Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ƏSASNAMƏSİ

12 may 2020, 16:10

Azərbaycan Respublikası Prezidentinin

2020-ci il 12 may tarixli

Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Xidmət) Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur.

1.2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Vergi Məcəlləsini (bundan sonra – Vergi Məcəlləsi) və Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Nazirliyin hüquqi aktlarını rəhbər tutur.

1.3. Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Xidmətdə qulluq dövlət qulluğunun xüsusi növü olmaqla, Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə” ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir. Xidmətin vəzifəli şəxsləri xüsusi rütbələrə uyğun olaraq geyim forması daşıyırlar.

1.5. Xidmətin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.6. Xidmətin saxlanılma xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi, büdcədənkənar vəsait və qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.

1.7. Xidmət Bakı şəhərində yerləşir.

2. Xidmətin fəaliyyət istiqamətləri

2.0. Xidmətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. dövlət vergi siyasətinin formalaşmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək;

2.0.2. müvafiq sahənin inkişafı üçün tədbirlər görmək;

2.0.3. müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək;

2.0.4. vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasını təmin etmək;

2.0.5. qanunla müəyyən olunmuş qaydada kommersiya hüquqi şəxslərinin və publik hüquqi şəxslərin dövlət qeydiyyatının həyata keçirilməsini və dövlət reyestrinin aparılmasını təmin etmək;

2.0.6. Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi nəzarətinin həyata keçirilməsini təmin etmək.

3. Xidmətin vəzifələri

3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır:

3.0.1. vergi münasibətlərini, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması və ödənilməsi sahəsində münasibətləri tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək;

3.0.2. müvafiq sahəyə dair inkişaf proqramlarının hazırlanmasında iştirak etmək və həyata keçirmək;

3.0.3. ölkədə aparılan iqtisadi siyasətə uyğun olaraq, aidiyyəti dövlət orqanları ilə birlikdə vergilərin və digər icbari ödənişlərin dərəcələri ilə, habelə bu sahədə güzəşt və azadolmalarla bağlı təkliflər hazırlanmasında iştirak etmək;

3.0.4. vergitutma ilə bağlı digər ölkələrlə Azərbaycan Respublikası arasında münasibətlərin tənzimlənməsinə dair təkliflər hazırlanmasında iştirak etmək;

3.0.5. vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə daxilolma proqnozunun hazırlanmasında iştirak etmək;

3.0.6. Azərbaycan Respublikasının vergi qanunvericiliyinə, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericiliklərinə riayət olunmasını təmin etmək;

3.0.7. vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin düzgün hesablanmasına, vaxtında və tam yığılmasına nəzarəti təmin etmək;

3.0.8. hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının uçotunu aparmaq və bu barədə hesabatın Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsi məqsədilə Nazirliyə məlumat vermək;

3.0.9. dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək;

3.0.10. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirmək;

3.0.11. kommersiya hüquqi şəxslərinin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin dövlət qeydiyyatını həyata keçirmək və dövlət reyestrini aparmaq;

3.0.12. vergi ödəyicilərinin, onların filial, nümayəndəlik və ya digər bölmələrinin (obyektlərinin), nəzarət-kassa aparatlarının, habelə məcburi dövlət sosial sığortanın məqsədləri üçün ailə kəndli təsərrüfatlarını və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin uçotunu aparmaq;

3.0.13. Vergi Məcəlləsinə uyğun olaraq aksiz markalarının hazırlanmasını, satışını və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin etmək;

3.0.14. Vergi Məcəlləsinə uyğun olaraq məcburi nişanlamanın hazırlanmasını, vergi ödəyicilərinə verilməsini və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların məcburi nişanlama ilə təchiz olunmasını təmin etmək;

3.0.15. “Dini etiqad azadlığı haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq nəzarət markalarının hazırlanmasını təmin etmək;

3.0.16. siyahıya aldığı aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq;

3.0.17. vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin hesablanması və ödənilməsi ilə bağlı hesabatların, bəyannamələrin və digər sənədlərin formalarını tərtib etmək;

3.0.18. vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək;

3.0.19. Azərbaycan Respublikasının vergi qanunvericiliyi, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı vergi ödəyicilərinə məlumatların, habelə vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması və ödənilməsi barədə əvəzsiz izahların verilməsini təmin etmək;

3.0.20. vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə və müraciətlərə vaxtında və obyektiv baxılmasını təmin etmək, vergi ödəyicilərinin hüquqlarının və qanuni mənafelərinin pozulması hallarının aradan qaldırılması üçün tədbirlər görmək;

3.0.21. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək, pozulmasının qarşısını almaq;

3.0.22. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini fəaliyyət istiqamətləri üzrə təmin etmək;

3.0.23. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.0.24. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.0.25. dövlət sirrinin və məxfilik rejiminin, habelə fəaliyyət istiqamətləri çərçivəsində vergi, kommersiya və bank sirrinin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.0.26. Xidmətin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işini əlaqələndirmək, onların fəaliyyətinə nəzarəti həyata keçirmək;

3.0.27. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində Nazirliyə təkliflər vermək;

3.0.28. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə kadr hazırlığını təmin etmək, mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;

3.0.29. Xidmətin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;

3.0.30. müvafiq sahəyə ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasını təmin etmək;

3.0.31. Xidmətdə kargüzarlıq və arxiv işinin aparılmasını təşkil etmək;

3.0.32. fəaliyyətinin nəticələri barədə Nazirliyə hesabat təqdim etmək;

3.0.33. Vergi Məcəlləsi və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.

4. Xidmətin hüquqları

4.0. Öz vəzifələrini yerinə yetirmək üçün Xidmətin aşağıdakı hüquqları vardır:

4.0.1. müvafiq sahədə islahatların aparılmasına dair Nazirliyə təkliflər vermək;

4.0.2. müvafiq sahədə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə Nazirlik qarşısında təşəbbüslə çıxış etmək;

4.0.3. Nazirliklə razılaşdırmaqla, beynəlxalq tədbirlərdə iştirak etmək və belə tədbirlərin, habelə konfransların, seminarların və treyninq kurslarının ölkədə və ya xaricdə keçirilməsini təşkil etmək;

4.0.4. Nazirliklə razılaşdırmaqla, beynəlxalq və xarici əməkdaşlığı həyata keçirmək, xarici dövlətlərin aidiyyəti orqanları və digər qurumları ilə, beynəlxalq təşkilatlarla, xarici hüquqi və fiziki şəxslərlə əməkdaşlığı təşkil etmək və həyata keçirmək, danışıqlar aparmaq və ya danışıqlar aparılmasında iştirak etmək, beynəlxalq müqavilələrin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək, müvafiq sahədə xarici dövlətlərin təcrübəsini öyrənmək və tətbiq edilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;

4.0.5. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.6. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə hüquqi aktların layihələrini hazırlayıb Nazirliyə təqdim etmək;

4.0.7. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq;

4.0.8. strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların və onların vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv etmək;

4.0.9. strukturuna daxil olmayan tabeliyindəki qurumların yaradılması, yenidən təşkil və ləğv edilməsi üçün Nazirliyə təkliflər vermək;

4.0.10. müstəqil ekspert və mütəxəssisləri, məsləhətçi şirkətləri, elmi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində öz fəaliyyətinə cəlb etmək, ictimai əsaslarla işçi qruplar və komissiyalar yaratmaq;

4.0.11. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövri mətbu orqanın təsis edilməsi, xüsusi bülletenlərin və digər nəşrlərin buraxılması ilə bağlı Nazirliyə təkliflər vermək;

4.0.12. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə qeyri-normativ metodiki və təlimat xarakterli göstərişlər, məsləhət və izahlar vermək;

4.0.13. Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək;

4.0.14. vergi nəzarəti tədbirləri həyata keçirilərkən Vergi Məcəlləsi ilə müəyyənləşdirilmiş hüquqlardan istifadə etmək;

4.0.15. səyyar vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə, faktiki iqtisadi göstəriciləri əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək;

4.0.16. maliyyə institutlarında vergi monitorinqi aparmaq və bununla bağlı maliyyə institutlarından vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilən maliyyə əməliyyatları barədə sənədləri və məlumatları elektron və (və ya) kağız daşıyıcılarda almaq;

4.0.17. qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının vergi qanunvericiliyinin, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericiliklərinin pozulması ilə bağlı işlərə baxmaq, vergi ödəyicilərinin vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə borclara faizlər hesablamaq, onlara maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək;

4.0.18. qanunla müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin ödənilməsini təmin etmək məqsədilə Vergi Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları, habelə Azərbaycan Respublikası Prezidentinin aktları ilə nəzərdə tutulmuş tədbirləri həyata keçirmək;

4.0.19. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi öhdəliklərinin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliklərin yerinə yetirilməsi müddətini dəyişdirmək;

4.0.20. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müəyyənləşdirilmiş qaydaların tələblərinə riayət olunmasına nəzarət etmək;

4.0.21. nəzarət markalarının qəsdən məhv edilməsinin, saxtalaşdırılmasının, qeyri-qanuni yolla hazırlanmasının, istifadəsinin və satışının qarşısının alınması sahəsində nəzarətin həyata keçirilməsini təmin etmək;

4.0.22. lisenziya və ya icazə tələb olunan fəaliyyət lisenziya və ya icazə olmadan həyata keçirildiyi halda, qanuna və Azərbaycan Respublikası Prezidentinin aktına uyğun olaraq müvafiq tədbir görmək;

4.0.23. lisenziya və ya icazə tələb olunan fəaliyyət növləri ilə məşğul olan şəxslərə verilmiş lisenziyanın və ya icazənin dayandırılması və ya ləğv edilməsi barədə lisenziya və ya icazə verən orqan qarşısında vəsatət qaldırmaq;

4.0.24. nəzarət-kassa aparatlarının tətbiqinə və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına nəzarəti təmin etmək;

4.0.25. hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının alınması barədə, yaxud hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq;

4.0.26. qanunla müəyyən edilmiş hallarda kommersiya hüquqi şəxslərinin və publik hüquqi şəxslərin dövlət qeydiyyatının ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmaq;

4.0.27. dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq;

4.0.28. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək;

4.0.29. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada təhqiqat və istintaq aparmaq;

4.0.30. müvafiq sahədə qanunvericiliyin tələblərinin pozulması ilə bağlı inzibati xətalar haqqında işlərə baxmaq, inzibati tənbeh tədbirləri tətbiq etmək;

4.0.31. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda vergi ödəyiciləri üçün icrası məcburi olan qərarlar qəbul etmək;

4.0.32. vəzifə və hüquqlarının həyata keçirilməsi ilə bağlı məhkəmədə öz adından çıxış etmək;

4.0.33. Vergi Məcəlləsi və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. Xidmətin fəaliyyətinin təşkili

5.1. Xidmət öz fəaliyyətini Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir.

5.2. Müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Xidmətin strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını Nazirlik təsdiq edir.

5.3. Xidmətin fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi rəis rəhbərlik edir. Rəis Xidmətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqlarının həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.4. Rəisin Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 4 (dörd) müavini vardır. Rəisin müavinləri vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərirlər və onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar.

5.5. Rəis:

5.5.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. Nazirliklə razılaşdırmaqla, müavinləri arasında vəzifə bölgüsü aparır;

5.5.3. Xidmətin digər vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyənləşdirir, qarşılıqlı fəaliyyətini təmin edir;

5.5.4. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Xidmətin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq olunmaq üçün Nazirliyə təqdim edir;

5.5.5. Xidmətin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların əsasnamələrini və strukturuna daxil olmayan tabeliyindəki qurumların nizamnamələrini təsdiq üçün Nazirliyə təqdim edir;

5.5.6. Xidmət rəisinin müavinləri istisna olmaqla, Xidmətin digər işçilərini (Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və müavinlərini Nazirliklə razılaşdırmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, Xidmətin işçiləri barəsində qanunda nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.5.7. Xidmət rəisinin müavinləri istisna olmaqla, Xidmətin digər işçilərinə qanunla müəyyən edilmiş qaydada xüsusi rütbələr verir, işçilərin ixtisasının artırılması, həmçinin onların peşə hazırlığının təmin edilməsi üçün müvafiq tədbirlər görür;

5.5.8. xüsusi fərqlənmiş əməkdaşlara Azərbaycan Respublikası fəxri adlarının verilməsi və ya onların dövlət mükafatları ilə təltif olunması məqsədilə təqdimat verilməsi üçün Nazirliyə müraciət edir;

5.5.9. əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar və Vergi Məcəlləsinə uyğun olaraq qərarlar qəbul edir və onların, habelə Nazirliyin qəbul etdiyi normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

5.5.10. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini, o cümlədən hüquqi aktların layihələrini hazırlayıb Nazirliyə təqdim edir;

5.5.11. Xidmətə dövlət büdcəsindən, büdcədənkənar və qanunda nəzərdə tutulmuş digər mənbələrdən ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir və həmin vəsaitin xərclənməsinə dair hesabatları Nazirliyə təqdim edir;

5.5.12. Nazirliklə razılaşdırmaqla, öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti olaraq icrasını müavinlərindən birinə həvalə edə bilər;

5.5.13. Xidmətin fəaliyyəti barədə Nazirliyin müəyyən etdiyi qaydada və müddətlərdə Nazirliyə hesabat verir;

5.5.14. dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Xidməti təmsil edir;

5.5.15. vətəndaşların qəbulunu və müraciətlərinə baxılmanı təmin edir.

5.6. Xidmətin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərləri onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar.

5.7. Xidmət öz fəaliyyət istiqamətlərinə uyğun olaraq, elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şuranın yaradılması barədə Nazirliyə təkliflər verir.