Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin NİZAMNAMƏSİ

19 mart 2019, 17:25

Azərbaycan Respublikası Prezidentinin

2019-cu il 19 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir


1. Ümumi müddəalar

1.1. Ərazi Tikinti-Planlaşdırma Mərkəzi (bundan sonra – Mərkəz) şəhərsalma, ərazi planlaşdırılması və arxitektura sahələrində (bundan sonra – müvafiq sahədə) xidmətlər göstərən, dövlət siyasətinin həyata keçirilməsində iştirak edən publik hüquqi şəxsdir.

1.2. Mərkəz Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin (bundan sonra – Komitə) tabeliyində fəaliyyət göstərir.

1.3. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

1.4. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Mərkəz ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Mərkəz Nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.6. Mərkəzin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, Komitənin və özünün adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.7. Qanuna uyğun olaraq, Mərkəzin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Mərkəz məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.8. Mərkəz Bakı şəhərində yerləşir.

2. Mərkəzin fəaliyyətinin məqsədi və fəaliyyət istiqamətləri

2.1. Mərkəzin fəaliyyətinin məqsədi müvafiq sahənin səmərəli işini təmin etmək, mövcud mexanizmləri təkmilləşdirməklə bu sahəni inkişaf etdirmək, göstərilən xidmətlərin keyfiyyətini artırmaq, habelə həmin xidmətlərin şəhərsalma və tikinti fəaliyyəti subyektləri üçün əlçatanlığını və əlverişliliyini təmin etməkdir.

2.2. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.2.1. müvafiq sahədə vahid dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

2.2.2. müvafiq sahənin inkişafını təmin etmək;

2.2.3. müvafiq sahədə xidmətlər göstərmək;

2.2.4. müvafiq sahə üzrə mövcud vəziyyətin təhlilini həyata keçirmək.

3. Mərkəzin vəzifələri və hüquqları

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Mərkəzin vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahədə qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.2. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Komitənin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

3.1.3. müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə Komitəyə, cinayət əlamətləri olduqda isə, həmçinin aidiyyəti üzrə məlumat vermək;

3.1.4. dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;

3.1.5. müvafiq sahədə elektron xidmətləri “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;

3.1.6. Mərkəzin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbir görmək;

3.1.7. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Mərkəzin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbir görmək;

3.1.8. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.9. Mərkəzə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.10. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbir görmək;

3.1.11. Mərkəzin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.12. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbir görmək;

3.1.13. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.14. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

3.1.15. yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahələri ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə rəy vermək;

3.1.16. Bakı şəhərinin inzibati ərazisində yol və mühəndis-kommunikasiya xətləri üçün trasları müəyyən etmək;

3.1.17. Komitənin tapşırığı əsasında, sifarişçinin tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin təyinatı göstərilməklə icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) əks etdirən yazılı məlumat hazırlamaq;

3.1.18. Komitənin tapşırığı əsasında, müəyyən olunmuş qaydada müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi üçün tikinti layihəsinin, onun həyata keçiriləcəyi ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olub-olmaması barədə rəy hazırlamaq;

3.1.19. Komitənin tapşırığı əsasında, tikinti layihələrinin, o cümlədən Bakı şəhərinin inzibati ərazisində tikintisi, quraşdırılması planlaşdırılan (tikintisinə icazə tələb olunan) reklam qurğularının şəhərsalmaya dair normativ sənədlərin tələblərinə uyğunluğuna dair rəy hazırlamaq;

3.1.20. Komitənin tapşırığı əsasında, tikinti obyektinin istismarına icazə verilməsi, habelə verilmiş tikintiyə icazənin müddətinin uzadılması ilə bağlı qərar verilməsi üçün təqdim olunmuş sənədləri təhlil etmək;

3.1.21. Komitənin tapşırığı əsasında adablaşdırma barədə qərarın təsdiq edilməsi üçün təqdim olunan sənədləri təhlil etmək;

3.1.22. Bakı şəhərinin inzibati ərazisində səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin yerləşdirilməsi və quraşdırılmasına dair rəy hazırlamaq;

3.1.23. yeraltı kommunikasiyaların yerləşdirilməsi planları və tikinti-şəhərsalma fəaliyyəti ilə bağlı arxiv sənədlərinin arxiv məlumatlarını, həmin sənədlərin təsdiq olunmuş surətlərini təqdim etmək;

3.1.24. bu Nizamnamə ilə Mərkəzə həvalə edilmiş hüquq və vəzifələrin icrası ilə bağlı hesabatları və illik iş planını Komitəyə təqdim etmək;

3.1.25. Azərbaycan Respublikası Prezidentinin və Komitənin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Mərkəzin aşağıdakı hüquqları vardır:

3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təkliflər vermək;

3.2.2. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;

3.2.3. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

3.2.4. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

3.2.5. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.6. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.2.7. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

3.2.8. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.9. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.10. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanı nəzərdə tutulduğu halda təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

3.2.11. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

3.2.12. sifariş əsasında tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlər göstərmək;

3.2.13. tikinti obyektinin sifarişçisinin müraciəti əsasında yaşayış və qeyri-yaşayış binalarının layihə-smeta sənədlərini hazırlamaq;

3.2.14. sifariş əsasında bədii və tərtibat-dizayn işləri görmək;

3.2.15. memarlıq və inşaat sahəsində elmi tədqiqat işləri aparmaq, həmçinin həmin məsələlər üzrə məsləhət və təkliflər vermək;

3.2.16. Komitənin tapşırığı əsasında müvafiq sahə üzrə məsələlərlə əlaqədar mütəxəssis rəyi vermək;

3.2.17. Mərkəzin ehtiyacları üçün işlər görülməsi, xidmətlər göstərilməsi, mal və materiallar alınması, həmçinin müvafiq sahədə ehtiyacların ödənilməsi üçün layihə və elmi tədqiqat işləri aparılması məqsədilə qanunla müəyyən edilmiş qaydada tenderlər (müsabiqələr) keçirmək və müqavilələr bağlamaq;

3.2.18. Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində Komitəyə təkliflər vermək;

3.2.19. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4. Mərkəzin idarə olunması

4.1. Mərkəz öz fəaliyyətində mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Mərkəzi İdarə Heyəti idarə edir.

4.3. İdarə Heyəti Mərkəzə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi üç nəfərdən: Komitənin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və iki üzvdən ibarətdir.

4.4. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını sədrin müəyyən etdiyi İdarə Heyətinin digər üzvü həyata keçirir.

4.5. İdarə Heyəti aşağıdakı vəzifələri yerinə yetirir:

4.5.1. Mərkəzin inkişaf istiqamətlərini müəyyən edir;

4.5.2. təsisçinin səlahiyyətlərini həyata keçirmək üçün müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinə və Komitəyə təkliflər verir və sənədlər təqdim edir;

4.5.3. Mərkəzin fəaliyyətinə dair illik hesabatı hazırlayaraq Komitəyə təqdim edir;

4.5.4. Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı hüquqi aktların layihələrinə baxır, həmin layihələri Komitəyə təqdim edir;

4.5.5. bu Nizamnamənin 3.1.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

4.5.6. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxır və qərar qəbul edir;

4.5.7. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Mərkəzin və onun qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını hazırlayaraq təsdiq üçün Komitəyə təqdim edir, Mərkəzin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərin əməkhaqqına əlavənin ödənilməsini nəzərdə tutan həvəsləndirmə sisteminin müəyyənləşdirilməsinə dair Komitəyə təkliflər təqdim edir;

4.5.8. Mərkəzin fəaliyyətinə dair daxili qaydaları, habelə onun idarə, filial və nümayəndəliklərinin əsasnamələrini hazırlayır və təsdiq olunması üçün Komitəyə təqdim edir;

4.5.9. İdarə Heyətinin və əməkdaşların fəaliyyəti zamanı maraqlar münaqişəsinin istisna olunmasının qayda və şərtlərini müəyyənləşdirir və onların icrasına nəzarət edir;

4.5.10. Komitənin razılığı ilə Mərkəzin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Mərkəzin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul edir;

4.5.11. Komitənin razılığı ilə Mərkəzin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;

4.5.12. aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;

4.5.13. Mərkəzin kənar auditorunu təyin edir və audit hesabatını qəbul edir;

4.5.14. müvafiq sahədə göstərilən xidmətlərin haqlarının məbləği və bu haqların ödənilmə qaydası ilə bağlı Komitəyə təkliflər verir;

4.5.15. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür;

4.5.16. cari və operativ məsələlər barədə Komitəni məlumatlandırır.

4.6. İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin sədri və ya digər üzvü çıxış edir. İdarə Heyətinin iclasları İdarə Heyəti üzvlərinin hamısı iştirak etdikdə səlahiyyətlidir. İclaslar müvafiq qaydada protokollaşdırılır və müzakirəyə çıxarılmış məsələlərə dair qərarlar qəbul edilir. İdarə Heyətinin iclasında hər iştirakçı bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər bölünərsə, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən İdarə Heyətinin digər üzvünün) səsi həlledici sayılır. Səsvermə zamanı iştirakçıların bitərəf qalmasına icazə verilmir.

4.7. İdarə Heyətinin sədri:

4.7.1. Mərkəzin fəaliyyətinə rəhbərliyi həyata keçirir və onu təmsil edir;

4.7.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir;

4.7.3. öz təşəbbüsü ilə və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4.7.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı digər üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4.7.5. Mərkəzin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.7.6. Mərkəzin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.7.7. Komitənin razılığı ilə Mərkəzin idarə, filial və nümayəndəliklərinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir;

4.7.8. Mərkəzin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;

4.7.9. bu Nizamnamənin 4.7.7-ci və 4.7.8-ci yarımbəndləri nəzərə alınmaqla, Mərkəzin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsinə, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsinə dair qərarlar qəbul edir;

4.7.10. Mərkəzin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.7.11. Mərkəzin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.7.12. bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Mərkəzin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.7.13. Mərkəzin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür;

4.7.14. Mərkəzin fəaliyyət istiqamətləri üzrə məşvərətçi komitələr və işçi qruplar yaradır;

4.7.15. İdarə Heyətinin fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür;

4.7.16. Mərkəzdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.7.17. Mərkəzdə vətəndaşların qəbulunu və müraciətlərinə baxılmanı təmin edir;

4.7.18. səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;

4.7.19. Komitənin tapşırığı ilə konfrans, iclas, seminar və digər tədbirlərin keçirilməsini təşkil edir;

4.7.20. Mərkəzin fəaliyyəti ilə bağlı illik maliyyə hesabatlarını Komitəyə təqdim edir;

4.7.21. Komitə rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.

4.8. İdarə Heyətinin üzvləri:

4.8.1. İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;

4.8.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.8.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

4.8.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə İdarə Heyətinin iclaslarında baxmaq barədə təklif verirlər;

4.8.5. İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.9. İdarə Heyətinin üzvləri İdarə Heyətinin iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

5. Mərkəzin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. Mərkəzin nizamnamə fondu Mərkəzin mülkiyyətinə verilmiş və qanunla müəyyən edilmiş qaydada qiymətləndirilmiş aktivlərin balans dəyərindən təşkil olunur və ilkin olaraq 1 (bir) milyon manat təşkil edir.

5.2. Mərkəzin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

5.3. Mərkəz öz əmlakından yalnız Nizamnaməsində müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Mərkəz balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Mərkəz qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Mərkəzin, onun idarə, filial və nümayəndəliklərinin, təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5.5. Mərkəz “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətləri göstərdiyi (hüquqi hərəkətləri həyata keçirdiyi) halda həmin Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu, habelə qanunla müəyyən edilən hallarda digər ödənişlər tutur.

5.6. Mərkəzin tutduğu dövlət rüsumunun Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən hissəsi Mərkəzin fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə onun hesabına köçürülür.

5.7. Mərkəzin göstərdiyi xidmətlərin qiymətləri tənzimlənən qiymətlərə aid deyildir. Həmin xidmətlərin qiymətini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti (siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən xidmətlərə münasibətdə) və Komitə (sifariş əsasında göstərilən və qanunla alınması məcburi xarakter daşımayan digər xidmətlərə münasibətdə) müəyyən edir.

6. Mərkəzin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. Mərkəzin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, həmçinin təsisçinin səlahiyyətləri çərçivəsində Komitə həyata keçirir.

6.2. Mərkəzin fəaliyyətinə dair illik hesabat Komitəyə təqdim edilir.

7. Mərkəzdə uçot və hesabat

7.1. Mərkəz “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotunu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Mərkəz “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik uçot aparır, statistik hesabatları tərtib və təqdim edir.

7.3. Mərkəz idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. Mərkəz öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

8. Mərkəzin ləğvi və yenidən təşkili

Mərkəzin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07