İlham Əliyev Gəncə şəhərində modul tipli xəstəxananın açılışında iştirak edib

24 iyun 2020, 16:40
İlham Əliyev Gəncə şəhərində modul tipli xəstəxananın açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında iştirak ediblər.

Dövlətimizin başçısı və birinci xanım yeni tibb müəssisəsində yaradılan şəraitlə tanış olublar.

Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, digər modul tipli infeksion xəstəliklər korpuslarında olduğu kimi burada da orta simptomları olan infeksion koronavirus xəstələrin qəbulu və müalicəsi üçün şərait yaradılıb. Bildirilib ki, eyni zamanda, yeni tibb müəssisəsinin daha ağır simptomları olan xəstələrin qəbulu üçün əlavə avadanlıqlarla təchiz olunması istiqamətində işlər görülür. Üç korpusdan ibarət olan, ümumilikdə 100 palata və 200 çarpayılıq bu xəstəxana kompleksi mərkəzləşdirilmiş oksigen generator sistemi, həmçinin xüsusi havalandırma sistemi ilə təchiz olunub. Bu sistem havanı ventilyasiya qurğusu ilə təmizlədikdən sonra palatalara ötürəcək.

Modul tipli infeksion xəstəliklər korpusu ilə tanışlıqdan sonra dövlətimizin başçısı və birinci xanım bir qrup tibb işçisi ilə görüşdülər.

Prezident İlham Əliyev görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Bu gün Gəncə şəhərində modul tipli xəstəxana açılır. Bu əlamətdar hadisə münasibətilə sizi təbrik edirəm.

Qısa müddət ərzində 200 çarpayılıq, müasir texnologiyalar əsasında quraşdırılan xəstəxana artıq istifadəyə verilir. Nəzərə alsaq ki, koronavirusla mübarizə davam edir, bu xəstəxananın çox böyük əhəmiyyəti vardır.

Ölkəmizdə sayca 5-ci modul tipli xəstəxana açılır. Onlardan ikisi Bakıda, biri Sumqayıt şəhərində, biri isə Abşeron rayonunda artıq fəaliyyətə başlayıbdır. Yaxın həftələrdə digər şəhərlərdə də bu tipli xəstəxanalar istifadəyə veriləcək. Beləliklə, bu xəstəxanaların sayı 10-a çatacaq. Bu, bizə imkan verəcək ki, əlavə 2 min çarpayı əldə edək. Nəzərə alsaq ki, koronavirus xəstələrinin sayı artır, bu, COVID-19-a qarşı mübarizədə öz rolunu oynamalıdır.

Bu xəstəxanaların tikintisi ilə əlaqədar qərar aprel ayında qəbul edilmişdir. O vaxt xəstələrin sayı kifayət qədər az idi. Eyni zamanda, yəqin ki, xatırlayırsınız, aprel ayında xəstələnənlərin və sağalanların arasında fərq müsbət idi. Daha çox insan sağalırdı, nəinki xəstələnirdi. Amma buna baxmayaraq, hesab etdik ki, əlavə çarpayıların əldə edilməsi də faydalı ola bilər. Həyat göstərdi ki, bu nə qədər düzgün qərar idi. Çünki bu gün xəstələrin sayı artır və beləliklə, bizə yeni çarpayılar lazımdır.

Bütövlükdə deyə bilərəm ki, əgər son illər ərzində mənim göstərişimlə ölkəmizin hər bir yerində, o cümlədən Bakı şəhərində müasir xəstəxanalar tikilməsəydi, bu gün biz koronavirusla mübarizədə çox böyük problemlərlə üz-üzə qala bilərdik. Son illərdə ölkəmizin səhiyyə sisteminin möhkəmləndirilməsi işində ən vacib məsələlərdən biri yeni xəstəxanaların tikilməsi, köhnə xəstəxanaların isə əsaslı təmiri və bərpası olmuşdur. Beləliklə, bizim şəhərlərin mütləq əksəriyyətində xəstəxanalar tikilib və bir neçə şəhərdə tikinti davam edir. Sonuncu xəstəxana Samux şəhərində istifadəyə veriləcəkdir. Bu məqsədlər üçün vəsait ayrıldı və əlavə vəsait də ayrılacaq. Bu gün Bakı şəhərində koronavirus xəstələri daha çox son illər ərzində inşa edilmiş xəstəxanalarda müalicə alırlar. Xüsusilə “Yeni klinika”nı qeyd etməliyəm. O, ölkəmizdə ən gözəl, ən müasir klinikadır və ən böyük tibb ocaqlarından biridir. Təxminən 600 çarpayılıq klinikada bu gün xəstələr müalicə alır. Eyni zamanda, bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə tikilmiş Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik və Cərrahiyyə korpuslarının fəaliyyəti hesabına biz xəstələri müalicə edirik.

Koronavirusla əlaqədar ilkin mərhələdə qabaqlayıcı tədbirlərimiz bizi böyük fəlakətdən qorudu. Çünki Azərbaycanda yoluxanların sayı əhalinin ümumi sayı ilə müqayisədə çox aşağıdır. Cəmi 13 min insan yoluxmuşdur. Onların böyük əksəriyyəti sağalıb və xəstəxanalardan çıxıbdır. Ona görə qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərin çox böyük faydası olmuşdur.

Bildiyiniz kimi, bütün dünya bu xəstəlikdən əziyyət çəkir və xəstələrin sayının kəskin artması bir çox ölkələrin səhiyyə sisteminə də böyük zərbə vurmuşdur. Əslində, heç bir ölkənin səhiyyə sistemi belə sürətlə artan xəstələrin müalicəsinə hazır deyildi. Bu, mümkün də deyildi. Eyni zamanda, digər problem xəstələrə xidmət edən həkimlərin sayı ilə bağlıdır. Həkimlərin sayı 2-3 ay ərzində arta bilməz. Ona görə bu da bir çox ölkələr üçün böyük problemə çevrilmişdir, o cümlədən bizim üçün. Odur ki, məhdudlaşdırıcı tədbirlərin görülməsində böyük fayda olmuşdur. Bildiyiniz kimi, may ayının əvvəlindən artıq yumşalma meyilləri başlamışdır. Bunun da səbəbi o idi ki, bir daha qeyd etmək istəyirəm, sağalanların sayı yoluxanların sayından çox idi.

Ancaq son müddətin dinamikası göstərir ki, bizim bütün tələblərimizə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmirlər. Bu qaydalar haqqında artıq bəlkə min dəfə deyilib. Həm mən demişəm, həkimlər deyib, tibb mütəxəssisləri deyib, müxtəlif insanlar deyib. Təkcə Azərbaycanda yox, bütün dünyada bu qaydalar çox sadədir və onlara əməl etmək o qədər də böyük əziyyət tələb etmir - maska, məsafə və dezinfeksiya. Bu üç əsas amil insanları qoruyur. Əgər bu üç amilə əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq. Ancaq biz nəyi görürük? Onu görürük ki, yumşalma tədbirlərindən sonra Azərbaycanda bu qaydalar kütləvi surətdə pozulur və məhz buna görə biz yenidən məhdudlaşdırıcı tədbirləri tətbiq etdik. Çünki görürdük ki, xəstələnənlərin sayı, dinamikası artır və əgər belə gedərsə, bizim də səhiyyə sistemimiz buna davam gətirə bilməz. Ona görə bu həftənin əvvəlindən Bakı şəhərində və bir neçə digər şəhərlərdə daha da sərt karantin rejimi tətbiq edilir. Bunun əsas və yeganə səbəbi odur ki, əfsuslar olsun, bəzi insanlar elementar qoruyucu qaydalara əməl etmirlər. Bu sərtləşdirilmiş rejim nə qədər davam edəcək, bunu həyat və koronavirusun yayılması göstərəcək.

Həkimlər yaxşı bilirlər və artıq ictimaiyyətə də dəfələrlə bu fikir çatdırılıb ki, sərtləşdirilmiş tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır. Hər kəs yaxşı başa düşür ki, koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Biz bu xəstəliklə yaşamağa məcburuq və artıq kütləvi surətdə yeni davranış qaydaları tətbiq edilməlidir. Ona görə bütün ölkələrin əsas səyləri odur ki, yoluxmanın sürəti azalsın, az insan xəstələnsin və ölkələrin səhiyyə sistemi imkan versin ki, bütün xəstələr lazımi müalicə alsınlar. Odur ki, biz bu addımı atdıq və hesab edirəm ki, düz etmişik, baxmayaraq ki, indi bəzi ölkələr daha da irəliyə gedərək, daha çox yumşaldıcı addımlar atır. Təbii ki, bunun əsas səbəbi iqtisadi sahədə olan problemlərdir.

Bizdə də bu problemlər var, beş ayın nəticələri onu göstərir ki, bizim iqtisadiyyatımız da tənəzzülə uğrayıb. O qədər də böyük tənəzzül deyil - cəmi 1,7 faiz. Ancaq biz ilin əvvəlində çox yaxşı iqtisadi göstəricilər nümayiş etdirmişdik. Bizim çox böyük planlarımız, çox gözəl perspektivlərimiz var idi. Bütün aparıcı beynəlxalq maliyyə qurumları da 2020-ci ili Azərbaycanda sürətli inkişaf ili kimi görürdülər və bunu bəyan edirdilər. Biz şüurlu şəkildə məhdudlaşdırıcı tədbirləri gördük və deyə bilərəm, dünyada ilk ölkələrdən idik ki, bütün lazımi məhdudlaşdırıcı tədbirləri gördük, məktəbləri, ali məktəbləri, ictimai iaşə obyektlərini, böyük ticarət mərkəzlərini bağladıq ki, kütləvi yoluxmanın qarşısı alınsın.

Ona görə hesab edirəm ki, biz düzgün addım atmışıq. Çünki bir daha demək istəyirəm, - mən bunu demişəm, - mənim üçün insanların sağlamlığı əsas prioritetdir. Əlbəttə, iqtisadiyyat tənəzzülə uğrayır və hələ bəlli deyil ki, ilin sonuna qədər bizi hansı problemlər gözləyir. Hər kəs bunu bilməlidir. Eyni zamanda, dünya bazarlarında neftin qiyməti hələ də sabitləşməyib. Əlbəttə, o böyük çökmənin qarşısı alınıb və neftin qiyməti tədricən bərpa edilib. Ancaq Azərbaycan büdcəsi neftin qiymətinin 55 dollarına hesablanıb və beş ayın nəticəsində neftin orta qiyməti 41 dollardır. Ona görə bizim gəlirlərimiz azalır. Bir neçə önəmli iqtisadi sahə demək olar ki, fəaliyyətsiz qalıb. Onların biri turizm sahəsidir. Biz son 4-5 il ərzində turizm sahəsini çox güclü və təkanverici sektor kimi formalaşdırmışdıq və ildən-ilə Azərbaycana gələn turistlərin sayı artırdı. Keçən il rekord həddə çatmışdır, ölkəmizə 3 milyon xarici vətəndaş gəlmişdir. Müxtəlif hesablamalara görə, onlar Azərbaycanda təqribən bir yarım – iki milyard dollar pul xərcləyiblər. Bu, ölkəmizə gələn valyutanın artması deməkdir. Yəni, biz bundan məhrum olduq.

Bir neçə başqa sektor artıq uzun müddətdir ki, fəaliyyətsizdir. Dövlət o sektorların və orada çalışan insanların problemlərini öz üzərinə götürübdür. Biz indi 600 mindən çox insanı lazım olan vəsaitlə təmin edirik və 190 manatın verilməsi müddəti uzadıldı, baxmayaraq ki, bu da böyük yükdür və böyük xərclər deməkdir. Amma biz bunu edirik. Çünki işini itirmiş, yaxud da ki, aztəminatlı təbəqəyə aid olan, hətta qeyri-rəsmi şəkildə işləyən insanlar faktiki olaraq çətin vəziyyətdə qalıblar və kim onlara kömək edəcək?! Azərbaycan dövləti hər zaman Azərbaycan vətəndaşının yanındadır.

Ona görə həm birinci mərhələdə - sərtləşdirilmiş məhdudlaşdırıcı tədbirlər tətbiq olunanda və bu gün biz məcbur olub növbəti dəfə bu addımlara getdik, şəxsən mənim üçün seçim yox idi. İlk növbədə, insanların həyatı və onların sağlamlığıdır. İqtisadi problemlər arxa planda olmalıdır.

Bir də ki, biz son illər ərzində görülmüş işlər, aparılmış islahatlar nəticəsində iqtisadi gücümüzü böyük dərəcədə artırmışıq. Bizim iqtisadiyyatımız sabit, dayanıqlı iqtisadiyyatdır. Hesab edirəm ki, bu ilin sonuna qədər iqtisadi sahədə problemlər kəskinləşsə də, insanların həyat tərzinə bunun böyük təsiri olmayacaqdır. Heç bir sosial layihə ixtisar edilməyib. Bu gün mənim Gəncəyə səfərim çərçivəsində açılan və açılacaq obyektlərin sayı onu göstərir. Heç bir sosial layihə ixtisar edilməyib, əksinə, biz 10 modul tipli xəstəxananın tikintisini təmin edirik. Biz məcburi köçkünlər üçün yeni şəhərciklər salırıq. Onlardan biri də Samux rayonundadır. Yeni məktəblər tikilir. Bu gün Gəncədə Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə yeni yaşayış kompleksinin tikintisi ilə tanış olmuşam. Orada da məktəb, bağça tikilir. Bütün bunlar dövlət büdcəsi hesabına təmin edilib.

Mən demişəm ki, sosial sahədə heç bir ixtisar olmayacaq. Hesab edirəm ki, koronavirus pandemiyasının miqyasından asılı olmayaraq, ilin sonuna qədər insanların yaşayış səviyyəsi dəyişməz olaraq qalmalıdır. Keçən il isə, - hər kəs yaxşı bilir, - çox böyük sosial paket tətbiq olundu. Minimum əməkhaqqı orta hesabla iki dəfə, minimum pensiya 70 faiz artdı. Müavinətlər 50 faiz, 100 faiz artdı. Problemli kreditlər kompensasiya şəklində insanlara maddi hədiyyə olaraq verildi. Yəni, bu məqsədlər üçün milyardlarla manat xərcləndi. Pandemiyaya qarşı mübarizə üçün 3 milyard manatdan çox vəsait nəzərdə tutulur. Bu vəsaitin bir hissəsi xərcləndi və biz yeni avadanlıqlar alırıq. İndi 23 laboratoriyamız var. Amma, eyni zamanda, problem ondadır ki, artıq fevral, mart aylarında sifariş edilmiş avadanlığı, hansısa cihazı biz bəzən ala bilmirik. Çünki bunu istehsal edən ölkələr onu satmır, özləri üçün saxlayırlar. Problem bundadır.

Ona görə ölkəmiz bu problemlə üzləşib və biz çalışmalıyıq ki, bu vəziyyətdən şərəflə çıxaq. Ancaq dövlət tərəfindən atılmış addımlar əgər kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməsə, bunun xeyri olmayacaq. Dəstək isə nədən ibarətdir? Sadəcə olaraq, üç adi qaydanı gözləmək, buna əməl etmək və məsuliyyət, nizam-intizam göstərmək. Biz birlik, həmrəylik nümayiş etdirmişik. Çətin vəziyyətdə olan insanların problemlərini həll edirik, o cümlədən ictimai təşkilatlar, Heydər Əliyev Fondu. Əlbəttə ki, əsas yük dövlətin üzərindədir. Aztəminatlı təbəqəyə yardımlar edilir. Mənim təşəbbüsümlə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna sahibkarlar, ayrı-ayrı adamlar tərəfindən 100 milyon manatdan çox vəsait daxil edilib. Bu, böyük vəsaitdir və həmrəyliyin təzahürüdür. Necə ki, həmrəylik, birlik göstəririk, məsuliyyət də göstərməliyik. Bunu inkişaf etmiş bir neçə ölkənin liderləri qeyd edir ki, bu, müharibədir və burada düşməni görmək mümkün deyil. Eyni zamanda, bilmək mümkün deyil, bu müharibə nə vaxt bitəcək. Bunu heç kim deyə bilməz. İndi əlbəttə ki, hər kəs peyvəndi gözləyir, o cümlədən də biz. Amma bəzi həkimlərin fikrinə görə, peyvənd də bəlkə bu koronavirusu tam məhv edə bilməyəcək. Kim bilir? Bu peyvənd hələ icad edilməyib. Hələ bunun üzərində iş aparılır. Amma yoluxanların sayı artır, beləliklə, təhlükə də artır. Ona görə burada ancaq və ancaq vətəndaşların məsuliyyəti ön planda olmalıdır.

Dövlət nə lazımdırsa, onu edir. Bundan artıq nəsə etmək mümkün deyil. Çünki nə lazım idisə, biz onu etmişik və edəcəyik. Bu məqsədlər üçün istənilən vəsaiti xərcləməyə hazırıq, vəsaitimiz də var və heç kimdən də asılı deyilik. Bəzi ölkələrdən fərqli olaraq, heç kimə müraciət etmirik. Onu da bildirməliyəm ki, beynəlxalq maliyyə qurumlarının məlumatına görə, dünyada 150 ölkə kredit üçün müraciət edib. Yəni, beynəlxalq birliyin əksər hissəsi. Azərbaycan etməyib. Çünki ehtiyac yoxdur. Özümüz edirik, vəsaitimiz də var və xərcləyirik. Amma gərək indi məsuliyyətsiz adamlar bunu dərk etsinlər. Bir də ki, bu adamlara qarşı ictimai qınaq olmalıdır. Qapalı yerlərdə maska taxmayana qarşı, əlbəttə ki, cərimə tətbiq edilməlidir. Amma, eyni zamanda, bunu görən başqa vətəndaş onu tənbeh etməlidir, onu başa salmalıdır. Gözləməməlidir ki, polis gələcək, onu cərimələyəcək. Polis də insanları qorumaq üçün gecə-gündüz küçələrdədir, gecə-gündüz fasiləsiz işləyir. Ona görə qapalı şəraitdə hər kəs maska taxmalıdır.

Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik. Gənc nəslin nümayəndələri üçün bu xəstəlik o qədər də təhlükəli deyil və hesab edir ki, xəstələnərəm, sağalaram. Axı, yaxşı sən sağalarsan, amma sən yaşlı insanı da yoluxdurarsan. Sən onun həyatını təhlükə altına atırsan. Biz bu məsuliyyətsizliyə dözməliyikmi? Çünki bu, cinayətdir. Ona görə ictimai qınaq və çox ciddi dövlət nəzarəti olmalıdır. Mən bu məsələ ilə bağlı Operativ Qərargaha göstəriş verdim ki, çox ciddi dövlət nəzarəti olmalıdır. Belə olan halda biz bütün tədbirləri daha operativ şəkildə görə bilərik və bu vəziyyətdən az itkilərlə çıxa bilərik. Mən demişəm və həkimlər yaxşı bilir. Bir xəstənin müalicəsi üçün nə qədər həkim çalışır, nə qədər həkim gecə-gündüz o ağır vəziyyətdə, o kombinezonda, eynəkdə, maskada əziyyət çəkir. Biz həkimlərin fəaliyyətini yüksək qiymətləndiririk. Ancaq hər bir insan bunu bilməlidir. Həkimlər də yoluxur, həkimlər də ölür. Bir daha demək istəyirəm ki, bizim indi nə qədər həkimimiz var, hamısını bu işlərə cəlb edirik. Bizim bundan iki dəfə çox həkimimiz yoxdur. Sabah bu pandemiya daha geniş vüsət alsa, əgər bu gün, misal üçün 300-400 adam yoluxursa, sabah daha çox adam yoluxarsa, bunları biz harada yerləşdirəcəyik. Tutaq ki, yerləşdirdik, indi xəstəxanalar tikilir və bizim boş çarpayılarımız var, ancaq həkimlərin sayını necə artıra bilərik?! Gərək hər kəs bu haqda fikirləşsin, hər kəs düşünsün.

İdarələrdə idarə rəhbərləri görəndə ki, onun işçisi maska taxmır, əlbəttə, tədbir görməlidir, dərhal reaksiya verməlidir, müvafiq qurumlara məlumat verməlidir. Əgər belə davam edərsə, mən deyəcəyəm ki, cərimələrin həcmini artırsınlar. Çünki indi böyük imkanlara sahib olan adamlar nə üçün 50 manat, 100 manat cərimə verirlər. O çıxır, maşınına oturur, hara istəyir gedir. Tutaq ki, onu saxladılar, saxlamadılar, onu da hələ bilmək olmur. Çünki hər kəsi saxlamaq da mümkün deyil. Cəriməni verir gedir, sonra istədiyini edir. Ona görə mən tapşırıq vermişəm ki, dövlət orqanları, yerli icra orqanları, hüquq mühafizə orqanları tərəfindən bu məsələyə daha ciddi nəzarət olmalıdır. Çünki bu, milli təhlükəsizlik məsələsidir.

İndi görün inkişaf etmiş ölkələrdə nələr baş verir. Vəziyyət tamamilə böhran həddinə çatıb. O ölkələrin ki, dövlətçilik ənənələri yüzilliklərlə ölçülür və o ölkələrin səhiyyə sistemi dünyada nümunə kimi təqdim olunur, onlar da bacarmırlar, çünki bu, mümkün deyil. Ona görə mənim bu sözlərim hesab edirəm, hər kəs üçün əsas olmalıdır - həm vətəndaşlar üçün, - onlar daha məsuliyyətli olmalıdırlar, - həm də vəzifə tutanlar, dövlət məmurları üçün. Dövlət nəzarəti, ictimai nəzarət, vətəndaşların nizam-intizamı və məsuliyyəti artmalıdır. Əgər biz görsək ki, nizam-intizam bundan sonra da pozulur, onda fikirləşərik, daha hansı təsirli addımlar atılsın ki, bu qaydaları pozanlara qarşı daha ciddi tədbirlər görülsün.

Bütün bunlarla bərabər, eyni zamanda, deməliyəm ki, həyat davam edir. Biz bu il nəzərdə tutulmuş bütün proqramları icra etməliyik. Bu gün Gəncə şəhərində bir neçə vacib obyektin açılışı nəzərdə tutulur. Mən bu gün artıq yeni zavodun açılışında iştirak etdim. Mənə verilən məlumata görə, orada 300-dən çox insan işlə təmin ediləcək. Bu zavodda istehsal olunan məhsullar idxalı əvəzləyəcək və yerli bazarı təmin edəcək.

Gəncə şəhərinin tarixi abidələrinin bərpası ilə əlaqədar mənim tərəfimdən müvafiq göstərişlər verilib. Yaxşı bilirsiniz ki, bütün xalqımız üçün çox əziz və müqəddəs olan “İmamzadə” tarixi-dini kompleksinin yenidən qurulması, onun genişləndirilməsi, orada məscidin tikilməsi və digər tikililərin yaradılması təmin edilib. Bu gün “Şah Abbas” və “Uğurlu Xan” karvansaralarının bərpadan sonra açılışını edəcəyik. Mənim göstərişimlə Gəncə şəhərində ikinci “ASAN xidmət” mərkəzi fəaliyyət göstərəcək. Çünki indi şəhərin əhalisi çoxalır və “ASAN xidmət” mərkəzlərində xidmətlərin sayı artır. Ona görə növbələr yaranır. Göstəriş vermişəm, yaxın zamanlarda ikinci “ASAN xidmət” də istifadəyə veriləcəkdir. Gəncə Dövlət Dram Teatrının binasının tikintisi gedir. Yadımdadır, mənim Gəncəyə səfərlərimin birində Dram Teatrının artistləri mənə müraciət etmişdilər. Mən bu müraciəti qəbul etdim və göstəriş verdim gözəl Dram Teatrı tikilir. İkinci Olimpiya İdman Mərkəzi tikilir. Çünki o vaxt birinci mərkəz tikiləndə mən hələ prezident vəzifəsində deyildim, Milli Olimpiya Komitəsinin prezidenti kimi bu işi icra etmişdim. Ancaq ikinci idman kompleksinə ehtiyac var.

Bilirsiniz ki, mənim göstərişimlə Gəncə Dövlət Filarmoniyası tikilib və bu, çox gözəl memarlıq abidəsidir. Eyni zamanda, lazım olan infrastruktur layihələri icra edilir. Bildirməliyəm ki, ölkəmizdə birinci “Yaşıl şəhər” layihəsi mənim göstərişimlə Gəncə şəhərində həyata keçiriləcək. Bu məqsədlə biz Avropa Yenidənqurma və İnkişaf Bankından təqribən 70 milyon avro dəyərində kredit götürürük. Onu da bildirməliyəm ki, bu gün mənim göstərişimlə kreditlərin götürülməsi ancaq müstəsna hal kimi mümkündür. Çünki bizim özümüzün kifayət qədər vəsaitimiz var. Mən istəyirəm ki, bizim xarici dövlət borcumuz daha da aşağı düşsün. Baxmayaraq ki, indi də 20 faizin altındadır. Ancaq strateji və texnologiya tutumlu layihələr üçün kreditlər götürürük və bu kreditin götürülməsinə mən icazə verdim. Gəncədə icra ediləcək “Yaşıl şəhər” layihəsi ictimai nəqliyyatı əhatə edəcək. Ondan sonra küçələrin işıqlandırılması, - bilirəm, bu məsələ ilə bağlı problem var, - bir də bərk məişət tullantılarının utilizasiyası. İlkin mərhələdə insanları narahat edən bu üç məsələ öz həllini tapacaqdır. Əlbəttə ki, biz bundan sonra da dövlət büdcəsi hesabına bütün lazımi addımları atacağıq.

Mən Gəncə şəhərinə müntəzəm olaraq gəlirəm. Bu səfərim prezident kimi 16-cı səfərdir. Yəni, orta hesabla ən azı ildə bir dəfə mən Gəncədə oluram. Gəncə bu gün ölkəmizin həm sənaye mərkəzinə çevrilir, həm mədəniyyət mərkəzidir, həm də böyük tarixi var. Əlbəttə ki, tarixin qorunması hər birimizin işidir.

Eyni zamanda, çox şadam ki, son vaxtlar kənd təsərrüfatının sürətli inkişafı və kənd təsərrüfatı ilə məşğul olan insanların maliyyə vəziyyətinin yaxşılaşdırılması nəticəsində bu sahəyə böyük maraq var. Dövlət Aqrar Universitetinə müraciətlərin sayı artır. Artıq yeni korpusun tikintisi başa çatır, bu gün tanış olacağam. Ölkəmiz üçün lazım olan mütəxəssislər Gəncədə yetişdiriləcək.

Yenə də demək istəyirəm, həyat davam edir. Bütün lazımi işlər görülür. Ancaq, əlbəttə ki, bizim gündəliyimizdə koronavirusla mübarizə birinci plandadır. Burada bütün dövlət tədbirləri ilə bərabər, əsas vəzifə həkimlərin üzərinə düşür. Bir daha demək istəyirəm ki, həkimləri mən salamlayıram, onların fəaliyyətini yüksək qiymətləndirirəm. Bu yaxınlarda həkimlər öz peşə bayramlarını qeyd etmişlər. Bu münasibətlə sizi təbrik edirəm və sizə yeni uğurlar arzulayıram. Koronavirusla bağlı mübarizədə siz ön cəbhədəsiniz və öz sağlamlığınızı, həyatınızı, yaxınlarınızın sağlamlığını risk altına qoyursunuz. Ancaq sizdə olan vətəndaşlıq borcu sizi bu işlərə sövq edir.

Sizə uğurlar, cansağlığı arzulayıram. Özünüzə yaxşı baxın, xəstələrə yaxşı baxın ki, biz birlikdə bu ağır vəziyyətdən az itkilərlə çıxaq. Sağ olun.

Həkim Xalidə Sadıqova dedi:

-Möhtərəm cənab Prezident, mən Sizi və hörmətli Mehriban xanımı Gəncə tibb işçiləri və gəncəlilər adından salamlayıram. Yeni növ koronavirus infeksiyasının ölkəmizdə geniş miqyasda yayılmasına qarşı Sizin tərəfinizdən bir çox mühüm tədbirlər görülüb və görülməkdədir. Bu tədbirlərdən biri də yeni tipli modul xəstəxanalarının açılması, onların müasir tibbi avadanlıqlarla, dərmanlarla təchizatıdır. Bu gün modul tipli xəstəxananın Gəncədə açılması, tək Gəncədə deyil, Gəncəətrafı rayonlarda yaşayan, yoluxan insanların xəstəxanalara təcili təxliyə olunması, onların yüksək səviyyədə müalicə edilməsi üçün çox vacibdir. Biz həkimlər də bundan yararlanıb Sizə söz veririk və əmin edirik ki, bu çətin günlərdə əlimizdən gələni var gücümüzlə edəcəyik. Xalqımızın sağlamlığının qorunması istiqamətində səylərimizi əsirgəməyəcək və Sizin dəstəyinizlə, İnşallah, bu çətin sınaqdan alnıaçıq çıxacağıq.

Mehriban xanım, fürsətdən istifadə edib Gəncə səhiyyə işçiləri adından həmişə bizə dəstək göstərdiyiniz üçün Sizə də dərin təşəkkürümü bildirirəm. Sizə və ailənizə cansağlığı, böyük işlərinizdə uğurlar arzulayıram.

Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun.

Xalidə Sadıqova: Allah Sizləri qorusun.

Prezident İlham Əliyev: Çox sağ olun. Həkimləri bir daha alqışlayaq.

Həkimlər: Sağ olun.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:35
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının...

25 dekabr 2024, 15:35
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:34
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 07:56-da havaya qalxan və Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstan...

25 dekabr 2024, 15:34