Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 19 dekabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (bundan sonra – Agentlik) vəsaitindən istifadənin mexanizmini və şərtlərini müəyyən edir.
1.2. Agentliyin vəsaiti bu Qaydanın 2-ci hissəsində müəyyən edilən aqrar bölmənin inkişafı layihələrinin və kənd təsərrüfatı istehsal vasitələrinə verilən güzəştlərin maliyyələşdirilməsinə yönəldilir. Kənd təsərrüfatı istehsal vasitələrinə kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, suvarma sistemləri dəsti və avadanlığı, damazlıq heyvanlar daxil edilir.
1.3. Kreditlərin və güzəştlərin aqrar sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və ailə kəndli təsərrüfatlarına (bundan sonra – sahibkarlıq subyektləri) çatdırılması müvəkkil banklar, bank olmayan kredit və lizinq təşkilatları (bundan sonra – müvəkkil kredit təşkilatları) vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir.
1.4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Agentliyin vəsaitindən istifadə üzrə Müsabiqə Komissiyası (bundan sonra – Müsabiqə Komissiyası) yaradır. Müsabiqə Komissiyası regional struktur və regional əhatə dairəsi nəzərə alınmaqla müvəkkil kredit təşkilatlarının seçilməsini həyata keçirir. Müsabiqə Komissiyasının tərkibinə aidiyyəti dövlət qurumları ilə yanaşı qeyri-hökumət təşkilatlarının nümayəndəsi də daxil edilə bilər.
1.5. Müsabiqə Komissiyası haqqında Əsasnaməni və kredit təşkilatlarının seçilmə meyarlarını Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi təsdiq edir.
1.6. Müvəkkil kredit təşkilatlarının Agentliyin hesabına qaytardığı kredit vəsaiti, habelə digər daxilolmalar (bu Qaydanın 5.8-ci və 5.9-cu bəndlərində nəzərdə tutulan vəsaitlər istisna olmaqla) yenidən bu Qaydanın 1.2-ci bəndində nəzərdə tutulmuş məqsədlərə yönəldilir.
1.7. Vəsaitin müvəkkil kredit təşkilatları arasında səmərəli bölgüsünü təmin etmək məqsədilə hər il fevral ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası müvəkkil kredit təşkilatlarının maliyyə-statistik göstəriciləri barədə Agentliyə müvafiq məlumat təqdim edir.
2. Agentliyin vəsaitindən istifadə istiqamətləri
2.1. Agentliyin vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə edilir:
2.1.1. kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması və satışı proseslərinin təkmilləşdirilməsi ilə bağlı layihələrin maliyyələşdirilməsi;
2.1.2. regionların aqrar inkişafı ilə bağlı innovativ layihələrin maliyyələşdirilməsi;
2.1.3. kənd təsərrüfatı istehsal vasitələrinin təchizatının yaxşılaşdırılması ilə bağlı layihələrin, həmçinin onların güzəştli satışının və lizinqinin maliyyələşdirilməsi;
2.1.4. heyvandarlıq təsərrüfatlarının dövlət-özəl tərəfdaşlığı tətbiq edilməklə inkişafı sahəsində layihələrin maliyyələşdirilməsi;
2.1.5. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin pilot layihələrinin maliyyələşdirilməsi.
3. Müvəkkil kredit təşkilatları vasitəsilə kreditlərin verilməsi
3.1. Vəsaitdən istifadə şərtləri müvəkkil kredit təşkilatları ilə Agentlik arasında bağlanan müqaviləyə əsasən tənzimlənir. Hər bir müvəkkil kredit təşkilatı üçün müəyyən edilən kredit xəttinin maksimum həcmi (limit) 5 000 000 (beş milyon) manatdır. Kredit xəttinin konkret həcmini (limit üzrə vəsait) müvəkkil kredit təşkilatının sifarişi əsasında Müsabiqə Komissiyası müəyyən edir. Limit üzrə vəsait istifadə edildikdən sonra müvəkkil kredit təşkilatlarının müraciəti əsasında Müsabiqə Komissiyası onlara sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə limit üzrə əlavə vəsait müəyyən edə bilər.
3.2. Müvəkkil bankların Agentlikdən cəlb etdikləri vəsaitin ümumi məbləğinin qalığı onların məcmu kapitalının, bank olmayan kredit təşkilatlarının isə nizamnamə kapitalının 100 faizinədək ola bilər.
3.3. Müvəkkil kredit təşkilatlarının müraciəti əsasında ilin əvvəlində limit üzrə müəyyən edilmiş vəsaitdən maliyyə ilinin başa çatmasına 3 (üç) ay qalanadək, müvəkkil kredit təşkilatlarının müraciəti əsasında sonradan açılmış limitlərdən isə ilin sonuna 1 (bir) ay qalanadək tam istifadə edilmədikdə, vəsaitin istifadə olunmayan hissəsinə limit üzrə vəsait müəyyən edilən tarixdən etibarən, müvafiq olaraq, oktyabr ayının 1-dək və ya dekabr ayının 1-dək hər təqvim günü üçün 0,02 faiz cərimə hesablanır və istifadə edilməmiş vəsait Müsabiqə Komissiyasının qərarı ilə digər müvəkkil kredit təşkilatlarına ayrılır.
3.4. Müvəkkil kredit təşkilatları istifadə etdikləri əsas borcu və hesablanmış faizləri Agentliklə bağladıqları müqavilə ilə müəyyən olunmuş müddətlərdə ödəyirlər.
3.5. Müvəkkil kredit təşkilatlarının Agentlik qarşısında öhdəlikləri onların sahibkarlıq subyektləri ilə münasibətlərindən asılı deyildir. Sahibkarlıq subyektlərinin kreditləri qaytarmasından asılı olmayaraq, müvəkkil kredit təşkilatları Agentlik qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Müvəkkil kredit təşkilatları Agentlik qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində, lakin kreditin 10 faizindən çox olmamaqla cərimə ödəyirlər. Müvəkkil kredit təşkilatları 1 (bir) ay müddətində öhdəliklərini icra etmədikdə, Agentlik öz vəsaitinin qaytarılması üçün müvafiq tədbirlər görür.
3.6. Müvəkkil kredit təşkilatının lisenziyası ləğv edildikdə, kredit təşkilatı məcburi ləğv edildikdə və ya müflis olduqda, Agentliyin müraciəti əsasında ləğvediciyə nəzarət edən məhkəmə orqanı Agentliyin vəsaiti hesabına maliyyələşdirilən kredit portfelini ləğvetməyə məruz qalmış kredit təşkilatından digər müvəkkil kredit təşkilatına keçirir. Bu zaman həmin kredit portfelinin təminatı kimi kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və ya girov qoyulmuş əmlak üzrə hüquqlar yeni müvəkkil kredit təşkilatına ötürülür.
4. Kreditlərin və güzəştlərin sahibkarlıq subyektlərinə ayrılması və
onlardan istifadə edilməsi
4.1. Sahibkarlıq subyektləri kreditlərin ayrılması və güzəştlərin verilməsi üçün müvəkkil kredit təşkilatına rəsmi qaydada müraciət edirlər. Müvəkkil kredit təşkilatı müraciətləri qeydiyyata alır və sahibkarlıq subyektinə müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatlarında bu müraciətə baxılır, həmin müraciət Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi layihələrin tərtib olunmasına dair tələblər və qiymətləndirmə meyarları əsasında təhlil edilir, müraciətin qeydiyyata alındığı tarixdən 15 iş günündən gec olmayaraq kreditin və ya güzəştin verilə biləcəyi barədə qərar qəbul olunur, yaxud sahibkarlara əsaslandırılmış imtina məktubu göndərilir (təqdim edilir).
4.2. Müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları və sənədləri Agentliyə təqdim edir. Agentlik 15 iş günü müddətində müraciətin tam və hərtərəfli ekspertizasını həyata keçirir, ekspertiza üçün zərurət olduqda əlavə məlumat və sənədlər tələb edir.
4.3. Agentlik ekspertizanın nəticəsinə əsasən müraciətin təmin olunmasına və ya imtina edilməsinə dair qərarı barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir.
4.4. Müraciətin təmin olunmasına dair qərar qəbul edildikdən sonra müvəkkil kredit təşkilatı vəsaitin ayrılması barədə Agentliyə sifariş göndərir. Agentlik sifarişi aldıqdan sonra 3 (üç) bank günü müddətində vəsaitin müvəkkil kredit təşkilatının hesabına köçürülməsini təmin edir. Müvəkkil kredit təşkilatı aldığı vəsaiti 1 (bir) bank günü müddətində sahibkarlıq subyektinin hesabına köçürür və bu barədə Agentliyə məlumat verir. Vəsait müxbir hesaba daxil olandan 1 (bir) bank günü sonra müvəkkil kredit təşkilatı sahibkarlıq subyektinə vəsaitdən istifadə etmək hüquqlarını təsdiq edən bildiriş təqdim edir. Həmin tarixdən etibarən sahibkarlıq subyekti layihə çərçivəsində kredit vəsaitindən istifadə edir. Sahibkarlıq subyektinə verilmiş kredit vəsaiti yalnız tam həcmdə geri qaytarıldıqdan sonra ona Agentliyin vəsaiti hesabına yenidən kredit ayrıla bilər.
4.5. Sahibkarlıq subyektlərinin öz öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları Agentlik qarşısında məsuliyyət daşıyırlar.
5. Kreditlərin həddi, müddəti və faizləri
5.1. Sahibkarlıq subyektlərinə Agentliyin vəsaiti hesabına aşağıdakı hədlərdə güzəştli kreditlər verilə bilər:
5.1.1. 5 000 manatadək - mikrokreditlər;
5.1.2. 5 001 manatdan 30 000 manatadək - kiçikhəcmli kreditlər;
5.1.3. 30 001 manatdan 100 000 manatadək - ortahəcmli kreditlər;
5.1.4. 100 001 manatdan 200 000 manatadək - irihəcmli kreditlər;
5.1.5. 1 000 000 manatədək - kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün kreditlər.
5.2. Güzəştli kreditlərin müddətləri aşağıdakı kimi müəyyən edilir:
5.2.1. mikrokreditlər üçün - 2 ilədək;
5.2.2. kiçik və ortahəcmli kreditlər üçün - 3 ilədək;
5.2.3. irihəcmli kreditlər üçün - 5 ilədək.
5.3. Kreditlər üzrə güzəşt müddəti aşağıdakı kimi müəyyən edilir:
5.3.1. mikrokreditlər üçün - 12 ayadək;
5.3.2. kiçik və ortahəcmli kreditlər üçün - 18 ayadək;
5.3.3. irihəcmli kreditlər üçün - 24 ayadək.
5.4. Kredit müddəti güzəştli şərtlərlə alınan damazlıq heyvanlar üçün 3 il, digər kənd təsərrüfatı istehsal vasitələri üçün 5 ildir. Alınmasında güzəşt tətbiq edilən kənd təsərrüfatı istehsal vasitələri üçün kreditlərə güzəşt müddəti şamil edilmir.
5.5. Güzəşt müddətində sahibkarlıq subyekti yalnız faiz borcunu ödəyir, əsas borc üzrə hər hansı ödəniş həyata keçirmir.
5.6. Sahibkarlıq subyektləri alınmış kreditlər üzrə faiz borclarını və əsas borcu güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq, kredit müqaviləsinə uyğun olaraq, hər ayın ilk iş günü bərabər hissələrlə ödəyirlər.
5.7. Agentlik bu Qaydada nəzərdə tutulan vəsaiti müvəkkil kredit təşkilatlarına illik 2 faiz tətbiq etməklə verir. Müvəkkil kredit təşkilatlarının Agentliyin kredit vəsaitinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi (bu bənddə nəzərdə tutulmuş 2 faiz daxil olmaqla) 7 faizdən artıq olmamalıdır.
5.8. Müvəkkil kredit təşkilatları vasitəsilə verilmiş kredit vəsaitindən istifadəyə görə Agentliyin hesabına ödənilmiş faiz məbləğinin 1/2 hissəsi problemli kreditlərin təminatı məqsədilə Agentliyin açdığı xüsusi hesabda saxlanılır. Bu vəsait vaxtı keçmiş kreditlər üzrə ödənişlərin edilməsi məqsədilə tədbirlər görülməsinə, habelə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmaqla ümidsiz aktivlərin balansdan silinməsinə yönəldilir.
5.9. Müvəkkil kredit təşkilatları vasitəsilə verilmiş kredit vəsaitindən istifadəyə görə Agentliyin hesabına ödənilmiş faizlərin bu Qaydanın 5.8-ci bəndində nəzərdə tutulan hissəsi çıxılmaqla, xüsusi hesabda saxlanılan qalıq məbləğ aşağıdakı qaydada bölüşdürülür:
5.9.1. qalıq məbləğin 1/4 hissəsi Agentlik əməkdaşlarının sosial müdafiəsini gücləndirmək, aylıq vəzifə maaşlarına əlavələr vermək, Agentliyin maddi-texniki bazasını möhkəmləndirmək və kənd təsərrüfatı layihələrinin və kreditlərinin idarə edilməsi sahəsində elmi-texniki potensialını artırmaq məqsədi ilə ayrılır;
5.9.2. qalıq məbləğin 3/4 hissəsi isə kredit təşkilatları ilə əməkdaşlığın təşkilinə, məlumatlandırma, reklam-təbliğat və marketinq işlərinin aparılmasına, Agentliyin səmərəli fəaliyyəti üçün göstərilən konsaltinq xidmətlərinin və digər xidmətlərin haqqının ödənilməsinə sərf edilir.
6. Kənd təsərrüfatı istehsal vasitələrinin satışı və lizinqinə tətbiq edilən güzəştlərin maliyyələşdirilməsi
6.1. Kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının (bundan sonra – texnika) güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi aşağıdakı qaydada həyata keçirilir:
6.1.1. texnika üçün alıcıların ödəməsi tələb olunan ilkin ödəniş texnikanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin minimum 20 faizi həcmində müəyyən edilir;
6.1.2. idxal edilən texnikanın gömrük dəyərinin, yerli istehsal məhsulu olan texnikanın isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir;
6.1.3. texnikanın dəyərinin qalan hissəsini isə müvəkkil kredit təşkilatları bu Qayda ilə müəyyən edilmiş şərtlər daxilində kreditləşdirirlər. Kreditləşmə məbləğinə bu Qaydanın 5.7-ci bəndinə uyğun tətbiq edilən faiz dövlət büdcəsi hesabına ödənilir.
6.2. Damazlıq heyvanın güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi aşağıdakı qaydada həyata keçirilir:
6.2.1. müvafiq damazlıq heyvan üçün alıcıların ödəməsi tələb olunan ilkin ödəniş damazlıq heyvanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin minimum 25 faizi həcmində müəyyən edilir;
6.2.2. idxal edilən damazlıq heyvanın gömrük dəyərinin, ölkə daxilində yetişdirilmiş damazlıq heyvanların isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir;
6.2.3. damazlıq heyvanın dəyərinin qalan hissəsini isə müvəkkil kredit təşkilatları bu Qayda ilə müəyyən edilmiş şərtlər daxilində kreditləşdirirlər.
6.3. Bu Qayda ilə müvafiq il üçün kənd təsərrüfatı istehsal vasitələrinin güzəştli şərtlərlə alqı-satqısına tələb olunan vəsait Agentliyin dövriyyə vəsaitindən (bu Qaydanın 5.7-ci bəndində nəzərdə tutulan 2% istisna olmaqla) və dövlət büdcəsindən bu məqsədlər üçün ayrılmış vəsait çərçivəsində limitləşdirilir və mövcud qanunvericiliyə uyğun sifarişlər əsasında maliyyələşdirilir.
6.4. Kənd təsərrüfatı istehsal vasitələrinin güzəştli şərtlərlə satışının və lizinqinin maliyyələşdirilməsi həmin vasitələrin təkrar satışına və lizinqə verilməsinə şamil olunmur.
7. Monitorinq və qiymətləndirmə
7.1. Müvəkkil kredit təşkilatları mütəmadi olaraq sahibkarlıq subyektlərinin monitorinqini aparır və Agentliyə rüblük hesabatlar verir. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək məqsədilə Agentlik müvəkkil kredit təşkilatları ilə birlikdə kredit almış sahibkarlıq subyektlərində məqsədyönlü monitorinqlər aparır.
7.2. Monitorinq zamanı kredit müqaviləsinin şərtlərinin pozulması halları aşkar edildikdə, müvəkkil kredit təşkilatları həmin sahibkarlıq subyektlərindən kredit və faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edirlər. Belə sahibkarlıq subyektlərinə gələcəkdə Agentliyin vəsaiti hesabına kreditlərin verilməsi qadağan edilir.
7.3. Agentliyin müəyyən etdiyi qiymətləndirici layihələrin və (və ya) maliyyəşdirilməsi həyata keçirilən kənd təsərrüfatı istehsal vasitələrinin qiymətləndirilməsini aparır.
7.4. Bu Qaydaya əsasən maliyyələşdirilməsi həyata keçirilən kənd təsərrüfatı istehsal vasitələrinin sığortalanmasını Agentliyin müəyyən etdiyi şərtlərə uyğun olaraq sığortaçılar və (və ya) sığorta vasitəçiləri həyata keçirirlər.
7.5. Layihə üzrə müəyyən edilmiş şərtləri müvəkkil kredit təşkilatlarının pozması halları aşkar edilərsə, bu müvəkkil kredit təşkilatları layihədən kənarlaşdırılırlar və onlar borcalanların öz öhdəliklərini yerinə yetirməsindən asılı olmayaraq, kredit vəsaitini təxirə salınmadan Agentliyə ödəyirlər.
7.6. Agentlik qarşısında yaranmış öhdəliklərinin təminatı məqsədilə müvəkkil kredit təşkilatı Agentliyin tələbi üzrə müvafiq pul vəsaitinin müvəkkil kredit təşkilatının Azərbaycan Respublikasının Mərkəzi Bankındakı müxbir hesabından akseptsiz qaydada silinməsi haqqında Azərbaycan Respublikasının Mərkəzi Bankına yazılı sərəncam verir. Bu sərəncam Agentliklə müvəkkil kredit təşkilatı arasında bağlanmış müqavilə üzrə öhdəliklərə xitam verilənədək qüvvədə qalır.