənbələrin müəyyən edilməsinə dair təkliflər hazırlanır.
Bununla yanaşı, itkilərin azaldılması həlli vacib istiqamətlərdəndir. Suvarma sahəsində itkilərin əsas səbəblərindən biri suvarma kanallarının əksəriyyətinin torpaq məcralardan olmasıdır. İtkilərin azaldılması və su ehtiyatlarının səmərəli istifadəsi məqsədilə də prioritet layihələrlə bağlı təkliflər hazırlanır.
Möhtərəm cənab Prezident, tapşırıqlarınıza uyğun olaraq, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi üzrə təkliflər yaxın müddətdə Sizə təqdim olunacaqdır.
Diqqətinizə görə sağ olun.
Prezident İlham Əliyev: Sağ olun. İndi təqdim olunandan sonra, əlbəttə, mən bir daha bu məsələlərə baxacağam. Hesab edirəm ki, yaxın zamanlarda biz çox geniş və müfəssəl proqram təsdiq edəcəyik. Ümid edirəm ki, gələn ilin əkin mövsümünə qədər işlərin bir hissəsi görülə bilər. Burada əsas qısamüddətli tədbirlər görülməlidir. Bildiyiniz kimi, mənə yerlərdən indi çoxlu müraciətlər daxil olur. Mən də bu müraciətləri həm Şahin Mustafayevə, həm də Prezident Administrasiyasına göndərirəm və həlli bu gün operativ qaydada mümkün olan məsələlər, su təchizatı ilə bağlı məsələlər öz həllini tapır. Amma elə məsələlər var ki, onlar daha çox vaxt, daha böyük həcmdə vəsait tələb edir. Ona görə biz bu proqramı üç yerə bölməliyik: Operativ həlli mümkün olan məsələlər, ortamüddətli və strateji uzunmüddətli məsələlər. Hesab edirəm ki, biz bu sahədə də çox ciddi dönüş yaradacağıq. Artıq bunun ilkin təzahürləri görünməkdədir.
İndi sözü Maliyyə nazirinə verirəm. Büdcənin icrası ilə bağlı məlumat verin. Ondan sonra gələn ilin büdcəsi ilə əlaqədar hansı işlər görülüb. Mən sizə göstəriş vermişdim ki, gələn ilin büdcəsində də sosial sahəyə xüsusi diqqət göstərilməlidir. Biz hər il buna böyük vəsait ayırırıq və ildən-ilə sosial ödəmələr artır. Ancaq indi pandemiya nəzərə alınmalıdır. Pandemiya nə vaxt başa çatacaq, bunu heç kim deyə bilməz. Ona görə həm pandemiyadan zərərçəkmiş sahələrə maliyyə dəstəyi, eyni zamanda, insanların sosial müdafiəsi, işini itirənlərin sosial müdafiəsi, bütün bu məsələlər öz həllini təbii ki, tapmalıdır. Mən göstəriş vermişdim ki, xarici dövlət borcu ilə əlaqədar biz öz mühafizəkar siyasətimizi bundan sonra da aparacağıq. Ancaq biz strateji əhəmiyyət daşıyan sahələrə xarici kreditləri cəlb edə bilərik. Ona görə bu, bizə imkan verəcək ki, xarici dövlət borcu lazımi səviyyədə saxlanılsın. Buyurun, məruzə edin.
Maliyyə naziri Samir Şərifov çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident, hörmətli müşavirə iştirakçıları.
Operativ məlumatlara əsasən, cari ilin birinci altı ayında dövlət büdcəsinin icrası gözlənildiyindən yaxşı olub. Koronavirus pandemiyası ilə bağlı üzləşdiyimiz digər xarici şokların, - mən, ilk növbədə, istehlak tələbinin azalması və onun nəticəsində neft və neft məhsullarının qiymətlərinin enməsini nəzərdə tuturam, - cari ildə ölkə iqtisadiyyatı üçün törətdiyi mənfi fəsadlara rəğmən büdcə gəlirləri üzrə proqnozlar artıqlaması ilə icra olunub. Dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 2,9 faiz və ya 338 milyon manat çox icra olunmaqla 12 milyard 23 milyon manat təşkil edib. Daxilolmalar üzrə proqnoz göstəricilərini İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti 327 milyon manat və yaxud 8,9 faiz, Dövlət Gömrük Komitəsi 98 milyon manat və ya 5,1 faiz artıqlaması ilə icra edib. Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti üzrə daxilolmalar 100 faiz, digər daxilolmalar üzrə proqnoz isə 15,2 milyon manat çox icra olunub. Büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları üzrə proqnozun 102 milyon manat az, dövlət büdcəsi xərclərinin isə 105 milyon manat artıq və ya 100,9 faiz icra olunmasına baxmayaraq, 2020-ci il 1 iyul tarixinə dövlət büdcəsində 292 milyon manat məbləğində və ya proqnozdan 233 milyon manat çox profisit yaranıb. Hesabat dövründə dövlət büdcəsindən maliyyələşdirilməsi nəzərdə tutulmuş bütün dövlət vəzifələrinin, sosial proqram və layihələrin icrası tam həcmdə təmin edilib. Altı ay ərzində maliyyələşdirilmiş 11 milyard 734,1 milyon manat büdcə xərclərinin tərkibində sosialyönümlü xərclərin xüsusi çəkisi 42,5 faiz olub və yaxud 4 milyard 984 milyon manat təşkil edib. 2019-cu ilin eyni dövrü ilə müqayisədə cari ilin altı ayında səhiyyə xərclərinə 75,8 faiz və yaxud 287 milyon manat, təhsil xərclərinə 53,5 faiz və yaxud 517 milyon manat, sosial müdafiə və sosial təminat xərclərinə 13,2 faiz və yaxud 196 milyon manat, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi xərclərinə 85,3 faiz və yaxud 260 milyon manat çox vəsait yönəldilib.
Dövlət investisiya proqramı çərçivəsində investisiya layihələrinin həyata keçirilməsi üçün ayrılmış vəsaitin 44,3 faizinin və yaxud 1 milyard 835 milyon manatının maliyyələşdirilməsi təmin edilib. Dövlət borcuna xidmətlə bağlı xərclər isə 881 milyon manat təşkil edib.
Pandemiya ilə mübarizə tədbirləri, onun ölkə iqtisadiyyatında yaratdığı mənfi təsirlərin azaldılması üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə dövlət büdcəsindən ayrılmış 1 milyard 409 milyon manat vəsaitdən 6 ay ərzində 752 milyon manat vəsaitin maliyyələşdirilməsi təmin olunub. Bu mənbədən səhiyyə sahəsinə ayrılmış 250 milyon manat vəsaitdən 149 milyon manat, sosial-iqtisadi dəstək tədbirləri üzrə ayrılmış 570 milyon manat vəsaitdən 281 milyon manat, sosial təminat dəstək tədbirləri üzrə ayrılmış 309 milyon manat vəsaitdən 244 milyon manat, dövlət şirkətlərinə maliyyə dəstəyinin göstərilməsi ilə bağlı ayrılmış 280 milyon vəsaitdən isə 118 milyon manat artıq istifadə edilib.
Möhtərəm cənab Prezident, pandemiyanın hansı müddətə qədər davam edəcəyi ilə bağlı qeyri-müəyyənliyin, dünya iqtisadiyyatında resessiyanın nə vaxt başa çataraq iqtisadi artımla əvəz olunacağını tam təxmin etmək hələ də qeyri-mümkündür. Beynəlxalq Valyuta Fondu dünya iqtisadiyyatının 3 faiz azalmasına dair cari ilin aprel ayındakı proqnozunu iyun ayında 4,9 faizədək pisləşdirib. Bununla yanaşı, fond 2021-ci ildə dünya iqtisadiyyatının sürətli bərpa olunması proqnozunu yeniləyərək daha mülayim addımla əvəzləyib.
Cari ilin altı ayında xam neftin orta aylıq qiymətinin 38 ABŞ dolları təşkil etməsi, OPEC+ sazişi çərçivəsində satış üzrə neft xərclərinin azalması və koronavirus pandemiyası ilə mübarizə çərçivəsində tətbiq olunması qaçılmaz olan karantin və digər məhdudlaşdırıcı tədbirlərin iqtisadiyyata mənfi təsirləri ilin sonuna həm neft gəlirlərinin, həm də qeyri-neft sektoruna daxilolmaların azalmasını şərtləndirir.
Bu ilin altı ayında vergi, gömrük və məcburi dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar proqnozlarının artırılması ilə yerinə yetirilməsi nəticəsində formalaşan ehtiyat ilin sonuna kimi xərclər və gəlirlər arasında gözlənilən natarazlığın aradan qaldırılması üçün kifayət etməyəcək. Qeyd olunmalıdır ki, dövlət büdcəsində mövcud ehtiyatlar da Sizin müvafiq Sərəncamınıza uyğun olaraq pandemiya ilə mübarizə tədbirləri və iqtisadiyyata mənfi təzyiqin azaldılması tədbirlərinə xərclərin optimallaşdırılması yolu ilə yönəldilib. Bununla yanaşı, pandemiyanın yaratdığı keyfiyyətcə yeni sosial və iqtisadi davranış mühitinin xüsusiyyətləri, əhalinin həssas sosial qruplarına, dövlət şirkətlərinə, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə dövlət dəstəyinin göstərilməsinin davam etdirilməsi, səhiyyə sahəsi və digər dövlət ehtiyacları dövlət büdcəsinin icrası ilə bağlı yeni çağırışları formalaşdırır, bununla bağlı əlavə maliyyə təminatının yaradılmasını gündəmə gətirir.
Maliyyə naziri cari ilin təsdiq olunmuş dövlət və icmal büdcələrinin xərclərinin prioritetliyinin və ünvanlılığının optimallaşdırılması, yaranmış vəziyyətə uyğun yeni ehtiyacların maliyyələşdirilməsi, dövlət büdcəsinin gəlir və xərcləri arasında tarazlığın təmin edilməsi məqsədilə 2020-ci ilin dövlət büdcəsinə yenidən baxılaraq düzəlişlər olunmasının məqsədəuyğunluğunu qeyd etdi.
Prezident İlham Əliyev: İndi neftin qiymətindən asılı olmayaraq təbii ki, büdcə tam icra edilməlidir. Hesab edirəm ki, buna bizim imkanımız çatacaq. Dürüstləşməyə gəldikdə, prinsipcə mən buna etiraz etmirəm. Əvvəlki illərdə də biz dürüstləşmə aparmışdıq, ancaq bu, gərək əsaslandırılsın. Ona görə hökumət üzvləri ilə birlikdə Baş Nazirin rəhbərliyi ilə bu məsələləri təhlil edin və mənə konkret təkliflər verin. Biz hansı həcmdə büdcə xərclərimizi artırmalıyıq və bundan hansı məqsədlərə istifadə etməliyik.
Onu da bildirməliyəm ki, büdcə gəlirlərinin artırılması ilin ilk aylarında baş vermişdir. Çünki mən bunu demişəm, bir daha demək istəyirəm ki, biz ili çox yaxşı, böyük uğurlarla, böyük planlarla başlamışdıq. Həm vergi, həm gömrük sahəsində proqnozdan əlavə artım var idi. Amma bu ilk aylarda, haradasa aprel-may aylarından başlayaraq artım, belə demək mümkündürsə, yavaşladı. Yenə də biz profisitdəyik. Ancaq siz qeyd etdiyiniz kimi, ilin sonuna qədər bu profisit bizə çatmaya bilər. Əlavə xərclər oldu. Neftin qiyməti bizdə 55 dollar nəzərdə tutulmuşdu. İndi hazırda, altı ayda bu 40 dollardan aşağıdır. Ona görə bütün bu məsələlər təbii ki, nəzərə alınmalıdır. Əminəm ki, bu ilin büdcəsi ilə bağlı hər hansı bir problem olmayacaq.
O ki qaldı, gələn ilin büdcəsi, ilk növbədə, neftin qiyməti gərək düzgün müəyyən edilsin. Hələ ki, vaxt var. Biz neft bazarlarında vəziyyətə baxıb, bunu müəyyən edəcəyik. Elə etməliyik ki, əsas sosial məsələlərdən başqa digər strateji infrastruktur layihələrinin icrası təmin edilsin. Bir daha demək istəyirəm ki, onların arasında, ilk növbədə, su təchizatı ön plandadır - həm içməli su, eyni zamanda, suvarma suyunun təmin edilməsi. Ona görə layihələr indi hazırlanır. Onların texniki iqtisadi əsaslandırılması, xərclər smetası hazırlanacaq. Bu məsələ də mütləq nəzərə alınmalıdır.
İndi isə söz verilir Mərkəzi Bankın sədri Elman Rüstəmova. Məlumat verin, bank sektorunda vəziyyət necədir? Bağlanmış banklarla bağlı vəziyyət və əmanətçilərin kompensasiyası ilə bağlı hansı işlər görülüb? Məndə olan məlumata görə, 10 mindən çox əmanətçiyə 200 milyon manatdan çox vəsait verilməli idi. Verilib, verilməyib? Bu məsələ nə dərəcədə öz həllini tapır ki, əmanətçilər onlara çatacaq bütün vəsaitlə tamamilə təmin olunsunlar?.
Mərkəzi Bankın sədri Elman Rüstəmov dedi:
- Möhtərəm cənab Prezident.
Cari ilin mart ayından başlayaraq, iqtisadiyyatımız presedenti olmayan xarici şoklarla üzləşmişdir. Lakin son illərdə Sizin rəhbərliyinizlə ölkədə makroiqtisadi dayanıqlılığın yüksəldilməsi, həyata keçirilən islahatlar və pandemiyadan irəli gələn çağırışlara vaxtında və tam adekvat cavab verilməsi situasiyanı effektli idarəetməyə imkan yaratmışdır. Makroiqtisadi situasiya, maliyyə bazarları da bu çağırışlara məruz qalmışdır. Biz bilirik ki, neftin qiymətində, qeyd olunduğu kimi, əhəmiyyətli düşmə baş verdi. Lakin “OPEC+” razılaşmasından sonra neft bazarlarında əhval-ruhiyyə bir qədər yaxşılaşdı, neftin qiyməti yüksəlməyə başladı. Altı ayın ilkin yekunlarına görə, ölkənin ticarət balansı profisitlidir.
Birinci rübdə strateji ehtiyatlarımız bir qədər azalsa da, ikinci rübdən bərpa prosesi sürətləndi. Hazırda bizim strateji valyuta ehtiyatlarımız demək olar ki, ilin əvvəlinə olan səviyyədədir. Xarici şok şəraitində bizim valyuta bazarımız əhəmiyyətli spekulyativ hücuma məruz qaldı. Lakin vaxtında görülən tədbirlər nəticəsində valyuta bazarı tarazlaşmışdır. Bu gün bunun hər iki seqmenti – həm nağd, həm də qeyri-nağd hissəsi tam sabit və tarazlı səviyyədə fəaliyyət göstərir. İlin ilk 5 ayında 2,9 faizlik inflyasiya səviyyəsi var. Aparılan sorğular göstərir ki, həm əhalinin, həm də biznesin inflyasiya göstəriciləri sabitləşib, aşağı düşüb. 2020-ci ilin sonunda bizim inflyasiya proqnozumuz 3-3,5 faiz səviyyəsindədir ki, bu da bizim və hökumətin proqnozlarından aşağıdır. Pul-kredit siyasətinin, faiz siyasətinin yumşaldılması ardıcıl olaraq davam etdirilir. İlin əvvəlindən faiz dərəcəsi 7,5 faizdən 7 faizə endirilib.
İqtisadiyyat və bank sistemində əhəmiyyətli likvidlik var - təxminən 8 milyard manata qədər. Lakin bəzi hallarda iqtisadiyyatda müəyyən likvidlik problemləri yaranırsa, Mərkəzi Bank buna operativ reaksiya verir və likvidliyi təmin edilir. İlin əvvəlindən maliyyə sektorunda başlayan pozitiv dinamika saxlanılıb. Bank sektorunda da yaxşı start götürmüşdük. Biznes kreditləri 1,8 faiz, ipoteka kreditləri 3,2 faiz artmışdır. İstehlak kreditləri isə 4,8 faiz azalmışdır.
Bütövlükdə banklarda situasiya bir qədər pisləşib, biz vəziyyəti nəzarətdə saxlayırıq. Mərkəzi Bank situasiyanı tam nəzarətdə saxlayır. Lakin bankların 23 faiz səviyyəsində, yəni, müvafiq normadan iki dəfədən artıq kapital buferi bu gün gözlənilən itkiləri qarşılamağa imkan verir.
İkinci rübdə ölkədə maliyyə sağlamlığının gücləndirilməsi istiqamətində radikal addımlar atdıq. Dörd bankın, bir tibbi sığorta şirkətinin lisenziyaları geri çağırıldı. Bütövlükdə bu addımlar operativ olaraq bir ayın içində - aprelin sonunda və may ayının ortalarında atılmışdı. Bütün bu problemləri operativ həll etdik. İyunun 1-dən artıq əmanətçilərin əmanətləri qaytarılmağa başlandı. Hazırda hər dörd bank üzrə əmanətlər “Kapital Bank” və Beynəlxalq Bank vasitəsilə qaytarılır. Bugünkü tarixə 13 min 500 nəfər əmanətçiyə 245 milyon manatdan çox vəsait qaytarılmışdır. Bu məsələ çox ciddi diqqətdədir, nəzarətdədir. Ortaya çıxan məsələləri, problemləri hökumətin də aktiv dəstəyi, köməyi ilə operativ həll edirik.
Sığorta sistemində də ilin əvvəlindən artım var, yığımlar 13,5 faiz artırılmışdır. Kapital bazarlarında canlanmanı təşviq edirik. Bu günlərdə “SOCAR Polymer Invesment” Məhdud Məsuliyyətli Cəmiyyəti daxili bazarın istiqraz emissiyası vasitəsilə 200 milyon dollar vəsait cəlb etmişdir, Azərbaycan banklarını öz ehtiyaclarına uyğun təmin etmişdir. Bu vəziyyətdə təbii ki, təmassız ödəniş sistemlərinin, elektron ödəniş sistemlərinin üzərinə olduqca böyük iş düşmüşdür. İlkin qiymətləndirməyə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ödəniş kartları ilə aparılan ölkədaxili nağdsız əməliyyata 37 faiz, təmassız kartların sayı 2 dəfə, təmassız ödənişlər 5 dəfə, elektron ticarət 53 faiz, bankçılıq 2,2 dəfə, internet bankçılıq isə 84 faiz artmışdır.
Pandemiyanın nəticələrini aradan qaldırmağa imkan verən antiböhran tədbirlərinə Mərkəzi Bank da qoşulmuşdur. Hazırda bizim verdiyimiz requlyativ güzəştlərə uyğun olaraq, banklara 1 milyard manat məbləğində kreditlərin restrukturizasiyası ilə əlaqədar 64 mindən çox müraciət olunmuşdur. Banklar tərəfindən bu müraciətlərə operativ baxılır. Artıq biznes kreditlər üzrə 58 faiz, ipoteka kreditləri üzrə 77 faiz, əhalinin istehlak kreditləri üzrə isə 84 faiz müraciətlər icra edilib, restrukturizasiya olunub. Əhaliyə biznesə möhlətlər verilib və bu, onlara bir qədər yüngüllük gətirir. Çünki onlar pandemiya dövründə öz gəlirlərini itiriblər.
Bankların nağdsız ödənişlər üzrə xidmət haqlarını biz 50 faizə qədər aşağı salmışıq.
Cənab Prezident, insanların hərəkət imkanları məhdud olduğuna görə müddəti başa çatan təqaüd kartlarının müddətini onların müraciətlərinə əsasən sentyabrın sonuna qədər uzatmışıq. Lazım gəlsə, situasiyadan asılı olaraq bu tədbiri davam etdirəcəyik.
Sizin göstərişinizlə may-iyun aylarından ölkədə işsiz kimi qeydiyyata alınan 600 min nəfərə operativ qaydada bank hesabı açılması, onlara ödəniş kartlarının verilməsi təmin olunmuşdur. Artıq may-iyun aylarındakı ödənişlər tam şəkildə bank hesabları və bank kartları vasitəsilə təmin edilmişdir. Bankların özünüməşğulluq proqramında aktivliyi davam etdirir. Aprel ayından başlayaraq 200-ə yaxın, 800 min manatdan çox belə kredit verilmişdir. Proqram qəbul olunubdur, ilin sonuna qədər bu proqram 1000 nəfərdən çox insanı əhatə edəcək. Bizim məqsədimiz təkcə o kreditləri ödəmək deyil. Biz istəyirik onlara iş yerləri, gəlirlər yarada bilən aktiv, dayanıqlı mikrobizneslərin yaradılmasını təmin edək ki, bu insanlar aktivlərdən uzun müddət istifadə etsinlər.
Real sektorun maliyyə imkanlarına çıxışını genişləndirmək üçün Avropa Yenidənqurma və İnkişaf Bankı ilə 200 milyon dollar həcmində çərçivə sazişi bağlanılıb. Bu, Sizin Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərliyi ilə danışıqlarınızdan sonra baş verib. Birinci tranş 50 milyon dollardan artıq reallaşmasına başlanıb. Bu kreditlər real sektorda olan müəssisələrə yönəldilməyə başlanmışdır.
Cənab Prezident, cari ilin ikinci yarısında qarşımızda duran vəzifələrdən danışarkən qısaca deyim ki, burada əsas məsələ, ən böyük problem siyasətin, makroiqtisadi siyasətin, digər siyasətlərin böyük həcmdə qeyri–müəyyənliklər şəraitində aparılması olmuşdur. Hazırda həm sosial siyasət, həm də büdcə, pul-kredit siyasəti başlıca olaraq pandemiyadan zərər çəkmiş əhalinin, biznesin gəlirlərinin neytrallaşmasına yönəldilib. Artıq Beynəlxalq Valyuta Fondu öz bədbin proqnozlarını dərc etmişdir, Azərbaycan üzrə proqnozlar daha optimistikdir. Biz çalışmalıyıq ki, bu optimizmi reallaşdıraq. Bu ili nə qədər yaxşı nəticələrlə başa vursaq, növbəti illərdə bərpa və inkişaf proseslərinə daha tez və daha da sürətlə qayıda bilərik.
Mərkəzi Bankın qarşısında duran başlıca vəzifə yenə də hökumətlə sıx əlaqədə işləyərək ölkədə makroiqtisadi və maliyyə sabitliyini qoruyub saxlamaqdır. Bu istiqamətdə hökumət proqramı üzrə bizim adekvat tədbirlər planımız var. Ona görə hökumət qurumları ilə birlikdə gələn illər və ortamüddətli dövrdə yeni makroiqtisadi çərçivə üzrə işlərimizi tamamlayırıq ki, bu çərçivə hər hansı dövrdə gələn bütün çağırışlara adekvat cavab vermək imkanında, iqtidarında olsun.
Cənab Prezident, Sizi əmin etmək istəyirəm ki, Mərkəzi Bank və onun kollektivi ölkədə makroiqtisadi sabitliyi və maliyyə sabitliyini qorumağa çalışacaq.
Diqqətinizə görə təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ olun. Hesab edirəm ki, görülmüş tədbirlər və məruzə etdiyiniz məsələlər bank sektorunda sağlamlaşma prosesinə müsbət təsir göstərəcək və artıq göstərir. Əlbəttə ki, bizim bank sektorumuz daha da rəqabətqabiliyyətli olmalıdır və iqtisadi inkişafda öz rolunu saxlamalıdır. Şadam ki, artıq özünüməşğulluq proqramına bizim banklar da qoşuldu. Bu, çox müsbət haldır. Bildiyiniz kimi, biz bu proqrama ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə başlamışdıq. Amma indi həm Dünya Bankı qoşuldu - 100 milyon dollar həcmində, eyni zamanda, bizim banklar qoşuldular. Əlbəttə bu, sadəcə olaraq, pulların, yaxud da biznes üçün vasitələrin paylanması deyil, burada çox ciddi biznes planlar olmalıdır. Ona görə banklar bunu kredit şəklində verəndə təbii ki, biznes plana da baxırlar.
Elektron ödənişlə bağlı rəqəmlər də çox sevindiricidir. Hesab edirəm ki, biz yaxın gələcəkdə bu sahədə vəziyyəti daha da yaxşılaşdıracağıq və inkişaf etmiş ölkələrin rəqəmlərinə yaxınlaşmalıyıq. Çünki burada da rezervlər hələ ki, kifayət qədər çoxdur.
Biznes kreditləri ilə bağlı sizin verdiyiniz məlumat da çox sevindiricidir. Bilirsiniz ki, mən bu məsələyə həmişə diqqət yetirirəm. Məndə olan məlumata görə, kreditlərin 60 faizdən çox hissəsi artıq biznesə yönəlmiş kreditlərdir. Bu, təbii ki, indiki şəraitdə və müəyyən dərəcədə investisiyaların azaldılması dövründə bizim iqtisadi inkişafımıza, o cümlədən məşğulluğa daha yaxşı şəraitin yaradılmasına gətirib çıxaracaqdır.
İndi isə söz verilir İqtisadiyyat nazirinə. Deməliyəm ki, mənim təxmin etdiyim kimi, beşinci, altıncı aylardan sonra iqtisadiyyat bir qədər tənəzzülə uğradı. Ölkədə dörd ay ərzində iqtisadi artım müşahidə olunurdu. Ancaq may-iyun aylarında tənəzzül olub və ümumi daxili məhsul bu ilin 6 ayında 2,7 faiz azalıbdır. Bunun da səbəbləri bəllidir. Təkcə onu demək kifayətdir ki, bizim turizm sektorumuz 48 faiz, tikinti sektoru isə 14,5 faiz tənəzzülə uğrayıb. Bu sektorların ümumi daxili məhsulda payı son illər ərzində artırdı. Təbii ki, neftin qiymətinin aşağı düşməsi və “OPEC+” çərçivəsində əlavə öhdəliyin üzərimizə düşməsi və hasilatın azalması nəticəsində təbii ki, bizim ümumi daxili məhsulumuz da azalmalı idi. Biz buna hazır idik. Bu, böyük faciə deyil. Bu, müvəqqəti bir məsələdir. Əminəm ki, dünya iqtisadiyyatı pandemiyadan çıxmağa başlayan kimi, bizdə də bu sahədə vəziyyət bərpa olunacaq. Yenə də demək istəyirəm və hesab edirəm ki, digər ölkələrlə müqayisədə bizdə vəziyyət məqbul sayıla bilər. Dediyim kimi, quraqlığa baxmayaraq kənd təsərrüfatımız 2,2 faiz artıb. İlin sonuna qədər baxacağıq ki, indi artım nə qədər olacaq. Qeyri-neft sektorunda sənaye istehsalı 11 faizdən çox artıb. Bu da sevindirici haldır və onu göstərir ki, sənayeləşmə siyasətimiz öz bəhrəsini verməkdədir.
Ona görə İqtisadiyyat naziri ümumi iqtisadi vəziyyətlə bağlı məlumat versin. Eyni zamanda, kölgə iqtisadiyyatına qarşı mübarizə və son müddət ərzində sahibkarlığın inkişafı ilə bağlı İqtisadiyyat naziri tərəfindən çox önəmli islahatlar irəli sürüldü. Bu məsələ və digər məsələlərlə bağlı məlumat verin.
İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək dedi:
- Təşəkkür edirəm möhtərəm cənab Prezident.
İcazənizlə, ilk növbədə, pandemiya və neftin qiymətinin aşağı düşməsinin ölkə iqtisadiyyatına mənfi təsirlərinin minimallaşdırılması məqsədilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində İqtisadiyyat Nazirliyinə həvalə olunmuş tapşırıqların icrası istiqamətində məruzə edim. İqtisadi artıma və sahibkarlığa dəstək Tədbirlər Planının mühüm istiqamətlərindən biridir. Burada da pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması məqsədilə təxirəsalınmaz tədbirlər nəzərdə tutulur. Tədbirlər Planının icrası üzrə aidiyyəti dövlət qurumları və müəssisələrin məlumatlarını özündə cəmləşdirən elektron məlumat portalı yaradılmışdır. Məlumatlar əsasında iqtisadiyyatda baş verən proseslərin operativ monitorinqi aparılır. Nəticələr hökumətə mütəmadi şəkildə təqdim olunur.
Tədbirlər Planının növbəti istiqaməti pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi, o cümlədən mikrosahibkarlara maliyyə dəstəyinin göstərilməsidir. Cari ilin 1 iyul tarixinə muzdlu işçilərin əməkhaqlarının kompensasiyası çərçivəsində 24 min 300 vergiödəyicisi üzrə 210 min muzdlu işçiyə 95 milyon manat vəsait ödənilib. Bundan başqa, fərdi, o cümlədən mikrosahibkarlara maliyyə dəstəyi paketi çərçivəsində 105,6 min vergiödəyicisinə 63 milyon vəsait verilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov pandemiyadan zərər çəkən sahibkarlıq subyektlərinə vergi güzəştlərinin və tətillərinin verilməsi ilə bağlı həyata keçirilən tədbirlər planı çərçivəsində görülən işlərdən də danışaraq dedi:
-Tədbirlər Planının mühüm istiqamətlərindən biri də pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək 500 milyon manat yeni bank kreditləri üzrə dövlət zəmanətlərinin verilməsi, yeni və 1 milyard həcmində mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasıdır. Hazırda hər iki mexanizm İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan və ölkədə ilk dəfə tətbiq olunan rəqəmsal kredit platforması vasitəsilə həyata keçirilir. Sahibkarlar tərəfindən kredit təşkilatlarına 318 milyon manat kredit əldə olunması üçün artıq 820 müraciət olunub. Üç milyon manat məbləğində kreditlərin rəsmiləşdirilməsi prosesinə başlanıb. Yəni, banklar tərəfindən də müvafiq qaydalara uyğun olaraq razılıq verilib. Avqust ayının 1-dək isə platformada sahibkarlara eyni vaxtda 3 bank seçmək imkanı yaradılacaq.
Mikayıl Cabbarov daha sonra kölgə iqtisadiyyatı ilə mübarizə sahəsində həyata keçirilən tədbirlərdən danışdı, əldə edilən uğurlu nəticələri diqqətə çatdıraraq bildirdi:
-İlk növbədə, biz kölgə iqtisadiyyatının həcmini ölçərkən dövriyyələrə fikir veririk - xüsusilə elektron qaimə ilə rəsmiləşən dövriyyələrə. Bunların həcmi ötən ilin 5 ayına nisbətən 6,8 faiz artmışdır. Halbuki dövr ərzində qeyri-neft ÜDM-i 2,1 azalıb. Resessiya şəraitində bu göstəricinin artması dövriyyələrin şəffaflaşmasının mühüm göstəricisidir. Qeyri-neft sektorunda elektron qaimə ilə rəsmiləşən dövriyyələrin həcminin artım templəri fəaliyyət sahələri üzrə aşağıdakı kimi olmuşdur: sənayedə 3,2 faiz, ticarətdə 6 faiz, o cümlədən pərakəndə ticarətdə 15,3 faiz. Halbuki biz pərakəndə ticarətin ümumi dövriyyəsinin 1,7 faiz azalmasını, hətta ictimai iaşədə 36,8 faiz azalma nəzərə alırıq, amma rəsmiləşən dövriyyədə 5,3 faiz artımı qeydiyyatdan keçiririk. Tikinti sektorunda 2,9 faiz artım dövriyyələri rəsmiləşməsində, halbuki 14,1 faiz azalma neft kontraktları nəzərə alınmadan və bir sıra digər sahələrdə. Digər bir amil, biz əlavə dəyər vergisi depoziti hesabına mədaxillərin dinamikasını izləyərək onu qeyd edirik ki, cari ilin 6 ayında özəl sektor üzrə ƏDV depoziti hesabına mədaxil 6,8 faiz artıb. Resessiya şəraitində özəl sektor üzrə mədaxilin artması şəffaflaşmanın mühüm göstəricilərindən biridir. Qeyd edək ki, Mərkəzi Bankın məlumatına əsasən 1 iyun tarixinə özəl sektorun banklardakı manatla cari hesablaşma hesabının qalığı ötən ilin 1 iyun tarixi ilə müqayisədə 39,2 faiz artmışdır ki, bu da bankdan keçən dövriyyələrin artımının ağarmasını təsdiq edən digər mühüm göstəricidir.
2019-cu ildə qeyri-neft sektorunun özəl bölməsində əməkhaqqı fondu 29,1 faiz artmışdırsa və əhalinin gəlirlərinin artım tempini 3,9 dəfə üstələyirdisə, 2020-ci ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə artım davam edərək 23,6 faiz olmuş və əhalinin gəlirlərinin artım tempini 3,5 dəfə üstələmişdir.
Neft-qaz məhsulları istisna olmaqla, istehlakçılar tərəfindən ölkə ərazisində ticarət və ictimai iaşə fəaliyyəti göstərən nöqtələrdən alınmış mallara görə ödənilmiş ƏDV-nin geri qaytarılması layihəsi mayın 1-dən başlamışdır. Ötən dövr ərzində 10 milyon 400 min çek üzrə daxil olmuş müraciətlə bağlı artıq 2,7 milyon manat ƏDV istehlakçılara qaytarılıb, 2,4 milyon manat isə 30 gün tamamlananda qaytarılacaq.
Möhtərəm cənab Prezident, bizim qarşımızda 3 əsas hədəf var - makroiqtisadi sabitliyin qorunması, iş yerlərinin və məşğulluğun qorunması, məşğulluğun inkişafı və büdcə gəlirlərinin iqtisadi bazası olan daxili tələbin və investisiyaların dəstəklənməsi. Tapşırığınıza uyğun olaraq biz 7 sektor üzrə - tikinti, dağ-mədən, rəqəmsal iqtisadiyyat, telekommunikasiya, kənd təsərrüfatı, emal sənayesi, daxili turizm, nəqliyyat, turizm və logistika olmaqla, müvafiq araşdırmaları başa çatdırırıq və qısa müddət ərzində hər bir sektoral sahə üzrə hökumətə təqdim olunacaq.
Diqqətinizə görə təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ olun. İndi söz verilir Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə.
Nazir Sahil Babayev çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident.
Cari ilin ilk yarısında bütün sosial ödənişlər vaxtında, hətta pandemiya dövründə vaxtından əvvəl həyata keçirilmişdir. Bu sosial ödənişlər çərçivəsində ötən ilin analoji dövrü ilə müqayisədə 24 faiz artıq, yəni 436 milyon manat çox vəsait ödənilmişdir. Pensiyaların indeksasiyası ilə bağlı Sizin cari ilin əvvəlində qəbul etdiyiniz qərara uyğun olaraq 1,2 milyon pensiyaçının pensiyaları 16,6 faiz artırılmışdır. Bunun nəticəsində də orta pensiyamız ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz artaraq 297 manata, yəni, faktiki olaraq 300 manata yaxınlaşmışdır. Eyni zamanda, pandemiya dövründə 750 min şəxsə müavinət və təqaüdlər yenə də vaxtından əvvəl ödənilmişdir. Bu məqsədlər üçün ötən ilin 6 ayı ilə müqayisədə 151 milyon manat və ya 45 faiz artıq vəsait ödənilmişdir. Habelə pensiya, müavinət, təqaüd ödənişlərinin elektronlaşdırılması xüsusi karantin rejimində əhalinin mobilliyinin azaldılması baxımından çox böyük önəm kəsb edirdi. Bu ilin altı ayı ərzində pensiya və təqaüdlərin 53 mini məhz tam elektron qaydada, məmur-vətəndaş təması olmadan həyata keçirilmişdir. Eyni zamanda, 324 min insana elektron qaydada arayışlar təqdim edilmişdir.
Hazırda Azərbaycan minimum pensiyanın məbləğinə görə alıcılıq qabiliyyəti üzrə MDB-də birinci yeri, orta pensiyanın alıcılıq qabiliyyəti üzrə isə ikinci yeri tutur.
Sosial ödənişlərin digər vacib bir istiqaməti məhz sosial təminatla bağlı idi və burada da Sizin tapşırığınıza uyğun olaraq ünvanlı sosial yardım proqramının ödənişinin, prosedur qaydalarının sadələşdirilməsi üzrə iş aparıldı. Artıq bu gün 84 min ailənin 350 min üzvünə ünvanlı sosial yardım ödənişləri həyata keçirilir. Pandemiya dövründə artım 14 min ailənin 58 min üzvünü əhatə etdi. Eyni şəkildə orta məbləğ burada 225 manata bərabər olub və bütün prosesin tam elektron portal üzərindən həyata keçirilməsinə başlanılıb.
Sosial təminatın digər bir istiqaməti olaraq aztəminatlı ailələrimizə dəstək proqramları və Sizin tapşırığınıza uyğun olaraq şəhid ailələrinə, müharibə əlillərinə mənzil və avtomobillərin verilməsi proqramı davam etdirildi. Artıq bu günə 300 mənzil və 100 avtomobil bu kateqoriyadan olan insanlarımıza təqdim edilmişdir. Karantin rejimi bitdikdən sonra daha 200 mənzil və 100 avtomobil hazırdır, onlar da şəhid ailələrimizə və müharibə əlillərinə təqdim olunacaqdır. Ümumilikdə ilin sonunadək 1500 mənzil və fərdi ev və 400 avtomobilin verilməsi planlaşdırılır. Eyni zamanda, tənha yaşayan ahıl şəxslərimizin sosial müdafiəsinin təmin edilməsi üçün 65 yaşdan yuxarı tənha ahılların hər biri nazirlik tərəfindən tam şəkildə sosial xidmətə götürüldü və ölkə ərazisi üzrə bu qəbildən olan 15 min insana sosial xidmətçilər tərəfindən gündəlik xidmət göstərilir. Sizin çağırışınıza qoşulan bir çox dövlət və özəl şirkətlərimizin təşəbbüsü ilə pandemiya dövründə 100 mindən çox ailəyə ərzaq payları təqdim edildi. Burada həm dövlət qurumlarımız, həm də özəl şirkətlər çox aktiv rol oynadılar.
Sosial rifah və məşğulluğa dəstək Tədbirlər Planının ikinci əsas istiqaməti məşğulluq tədbirləri idi və bu çərçivədə işimiz iki istiqamətdə qurulmuşdu. Birinci istiqamət bu gün əmək müqaviləsi ilə işləyənlərin iş yerlərinin qorunması və işsizliyin artmasına imkan verilməməsi ilə bağlı işlərdir. Bu sahədə aparılan həm dəstək tədbirləri, həm də inzibati tədbirlər nəticəsində çox müsbət dinamika əldə edildi. Qeyd edim ki, dövlət sektoru üzrə 900 min iş yeri qorundu, onların hər birinin əməkhaqqısı ödənildi. Eyni zamanda, özəl sektorda 110 min əmək müqaviləsi, 17 faizlik bir artım meydana çıxdı. Bu gün əmək müqaviləsi ilə özəl sektorda işləyən insanların sayı 751 minə çatıb. Əlbəttə ki, burada da qeyri-formal məşğulluqla mübarizə ilə bağlı Sizin verdiyiniz tapşırıqların icrası nəticəsində əldə edilən bu göstəricini vurğulamaq lazımdır. Eyni zamanda, özəl sektorumuzun Sizin çağırışlarınıza səs verməsi və mövcud iş yerlərinin formallaşdırılması, leqallaşdırılması sahəsində də aparılan tədbirlər qeyd olunmalıdır. Bu əmək müqavilələrinin sayının artımı nəticəsində əməkhaqqı fondunda da 8 faizlik artım yaradıldı. Özəl sektorda artım 14 faizdən yuxarıdır.
Məşğulluqla bağlı tədbirlərin ikinci istiqaməti isə işsiz şəxslərlə bağlı görülən tədbirlər idi. İşsizlər və xüsusi karantin rejimi dövründə gəlirini itirən qeyri-formal işləyən şəxslərlə bağlı bir sıra tədbirlər təsdiq olundu. Sizin tapşırığınıza uyğun olaraq ilk mexanizm onlara ölkə üzrə yaşayış minimumu olan 190 manat məbləğində birdəfəlik ödəmənin həyata keçirilməsi idi. Bu tədbir aprel və may aylarında genişləndirilərək 600 min şəxsi əhatə etdi və onlara ödənişlər tam şəkildə və vaxtında həyata keçirildi. Ardınca 16 şəhər və rayonda sərtləşdirilmiş karantin rejiminin tətbiq edildiyini nəzərə alaraq üçüncü dəfə həmin rayonlar üzrə qeydiyyatdan keçmiş işsizlər və qeyri-formal işləyən şəxslərə - 283 min nəfərə ödəniş olundu. Ümumilikdə bu üç ödəniş çərçivəsində vətəndaşlara 280 milyon manat vəsait ödənildi. Bu vəsaitin də 210 milyon manatının ödənilməsində məhz Dövlət Sosial Müdafiə Fondunun ehtiyat vəsaiti hesabına yaranan imkanlardan istifadə edilib. Eyni zamanda, işsiz şəxslər üçün digər bir istiqamət olaraq haqqıödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilməsi tapşırılmışdı. Belə iş yerlərinin sayı 90 minə çatdırıldı. Xatırladım ki, ilin əvvəlində Sizin tapşırığınıza əsasən 38 min belə ictimai iş yaradılmışdı və əlavə olaraq da pandemiya dövründə işsizlər üçün 52 min ikiaylıq iş yerləri yaradıldı. Bu günə qədər artıq 38 min davamlı iş yerlərinin 95 faizi tam şəkildə işçilərlə təmin edilib, 52 min ikiaylıq iş yerinin isə 50 faizi təmin olunmuşdur. Biz burada monitorinq nəzarət tədbirlərini də gücləndirdik. Qeyd edim ki, ilin əvvəlindən bu günədək nəzarət tədbirləri nəticəsində 8600 işçi ilə müqaviləyə xitam verilmiş, onların tam konkretləşdirilməsi təmin edilmişdir. Şəffaflığın təmin edilməsi üçün həm 190 manatlıq ödəniş, həm də ictimai işçilərin hər birinin siyahısı elektron portal vasitəsilə ictimaiyyətə açıqlanmış və burada da tam şəffaflıq təmin edilmişdir.
İşsizlərə dəstək proqramının növbəti hissəsi özünüməşğulluq proqramı idi. Bu proqram da Sizin tapşırığınızla genişləndirilərək 12 min ailəni əhatə etdi. Ona həm Dünya Bankı qoşuldu, həm də BMT-nin İnkişaf Proqramı ilə birgə layihəmiz davam etdirildi. Heydər Əliyev Fondunun Regional İnkişaf Birliyi və yerli banklar aktiv şəkildə bizimlə əməkdaşlıq edir. Qeyd edim ki, artıq 3500 ailə bu proqrama cəlb edilib, ilin sonunadək onun sürətlə icrası üçün də müvafiq tədbirlər görülür. Çünki xüsusilə təlimlərin keçirilməsi ilə bağlı karantin rejimindən irəli gələn müəyyən məhdudiyyətlər var. Ona görə də onlayn təlimlərə üstünlük verərək, ilin sonunadək 12 min ailəyə çatdırmağa çalışacağıq. Xüsusi elektron portalda həm müraciətçilər, həm aktiv alanlarla bağlı bütün məlumatlar ictimaiyyətə tam şəkildə açıqlanır.
Cənab Prezident, əlavə olaraq bildirim ki, Birinci vitse-prezidentin təşəbbüsü olan DOST mərkəzləri ilə bağlı işlər davam etdirilir. Siz may ayında 3 saylı DOST mərkəzinin açılışında iştirak etdiniz. İlk altı ay ərzində bu mərkəzlərdə 61 min vətəndaşımız qəbul edilib, onlara xüsusi xidmətlər göstərilib. Vətəndaşlarımızın məmnunluq səviyyəsi 96 faiz təşkil etmişdir. Hazırda 7 mərkəzin yaradılması üzərində də iş aparılır. Bunlar Binəqədi, Abşeron, Sumqayıt, Bərdə, Quba, Şəki və Sabirabad rayonlarında olacaq regional mərkəzlərdir və növbəti ilin birinci rübünün sonlarınadək bu mərkəzlərin əksəriyyətinin istifadəyə verilməsi planlaşdırılır.
Eyni zamanda, Siz dəfələrlə bəyan etmisiniz ki, heç bir sosial layihə dayandırılmayacaq, sosial layihələrimiz tam icra olunacaqdır. Bu istiqamətdə də məruzə edim ki, dörd regionumuzda sosial infrastrukturumuz və regional bərpa mərkəzlərimiz artıq tam şəkildə təmir olunub və istifadəyə hazırdır. Bunlar Sumqayıt, Lənkəran, Xaçmaz və Şəki reabilitasiya mərkəzləridir. İlin sonuna qədər Şağan, Şirvan, Qəbələ və Şəmkirdə də reabilitasiya mərkəzləri vətəndaşların istifadəsi üçün tam hazır vəziyyətə gətiriləcəkdir.
Prezident İlham Əliyev: Əlbəttə, sosial layihələrin icrası bundan sonra da davam etdiriləcək. Bizim siyasətimizin əsas məsələsi elə budur. Pandemiya dövrü bir daha göstərdi ki, biz bu çətin dövrdə də bu siyasətdən kənara çıxmırıq və gəlirlərimizin azalmasına baxmayaraq, bütün sosial layihələr artıqlaması ilə icra ediləcək və bütünlükdə deyə bilərəm ki, bu il bu baxımdan rekord göstəricidir. Siz də qeyd etdiniz, biz insanları özünüməşğulluq proqramı ilə rekord sayda əhatə edəcəyik - 12 min, heç vaxt bu qədər olmayıb. Həmişə 7 min, 8 min olubdur, bu, rekord saydadır. Rekord sayda ödənişli ictimai iş yerlərinin yaradılmasıdır. Biz bir neçə il bundan əvvəl təqribən 30 mindən başlamışdıq, bu il 40 minə yaxın idi və siz də qeyd etdiyiniz kimi 90 minə çatıbdır. Eyni zamanda, şəhid ailələri üçün rekord sayda evlərin verilməsi nəzərdə tutulur – 1500. Əgər biz bu templə davam eləsək, yəqin ki, bir-iki il ərzində, maksimum üç il ərzində bu gün növbədə duran bütün şəhid ailələrini, hansılar ki, hələ mənzillər almayıb, mənzillərlə təmin edəcəyik. Siz qeyd etdiniz ki, 300 mənzil bu günə qədər verilib. Bu, ümumi rəqəmin 20 faizini təşkil edir. Ancaq ilin yarısı arxada qalıb. Ona görə yəqin ki, sizin planlarınızda bu 1500-ü tam təmin etmək məsələsi dayanır və nə üçün onda ilin ilk yarısında bu, cəmi 20 faiz təşkil edibdir? Bunun səbəbi var?
Sahil Babayev: Möhtərəm cənab Prezident, əslində, 200-ə qədər mənzil hazırdır, əlavə 100-ə qədər fərdi ev də hazırdır. Sadəcə, bunlar sərtləşdirilmiş karantin rejimi olan ərazilərə düşdüyünə görə biz kütləvi tədbir keçirməmək üçün təqdim etmirik. İnşallah, karantin dövrü bitən kimi biz bunları təqdim etməyə başlayacağıq.
Prezident İlham Əliyev: Yaxşı, əlbəttə ki, artan orta əməkhaqqı, orta pensiya, yenə də bizim uğurlu sosial siyasətimizi göstərir. Siz orta pensiyanı qeyd etdiniz. Əlavə etməliyəm ki, yaşa görə də pensiya əhəmiyyətli dərəcədə artıb - 25 faiz və hazırda təqribən 330 manat səviyyəsindədir. Orta əməkhaqqı isə ilin 6 ayında təxminən 25 faiz artıb. Yəni, bu, kifayət qədər böyük artımlardır və əminəm ki, giriş sözümdə dediyim kimi, bütün bu məsələlər gələn ilin büdcəsində də öz həllini tapacaqdır.
İndi isə söz verilir Kənd Təsərrüfatı nazirinə. Buyurun, görülmüş işlərlə bağlı məlumat verin.
Nazir İnam Kərimov çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident, verdiyiniz tapşırıqlara uyğun olaraq aqrar sahənin inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilir. Pandemiya dövründə aqrar sektorun fəaliyyəti mövcud çağırışlara uyğun qurulur, kənd təsərrüfatı məhsullarının fasiləsiz istehsalı təmin edilir. Xüsusi karantin rejimi dövründə bölgələrdə mineral gübrə, pestisid, toxum təchizatı və satışı, kənd təsərrüfatı texnikalarının məhdudiyyətsiz hərəkəti təmin edilib. Bu günədək əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatında xüsusi bir problem qeydə alınmayıb. Hazırda əsas diqqət taxıl biçininin yekunlaşmasına yönəlib, ölkə üzrə bir milyon hektardan artıq taxıl sahəsində məhsul yığımı aparılmaqdadır. Taxıl biçinində bu günlərdə ümumiyyətlə 1700-dən artıq kombayn iştirak edib və nazirlik tərəfindən biçinə 700-ə yaxın kombayn cəlb olunub. Hazırkı dövrə qədər 860 min hektardan çox sahədə taxıl biçini aparılıb, sahələrdən bu günədək ilkin olaraq 2,7 milyon tondan artıq məhsul toplanılıb. Bugünkü günə taxıl üzrə orta məhsuldarlıq hər hektarda 31,5 sentner təşkil edir. Müvafiq olaraq buğda üzrə orta məhsuldarlıq 32,3 sentner, arpa üzrə isə 30,1 sentnerdir. Bu il havaların quraq keçməsi, yağıntı miqdarının azalması və su çatışmazlığı xüsusilə bir sıra Aran rayonlarında yüz min hektar ərazidə taxılın becərilməsində problemlər yaradıb. Ancaq buna baxmayaraq, suvarma problemi yaşamayan əksər rayonlarda taxıl üzrə məhsuldarlıq göstəricisi əvvəlki illə müqayisədə xeyli yüksəkdir. Bəzi rayonlarda, məsələn Bərdədə 44,1 sentner, Saatlıda 40,8 sentner, Samuxda 40,3, Tərtər və Ağdamda 40,1 sentner orta məhsuldarlıq əldə edilib. Bir sıra özəl təsərrüfatlarda, o cümlədən nazirliyin pilot təsərrüfatlarında məhsuldarlıq 60 sentnerədək olmuşdur.
Hesabat dövründə bitkiçilik məhsulları istehsalında artım dinamikası davam etmişdir. 2020-ci ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz çox tərəvəz, 5,3 faiz çox meyvə və giləmeyvə, 9,7 faiz çox kartof istehsal edilib.
Cari ildə 100 min hektardan çox sahədə pambıq əkini həyata keçirilib, pambıq sahələrində 100 faiz bitiş alınıb. Pambıq əkinlərinin gübrə, dərman preparatları və texnika təminatı ilə bağlı tədbirlər həyata keçirilib. Burada da məhsuldarlığa təsir edə biləcək əsas risklərdən biri quraqlıqla bağlıdır.
Möhtərəm cənab Prezident, ümumiyyətlə bu il məhsuldarlığa təsir edə biləcək ən böyük risk quraqlıq və su çatışmazlığıdır. Bu konteksdə heyvandarlığın yem bazasının yaxşılaşdırılması məqsədilə təkrar qarğıdalı əkinlərinin aparılmasına başlanılıb. İlkin olaraq 35 rayon üzrə 50 min hektar sahədə qarğıdalı əkini nəzərdə tutulub. Artıq 32,6 min hektar sahədə şum və digər səpinqabağı işlər aparılıb, 27,5 min hektar sahədə səpin işləri həyata keçirilib. Digər yazlıq əkinlər üzrə, o cümlədən çəltik, tütün, şəkər çuğunduru, bostan, tərəvəz əkinləri üzrə tədbirlər davam etdirilir. 2020-ci ilin yanvar ayından fermerlərə subsidiyaların ödənilməsi elektron kənd təsərrüfatı informasiya sistemi üzərindən həyata keçirilir. Bu günədək 506 mindən çox fermer qeydiyyatdan keçib, 415 mindən artıq fermer payızlıq, yazlıq və çoxillik əkinlərini bəyan edib. Cari tarixə 418 mindən artıq “fermer kartı” hazırlanıb, 404 min fermer öz kartlarından istifadə etməyə başlayıb. Müraciətləri təsdiqlənmiş 388 mindən çox fermerin kart hesabına 213,8 milyon manat əkin subsidiyası üçün vəsait köçürülüb.
Eyni zamanda, qeyd etmək istərdim ki, seriya kartlarından təyinatına uyğun istifadə etməyən fermerlərə və şirkətlərə qarşı ciddi tədbirlər görülür. Fermerlərin kənd təsərrüfatı texnikasına olan tələbatını öyrənmək məqsədilə Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən cari ilin altı ayı ərzində 100-dən artıq şirkət vasitəsilə 2380 kənd təsərrüfatı texnikasının 128 hüquqi və 910 fiziki şəxsə satışı maliyyələşdirilmişdir. Həmçinin hesabat dövründə 4700 baş damazlıq heyvanın güzəştli satışı maliyyələşdirilib. Bu il suvarma avadanlığı, soyuducu anbar, traktor və digər texnikaların alınmasının subsidiyalaşdırılması üzrə fermerlərin adından çoxsaylı müraciətlər daxil olmaqdadır. Bu müraciətlərin icrası üçün əlavə vəsait ayrılması ilə bağlı bütün fermerlərimizin xahişlərini Sizin yüksək diqqətinizə çatdırmaq istərdim. Sizin aprel ayında imzaladığınız Sərəncama əsasən fermerlərimizin maliyyə vəsaitlərinə olan ehtiyaclarının qarşılanması məqsədilə aqrar sektora girovsuz mikrokreditlərin verilməsinə başlanılıb. Artıq aprel ayından bu günə qədər 1000-dən artıq fermerə ümumilikdə 9,5 milyon manat mikrokredit verilibdir. Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi üzrə komissiyanın koordinasiyası ilə regionlarda dövlət aqrar inkişaf mərkəzlərinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin idarələri və yerli icra hakimiyyəti orqanlarının fəaliyyəti əlaqələndirilib, suvarma qrafikləri tərtib olunub və qrafiklərə əməl edilməsi ilə bağlı yerlərdə maarifləndirmə və nəzarət işləri aparılır.
Möhtərəm cənab Prezident, hazırkı günlər aqrar sektorda təsərrüfat fəaliyyətinin ən qızğın dövrüdür. Dövlətin fermerlərə göstərdiyi qayğı və davamlı dəstək onların daha da yüksək nəticələr əldə etməsini şərtləndirir. Bu sahəyə ayırdığınız daimi diqqət fermerlərin məsuliyyətini də artırır. Sizi əmin etmək istərdik ki, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması üçün qarşımıza qoyduğunuz vəzifələri bu il də layiqincə yerinə yetirəcəyik və xüsusilə pandemiya və quraqlıq şəraitində kənd təsərrüfatının bütün istiqamətlərində yüksək məhsuldarlığı qorumaq üçün səylərimizi əsirgəməyəcəyik.
Diqqətinizə görə təşəkkür edirəm.
Prezident İlham Əliyev: Mən qeyd etdim, bir daha demək istəyirəm ki, ərzaq təhlükəsizliyi məsələləri daim diqqət mərkəzində olmalıdır. Eyni zamanda, bizim ixrac imkanlarımız da genişləndirilməlidir. Biz heç vaxt unutmamalıyıq ki, ölkəmizin əhalisi artır, ölkəmizə gələn xarici qonaqların sayı 2020-ci il istisna olmaq şərti ilə artır. Belə olan halda daxili tələbat da artacaq. Daxili tələbat nə qədər artacaqsa, əgər kənd təsərrüfatı istehsalı indiki yerində qalarsa, ixrac imkanlarımız bir o qədər azalacaq. Ona görə kənd təsərrüfatının intensiv yollarla inkişafı bizim üçün prioritet məsələ olmalıdır. Bütün digər tədbirlərlə yanaşı, əlbəttə ki, su mənbələrinin düzgün müəyyən edilməsi, su itkilərinin azaldılması və suyun əkin sahəsi başına çatdırılması ön planda olan məsələlərdir. Bilirəm ki, İqtisadiyyat Nazirliyi komissiyada Kənd Təsərrüfatı Nazirliyi, digər aidiyyəti qurumlarla birlikdə fəal işləyir ki, bu məsələlər kompleks şəkildə öz həllini tapsın və müasir suvarma sistemlərinin Azərbaycanda tətbiq edilməsi üçün əlavə tədbirlər görülsün. Lazım olarsa, bu, infrastruktur layihə olduğu üçün əlbəttə ki, dövlət dəstəyi göstərilə bilər. Eyni zamanda, sahibkarlara bu məqsədlər üçün güzəştli şərtlərlə kreditlərin verilməsinə də baxılmalıdır.
Hesab edirəm ki, təkrar əkinlə bağlı ilkin təcrübə müsbətdir. Təkrar əkini stimullaşdırmaq, fermerləri maraqlandırmaq üçün dövlət əlavə maliyyə vəsaiti ayırıb. Əlbəttə ki, 50 min hektarda qarğıdalının əkilməsi bizim yem bazamızı böyük dərəcədə formalaşdıracaq və idxaldan asılılıq buna uyğun şəkildə azalacaqdır. Bu ilkin təcrübəni siz çox düzgün təhlil edin və əgər bu il, - əgər belə demək mümkündürsə, - son anda siz bu təklifi verdiniz. Biz gələn ilə artıq bəri başdan hazırlaşmalıyıq və yerlər düzgün müəyyən edilməlidir. Bunu pilot layihə də adlandırmaq olar və əminəm ki, 50 min hektarda əkilən qarğıdalı və bunun nəticələri digər fermerlər üçün də maraqlı ola bilər.
Eyni zamanda, bizim bəzi iri fermer təsərrüfatlarında çox gözəl nəticələr əldə edilib - siz də qeyd etdiyiniz kimi, kənd təsərrüfatının pilot sahələrində bəzi hallarda 60 sentner. Eyni zamanda, mən bu yaxınlarda bölgələrdə səfərdə olarkən mənə məlumat verildi ki, Tovuz, Samux rayonlarında fəaliyyət göstərən aqropark Samux ərazisində bir hektardan haradasa 60, Tovuz rayonu ərazisində 70 sentnerdən çox buğda məhsulu götürülür.
Ona görə hesab edirəm ki, bu qabaqcıl təsərrüfatların təcrübəsi öyrənilməlidir. Digər fermerləri bu təcrübə ilə tanış etmək lazımdır. Ola bilsin ki, təkcə bir aqropark deyil, bir neçə bizim böyük fermer təsərrüfatımız gözəl nəticələr əldə edir. Bu təsərrüfatların nümayəndələri regional mərkəzlərdə təlim kurslarında iştirak edə bilərlər. Eyni zamanda, maraqlı olan fermerləri bu təsərrüfatlara dəvət etmək olar. Onların gəlişini təşkil etmək olar ki, təcrübə mübadiləsi mütləq olsun. Əlbəttə ki, kiçik fermer təsərrüfatlarında belə böyük nəticələr gözləmək bəlkə də düzgün olmaz. Ancaq biz əgər bütövlükdə məhsuldarlığı daha da yüksək səviyyəyə qaldırsaq, onda elə mövcud əkin sahələrini nəzərə alaraq biz özümüzü daha böyük məhsulla təmin edə bilərik.
Kənd təsərrüfatı üzrə peşə məktəblərinin yaradılması məsələsinə İqtisadiyyat Nazirliyi ilə birlikdə baxın. Ola bilər ki, Gəncə Dövlət Aqrar Universitetinin bazasında, bu yaxınlarda yeni korpus açılıbdır. Belə peşə məktəbləri müxtəlif bölgələrdə, müxtəlif kənd təsərrüfatı məhsulları üzrə mütləq yaradılmalıdır. Lazım olarsa, qabaqcıl xarici mütəxəssisləri də bu işlərə cəlb edin.
Bir də soruşmaq istəyirəm ki, texnika ilə təminat nə yerdədir və əlavə texnikanın gətirilməsinə ehtiyac var, yoxsa yox?
İnam Kərimov dedi:
- Möhtərəm cənab Prezident, artıq texnika təminatı ilə bağlı Sizin ötən il həyata keçirdiyiniz islahat nəticəsində bu sahədə bazarda tam liberallaşma baş vermişdir. Liberallaşma nəticəsində artıq istənilən şirkət kənd təsərrüfatı texnikasını gətirib fermerlərimizə təqdim edə bilər. Bu il 100-dən artıq şirkət vasitəsilə 2380 kənd təsərrüfatı texnikası fermerlərimizə satılmışdır. Müqayisə üçün demək istəyirəm ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu rəqəm 1151 təşkil edirdi. Artıq damazlıq heyvanlar sahəsində də bu rəqəm bir neçə dəfə artmışdır. Həmçinin bildirmək istəyirəm ki, “Aqrolizinq”in bazasında olan əvvəlki illərdə alınmış texnikalar da satışa çıxarılmışdır və 179 texnika “Aqrolizinq” vasitəsilə yəni, 100 şirkətdən biri qismində iştirak edərək fermerlərimizə öz texnikalarını satmışdır.
Bu il əsas fərqlərdən biri o idi ki, Sizin göstərişinizlə “Aqrolizinq”ə 28 milyon manat ayrılmışdır və 125 kombayn “Aqrolizinq” tərəfindən aqroservislər üçün alınmışdır. Bu kombaynlardan 25 ədədini Azərbaycanda, ümumiyyətlə MDB məkanında ilk dəfə olaraq dağ kombaynları təşkil etmişdir. Əvvəllər fermerlərimiz məhsul itkisindən, o cümlədən təhlükəsizlik qaydalarına əməl etmək baxımından əziyyət çəkirdilər. Dağ kombaynları fermerlərimizə məhsulu itkisiz, tam yığmağa imkan vermişdir. Bu il, çıxışımda vurğuladığım kimi, fermerlərimiz, əsasən böyük fermerlərimizdə soyuducu anbarların, suvarma sistemlərinin qurulması və digər böyük kənd təsərrüfatı texnikası alınması üçün maraq var. Onlar, həmçinin böyük aqroparklar bu istiqamətlərdə Kənd Təsərrüfatı Nazirliyinə əlavə müraciətlər etmişlər. Amma ümumilikdə tam əminliklə deyə bilərik ki, bu il hazırda fermerlərimizin texnika baxımından problemi yoxdur və builki taxıl biçini mövsümü də bir daha göstərdi ki, bu sahədə dövlətimiz tərəfindən bütün tədbirlər həyata keçirilib.
Prezident İlham Əliyev: Aydındır. İndi söz verilir Gömrük Komitəsinin sədrinə.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident, məruzə edərək bildirmək istəyirəm ki, pandemiya dövründə gömrük xidməti olaraq bizim ön cəbhədə olduğumuza görə əsasən sanepidemioloji vəziyyət nəzərə alınaraq ölkəyə daxil olan malların və nəqliyyat vasitələrinin keçidi yüksək səviyyədə təşkil olunmuşdur. İlk günlərdən başlayaraq, əməkdaşların bu sahədə fəaliyyət göstərməsi üçün onların mütəmadi yoxlanılması işinin təşkili ilə bağlı Sizin müvafiq tapşırıqlarınıza uyğun olaraq, Dövlət Gömrük Komitəsinin hospitalında xüsusi laboratoriya təsis edilib. Əməkdaşların bu günə qədər 4700 testi aparılıb ki, onlardan 2000-ə yaxını mütəmadi birbaşa təmasda olanlardır. Bu baxımdan onların sağlamlığı, həm ticarətimizin, idxal-ixrac əməliyyatlarımızın, həm də tranzit potensialımızın qorunması məqsədilə mütəmadi nəzarətdə saxlanılıb. 170-ə yaxın gömrük əməkdaşı ilkin olaraq pozitiv testlərlə çıxsa da, hazırda onlar müalicə olunub və normal iş fəaliyyətinə qayıdıblar. Bu gün fəaliyyətimiz gücləndirilmiş iş rejimində davam etdirilir.
Cənab Prezident, pandemiya dövründə bizim xidmətin qarşısında duran əsas vəzifələrdən biri ticarətin, həm tranzit, həm idxal, həm ixrac əməliyyatlarımızın əvvəlki illərdə olduğu kimi problemsiz təşkilindən gedir. Bu sahədə görülmüş qabaqlayıcı tədbirlər nəticəsində tranzit potensialımız altı ayda keçən ilin müvafiq dövrünə nisbətən 8 mindən çox nəqliyyat vasitəsi artmışdır. İdxal əməliyyatlarımız üzrə də 5 min nəqliyyat vasitəsinin artımı müşahidə olunur. Həm ixrac və idxal, həm də tranzit əlaqələrimiz qorunub saxlanılmışdır. Ticarət həcmimiz idxal əməliyyatları üzrə 4,9 milyard dollar təşkil edir və keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 29 milyon dollar azdır. Əgər biz keçən il Dövlət Neft Fondunun gətirdiyi qızılı nəzərə almasaq, ümumi idxalımızda 5,2 faiz civarında azalma tendensiyası gedir. İxrac əməliyyatlarımız isə bu ilin altı ayında 7,686 milyard dollar olub. İxrac əməliyyatlarının azalma tendensiyası 23 faiz təşkil edir. Ümumilikdə qeyri-neft sektoru üzrə ixrac əməliyyatları 911 milyon dollar olub ki, bu da keçən illə müqayisədə 67,5 milyon dollar azdır. Amma idxal və ixracın strukturuna baxdığımız zaman pandemiyadan asılı olaraq müəyyən dəyişikliklərin baş verdiyini görərik.
Cənab Prezident, məruzə edərək bildirmək istəyirəm ki, idxalda əsasən 296 milyon dollarlıq mallar, 27-ci qrupa aid olan neft, neft məhsulları, sürtkü yağları və yanacaq vasitələri olmuşdur ki, bu da 67 faiz azalma təşkil edir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə büdcə daxilolmalarında 66 milyon manat azalma bu pozisiyada olmuşdur. İkinci yerdə 86-cı mal qrupunda lokomotivlər, xüsusilə dəmir yolu avadanlıqları 35 milyon manat azalmışdır və büdcə daxilolmalarında bu mövqe üzərində 89 faiz azalma baş vermişdir. Ümumilikdə nəqliyyat vasitələri, maşın və mexanizmlərin gətirilməsi sahəsində, tütün məmulatlarında da 50 milyon manat həcmində azalma olmuşdur. Lakin pandemiya dövründə ərzaq təhlükəsizliyi sahəsində qabaqlayıcı tədbirlər nəticəsində idxalın ərzaq məhsulları üzrə artımı hesabına 34 faizə qədər artım əldə edilmişdir.
Cənab Prezident, idxal əməliyyatlarının ümumi mənzərəsi deməyə əsas verir ki, idxalımızın həcmi 2015-ci illə müqayisədə eynilik təşkil edir. 2015-ci illə müqayisə apardığımız zaman sırf qabaqlayıcı tədbirlər üzrə həm gömrük orqanlarının, həm vergi xidmətində apardığınız islahatların nəticəsi olaraq idxalın həcminin eyni olduğunu görürük. Lakin buna baxmayaraq, əgər büdcə daxilolmaları 2015-ci ildə 700 milyon manat idisə, bu il 2 milyard 19 milyon manata çatır. Bu da Sizin kölgə iqtisadiyyatı və korrupsiya ilə mübarizə istiqamətində apardığınız uğurlu islahatların nəticəsidir. İqtisadiyyatımızda bugünkü çətin bir vəziyyətdə gömrük xidməti tərəfindən 2 milyard 19 milyon manat vəsait toplanaraq dövlət büdcəsinə köçürülmüşdür.
Cənab Prezident, Sizə məruzə edərək bildirmək istəyirəm ki, qaçaqmalçılıq sahəsində də əməliyyat tədbirləri əvvəlki illərdə olduğu kimi davam etdirilib. Başlanmış 249 cinayət işinin əsas hissəsini 67 halda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əməllər təşkil etmişdir. Həm idxal əməliyyatları üzrə, həm də tranzit əməliyyatları üzrə çəkisi 942 kiloqram olan narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhd edilmişdir ki, bunun qara bazarda dəyəri 60 milyon avrodan çoxdur.
Həmçinin bildirmək istəyirəm ki, dəyəri 10 milyon dollardan artıq olan tütün məmulatları, spirtli içkilər və digər malların qaçaq yolla gətirilməsinin qarşısı alınmışdır.
Sizin müvafiq tapşırıqlarınıza və tədbirlər planına uyğun olaraq pandemiya şəraitində idxalda və ixracda baş verən struktur dəyişikliklərinə baxmayaraq, növbəti yarım ildə də gömrük orqanlarının qarşısında duran əsas məqsədlərdən biri büdcə öhdəliklərinin artıqlaması ilə yerinə yetirilməsinə nail olmaqdır. Dövlətimizin və Zati-alinizin rəhbərliyinizlə sahibkarlara verilən dəstək və xüsusilə idxal əməliyyatlarında stimullaşdırıcı tədbirlərin nəticəsində bu öhdəliyi yerinə yetirəcəyik.
Diqqətinizə görə sağ olun.
Prezident İlham Əliyev iclasa yekun vuraraq dedi:
-Əminəm ki, ilin sonuna qədər görüləcək bütün tədbirlər sayəsində həm gömrük, həm vergi orqanlarında yaxşı nəticələr olacaq. Mən bir rəqəmi bir daha qeyd etmək istərdim. Siz bunu gətirdiniz. Hesab edirəm ki, ictimaiyyətin diqqətini də buna cəlb etməliyik. 2015-ci ildə və bu ilin altı ayında idxalın həcmi eyni idi. Ancaq 2015-ci ildə gömrük orqanları 7 yüz milyon manat vəsait toplamışlar, bu il 2 milyard manatdan çox. Yəni, təxminən 3 dəfə çox. Nəyin hesabına? Şəffaflığın hesabına, qaçaqmalçılığa qarşı mübarizə hesabına, düzgün yanaşma nəticəsində. Əgər bu sahədə və vergilər sahəsində ciddi islahatlar aparılmasaydı, biz bu vəsaitdən məhrum olacaqdıq. Onda biz öz büdcəmizi nəyin hesabına təmin edə bilərdik? Ona görə bu sahədə aparılan islahatlar və real nəticələr bizim büdcə planlarımızın da tam şəkildə həyata keçirilməsinə imkan yaradır. Ona görə mən dəfələrlə demişəm ki, dövlət gəlirləri sahəsində tam şəffaflıq təmin edilməlidir. Sahibkarlar üçün elə bir şərait yaradılmalıdır ki, onlar artıq ağ iqtisadiyyata tam keçid edə bilsinlər. Onlar üçün artıq güzəştli dövr də təmin edilmişdir. Onlarla həm gömrük, həm vergi orqanları məsləhətləşmələr aparıblar, görüşlər keçiriblər, onlara izah edilib ki, dövləti aldatmayın və rahat yaşayın, gecənizi rahat yatın. Ona görə mən bu sahələrdə görülmüş işləri qiymətləndirirəm. Hesab edirəm ki, bütövlükdə, ilin altı ayında görülmüş işlərə müsbət qiymət vermək olar. Bu il çox çətin ildir, təkcə bizim üçün yox, bütün dünya üçün. Təsadüfi deyil ki, aparıcı beynəlxalq maliyyə qurumlarının verdiyi açıqlamaya görə, dünyanın 150 ölkəsindən çoxu maliyyə yardımı üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Azərbaycanın adı bu siyahıda yoxdur. Azərbaycan öz inkişafını öz hesabına təmin edir.
Bir rəqəmi də gətirmək istərdim. Bu yaxınlarda BMT-nin “Dayanıqlı inkişaf indeksi” ilə bağlı yeni hesabatı işıq üzü görüb. Bu hesabatda Azərbaycan keçən ilə nisbətən irəliləyərək 54-cü yerdə qərarlaşıb. Hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Onu da bildirməliyəm ki, bu göstəriciyə görə Azərbaycan regionda liderdir. Baxmayaraq ki, ümumi daxili məhsul bir qədər aşağı düşüb, bu da təbii səbəblər üzündən baş verib. Bütövlükdə ilin altı ayını müsbət qiymətləndirmək olar. İlin sonuna qədər qarşıda duran bütün vəzifələr icra edilməlidir. Hesab edirəm ki, investisiya proqramı tam icra ediləcəkdir. Məndə olan məlumata görə, altı ayda investisiya proqramı 40 faiz səviyyəsində icra edilib. Bunun əsas səbəbi odur ki, bu sahədə də şəffaflıq təmin edilir, satınalmalarla bağlı islahatlar aparılır, tender prosedurları gözlənilir. Buna mən göstəriş vermişəm. Amma, eyni zamanda, hamımız yaxşı başa düşürük ki, investisiya proqramı həm ölkə üçün lazımi infrastrukturun yaradılmasına xidmət göstərir, eyni zamanda, məşğulluq üçün də önəmli amildir. Ona görə çalışın, investisiya proqramı ilin sonunadək tam icra edilsin.
Bölgədə gedən prosesləri və son hadisələri nəzərə alaraq biz öz hərbi xərclərimizə də yenidən baxmalıyıq. İstisna edilmir ki, Ermənistan onlara vurulmuş böyük zərbədən və məruz qaldığı vəziyyətdən istifadə edərək, bundan bəhanə düzəldərək növbəti təxribata əl atsın. Onu da bildirməliyəm ki, mənə verilən operativ məlumata görə, Qarabağ bölgəsində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Ermənistan tərəfindən fəallaşma müşahidə olunur. Azərbaycan Ordusu vəziyyətə tam nəzarət edir və bundan sonra da nəzarət edəcək. İstisna edilmir ki, yeni təxribatlar törədilə bilər. Ona görə biz həm hərbi xərclərimizə yenidən baxmalıyıq və xüsusilə, gələn ilin büdcəsində orduya nəzərdə tutulan xərclər ordumuzun təminatını tam görməlidir. Mən demişəm, ordumuzun inkişafı üçün nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaq. Beləliklə, bugünkü iclas bağlı elan olunur. Verilən bütün tapşırıqlar yerinə yetirilməlidir. Əminəm ki, ilin sonuna qədər biz öz məqsədimizə çatıb bu ili də uğurla başa vuracağıq. Sağ olun.