Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də İran İslam Respublikasının Xarici İşlər naziri Cavad Zərifin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə İran arasında dostluq və mehriban qonşuluq münasibətlərinin olduğunu qeyd edərək, əməkdaşlığımızın mövcud səviyyəsinin məmnunluq doğurduğunu vurğuladı.
Prezident İlham Əliyev ölkələrimiz arasında Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizləri çərçivəsində əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycan ilə İran arasında iqtisadi-ticari əlaqələrin inkişafında Hökumətlərarası birgə Komissiyanın rolunu qeyd etdi və Komissiyanın eyni tərkibdə bundan sonra da fəaliyyətini davam etdirəcəyini vurğuladı.
İran İslam Respublikasının Xarici İşlər naziri Cavad Zərif Prezident Həsən Ruhaninin səmimi salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, Prezident Həsən Ruhaninin Qoşulmama Hərəkatının ölkəmizdə keçiriləcək XVIII Zirvə görüşündə iştirak etmək üçün yaxın günlərdə Azərbaycana səfər edəcəyini bildirərək səfər çərçivəsində dövlətimizin başçısı ilə görüşünün əlaqələrimizin daha da inkişafına töhfə verəcəyini dedi.
Cavad Zərif Qoşulmama Hərəkatının Bakı Zirvə görüşünün Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə etdi və 2019-2022-ci illərdə ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi uğurla aparacağını dedi.
Prezident İlham Əliyev İran İslam Respublikası Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarının İran Prezidentinə çatdırılmasını xahiş etdi və Qoşulmama Hərəkatının Bakıda keçiriləcək Zirvə görüşü çərçivəsində Prezident Həsən Ruhani ilə görüşünü məmnuniyyətlə gözlədiyini bildirdi.