08 aprel 2020, 15:00

Hacıağa Hacıyevdən, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə çox yüksək səviyyədə təşkil edilib. Statistik göstəricilərə əsasən söyləmək olar ki, dövlət tərəfindən qəbul edilən mükəmməl qərarlar müsbət nəticə verəcəkdir.

Açılışında iştirak etdiyiniz “Yeni klinika” tibb müəssisəsini pandemiya ilə mübarizə məqsədilə xalqımızın xidmətinə verməyiniz əhalinin sağlamlığının qorunmasına yüksək diqqət göstərməyinizin bariz nümunəsidir.

Möhtərəm cənab Prezident, başda Siz olmaqla Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürən bütün şirkətlərə və insanlara minnətdarlığımı bildirirəm.

İnsanların sağlamlığının qorunması məqsədilə bir çox sahələrdə işçilərin evdən işləmələrinə şərait yaradılıb. Bu təşəbbüs də dövlət tərəfindən irəli sürüldü, hətta işə gəlməyən işçilərin əməkhaqları saxlanıldı.

Hörmətli cənab Prezident, mən inanıram ki, Sizin müdrik qərarlarınızla biz bu bəladan minimum zərərlə qurtulacağıq. Sizinlə fəxr edirəm, Sizə dəstəyim misilsizdir. Bu gün dövlətin insanlardan ən böyük tələbi evdə qalmaqdır və yaradılan şəraitdə bu, heç də çətin bir iş deyil. Allah Sizi və xalqımızı qorusun. Biz birlikdə güclüyük!

Dərin hörmətlə,

Hacıyev Hacıağa Elbrus oğlu.

Azərbaycan Respublikası, Ağdam rayonu, Quzanlı qəsəbəsi.