İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye nazirini qəbul edib

18 mart 2019, 12:00
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye naziri Süheyl Məhəmməd əl-Məzruini qəbul edib.

Azərbaycana səfərindən məmnun olduğunu bildirən Süheyl Məhəmməd əl-Məzrui Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanın, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktumun və Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Dövlətimizin başçısı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirərək, əməkdaşlığın yeni sahələri, o cümlədən turizm sahəsini əhatə etməsindən məmnunluğunu bildirdi. Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin sayının artdığını bildirən Prezident İlham Əliyev bunu dostluq əlaqələrimizin təzahürü kimi dəyərləndirdi və qonaqların xalqımızın qonaqpərvərliyinin şahidi olduğunu vurğuladı.

Azərbaycanla münasibətlərin ölkəsinin xarici siyasətinin gündəliyində duran ən önəmli istiqamətlərdən biri olduğunu deyən Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye naziri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda geniş investisiya imkanları yaradılmasının ölkəsində yüksək qiymətləndirildiyini bildirdi.

Söhbət zamanı “OPEC plus” formatında Bakıda keçirilən tədbirlərin əhəmiyyətinə toxunuldu, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında enerji, neft-qaz, neft-kimya, bərpa olunan enerji, müxtəlif iqtisadi layihələr sahəsində əməkdaşlıqla bağlı məsəllər ətrafında fikir mübadiləsi aparıldı.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanın və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktumun və Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın salamlarına görə minnətdarlığını bildirən dövlətimizin başçısı onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə, vitse-prezidenti, Baş naziri və Dubay Əmirinə və Əbu-Dabinin vəliəhdinə çatdırmağı xahiş etdi.

gallery-photo