10:10
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib.
07 noyabr 2024, 10:10Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata birgə bəyanatla çıxış ediblər.
Əvvəlcə Belarusun dövlət başçısı bəyanatla çıxış etdi.
Prezident Aleksandr Lukaşenkonun bəyanatı
-Hörmətli dostlar.
Bu gün mənim dostum, həmkarım Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevlə məhsuldar danışıqlar apardıq. Biz ölkələrimiz arasında tərəfdaşlığın strateji xarakterini, ikitərəfli münasibətlərdə problemlərin qətiyyən olmadığını, yalnız xoş məramı və bizim birgə əməkdaşlıq səylərimizi təsdiq etdik. Bu il mühüm tarixlə - Belarusla Azərbaycanın diplomatik münasibətlər qurmasının 25 illiyi ilə əlamətdardır. Əsrin dörddəbiri ərzində ölkələrimiz dövlətlərarası qarşılıqlı fəaliyyətin qurulmasında xeyli irəliləyiblər. Buna müntəzəm dialoq, o cümlədən yüksək səviyyədə dialoq kömək edib.
Mən Prezident həmkarımla görüşlərin etimada əsaslanan, səmimi ab-havasını çox yüksək qiymətləndirirəm. Biz beynəlxalq gündəliyin istisnasız olaraq bütün məsələlərini açıq və məhsuldar müzakirə edirik. Bugünkü danışıqların gedişində əsas diqqət uğurlu ticari-iqtisadi və investisiya əməkdaşlığına yönəldilib. Əldə olunan razılaşmalar bu əməkdaşlığın artırılmasına əlavə impuls verməyə kömək edəcək.
Cari ildə biz qarşılıqlı ticarətin artımını müşahidə edirik. Bir vaxtlar təşəbbüskarları prezidentlər olan layihələr gücünü artırır. Məsələn, Gəncə avtomobil zavodunda 11 il ərzində artıq 10 mindən çox “Belarus” traktoru və onların bazasında xüsusi texnika yığılıb. Müəssisə, həmçinin 3500-dən çox MAZ avtomobili və qoşqular buraxıb. Bu gün məmnuniyyətlə öyrəndim ki, sizin aldığınız Amerika və alman taxılyığan kombaynları ilə yanaşı, Azərbaycana Belarusun ilk “Qomselmaş”ı da gəlib. Bizim üçün bu, qarşılıqlı səmərəli əməkdaşlığın əla nümunəsidir. Yeri gəlmişkən, lokallaşma artıq demək olar ki, yarıya çatıb. Bu, Azərbaycan sənayesinin böyük imkanlarından və onun yüksək kadr potensialından aydın xəbər verir. Amma məhsul nə qədər keyfiyyətli olsa da, onu səmərəli satmaq, həm də yaxşı olar ki, ixrac etmək lazımdır. Buna görə də Minsk traktor zavodu və Gəncə avtomobil zavodu hazırda Türkiyədə traktorların yığılması ilə bağlı bizim ümumi layihə üzərində işləyir. Biz bu mühüm perspektivli istiqaməti inkişaf etdirəcəyik və bu, Azərbaycan Prezidentinin mövqeyi sayəsində mümkün olub.
Belarus Azərbaycan investisiyalarına və yüksək səviyyəli məhsullarına maraq göstərir. Bu gün sizin məhsullar ötən il Minskdə açılan Azərbaycan Ticarət Evində geniş təqdim edilir. Onların Belarus alıcılarında populyarlıq qazanmasına görə Azərbaycan Prezidenti bu şəbəkənin vilayət mərkəzlərinə genişləndirilməsi haqqında qərar qəbul edib.
Nəqliyyat-logistika sahəsində də birlikdə çox iş görmək olar. Biz Azərbaycanın infrastruktur layihələrində - yeni dəmir yollarının, dəniz limanlarının, logistika mərkəzlərinin tikintisində iştirak etməyə hazırıq. Səhiyyədə, təhsildə, informasiya-kommunikasiya texnologiyalarında, idmanda, turizmdə əməkdaşlıq ehtiyatları mövcuddur. Bu gün əldə olunan razılaşmaların gerçəkləşdirilməsi lap tezliklə niyyətlərimizi konkret işlərə çevirməyə imkan verəcək. Məsələn, artıq Azərbaycanda Belarus dərmanlarının buraxılışı üzrə birgə müəssisənin yaradılması sahəsində işlər aparılır. Tam əminəm ki, digər irimiqyaslı maraqlı layihələrin gerçəkləşməsi də çox uzaqda deyil.
Əziz dostlar, sizə məlumdur ki, 2019-cu ildə Belarus Bakıdan sonra ikinci Avropa Oyunlarını qəbul edir. Prezidentlə mən 2015-ci ildə belə miqyaslı tədbiri əla keçirməyin öhdəsindən gələn Azərbaycanın təcrübəsini ətraflı müzakirə etdik. Üstəlik deməliyəm ki, sizdən sonra bütün ölkələr belə oyunları qəbul etməyə qorxurlar. Çünki həmin səviyyə ilə rəqabət aparmaq, mən bunu səmimi deyirəm, qətiyyən mümkün deyil. Biz də bu səviyyəni aşağı salmamaq üçün ciddi fikirləşməliyik. Həm də fikirləşməliyik ki, bunu nəyin hesabına edə bilərik. Amma birmənalı olaraq sizə minnətdarıq ki, mütəxəssisləriniz, nazirləriniz bizə ciddi məsləhətlər verərək, bizi faktiki surətdə ikinci Avropa Oyunlarına hazırlayırlar. Həm də mən, ilk növbədə, bu beynəlxalq idman tədbirinə hazırlıqda köməyinə görə öz həmkarıma təşəkkür edirəm. Növbəti dəfə sizin hamınızı, məhz bu Avropa Oyunlarını izləməyi arzulayan Azərbaycan vətəndaşlarını Belarusa gəlməyə dəvət edirəm.
Bizim ölkələrimiz arasında həll edilməmiş məsələlər və müzakirə üçün qapalı mövzular yoxdur. Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar. Əminəm ki, ənənəvi səmərəli əməkdaşlıq, qarşılıqlı dəstək bundan sonra da Belarus-Azərbaycan münasibətlərini fərqləndirən cəhət olacaq. Təşəkkür edirəm.
X X X
Sonra Azərbaycan dövlətinin başçısı bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin bəyanatı
-Hörmətli Aleksandr Qriqoryeviç.
Əziz dostlar.
Mən yenidən dost Belarus torpağında olmağımdan şadam. Dəvətə görə dostum Aleksandr Qriqoryeviç Lukaşenkoya minnətdaram. Deməliyəm ki, mənim Belarusa indiki səfərim sizin ölkənizə beşinci rəsmi səfərimdir. Aleksandr Qriqoryeviç Azərbaycana dörd rəsmi səfər edib və mən bu gün Belarus Prezidentini yenidən Azərbaycana rəsmi səfərə dəvət etmişəm. Qarşılıqlı səfərlərin sayının özü və onların intensivliyi ölkələrimiz arasında münasibətlərimizin yüksək səviyyəsindən xəbər verir. Aleksandr Qriqoryeviç qeyd etdi ki, bizim ölkələrimiz strateji tərəfdaşlardır və biz bunu əməkdaşlığımızın hər bir sahəsində nümayiş etdiririk.
Siyasi münasibətlərin yüksək səviyyəsi, ölkələrimiz arasında qarşılıqlı hörmət, etimad, prezidentlər arasında şəxsi dostluq - bütün bunlar üzərində Belarus-Azərbaycan dostluğunun möhtəşəm binasının tikildiyi təməldir.
Biz beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstəririk, bütün məsələlərdə bir-birimizi dəstəkləyirik. Mən deyərdim ki, bu dəstək avtomatik xarakter daşıyır - hətta müzakirəsiz, məsləhətsiz, razılaşmasız. Əgər hər hansı beynəlxalq təşkilatda Belarusla, yaxud hər hansı rəhbər orqanlara namizədliyi irəli sürülən bu ölkədən namizədlə əlaqədar məsələ qaldırılırsa, Azərbaycan qeyd-şərtsiz dəstək göstərir. Eyni münasibəti biz Belarus tərəfdən də görürük. Bu, bizim münasibətlərimizin yüksək səviyyəsinin göstəricisidir. Biz, həmçinin ya Azərbaycanın, ya da Belarusun iştirak etmədiyi, amma başqa ölkənin iştirak etdiyi təşkilatlarda da bir-birimizi dəstəkləyirik və bu da təbiidir. Bu, bizim beynəlxalq siyasət, beynəlxalq münasibətlər, regional problemlər və beynəlxalq təhlükəsizliklə əlaqədar məsələləri müzakirə etdiyimiz kimi təbiidir. Bütün bunlar dostlar arasında təbiidir.
Bu gün bizim münasibətlərimizin səviyyəsi məhz elədir ki, istənilən məsələləri açıq müzakirə etməyə imkan verir. Aleksandr Qriqoryeviçin qeyd etdiyi kimi, bizdə heç bir qapalı mövzu və əməkdaşlığımızın heç bir sahəsində qətiyyən məhdudiyyət yoxdur. Biz bu gün gələcəkdə münasibətlərimizin xarakterini müəyyənləşdirəcək xeyli sənəd imzaladıq. Mən onların arasında, ilk növbədə, əlbəttə, prezidentlərin Birgə Bəyanatını qeyd edərdim. Bu, əməkdaşlığımızın əsas istiqamətlərini ehtiva edən, ölkələrimizin siyasi iradəsini ifadə edən mühüm siyasi sənəddir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar məsələlər üzrə Belarusun mövqeyinə görə həm öz adımdan, həm də Azərbaycan xalqı adından xüsusi minnətdarlığımı bildirmək istərdim. Birgə Bəyanatda vurğular dəqiq qoyulub və deyilir ki, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir. Biz Belarusa həm bizim, həm də bütün region üçün son dərəcə mühüm olan məsələdə belə obyektiv mövqeyinə görə minnətdarıq.
Aleksandr Qriqoryeviçin dediyi kimi, ticari-iqtisadi sahədə yaxşı perspektivlər və nəticələr var. Əlbəttə, əmtəə dövriyyəsinin artımı bizi sevindirir. Bu gün biz vəziyyəti təhlil etdik. Dünən hökumət üzvləri çox uğurlu iş apardılar - hökumətlərarası komissiyanın iclası çox yaxşı nəticələr verdi. Bizə bildirdilər ki, on milyonlarla dollarlıq müqavilələr bağlanıb. Bu, gələcək üçün yaxşı göstəricidir. Biz görülən işləri təhlil edirik, məsələlərin həlli yollarını müəyyənləşdiririk və bu məsələləri həll edirik. Mən Aleksandr Qriqoryeviçlə Gəncə avtomobil zavodunun bazasında “Belarus” traktorlarının yığılması üçün istehsal sahəsi yaratmaq barədə razılaşanda da eyni hadisə baş verdi. Budur, Aleksandr Qriqoryeviçin qeyd etdiyi kimi, artıq 10 mindən çox traktor yığılıb və lokallaşma səviyyəsi ildən-ilə artır. Bu, Azərbaycanda yeni iş yerləri yaradır. Artıq yeni sənaye sahəsi yaradıb. Bu, bizim sənaye potensialımızın artımına səbəb olub. Bu, belaruslu istehsalçılara öz təcrübələrini bizimlə bölüşmək, öz məhsullarını üzə çıxarmaq imkanı yaradıb və indi o məhsullar artıq üçüncü ölkələrin bazarlarına çıxır.
Biz bu gün kombaynların istehsalı üçün oxşar yanaşma barədə razılaşdıq. Artıq qeyd edildiyi kimi, Belarus avtomobilləri Azərbaycanda istehsal olunur. Belə ki, çox yüksək səmərəlilik dərəcəsi ilə tammiqyaslı sənaye kooperasiyası gedir.
Mən bu gün səhər Azərbaycan Ticarət Evinə baş çəkdim. Deməzdim, təəccübləndim, amma sevindim ki, belə gözəl yerdə, şəhərin mərkəzində Azərbaycanın yaraşıqlı guşəsi yaradılıb və orada bizim nailiyyətlərimiz Belarus vətəndaşlarına nümayiş etdiriləcək. Həmçinin mənə dedilər ki, bizim məhsullarımız artıq Belarus bazarına çıxıb və onlara yaxşı tələbat var. Biz bu baxımdan belaruslulardan geri qalmışıq. Artıq Bakıda yüksək keyfiyyətli və bizim vətəndaşlar arasında çox məşhur olan Belarus məhsullarını satan yeddi ticarət müəssisəsi mövcuddur. Biz məhsullarımızı Belarus bazarına çıxarmaq niyyətindəyik. Düşünürəm ki, bu, həm bizim ikitərəfli ticari-iqtisadi əlaqələrimizi möhkəmləndirəcək, həm də bir-birimizin imkanlarını daha çox nümayiş etdirəcək.
Biz şadıq ki, Belarus Bakıdan estafeti qəbul edib və ikinci Avropa Oyunları Minskdə keçiriləcək. Əminəm ki, Oyunlar ən yüksək səviyyədə olacaq. Artıq çox gözəl idman infrastrukturu yaradılıb. Qonaqların qalması üçün də yaxşı şərait var. Düşünürəm ki, təşkilatçılıq da ən yüksək səviyyədə olacaq. Çünki Belarusda keçirilən bütün irimiqyaslı beynəlxalq tədbirlər ən yüksək standartlara cavab verir.
Bizim əməkdaşlığımızın istiqamətlərindən biri də hərbi-texniki sahədir. Biz bu əməkdaşlıqdan çox razıyıq, məhsulların keyfiyyəti və səmərəliliyi çox yüksəkdir. Buna görə də təsadüfi deyil ki, ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın artıq yaxşı tarixi, kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var. Təsadüfi deyil ki, bu gün imzalanan sənədlər arasında memorandum da var. Bu sənəd ən qısa müddətdə Belarusdan hərbi texnikanın növbəti partiyasının alınması üçün müqaviləyə çevriləcək.
Bu gün bizim müzakirə etdiyimiz digər istiqamətlər - sosial, kənd təsərrüfatı, miqrasiya, fövqəladə hallar sahələri üzrə də yaxşı dinamika mövcuddur. Münasibətlərimiz tam dəyərli, olduqca mehriban və səmimidir. Əminəm ki, mənim səfərim onlara yeni təkan verəcək. Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm.
X X X
Sonra Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib.
07 noyabr 2024, 10:10Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Böyükşor–Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib.
07 noyabr 2024, 10:00Hörmətli cənab Tramp,
Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Seçkilərdə qazandığınız inamlı qələbə dost Amerika xalqının şəxsən Sizə, yürütdüyünüz...
06 noyabr 2024, 14:10Noyabrın 5-də Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub.
Azərbaycan...
05 noyabr 2024, 22:12Hörmətli Sammit iştirakçıları!
Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.
Bu gün dünyamızın...
05 noyabr 2024, 10:12Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Yaşar Adil oğlu Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin...
04 noyabr 2024, 13:02