İlham Əliyev Ağsuda “Az-Granata” MMC-nin şirə və şərab emalı zavodunun açılışında iştirak etmişdir

30 oktyabr 2011, 19:40
İlham Əliyev Ağsuda “Az-Granata” MMC-nin şirə və şərab emalı zavodunun açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Ağsuda “Az-Granata” MMC-nin şirə və şərab emalı zavodunun açılışında iştirak etmişdir.

Bildirildi ki, zavodun fəaliyyətə başlaması regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla həyata keçirilməsinin bariz nümunəsidir. On iki hektardan çox ərazini əhatə edən müəssisə beşmərtəbəli inzibati binadan, üçmərtəbəli oteldən, 20 min kvadratmetr istehsal sahəsindən və digər yardımçı sahələrdən ibarətdir. Bundan əlavə, ərazidə 6 artezian quyusunun qazılması və saatda 40 ton su təmizləyən qurğunun tikilməsi müəssisənin fasiləsiz təmiz su ilə təchizatını təmin edəcəkdir. Burada bütün infrastruktur, mühəndis qurğuları ən müasir səviyyədə qurulmuşdur. Zavodda il ərzində 50 min ton meyvə şirəsi və 12 min ton şərab hazırlanacaqdır. Hazır məhsulun satışını təmin etmək məqsədi ilə Bakıda iki min tonluq anbar tikilmiş, satış mərkəzi və regional satış nümayəndəlikləri yaradılmışdır.

Prezident İlham Əliyev zavodun maketi ilə tanış olduqdan sonra müəssisəni işə salan düyməni basdı, meyvələrin qəbulu və emalı prosesini izlədi.

Bildirildi ki, saatda 9-15 ton meyvə qəbul etmək gücünə malik olan müəssisədə ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq ümummilli liderin ölkəmizdə kənd təsərrüfatının inkişafındakı xidmətlərini əks etdirən fotoguşə yaradılmışdır. Burada ölkəmizdə şərab istehsalının tarixini əks etdirən fotolar da yer almışdır.

Dövlətimizin başçısı zavodun şərab anbarı ilə tanış oldu. Diqqətə çatdırıldı ki, zavodda üç növ üzüm sortundan hazırlanan “Ağsu”, “Qaragöz” və “Bellus” brendləri istehsal edilir. Şərablar ABŞ palıdından hazırlanan xüsusi çəlləklərdə saxlanılır.

Prezident İlham Əliyev şərabın hazırlanması və emalı prosesi ilə tanışlıqdan sonra meyvə şirəsinin qablaşdırılması bölməsinə gəldi. Bildirildi ki, burada gün ərzində 240 ton meyvə şirəsi qablaşdırmaq mümkündür. Zavodda alman layihəsinə uyğun olaraq, mükəmməl mərkəzləşdirilmiş boru şəbəkəsi vardır.

Azərbaycan Prezidenti şərab qablaşdırılması, hazır məhsulun saxlanılması və inkubasiya bölmələri ilə də tanış oldu, vitamin şirələrinin hazırlanması prosesini izlədi.

Müəssisənin texnoloji prosesi ilə tanışlıq zamanı məlumat verildi ki, zavodun istehsal bölmələrində 15 növ meyvə şirəsi istehsal olunur. Burada iki milyon paket hazır məhsul saxlamaq üçün anbar da vardır.

Sonra Prezident İlham Əliyev müəssisənin inzibati binası ilə tanış oldu. Beşmərtəbəli binada müasir iş şəraiti yaradılmışdır.

Dövlətimizin başçısı hazır məhsulun təqdimatı otağında oldu. Bildirildi ki, zavodun 700 hektar bağ sahəsinə dörd illik yoxlamadan sonra “BİO” sertifikat verilmişdir.

Zavod öz məhsullarını respublikamızın şəhər və rayonları ilə yanaşı, MDB və Avropa ölkələrinə də göndərəcəkdir. İlkin mərhələdə 180 nəfərin çalışacağı müəssisədə sonradan işçilərin sayı 350–yə çatacaqdır.

Müəssisənin fəaliyyəti məhsul istehsalı ilə məhdudlaşmır. Şamaxı və Ağsu rayonları ərazisində müəssisənin balansında 1000 hektar yararlı torpaq sahəsi vardır. Həmin sahələrin 700 hektarında üzüm və nar bağları salınmışdır. Bağlarda hazırda 500 işçi çalışır. Gələcəkdə salınacaq bağlar üçün daha 600 hektar sahənin ayrılması nəzərdə tutulur. Ümumiyyətlə, zavodda və ona məxsus bağlarda yaxın gələcəkdə 1500-1800 nəfərin işlə təmin olunması gözlənilir. Üzüm və nar bağlarında əkin və becərmə işləri aparmaq üçün xüsusi texnika alınmışdır. Bütün bu amillər ixrac qabiliyyətli yüksək keyfiyyətli məhsul istehsalına təminat verir. Ən başlıcası isə bu müəssisə rayonda əhalinin məşğulluğunun təminatında əhəmiyyətli rol oynayacaqdır.

Zavodla tanışlıqdan sonra dövlətimizin başçısı müəssisənin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Azərbaycan Prezidenti İlham ƏLİYEV mərasim iştirakçılarını təbrik edərək dedi:

-Sizi ürəkdən salamlayıram. Yenidən Ağsuda olmağımdan çox məmnunam. Mən çox şadam ki, Ağsu rayonunda işlər yaxşı gedir, rayon gözəlləşir, abadlaşır. İki il bundan əvvəl gəlmişdim, o vaxtdan bu günə qədər görülən işlər məni çox sevindirir.

Deyə bilərəm ki, Ağsu indi Azərbaycanın ən qabaqcıl rayonlarından biridir və bu, məni çox sevindirir. Çünki son illər ərzində Ağsuda gedən quruculuq-abadlıq işləri rayonun potensialını böyük dərəcədə gücləndirə bilmişdir. Mən bu gün yeni müəssisələrin açılışında iştirak etmişəm. Yeni gözəl, böyük futbol stadionu açılıbdır, uşaqlar artıq orada məşq edirlər. Yadımdadır, iki il bundan əvvəl stadionun tikintisi ilə bağlı məlumatı dinləyərkən demişəm ki, Ağsuda futbol komandası yoxdur. Stadion tikiləcəksə, gərək mütləq futbol komandası olsun. Bu gün mənə verilən məlumata görə, artıq komanda da yaranıb, uşaqlar da cəlb olunub. Uşaqlar artıq məşq edirlər və bu, çox sevindirici haldır.

Digər məsələlər də həll olunur. Siz, burada yaşayanlar yaxşı bilirsiniz ki, küçələr salınır, su xətləri çəkilibdir. Keçən dəfə burada olarkən mənə müraciət olundu ki, Ağsunun su problemi var və suyun tərkibi lazımi səviyyədə deyildir. Vəsait ayrıldı və qısa müddət ərzində su problemləri həll olundu. İndi də bütövlükdə rayonun su-kanalizasiya problemlərinin həlli üçün konkret layihələr icra edilir.

Bu gün yeni müəssisələrin açılışında iştirak etmişəm. Yeni iş yerləri açılır. Əlbəttə ki, bu gün görülən bütün işlərin arasında bu zavodun fəaliyyətə başlaması xüsusi məna daşıyır. Bu zavod nəinki Ağsuda, bəlkə də, Azərbaycanda emal sənayesində ən böyük müəssisələrdən biridir. Eyni zamanda, bütün bölgədə, bütün Cənubi Qafqazda bu sahədə ən böyük müəssisələrdən biridir. Buraya çox böyük investisiyalar qoyulub. Yeni, müasir avadanlıq quraşdırılıb və texnoloji proses tətbiq edilib. Mənə verilən məlumata görə, dünya standartları səviyyəsindədir və istehsal olunan məhsullar da keyfiyyəti ilə seçilir. Bu məhsullar dünyanın istənilən nöqtəsində satıla bilər və satılır. Zavodun direktoru mənə məlumat verdi ki, biz artıq Avropa ölkələrinə də məhsul ixrac edirik.

Hesab edirəm ki, hər bir müəssisənin işinin keyfiyyətini göstərən məhz bu amildir. Bu, həmişə diqqət mərkəzində olmalıdır. Əgər biz inkişaf etmiş ölkələrin bazarlarına məhsullarımızla, hazır məhsullarla çıxa biliriksə, deməli, bu məhsullar lazımi səviyyədədir. Mən çox şadam ki, bu böyük müəssisə artıq fəaliyyətdədir. Bu müəssisənin həm rayonun, həm bölgənin inkişafına çox böyük təsiri olacaqdır. Burada artıq minə yaxın insan işləyir. Gələcəkdə onların sayı daha da artacaqdır. Kəndlilər və fermerlər öz məhsullarını bu zavoda məqbul qiymətlərlə satırlar, təhvil verirlər. Yəni bu, istər-istəməz və bilavasitə kənd təsərrüfatının inkişafına xidmət göstərəcəkdir. Çünki artıq bu zavod fəaliyyət göstərir, məhsulları qəbul edir. Beləliklə, fermerlər maraqlı olacaqlar ki, daha da çox məhsul istehsal etsinlər, daha da çox pul qazansınlar. Yəni, bu zavodun fəaliyyətə başlaması bu məqsədləri təmin edir - kənd təsərrüfatının inkişafı, emal müəssisələrinin, yerli istehsalın yaradılması və ixracyönümlü məhsulların istehsalı. Bax, bütün bu amillər burada cəmləşir. Buna görə, bu zavodun fəaliyyətə başlaması çox böyük məna daşıyır. Bu, sadəcə olaraq yeni bir obyektin işə düşməsi deyildir. Bu zavodun fəaliyyəti, bir daha demək istəyirəm ki, həm Ağsunun, həm qonşu bölgələrin, rayonların inkişafına çox ciddi təsir göstərəcəkdir.

Eyni zamanda, bu zavodun fəaliyyətə başlaması bizim uğurlu iqtisadi siyasətimizin də bariz nümunəsidir. Çünki 2004-cü ildə regionların sosial-iqtisadi inkişafı proqramının başlaması bugünkü reallıqları təmin edir. Əgər o vaxt proqram qəbul edilməsəydi və biz 2009-cu ildə proqramın ikinci mərhələsinə başlamasaydıq, yəqin ki, bu zavoddan heç söhbət aparmaq da mümkün olmazdı.

Regionların inkişafı, infrastruktur layihələrinin icra edilməsi, yolların çəkilişi, elektrik stansiyaları, qazlaşdırma, su xətlərinin çəkilişi, sahibkarlığa göstərilən diqqət, fermerlərə güzəştli şərtlərlə yanacağın, gübrənin verilməsi, subsidiyaların təşkil edilməsi, Sahibkarlığa Kömək milli fondunun xətti ilə 100 milyonlarla ölçülən kreditlərin verilməsi bax bu reallıqları təmin edir. Ona görə, mən bu zavodun fəaliyyətə başlamasına xüsusi diqqət göstərirəm və xüsusi qiymət verirəm. Çünki biz bu zavodun fəaliyyətə başlamasında son illər ərzində görülən işlərin nəticələrini əyani şəkildə görürük. Həm yeni istehsalat sahələri yaradılır, iş yerləri təmin edilir, ölkəyə, ölkə iqtisadiyyatına şöhrət gətirən keyfiyyətli məhsullar istehsal olunur və dünya bazarlarına çatdırılır. Biz növbəti illərdə çalışmalıyıq ki, ixracımızın coğrafiyasını genişləndirək. Bunu etmək üçün biz yeni bazarlara çıxırıq. Mən Nazirlər Kabinetinin sonuncu toplantısında bu məsələ ilə bağlı xüsusi tapşırıqlar vermişəm ki, həm bizim üçün ənənəvi olan bazarlara daha da geniş şəkildə çıxmalıyıq, həm də yeni bazarları aşkar etməliyik. Xüsusilə nəzərə almalıyıq ki, bizim üçün dost olan ölkələrdə məhsullarımıza ehtiyac vardır.

Beləliklə qeyri-neft iqtisadiyyatımızı daha da sürətlə inkişaf etdirəcəyik. Bu ilin 9 ayının yekunları onu göstərir ki, qeyri-neft iqtisadiyyatı uğurla inkişaf edir, 8 faizdən çox artıbdır. Növbəti illərdə də artacaq və Azərbaycan iqtisadiyyatı gələcəkdə daha çox qeyri-neft sektorunun hesabına artmalıdır.

O ki qaldı neft-qaz sektoruna, bu sahədə işlər yaxşıdır. Bütün vəzifələr təmin edilir. Hazırda bu sahədə əldə olunmuş uğurlar bizi qane edir. Biz növbəti illərdə çalışmalıyıq ki, kənd təsərrüfatı, emal, qeyri-neft sənayesinin inkişafına yeni töhfələr verək, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin.

Mən çox şadam ki, Azərbaycanın bütün bölgələri inkişaf edir, bütün bölgələrdə canlanma vardır. Siz bilirsiniz ki, mən mütəmadi şəkildə bütün bölgələrdə oluram. Vəziyyətlə tanış oluram, tapşırıqlarımı verirəm, eyni zamanda, yerlərdən də təklifləri alıram.

Ağsu rayonunda son illər ərzində görülən işlər məni sevindirir. Mən görülən işləri qiymətləndirirəm. Yenə də demək istəyirəm, biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik, qabağa getməliyik, sürətlə getməliyik ki, Azərbaycan bütün dövrlərdə inkişaf etsin, güclənsin və Azərbaycan xalqı daha da yaxşı yaşasın.

Mən sizi bir daha bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm. Bütün ağsululara yeni uğurlar arzulayıram.

X X X

Ağsu sakini, “Az-Granat” MMC-nin əməkdaşı Natiq MƏMMƏDOV dövlətimizin başçısına minnətdarlıq edərək dedi:

- Möhtərəm cənab Prezident, Ağsu ictimaiyyəti, sahibkarları adından rayonumuza gəlişiniz münasibətilə Sizi salamlayırıq. Sizin ölkəmizdə sahibkarlığın inkişafına göstərdiyiniz diqqət bütün regionlarda olduğu kimi, Ağsu rayonunun da sosial-iqtisadi inkişafına böyük təsir göstərmişdir. Çıxışınızda qeyd etmişdiniz ki, son 8 il ərzində Azərbaycanda 950 min yeni iş yeri açılmışdır. Bu gün açılışına toplandığımız şirə və şərab emalı zavodu bunun bariz nümunəsidir.

Zavodumuzun inşasına 2008-ci ildə başlanılmışdır. Zavoda 50 milyon manat investisiya qoyulmuşdur. Quraşdırılmış avadanlıq Avropanın aparıcı şirkətlərindən gətirilmişdir. Zavod ölkə xaricində rəqabətədavamlı şirə və şərab məhsulları istehsal edəcəkdir. İstehsal olunmuş məhsulların satışı üzrə artıq bir sıra ölkələrlə müqavilələr imzalanmışdır. Zavodun torpaqlarında 700 hektar üzüm və nar bağları salınmış, bundan əlavə, müəssisə 1200 ton üzüm, 3800 ton nar tədarük etmişdir. Hazırda zavodumuzda və meyvə bağlarımızda 700 nəfər çalışır. Gələcəkdə işçilərin sayı 1500 nəfərə çatdırılacaqdır. Orta aylıq əməkhaqqı 400 manat təşkil edir. Bununla yanaşı, 4 mindən çox ailə öz təsərrüfatında istehsal etdiyi məhsulları zavodumuza satacaqdır.

Möhtərəm cənab Prezident, azərbaycanlı sərmayədarların rayonumuzda belə bir zavod tikməsi Azərbaycanın çox güclü iqtisadi potensiala malik olmasından xəbər verir. Azərbaycan dövləti qüdrətləndikcə bütün regionlarımız kimi, Ağsu rayonu da inkişaf edir, gözəlləşir. İndi şəhərimizdə yeni binalar, tədris müəssisələri, möhtəşəm idman obyektləri tikilmiş, parklar salınmışdır. Ağsuya Sizin təşəbbüsünüzlə içməli su çəkilmişdir. Ağsu aşırımında salınmış Heydər Əliyev Seyrəngahı bütün insanlarımızın, həmçinin qonaqlarımızın sevimli istirahət məkanına çevrilmişdir. Bütün bu diqqət və qayğıya görə Sizə və Azərbaycan vətəndaşlarının qayğısına qalmaqda Sizinlə çiyin-çiyinə çalışan hörmətli Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk.

Möhtərəm Prezident, biz sahibkarlar, bütün ağsulular həmişə olduğu kimi, yalnız Sizin siyasi xəttinizi dəstəkləyəcəyik. Biz həmişə sizinləyik, sizinlə fəxr edir, qürur duyuruq. Sizə möhkəm cansağlığı, uzun ömür, gələcək fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.

X X X

İctimaiyyətin nümayəndələri ilə görüş zamanı Prezident İlham ƏLİYEV Ağsu rayonunda sosial məsələlərin həlli üçün bundan sonra da ardıcıl tədbirlərin görüləcəyini bildirərək dedi:

- Bütün bölgələrdə yeni xəstəxanalar açılır. Bu gün Ağdaşda mərkəzi rayon xəstəxanasının açılışında iştirak etmişəm. Ucarda yeni xəstəxana tikilir. Poliklinika, uşaq xəstəxanası açılıbdır. Əlbəttə, Ağsuda da tibbi xidmət olmalıdır, olacaqdır. Mən göstəriş verəcəyəm. Burada da gözəl xəstəxana tikilməlidir.

Hər bir rayonda mütləq xəstəxana olmalıdır. Ən azı bir rayon xəstəxanası yüksək səviyyədə olmalıdır. İndi bu proses geniş vüsət alıbdır. Azərbaycanın müxtəlif bölgələrində bu işlər görülür. Əgər bir qədər tez müraciət etsəydiniz, bəlkə də bu gün xəstəxananın da açılışında iştirak edərdik.

Ancaq mən göstəriş verəcəyəm, burada mütləq xəstəxana olmalıdır. Yaxşı yer seçin. Gözəl, müasir olmalıdır. Stadion var. Yəqin ki, Olimpiya Kompleksi də olmalıdır. Məktəblər tikilir. Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi də bu gün açıldı.

Milli Məclisin deputatı Ərəstun CAVADOV: Ağsulular da Sizin bütün etimadınızı doğrultmağa hər zaman hazırdırlar.

Prezident İlham ƏLİYEV: Ağsu doğrudan da son illər ərzində çox gözəlləşib. Siz yəqin ki, bunu daha da yaxşı bilirsiniz. Küçələr, binalar təmir olunur, yeni parklar salınır, bu gün də bir parkla tanış olduq. Ağsu, ümumiyyətlə, gözəl rayondur, mənzərəli yerdir. Çox gözəl təbiəti vardır. Dağlar, meşələr, təmiz hava. Kurortdur Ağsu. Biz də elə etməliyik ki, burada yaradılan, yaradılacaq bütün binalar, müəssisələr, istirahət zonaları bu zavod kimi yüksək səviyyədə olsun. Direktor mənə dedi ki, artıq Almaniya, Fransa bazarlarına məhsul ixrac edirik. Biz bir neçə il bundan əvvəl bunu təsəvvürə gətirə bilməzdik ki, inkişaf etmiş ölkələrə təkcə neftimizi, qazımızı deyil, şirələrimizi də ixrac edəcəyik. Bu, reallıqdır. Bu, bir daha göstərir ki, Azərbaycan sürətlə, uğurla və inamla inkişaf edir.

Ərəstun CAVADOV: Xarici ölkələrdə biz onu mağazalardan alanda nə qədər qürur hissi keçiririk.

Prezident İlham ƏLİYEV: Əlbəttə. Keçən dəfə icra başçısı və siz mənə dediniz ki, Ağsunun suyunun tərkibində hansısa ağır metallar var. Mənə deyirlər ki, indi o məsələ həll olunub.

Rayon İcra Hakimiyyətinin başçısı Ənvər SEYİDƏLİYEV: Bəli, yüksək səviyyədə. Şəhərdə su xətlərinin hamısı dəyişilib.

Prezident İlham ƏLİYEV: Dəyişilib, dəyişilməlidir. Qazlaşdırma da gedir.

Ənvər SEYİDƏLİYEV: Bəli. Qazlaşdırma da gedir. Hamısına “smart-kart” sayğaclar qoyulub. İşıqda da “smart-kart” qoyulub.

Prezident İlham ƏLİYEV: O daha rahatdır. Hər kəs bilir nəyin pulunu ödəyir, heç bir nəzarətçi ilə də təmasda olmur. Bu sistemi də biz tətbiq eləmişik. Bəzi ölkələrdən sifarişlər gəlir ki, bizim mütəxəssislər gedib o sistemi orada da qursunlar. Bu sistem keyfiyyətli və düzgün sistemdir. Həm insanlar üçün, həm dövlət üçün. Ağsuda qazlaşdırma 100 faiz olmalıdır. Bütün kəndlərə qaz xətləri çəkilməlidir. Yəqin ki, yaxın iki il ərzində bunu da edəcəyik.

Sakinlər dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirdilər.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55