Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 12 may tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət) antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində (bundan sonra – müvafiq sahə) dövlət nəzarətinin və tənzimlənməsinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur.
1.2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Nazirliyin hüquqi aktlarını rəhbər tutur.
1.3. Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Xidmətin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.5. Xidmətin saxlanılma xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi, büdcədənkənar vəsait, qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Xidmət Bakı şəhərində yerləşir.
2. Xidmətin fəaliyyət istiqamətləri
2.0. Xidmətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.0.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və həmin siyasətin həyata keçirilməsini təmin etmək;
2.0.2. müvafiq sahənin inkişafı üçün tədbirlər görmək;
2.0.3. müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək;
2.0.4. istehlakçıların hüquqlarının və qanuni maraqlarının qorunması, istehlak mallarının (işlərin, xidmətlərin) keyfiyyətinin təmin olunması sahəsində aidiyyəti dövlət orqanları ilə birlikdə dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, eləcə də ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində norma və qaydalara riayət olunmasına, istehlak bazarında malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək;
2.0.5. dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilməsində iştirak etmək, bu sahədə dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək;
2.0.6. standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə olunması sahələrində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilməsini təmin etmək;
2.0.7. reklam (açıq məkanda reklam istisna olmaqla) fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək;
2.0.8. aidiyyəti dövlət orqanları ilə birlikdə dövlətin qiymət-tarif siyasətinin həyata keçirilməsində iştirak etmək.
3. Xidmətin vəzifələri
3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır:
3.0.1. müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək;
3.0.2. müvafiq sahədə dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək;
3.0.3. antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək, inhisarçılıq və haqsız rəqabət fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin (bundan sonra – təsərrüfat subyektləri) və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması ilə bağlı antiinhisar qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş tədbirləri görmək;
3.0.4. antiinhisar qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada hüquqi şəxslərin, o cümlədən dövlətə və bələdiyyəyə məxsus olan hüquqi şəxslərin yaradılması, yenidən təşkili, ləğv edilməsi, fiziki və hüquqi şəxslər arasında əqdlər bağlanması və nizamnamə kapitalındakı səhmlərin (payların) alqı-satqısı zamanı antiinhisar qanunvericiliyinə uyğun olaraq razılıq vermək;
3.0.5. rəqabətin vəziyyətini araşdırmaq, təsərrüfat subyektlərinin hökmran mövqeyini müəyyən etmək və əmtəə bazarında payı antiinhisar qanunvericiliyi ilə müəyyən edilmiş həddən çox olan təsərrüfat subyektlərinin dövlət reyestrini aparmaq;
3.0.6. antiinhisar qanunvericiliyinin pozulması və sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılması haqqında işlərə baxmaq, bazar subyektlərinin tətbiq etdiyi haqsız rəqabət hallarının, təsərrüfat subyektlərinin kartel sövdələşmələrinin aşkarlanması və aradan qaldırılması, bazarda ilkin vəziyyətin bərpa edilməsi, həmçinin qanun pozuntusuna yol vermiş şəxslərin antiinhisar qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək;
3.0.7. təsərrüfat subyektlərinin, icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının xarici ölkələrin hüquqi və fiziki şəxsləri ilə bağladıqları saziş və müqavilələrin daxili bazarda rəqabətin məhdudlaşdırılmasına gətirib çıxardığı hallarda tədbirlər görmək;
3.0.8. qiymətlərlə süni şəkildə manipulyasiya edilməsinə, qiymət ayrı-seçkiliyinə və dempinqə qarşı antiinhisar qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.0.9. qiymətlərin artımına təsir göstərən inhisarlaşma, rəqabətin məhdudlaşdırılması, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının qarşısının alınması məqsədilə hər bir əmtəə bazarı üzrə monitorinqlər aparmaq;
3.0.10. antiinhisar qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə verilmiş qərarlar (göstərişlər) yerinə yetirilmədikdə məhkəməyə müraciət etmək;
3.0.11. antiinhisar qanunvericiliyini pozan təsərrüfat subyektləri cəriməni (maliyyə sanksiyasını) vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda cərimənin (maliyyə sanksiyasının), yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək;
3.0.12. inhisarçılıq fəaliyyəti göstərən və ya rəqabətin məhdudlaşdırılmasına və istehlakçıların mənafelərinin pozulmasına səbəb olan hərəkətlərə yol verən, hökmran mövqe tutan təsərrüfat subyektlərinin təşkilati, texnoloji və ərazi şəraiti imkan verdiyi halda məcburi bölünməsi haqqında qərar qəbul etmək;
3.0.13. antiinhisar, istehlakçıların hüquqlarının müdafiəsi, standartlaşma və akkreditasiya haqqında qanunvericiliyin pozulması ilə əlaqədar təsərrüfat subyektinə verilmiş lisenziyanın və ya icazənin qüvvəsinin dayandırılması üçün onu vermiş icra hakimiyyəti orqanlarına təqdimat göndərmək;
3.0.14. təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək, onların istehlakçıların mənafeyinə və rəqabətə mənfi təsir göstərə bilən hərəkətlərinin qarşısının alınması və aradan qaldırılması üçün antiinhisar qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.0.15. təbii inhisar subyektlərinin siyahısına dair Nazirliyə təkliflər vermək;
3.0.16. təbii inhisar subyektlərinin dövlət nəzarətində olan hərəkətlərinin həyata keçirilməsinə razılıq vermək;
3.0.17. təbii inhisar subyektlərinin hər biri üçün tətbiq edilməli olan tənzimləmə üsullarını qanuna uyğun müəyyənləşdirmək və tətbiq etmək;
3.0.18. dövlət tərəfindən qiymətləri tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına, o cümlədən sosial əhəmiyyətli və təbii inhisar subyektlərinin məhsullarının qiymətlərinin tənzimlənməsinə, habelə tənzimlənən qiymətlərin formalaşdırılmasına dair təkliflər vermək, daxil olmuş təkliflərə rəy vermək, tətbiqi qaydalarına nəzarətin həyata keçirilməsini təmin etmək;
3.0.19. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada antidempinq, kompensasiya və mühafizə tədbirləri üzrə araşdırmanı həyata keçirmək;
3.0.20. maliyyə-sənaye qruplarının fəaliyyətinə “Maliyyə-sənaye qrupları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəzarət etmək;
3.0.21. maliyyə-sənaye qruplarının yaradılmasına dair müqavilələrə, həmin müqavilələrin şərtlərində və ya qrup iştirakçılarının tərkibində edilən dəyişikliklərlə bağlı müraciətlərə antiinhisar qanunvericiliyinin tələblərinə uyğunluq barədə rəy vermək;
3.0.22. texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, insanların həyat və sağlamlığı, ətraf mühit üçün təhlükə yaradan malların (işlərin, xidmətlərin) istehsalının, idxalının, satılmasının, məcburi sertifikatlaşdırılması tələb olunan, lakin sertifikatı olmadan malların (işlərin, xidmətlərin) satışının (yerinə yetirilməsinin) qarşısının alınması ilə bağlı tədbirlər görmək;
3.0.23. istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinin qarşısının alınması ilə bağlı tədbirlər görmək;
3.0.24. istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, o cümlədən ticarət, ictimai iaşə, məişət və digər növ xidmət normalarına və qaydalarına riayət olunmasına dövlət nəzarətini həyata keçirmək, istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında yazılı tələbnamə (göstəriş) vermək, bu sahədə qanun pozuntularının qarşısının alınması və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi ilə bağlı tədbirlər görmək;
3.0.25. istehlakçıların çəkidə (ölçüdə), qiymətdə, hesablaşmalarda aldadılması, mallar barədə istehlakçılara tam və düzgün məlumat verilməməsi, satış şərtlərinin pozulması barədə alıcıların müraciətlərinə baxmaq və tədbirlər görmək;
3.0.26. özgənin ticarət markalarından və əmtəə (xidmət) nişanlarından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan qeyri-qanuni istifadə olunmasına qarşı qanunla səlahiyyətlərinə aid edilmiş tədbirlər görmək, o cümlədən aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət orqanlarına təqdimatlar vermək;
3.0.27. qida məhsulları, həmçinin baytarlıq və fitosanitar nəzarətində olan yüklər istisna olmaqla, malların saxlanılması və ya satışı zamanı mal qonşuluğuna, temperatur rejiminə, satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarına əməl olunmasına nəzarət etmək;
3.0.28. qiymət intizamına, o cümlədən qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) təqdim olunması zamanı qiymət intizamına riayət edilməsinə və qiymətlərin düzgün tətbiqinə nəzarət etmək;
3.0.29. dövlət satınalmaları zamanı antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarət etmək, bütün malgöndərənlərin satınalmalarda iştirakı üçün bərabər rəqabət mühitinin yaradılması məqsədilə tədbirlər görmək;
3.0.30. dövlət satınalmaları zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmalarının şəffaflıq, aşkarlıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında həyata keçirilməsi, dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasının qarşısının alınması üçün tədbirlər görmək;
3.0.31. dövlət vəsaiti hesabına malların (işlərin, xidmətlərin) müsabiqə və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan digər əsaslarla satın alınmasının qanuniliyinə və satınalma müqavilələrinin icrasına nəzarət etmək, mübahisəli məsələləri araşdırmaq, bu sahədə münasibətləri tənzimləyən normativ hüquqi aktların tələblərinin pozulması hallarını aşkar etdikdə, satınalma prosedurunu dayandırmaq və satınalan təşkilat qarşısında tenderin nəticələrinin ləğv edilməsi barədə məsələ qaldırmaq;
3.0.32. dövlət satınalmalarının vahid internet portalının operatoru funksiyalarını yerinə yetirmək;
3.0.33. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada satınalan təşkilatın qərarlarını təsdiq etmək;
3.0.34. satınalmalarla bağlı malgöndərənlərin (podratçıların) şikayətlərinə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxmaq və tədbirlər görmək;
3.0.35. satınalma müqaviləsi imzalanarkən, malların (işlərin, xidmətlərin) hər bir vahidinin qiymətini və meyarlarını dəyişdirməmək şərtilə, malların (işlərin, xidmətlərin) həcminin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq artırılıb-azaldılmasına, həmçinin illik satınalma planına daxil edilməyən hər hansı malın (işin, xidmətin) satın alınmasına təcili tələbat yarandıqda, həmin malın (işin, xidmətin) satın alınmasına razılıq vermək;
3.0.36. dövlət satınalmaları üzrə illik hesabatları hazırlamaq və Nazirliyə təqdim etmək;
3.0.37. açıq məkanda reklam istisna olmaqla, reklam subyektlərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək;
3.0.38. dövlət kəmiyyət vahidlərinin etalonlarını təsdiq etmək, habelə onların əldə olunmasını, qorunub saxlanılmasını və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsini təşkil etmək;
3.0.39. keçirilən sınaqların müsbət nəticələri əsasında standart nümunələrinin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında qərar qəbul etmək, bu barədə sertifikatlar vermək və ölçmə vasitələrinin dövlət reyestrini aparmaq;
3.0.40. dövlət metroloji nəzarəti, habelə ölçmə vasitələrinin kalibrlənməsi fəaliyyətinə nəzarəti həyata keçirmək;
3.0.41. müqavilə əsasında ölçmə vasitələrinin kalibrlənməsi işlərini aparmaq, kalibrlənmə haqqında sertifikat vermək və ya kalibrlənmə nişanı vurmaq hüququnu vermək;
3.0.42. “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq standartlaşdırma sisteminə daxil olan normativ sənədlərin vahid dövlət reyestrinin aparılmasını və nəşrini təmin etmək;
3.0.43. standartların hazırlanmasını, qəbulunu, tətbiqini, standartların tətbiqi ilə bağlı əlaqəli xidmətləri təşkil etmək;
3.0.44. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiyanı həyata keçirmək, habelə uyğunluğu qiymətləndirən qurumların vahid dövlət reyestrini aparmaq;
3.0.45. insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına yaratdığı təhlükənin dərəcəsindən asılı olaraq, malların (işlərin, xidmətlərin) yüksək, orta, aşağı risk qruplarının təyin edilmiş meyarlar üzrə təsnifatını müəyyən etmək;
3.0.46. uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrini aparmaq, habelə texniki reqlamentdə müəyyən edilmiş əsas tələblərin təmin edilməsi məqsədilə istinad edilmiş standartların siyahısını təsdiq və dərc etmək;
3.0.47. istehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara nəzarət tədbirlərini həyata keçirmək, istehlakçıların təhlükəsizliyini təmin etmək məqsədilə texniki reqlamentlərin tələblərinə uyğun olmayan malların dövriyyədən çıxarılmasını təmin etmək;
3.0.48. xarici mənşəli uyğunluq sənədlərinin tanınmasına dair sənədlərin reyestrini aparmaq;
3.0.49. malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizalar keçirmək və belə ekspertizaların nəticələrinə uyğun olaraq, malın mənşə ölkəsini təsdiq edən sertifikat vermək;
3.0.50. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin icraya yönəldilməsi haqqında qərarlar qəbul etmək;
3.0.51. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə aparılan araşdırmalar, monitorinqlər, yoxlamalar, ekspertizalar və onların nəticələri ilə bağlı görülən işlərə dair məlumatları təhlil etmək və vahid informasiya bankı yaratmaq;
3.0.52. müvafiq sahədə qanunvericiliyin pozulması ilə bağlı inzibati xətalar haqqında işlərə baxmaq, inzibati tənbeh tədbirləri tətbiq etmək;
3.0.53. fəaliyyət istiqamətləri üzrə dövlət rüsumlarının məbləği və xidmət haqlarının tarifləri barədə aidiyyəti üzrə təqdim edilməsi üçün Nazirliyə təkliflər vermək;
3.0.54. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək, pozulmasının qarşısını almaq;
3.0.55. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini fəaliyyət istiqamətləri üzrə təmin etmək;
3.0.56. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.0.57. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.0.58. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;
3.0.59. Xidmətin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işini əlaqələndirmək, onların fəaliyyətinə nəzarəti həyata keçirmək;
3.0.60. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində Nazirliyə təkliflər vermək;
3.0.61. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;
3.0.62. Xidmətin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;
3.0.63. müvafiq sahəyə ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasını təmin etmək;
3.0.64. Xidmətdə kargüzarlıq və arxiv işinin aparılmasını təşkil etmək;
3.0.65. fəaliyyətinin nəticələri barədə Nazirliyə hesabat təqdim etmək;
3.0.66. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər vəzifələri yerinə yetirmək.
4. Xidmətin hüquqları
4.0. Öz vəzifələrini yerinə yetirmək üçün Xidmətin aşağıdakı hüquqları vardır:
4.0.1. müvafiq sahədə islahatların aparılmasına dair Nazirliyə təkliflər vermək;
4.0.2. müvafiq sahədə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə Nazirlik qarşısında təşəbbüslə çıxış etmək;
4.0.3. Nazirliklə razılaşdırmaqla, beynəlxalq tədbirlərdə iştirak etmək və belə tədbirlərin, habelə konfransların, seminarların və treyninq kurslarının ölkədə və ya xaricdə keçirilməsini təşkil etmək;
4.0.4. Nazirliklə razılaşdırmaqla, beynəlxalq və xarici əməkdaşlığı həyata keçirmək, xarici dövlətlərin aidiyyəti orqanları və digər qurumları ilə, beynəlxalq təşkilatlarla, xarici hüquqi və fiziki şəxslərlə əməkdaşlığı təşkil etmək və həyata keçirmək, danışıqlar aparmaq və ya danışıqlar aparılmasında iştirak etmək, beynəlxalq müqavilələrin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək, müvafiq sahədə xarici dövlətlərin təcrübəsini öyrənmək və tətbiq edilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;
4.0.5. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq;
4.0.6. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə hüquqi aktların layihələrini hazırlayıb Nazirliyə təqdim etmək;
4.0.7. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq;
4.0.8. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə apardığı monitorinqlər zamanı qanun pozuntuları aşkar edildikdə hüquq mühafizə və digər dövlət orqanları ilə əlaqəli fəaliyyət göstərmək;
4.0.9. strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların və onların vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv etmək;
4.0.10. strukturuna daxil olmayan tabeliyində qurumların yaradılması, yenidən təşkil və ləğv edilməsi üçün Nazirliyə təkliflər vermək;
4.0.11. müstəqil ekspert və mütəxəssisləri, məsləhətçi şirkətləri, elmi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində öz fəaliyyətinə cəlb etmək, ictimai əsaslarla işçi qruplar və komissiyalar yaratmaq;
4.0.12. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövri mətbu orqanın təsis edilməsi, xüsusi bülletenlərin və digər nəşrlərin buraxılması ilə bağlı Nazirliyə təkliflər vermək;
4.0.13. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə qeyri-normativ metodiki və təlimat xarakterli göstərişlər, məsləhətlər və izahlar vermək;
4.0.14. maliyyə-sənaye qruplarından, təbii inhisar subyektlərindən, inhisarçı mövqe tutan şəxslərdən fəaliyyətləri haqqında qanunla müəyyən edilmiş hesabat və məlumatları, o cümlədən təbii inhisar subyektlərinin investisiya layihələrini almaq;
4.0.15. dövlət satınalmaları sahəsində elmi-texniki, iqtisadi və normativ hüquqi məlumat bazalarını yaratmaq, məsləhət xidmətlərinin göstərilməsini təşkil etmək;
4.0.16. vəzifə və hüquqlarının həyata keçirilməsi ilə bağlı məhkəmədə öz adından çıxış etmək;
4.0.17. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə müqavilələr bağlamaq, strukturuna daxil olmayan tabeliyindəki qurumların fəaliyyət istiqamətləri üzrə göstərdiyi xidmətlərə görə alınan xidmət haqlarından daxil olan vəsaitdən istifadəni, Nazirliklə razılaşdırmaqla təmin etmək;
4.0.18. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər hüquqları həyata keçirmək.
5. Xidmətin fəaliyyətinin təşkili
5.1. Xidmət öz fəaliyyətini Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir.
5.2. Müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Xidmətin strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını Nazirlik təsdiq edir.
5.3. Xidmətin fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi rəis rəhbərlik edir. Rəis Xidmətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqlarının həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
5.4. Rəisin Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 4 (dörd) müavini vardır. Rəis müavinləri vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərir və onlara həvalə edilmiş vəzifələrin yerinə yetiririlməsinə görə şəxsən məsuliyyət daşıyırlar.
5.5. Rəis:
5.5.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.5.2. Nazirliklə razılaşdırmaqla, müavinləri arasında vəzifə bölgüsü aparır;
5.5.3. Xidmətin digər vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyənləşdirir, qarşılıqlı fəaliyyətini təmin edir;
5.5.4. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Xidmətin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq üçün Nazirliyə təqdim edir;
5.5.5. Xidmətin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların əsasnamələrini və strukturuna daxil olmayan tabeliyindəki qurumların nizamnamələrini təsdiq üçün Nazirliyə təqdim edir;
5.5.6. Xidmət rəisinin müavinləri istisna olmaqla, Xidmətin digər işçilərini (Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və müavinlərini Nazirliklə razılaşdırmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, Xidmətin işçiləri barəsində qanunda nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
5.5.7. Xidmət rəisinin müavinləri istisna olmaqla, Xidmətin digər işçilərinə qanunla müəyyən edilmiş qaydada dövlət qulluğunun ixtisas dərəcələrini verir, işçilərin ixtisasının artırılması, habelə onların peşə hazırlığının təmin edilməsi üçün müvafiq tədbirlər görür;
5.5.8. xüsusi fərqlənmiş əməkdaşlara Azərbaycan Respublikası fəxri adlarının verilməsi və ya onların dövlət mükafatları ilə təltif olunması məqsədilə təqdimat verilməsi üçün Nazirliyə müraciət edir;
5.5.9. əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Nazirliyin qəbul etdiyi normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
5.5.10. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini, o cümlədən hüquqi aktların layihələrini hazırlayıb Nazirliyə təqdim edir;
5.5.11. Xidmətə dövlət büdcəsindən, büdcədənkənar və qanunda nəzərdə tutulmuş digər mənbələrdən ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir və həmin vəsaitin xərclənməsinə dair hesabatları Nazirliyə təqdim edir;
5.5.12. Nazirliklə razılaşdırmaqla, öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti olaraq icrasını müavinlərindən birinə həvalə edə bilər;
5.5.13. Xidmətin fəaliyyəti barədə Nazirliyin müəyyən etdiyi qaydada və müddətlərdə Nazirliyə hesabat verir;
5.5.14. dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Xidməti təmsil edir;
5.5.15. vətəndaşların qəbulunu və müraciətlərinə baxılmanı təmin edir.
5.6. Xidmətin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərləri onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar.
5.7. Xidmət öz fəaliyyət istiqamətlərinə uyğun olaraq, elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şuranın yaradılması barədə Nazirliyə təkliflər verir.