İlham Əliyev İmişlidə Araz çayının yeni qol-kanalının açılış mərasimində iştirak edib

22 oktyabr 2018, 12:00
İlham Əliyev İmişlidə Araz çayının yeni qol-kanalının açılış mərasimində iştirak edib

İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son illərdə meliorasiya və irriqasiya sahəsində böyük uğurlar əldə olunub. Bu çərçivədə 2003-cü ildən geniş vüsət alan yenidənqurma tədbirləri meliorasiya və irriqasiya sahəsinin müasir səviyyəyə çatmasına imkan yaradıb. Son illərdə həyata keçirilən mühüm layihələrdən biri də Araz çayının yeni qol-kanalının istifadəyə verilməsidir. Bu layihənin icrası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişafına sanballı töhfələr verəcək, yaradılan və yaradılacaq aqroparkların, iri fermer təsərrüfatlarının və müasir heyvandarlıq komplekslərinin suvarma suyu ilə təminatında böyük rol oynayacaq. Araz çayının yeni qol-kanalının istifadəyə verilməsi bu istiqamətdə həyata keçirilən növbəti uğurlu və tarixi layihədir.

Dövlətimizin başçısı Araz çayının yeni qol-kanalının açılışına həsr olunmuş mərasimdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli mərasim iştirakçıları.

Bu gün biz İmişli rayonunda yeni önəmli infrastruktur layihəsinin istismara verilməsini qeyd edirik. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu layihənin həyata keçirilməsi nəticəsində İmişli və qonşu rayonların iqtisadiyyatına yeni təkan veriləcək.

İmişli rayonunun inkişafı ilə bağlı bir çox tədbirlər görülmüşdür. Bu səfər mənim Prezident kimi İmişli rayonuna beşinci səfərimdir. Keçən dəfə İmişlidə olarkən biz içməli su layihəsinin açılışını qeyd etmişdik. Digər infrastruktur layihələrinin icrası İmişli rayonunun ümumi inkişafına müsbət təsir göstərmişdir. Kənd yollarının demək olar ki, 50 faizi əsaslı şəkildə təmir edilib, yenidən çəkilib. Biz bundan sonra da bu işlərlə məşğul olacağıq. Bakı-İmişli-Horadiz-Cocuq Mərcanlı istiqamətində yol ən yüksək standartlara cavab verir.

Qeyd etdiyim kimi, içməli su layihəsi istifadəyə verilmişdir və 40-dan çox kənddə modul tipli təmizləyici qurğular quraşdırılmışdır. Qazlaşdırma İmişli rayonunda 92 faizə çatıb. Bu, çox gözəl göstəricidir. Xüsusilə, əvvəlki dövrü nəzərə alsaq görərik ki, bu istiqamətdə böyük irəliləyiş var. Elektrik enerjisi ilə təchizat yaxşılaşır və demək olar ki, bu sahədə heç bir problem yoxdur. Bu gün biz “Azərışıq”ın yeni idarəetmə və nəzarət mərkəzinin açılışını edəcəyik. Sosial infrastrukturla bağlı bir çox önəmli obyektlər istifadəyə verilmişdir. Onların arasında Olimpiya Kompleksi, 130 çarpayılıq mərkəzi rayon xəstəxanası, Gənclər Mərkəzi, digər layihələr, 25 məktəb əsaslı şəkildə təmir edilib və yenidən tikilib.

Bu gün biz İmişlidə “ASAN Həyat” mərkəzinin açılışını qeyd edəcəyik. Bu, çox önəmli sosial layihədir. Bildiyiniz kimi, “ASAN” bizim intellektual məhsulumuzdur. Azərbaycan bu intellektual məhsulu artıq xarici ölkələrə də ixrac edir. “ASAN Həyat” mərkəzində yerli vətəndaşlar, xüsusilə gənclər üçün 180-dən çox iş yeri yaradılıb. Qırxdan çox könüllü “ASAN xidmət” mərkəzində işləyəcək. Bu mərkəzdə 300-dən çox müxtəlif xidmətlər göstəriləcək. Əminəm ki, İmişli rayonunda sosial, ictimai xidmət sahələrində böyük irəliləyiş olacaqdır.

Bu gün açılışına toplaşdığımız layihənin icrası təkcə İmişli rayonu üçün deyil, eyni zamanda, qonşu rayonlar üçün də böyük əhəmiyyət daşıyır. Araz çayının yeni qolunun tikintisi böyük maliyyə vəsaiti tələb edən layihədir. Bu layihəyə birinci mərhələdə 80 milyon manat sərmayə qoyulubdur və Araz çayının yeni qolunun uzunluğu 54 kilometrdir. Yeni beton su kanalı 53 min hektar torpağı su ilə təmin edəcək. Biləsuvar, İmişli, Saatlı rayonlarının fermerləri, zəhmətkeşləri bu imkanlardan istifadə edəcəklər. Növbəti mərhələdə əlavə 10 min hektar torpağa suyun verilməsi nəzərdə tutulur və Sabirabad rayonunun torpaqları da suvarma suyu ilə təmin ediləcək.

Bu layihənin icrası, ilk növbədə, bizim güclü iqtisadi imkanlarımızı göstərir. Çünki bu gün Azərbaycan istənilən infrastruktur layihəsini uğurla icra edə bilər və icra edir. Biz bu layihəni öz daxili maliyyə imkanlarımız hesabına icra etmişik. Digər tərəfdən, bu kanalın tikintisi bizim niyyətimizi, siyasətimizi göstərir. Çünki bizim siyasətimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar. Hər bir yerdə, hər bir rayonda, hər bir kənddə yaşayan vətəndaşlar işlə təmin olunsunlar, onların rifah halı yaxşılaşsın və dövlət bu istiqamətdə öz tədbirlərini görür.

İnfrastruktur layihələrinə gəldikdə, ümumiyyətlə, deyə bilərəm ki, regional inkişaf üzrə birinci Dövlət Proqramı qəbul olunandan sonra - son 15 il ərzində ölkəmizdə iqtisadiyyat üç dəfədən çox artıb. Ölkəmizdə qazlaşdırmanın səviyyəsi 95 faizə çatır. Biz bu ilin sonuna qədər bu rəqəmə çatacağıq. Azərbaycan elektrik enerjisini ixrac edən ölkəyə çevrilib. Biz təkcə bu ilin doqquz ayında 50 milyon dollardan çox həcmdə elektrik enerjisi ixrac etmişik. Gələcəkdə bu, daha da artacaq. Çünki biz özümüzü tam təmin edirik və yaxın gələcəkdə istifadəyə veriləcək 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyası vasitəsilə ixrac imkanlarımız daha da genişləndiriləcək. On beş min kilometr avtomobil yolu istifadəyə verilir. Biz bu ilin sonuna qədər bu rəqəmə də çatacağıq.

Meliorasiya ilə bağlı bir çox önəmli layihələr icra edilib. Mən onların arasında dörd böyük su anbarını xüsusilə qeyd etmək istəyirəm. Onların sututumu 450 milyon kubmetrə bərabərdir. Əlbəttə ki, onların arasında “Taxtakörpü” və “Şəmkirçay” su anbarları xüsusi yer tutur. Yeni beton su kanallarının çəkilişi ölkəmizdə geniş vüsət alıb və bu gün açılışına toplaşdığımız layihə onlardan biridir. Gələcək planlarımızda da meliorativ tədbirlərin görülməsi xüsusi yer tutur. Növbəti illərin Dövlət İnvestisiya proqramlarında da bu layihələr öz əksini tapacaq. Xüsusilə, gələn ilin əvvəlində qəbul ediləcək regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramında meliorasiya tədbirlərinə xüsusi yer ayrılacaq.

Əvvəlki illərdə də bu sahəyə böyük diqqət göstərmişik və qeyd etdiyim layihələr bunun əyani sübutudur. Növbəti illərdə daha böyük diqqət göstəriləcək. Çünki bu, ilk növbədə, ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət edir. Digər tərəfdən, başqa infrastruktur layihələrinin icrası demək olar ki, başa çatır. Biz əlbəttə ki, növbəti illərdə də yolların çəkilişi, qazlaşdırma, içməli su layihələrinin icrası ilə məşğul olacağıq. Ancaq meliorativ tədbirlərin həyata keçirilməsi, hesab edirəm ki, əsas prioritet məsələ olacaqdır.

Biz son illərdə görülən işlərin əyani nəticələrini görürük. Çünki həm keçən il, həm də bu il 100 min hektar torpağa su gətirilib. Bu, dərhal özünü iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında göstərir. Keçən il biz 100 min hektar torpağa su gətirmişik. Mənə verilən məlumata görə, bu il 101 min hektar torpağa suyun verilməsi təmin edilir. Bunun 53 min hektarı, bax, Araz çayının yeni qolunun çəkilişi nəticəsində mümkün olacaq.

Əlbəttə ki, bu, kənd təsərrüfatının inkişafına daha da böyük təkan verəcək. Hesab edirəm ki, builki göstəricilər də qənaətbəxşdir. Kənd təsərrüfatı doqquz ayda 4,3 faiz artıb, görülən və görüləcək tədbirlər nəticəsində daha da artacaq. Biz suvarma layihələrinin icrası ilə əkin sahələrimizi genişləndiririk və bu istiqamətdə əlavə tədbirlər görüləcək. Eyni zamanda, su olan yerdə məhsuldarlıq da artır. Biz bu artan məhsuldarlığı görürük. Xüsusilə, biz bunu iri fermer təsərrüfatlarının fəaliyyətində görürük. Taxılçılıq üzrə iri fermer təsərrüfatlarında məhsuldarlıq təqribən 50 sentnerə yaxındır, ya da ki, ondan çoxdur.

Ona görə, həm meliorativ tədbirlər, həm kənd təsərrüfatı sahəsində aparılan çox ciddi islahatlar, elmi yanaşma, torpaqlardan düzgün analizin aparılması və fermerlərə buna uyğun olaraq tövsiyələrin verilməsi, subsidiyalarda şəffaflığın təmin edilməsi, kənd təsərrüfatı texnikasının dövlət xətti ilə ölkəmizə gətirilməsi, - qeyd etməliyəm ki, bu il 5 mindən çox, keçən il 9 mindən artıq texnika aqrolizinq xətti ilə gətirilib fermerlərə verilmişdir, - gübrələrin, yanacağın güzəştli şərtlərlə fermerlərə verilməsi, fermerlərin vergilərdən tamamilə azad olunması, - torpaq vergisi istisna olmaqla, - bütün bu tədbirlər və üstəgəl sahibkarlığın inkişafına təkan verən tədbirlər, güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlərin verilməsi və eyni zamanda, kompleks tədbirlər nəticəsində biz kənd təsərrüfatının inkişafına nail oluruq.

Mən tam əminliklə deyə bilərəm ki, növbəti illərdə bu sahədə daha da böyük irəliləyiş, uğurlar olacaqdır. Çünki əvvəlki illərdə də bu sahə inkişaf edib, ancaq hazırda ən müasir texnologiyalar, elmi yanaşma əsasında, düzgün təhlil və infrastruktur layihələrinin icrası nəticəsində biz kənd təsərrüfatını inkişaf etdirəcəyik. Bu, bizim iqtisadi gücümüzü artıracaq, qeyri-neft sektorumuzu gücləndirəcək, eyni zamanda, məşğulluğu da artıracaqdır. Çünki hazırda Azərbaycanda işsizliyin səviyyəsi 5 faizdir. Ancaq nəzərə almalıyıq ki, hər il ölkə əhalisi 100 min nəfərdən çox artır, hər il 100 mindən çox uşaq doğulur. Bu da bizim böyük sərvətimizdir, üstünlüyümüzdür. Ancaq bizim iqtisadi inkişafımız, xüsusilə iş yerlərinin yaradılması bu inkişafa uyğun şəkildə təmin edilməlidir. Ona görə, məşğulluğun artırılması daim gündəlikdə duran məsələdir.

Son illər ərzində kənd təsərrüfatı ilə bağlı görülən tədbirlər, bir çox məhsulların alış qiymətinin artımı nəticəsində kəndlilərdə kənd təsərrüfatına maraq böyük dərəcədə artıb. Bu gün kəndlərdə demək olar ki, məşğulluqla bağlı ciddi problem yoxdur, işləmək istəyən iş tapar. Biz sadəcə olaraq yeni investisiyalarla, yeni layihələrlə fermerlər üçün, kəndlilər üçün bu imkanları genişləndirməliyik və genişləndirəcəyik. Böyük maliyyə vəsaiti tələb edən beton su kanalının çəkilişi 53 min hektara, - hansılar ki, ya tamamilə suvarılmayıb, ya da ki, qismən suvarılıb, - yeni həyat gətiririk, imkanlar yaradırıq ki, vətəndaşlar əksinlər, becərsinlər, pul qazansınlar, daha yaxşı yaşasınlar, evlər tiksinlər və xalqımızın rifahı yüksəlsin.

Budur bizim əsas məqsədimiz və bu məqsədə çatmaq üçün biz əlimizdən gələni edirik. Nəticələr də göz qabağındadır. Qeyd etdiyim kimi, məşğulluqla bağlı problemlər həll olunur, sahibkarlara bundan sonra da böyük diqqət göstəriləcək. İki milyard manatdan çox güzəştli kreditlərin verilməsi özlüyündə böyük nailiyyətdir, böyük nəticədir. Biz investisiyaların təşviqi ilə bağlı çox önəmli addımlar atmışıq, yeni mexanizm işlənilib. Təkcə aparılan islahatlar nəticəsində, investisiya təşviqi mexanizmi işə düşəndən sonra yerli sahibkarlar ölkə iqtisadiyyatına 2 milyard manatdan çox sərmayə qoyublar. Yəni, imkanlar var, həm kreditləşmə yolu ilə, həm sahibkarların öz vəsaiti hesabına münbit şərait yaradılıb, investisiya iqlimi çox müsbətdir və dövlət dəstəyi də göz qabağındadır. Onu da bildirməliyəm ki, 45 böyük aqroparkın yaradılması nəzərdə tutulur. Onlardan 13-ü bu ilin sonuna qədər artıq fəaliyyətə başlayacaq, bəziləri artıq işləyir, mən onların açılışlarında olmuşam və 45 aqroparkın istifadə etdiyi torpaq sahəsi təqribən 200 min hektara yaxındır. O torpaqlarda heç nə əkilmirdi və o torpaqlar elə boş torpaqlar kimi qalırdı. Biz o torpaqlara həyat qaytardıq.

Onu da deməliyəm ki, aqroparkların yaradılması üçün dövlət öz dəstəyini göstərir, eyni zamanda, maliyyə dəstəyini. Aqroparkların fəaliyyəti üçün yüz milyonlarla manat dəyərində müxtəlif infrastruktur layihələri icra edilmişdir. Dövlət hər şeyi edir ki, fermerlər, kəndlilər daha yaxşı yaşasınlar. Bizdə olan yanaşma və qaydalar inanmıram ki, hər hansı bir başqa ölkədə olsun. Fermerlər vergilərdən azaddırlar, torpaq vergisindən başqa, o da çox cüzi bir rəqəmdir. Subsidiyalar verilir. Yanacaq, gübrə, kreditlər güzəştli şərtlərlə, elə faizlə verilir ki, indi o faizlə heç bir yerdə kredit almaq mümkün deyil. Rayonlarda aqroparkların, sənaye zonalarının, yeni infrastrukturun yaradılması, meliorativ tədbirlər, həmçinin yol, elektrik enerjisi, qazlaşdırma, içməli su layihələri üçün dövlət dəstəyi göstərilir. Budur bizim siyasətimiz və bu siyasət xalq tərəfindən dəstəklənir, bəyənilir və gözəl nəticələrə gətirib çıxarır.

Bu gün açılışına toplaşdığımız Araz çayının beton su kanalının çəkilişi çox önəmli, əlamətdar hadisədir. Bu layihənin icrası nəticəsində ölkəmiz daha da inkişaf edəcək, xalqımız daha da yaxşı yaşayacaqdır. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram. Sağ olun.

X X X

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd ƏHMƏDZADƏ çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli mərasim iştirakçıları.

Azərbaycan ta qədimdən suvarma əkinçiliyi tətbiq olunan ölkə olsa da, XX əsrin əvvəllərində ilk meliorasiya tədbirləri Azərbaycanda aparılsa da, amma meliorasiya, su təsərrüfatı sahəsində böyük və hərtərəfli inkişaf ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir.

Ulu Öndərimiz həmişə meliorasiya, su təsərrüfatı obyektlərinin açılışında iştirak edər və camaatı təbrik edərdi. Bu ənənəni davam etdirən cənab Prezidentimizə bu gün belə bir obyektin açılışına gəldiyinə görə, melioratorlar adından, su təsərrüfatı işçiləri adından öz dərin minnətdarlığımızı bildiririk.

Cənab Prezident, son 15 ildə Azərbaycanda çox böyük işlər görülüb. Siz ümumi şəkildə dediniz, həmin illərdə 4 min kilometrə yaxın yeni suvarma kanalları, 2700 kilometr uzunluğunda kollektor-drenaj şəbəkələri çəkilib. Təkcə üç su anbarının - yəni Taxtakörpü, Şəmkirçay və Tovuzçay su anbarlarının hesabına 390 min hektar ərazinin su təchizatı, 261 min hektar sahənin meliorasiya vəziyyəti yaxşılaşdırılıb, 150 min hektara yaxın su dəyməyən torpaqlara su verilib, yeni suvarma sahələri dövriyyəyə daxil olub.

İstifadəyə verilən gündən Taxtakörpüdə bugünkü günə 2 milyard kubmetr su olub, Şəmkirçay su anbarında 1 milyarda yaxın su yığılaraq respublika əhalisinin istifadəsinə verilib. Tovuzçay su anbarının həcmi çox böyük olmasa da, qısa müddətdə 100 milyona yaxın su yığılıb. Yığılan bu su xalq təsərrüfatına, bizim iqtisadiyyatımıza və əhalimizə sərf olunub. Qeyri-rəsmi dünya qiymətləri ilə götürsək, cənab Prezident, bu suyun dəyəri təxminən 3 milyarda yaxındır. Sizin gördüyünüz bu işlər sayəsində əhalimizə görün nə qədər xeyir dəyir.

On beş iI ərzində 2 min 234 subartezian quyusu qazılıb. Bu, 2 min 234 kəndin, yəni əhalinin, bölgənin sevincinə səbəb olan tədbirlərdir. Ötən il bizə göstəriş verdiniz ki, Azərbaycanda meliorasiya olunan, su təchizatı olan 100 min hektar torpağı istifadəyə vermək lazımdır. Bu, çox mürəkkəb bir iş idi, amma biz o tapşırığı icra etməkdə heç bir çətinlik çəkmədik. Çünki Siz hərtərəfli dəstək oldunuz, lazımi vəsait ayırdınız, eyni zamanda, bu köməklə yanaşı, yüksək tələbkarlıq göstərdiniz. Biz keçən il 103 min hektara yaxın torpaqda meliorativ tədbirlər apardıq, suvarma suyu ilə təchizatı yaxşılaşdırdıq. Onun bu il yenə də davam etdirilməsini tapşırdınız, həmin məsələlərin həlli üçün lazım olan vəsaitin ayrılmasına kömək göstərdiniz. Biz Sizə məruzə edirik ki, ilin axırınadək yeni suvarılan sahələri, meliorasiya olunan torpaqları və su təchizatı yaxşılaşdırılan daha 102 min hektar torpaqları Azərbaycan kəndçisinə təhvil verəcəyik. Bunlar Sizin gördüyünüz böyük işlərin nəticəsidir. Bu müddətdə yaradılan aqroparklar, yeni təsərrüfatlar, onların istehsal etdiyi məhsulun hamısı Sizin dəstəyinizlə əkin dövriyyəsinə daxil edilən yeni sahələrin hesabınadır.

Mən əvvəllər uzun müddət kənd təsərrüfatı sahəsində işləmişəm. İndi kənddə işləmək çox asandır. Siz kəndlinin torpağını da, suyunu da verirsiniz, başqa infrastrukturu da yaradırsınız, yolunu çəkirsiniz, hər şey edirsiniz, kəndliyə yalnız işləmək qalıb. Kəndli də işləyir və nəticələr yüksəlir. Ona görə də Azərbaycanda kənd təsərrüfatı sahəsində dinamik inkişaf heç vaxt dayanmayıb. Bu 15 il ərzində həmişə artım tempi olub.

Bu il Sizin tapşırığınızla çəkilən Neftçala magistral kanalı tam istifadəyə verilir. Orada 10 min hektardan çox sahə meliorasiya olunur. Sabirabad rayonunda artıq “H” kanalında yekun işlər görülür, 16 min hektar torpaq istifadəyə verilir, onun 1600 hektarı Biləsuvar rayonuna aiddir. Hər yerdə bu sahədə işlər gedir və nəticələri də göz qabağındadır. Bu gün açılışına toplaşdığımız bu kanalın çəkilişi üçün Sizin tapşırığınızla 2010-cu ildə selə qarşı mübarizə tədbirləri görməyə, Araz çayının yeni qol-kanalını tikməyə başladıq. O vaxt biz yeni qolun 5 kilometr uzunluğunda kanalını suvarma üçün açdıq. Eyni zamanda, Yuxarı Muğan kanalının üzərində üçgözlü 500 metr uzunluğunda dəmir-beton dunker və başqa qurğuları tikdik. Siz bu zonanın su təchizatını yaxşılaşdırmaq üçün böyük işlər görürsünüz.

2016-cı ildə Sizin İran İslam Respublikasında səfərdə olarkən cənab Ruhani ilə apardığınız danışıqların nəticəsi olaraq Xudafərin, Qız qalası hidroqovşaqlarının, Xudafərin su anbarının tikilməsi məsələsi ilə bağlı saziş imzalandı. Bunun Azərbaycan üçün çox böyük əhəmiyyəti var. Həm suların yığılması və selə qarşı mübarizə tədbirlərinin görülməsi, həm də orada yığılan sulardan həmin torpaqların suvarılmasına bu kanalın çəkilməsi imkan verdi. Biz bununla bağlı müraciət etdik, Siz tapşırıq verdiniz. Qısa müddətdə biz 54 kilometr uzunluğundakı kanalın torpaq kanalı şəklində tikintisi barədə Sizə hesabat verdik. Siz məsələ qaldırdınız ki, bunu beton kanal etsək daha yaxşı olar və Siz bunun üçün də vəsait ayırdınız. Biz kanalı beton etməklə əvvəl 40 min hektara su çatırdısa, kanalın suqalxma qabiliyyətini artırmaq, itkiləri azaltmaq və torpaqların meliorasiya vəziyyətinin pisləşməsinin qarşını almaqla, həmin o ərazini 53 min hektaradək artıra bildik. Bunun 26 min hektarı Saatlı rayonundadır, ora heç su dəyməyən torpaqlardır. Təmiz məhsuldar torpaqlardır, orada işləmək olar, 16 min hektara yaxını İmişlinin torpaqlarıdır. Bunun 10 min hektara yaxını da Biləsuvar rayonunun torpaqlarıdır. Yəni, indi qol-kanalların çəkilməsi üçün vəsait ayırdınız və hazırda onlar da çəkilir. Gələcəkdə orada 175,46 kilometr qol-kanallar çəkilməklə bu torpaqlardan tam istifadə etmək olar. Eyni zamanda, kollektor-drenaj şəbəkələrin çəkilməsi, xüsusilə Yuxarı Muğan kollektorunun yenidən qurulması ilə bu torpaqların meliorasiya vəziyyətini tam yaxşılaşdırmaq mümkündür. Siz bunlarla kifayətlənmədiniz və bizə tapşırdınız ki, Ələt-Astara yolunun sağında, solunda olan torpaqları da araşdırın. Bu gün Sizə məruzə edirəm ki, həmin ərazidə 30 min hektar yeni suvarılan sahəni əkin dövriyyəsinə vermək olar. Yəni, biz onları layihə şəklində hazırlayıb, Sizə təqdim edəcəyik.

Cənab Prezident, bugünkü açılış çox əlamətdar bir dövrdə keçirilir. İki gün əvvəl Azərbaycan dövlətinin başçısı kimi, Siz Türkiyə Respublikasında bu vaxtadək olmayan ən böyük müəssisənin, SOCAR-ın “Star” neft emalı zavodunun açılışında iştirak etmisiniz. Bu müəssisənin Azərbaycanın məhsulunun dünya bazarına çıxarılması üçün qardaş Türkiyə Respublikasında tikilməsi mühüm hadisədir və hamımızı çox sevindirir. Bu layihənin müəllifi də Sizsiniz, təşkilatçısı da. Bu uğur və böyük tədbirin keçirilməsi münasibətilə bütün melioratorlar adından Sizi təbrik edirik. Söz veririk ki, bundan sonra da bizim qarşımızda qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyik. Melioratorlar Sizin tapşırıqlarınızı həmişə yerinə yetirməyə hazırdırlar.

Diqqətinizə görə sağ olun.

X X X

Mərasimdə çıxış edən iqtisadiyyat naziri Şahin MUSTAFAYEV dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli mərasim iştirakçıları.

Sizin rəhbərliyinizlə bütün qlobal çağırışları nəzərə almaqla qətiyyətlə və uğurla davam etdirilən sosial-iqtisadi siyasət sayəsində Azərbaycan iqtisadiyyatı davamlı inkişaf edir, dünyada baş verən mürəkkəb siyasi və iqtisadi proseslərin neqativ təsirlərinə qarşı dayanıqlılıq nümayiş etdirir.

Sosial-iqtisadi sahədə əldə edilən uğurların davamlılığının təmin edilməsində qeyri-neft məhsullarının istehsalı və ixracının stimullaşdırılması, rəqabət qabiliyyətinin artırılması, ənənəvi və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Ölkə iqtisadiyyatının, xüsusilə bölgələrin hərtərəfli inkişafında məqsədyönlü siyasətinizin davamı olaraq, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları müstəsna rol oynayır.

Möhtərəm cənab Prezident, Sizin rəhbərliyinizlə görülmüş kompleks tədbirlərin nəticəsi olaraq, iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi olan qeyri-neft sektorunun inkişafında ciddi irəliləyişlər əldə olunub, onun ümumi daxili məhsulda xüsusi çəkisi üstünlük təşkil edib, ixrac potensialı genişlənib. Belə ki, son 15 ildə ixrac 5,3 dəfə, o cümlədən qeyri-neft ixracı 4,1 dəfə, ixrac məhsullarının çeşidi isə 2,6 dəfə artıb.

İxrac potensialının genişləndirilməsində qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan aqrar sahənin inkişafı xüsusi önəm kəsb edir. Görülən işlərin nəticəsində aqrar sektorun davamlı inkişafı təmin olunub, bu ilin 9 ayında istehsal 4,3 faiz, kənd təsərrüfatı istehsalı və emalı məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artaraq 540 milyon ABŞ dollarına çatıb.

Aqrar sektorun inkişafında, regionlarda iqtisadi potensialın artırılmasında, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində yeni metod və üsulların tətbiqi, qabaqcıl texnologiyalara əsaslanan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması mühüm əhəmiyyət kəsb edir.

Möhtərəm cənab Prezident, xüsusi diqqət və dəstəyiniz sayəsində respublikada 30 rayon üzrə 192 min hektar ərazidə investisiya dəyəri 1,4 milyard manat olan 45 aqroparkın, o cümlədən 44 min hektar ərazidə 17 müasir cins heyvandarlıq kompleksinin və 148 min hektar ərazidə 28 iri bitkiçilik təsərrüfatının yaradılması üzrə işlər sürətlə davam etdirilir. Bu çərçivədə 330 milyon manat dövlət maliyyə dəstəyi göstərilib ki, bunun da 219 milyon manatı infrastrukturun yaradılmasına yönəldilən dövlət investisiya qoyuluşu, 111 milyon manatı isə 17 aqroparka verilmiş güzəştli kreditlərdir. Bununla yanaşı, 15 aqropark üzrə dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib.

Artıq Xaçmaz, Şəmkir, Cəlilabad, Goranboy və İsmayıllı rayonlarında 5 aqropark istifadəyə verilib. Bundan başqa, Qaxda 2100 hektarda heyvandarlıq, əkinçilik və bağçılıq, Tovuzda 550 hektarda heyvandarlıq və əkinçilik, 12 min hektarda taxılçılıq, Salyanda 3 min hektarda heyvandarlıq və əkinçilik, Hacıqabul və Şamaxı rayonlarında 4300 hektarda heyvandarlıq və əkinçilik, Samuxda 5 min hektarda taxılçılıq, Hacıqabulda 27 min hektarda əkinçilik və 2 min hektarda heyvandarlıq və əkinçilik, Füzulidə 2500 hektarda taxılçılıq, Kürdəmirdə 2 min hektarda əkinçilik, Ucarda 2100 hektarda heyvandarlıq və taxılçılıq, Ağcabədidə 5 min hektarda əkinçilik və Qazaxda 1000 hektarda kartofçuluq olmaqla, ilin sonunadək 69 min hektar ərazidə 13 aqroparkın fəaliyyətə başlaması gözlənilir. Aqroparklar tam fəaliyyətə başladıqdan sonra il ərzində təqribən 600 milyon manat dəyərində kənd təsərrüfatı məhsulunun istehsal və emal olunması, ümumilikdə 10 minədək yeni iş yerinin yaradılması proqnozlaşdırılır.

Möhtərəm cənab Prezident, məhsuldarlığın artırılmasında, yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsində suvarma suyu ilə təminat vacib faktordur. Tapşırığınıza uyğun olaraq, aqrar sektorun inkişafında xüsusi rolu olan meliorativ tədbirlərin davam etdirilməsi, strateji əhəmiyyətli və iri kapital tutumlu su anbarlarının tikintisi nəticəsində hər il minlərlə hektar torpaq sahələri əkin dövriyyəsinə cəlb olunur. 2018-ci ildə sərəncamlarınızla ayrılmış dövlət əsaslı vəsaitlər hesabına əkin sahələrinə suvarma suyunun çatdırılması üçün magistral kanalların inşası və meliorativ tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Sizin rəhbərliyinizlə reallaşdırılan növbəti uğurlu və tarixi layihə - Araz çayının yeni qol-kanalı vasitəsilə Saatlı, İmişli və Biləsuvar rayonlarında 53 min hektara yaxın torpaq sahəsinə suvarma suyunun çatdırılması təmin ediləcək. Bu məqsədlə müvafiq sərəncamlarınızla dövlət əsaslı vəsait qoyuluşundan təqribən 80 milyon manat vəsait ayrılıb. Kənd təsərrüfatının potensialının reallaşdırılmasına göstərdiyiniz daimi diqqət və qayğıya cavab olaraq, sahibkarlar tərəfindən bu rayonlarda yeni aqroparkların və iri fermer təsərrüfatlarının yaradılmasına 450 milyon manat investisiya qoyuluşu proqnozlaşdırılır. Bu layihələr çərçivəsində yeni torpaqların istifadəyə verilməsi nəticəsində yaradılacaq aqroparklarda heyvandarlıq komplekslərinin, emal müəssisələrinin yaradılması, buğda, qarğıdalı, soya, pambıq, şəkər çuğundurunun və digər bitkilərin əkilməsi həyata keçiriləcək. Bundan başqa, sahibkarlar tərəfindən tutumu 30 min ton olan logistik mərkəzlərin və tutumu 140 min ton olan taxıl anbarı komplekslərinin də tikintisi nəzərdə tutulur. Bu işlərin görülməsi 5000-dək yeni iş yerlərinin açılmasına şərait yaradacaq. Müasir aqrotexniki və intensiv üsulların tətbiq olunacağı bu təsərrüfatlarda hər il 180 milyon manatdan çox məhsul istehsalı gözlənilir. Bu da kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinin yüksəldilməsinə, eləcə də ixrac qabiliyyətinin artırılmasına töhfə verəcək. Hazırda bu ərazilərdə 4 aqroparkın yaradılmasına başlanıb. Ümumi dəyəri 65 milyon manat olan bir investisiya layihəsinin maliyyələşdirilməsinə dövlət 10 milyon manat güzəştli kredit ayırıb və iki aqroparkın ümumi dəyəri 16 milyon manat olan layihələrinə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib.

Möhtərəm cənab Prezident, Sizin rəhbərliyinizlə həyata keçirilən kompleks tədbirlər ölkənin dayanıqlı inkişafına, qeyri-neft sektoruna, onun ixrac qabiliyyətinin daha da artırılmasına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və əhalinin həyat səviyyəsinin yüksəlməsinə mühüm töhfələrini verir. Sizi əmin edirik ki, bu tədbirlərin uğurla davam etdirilməsi üçün bütün imkanlarımızı səfərbər edəcəyik.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

“MKT” İstehsalat Kommersiya MMC-nin İmişli filialının direktoru Oqtay GÜLMALIYEV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Mən də öz növbəmdə imişlililər, eyni zamanda, “MKT” İstehsalat Kommersiya təşkilatının kollektivi adından Sizi salamlayıram, İmişliyə xoş gəlmisiniz.

Fürsətdən istifadə edərək, Sizin bilavasitə göstərişiniz əsasında Araz çayının İmişli və qonşu rayonların ərazisindən keçən tarixi qol-kanalının bərpası münasibətilə tədbir iştirakçılarını təbrik edir və Sizə minnətdarlığımızı bildiririk.

Möhtərəm cənab Prezident, “MKT” İstehsalat Kommersiya kollektivi adından bildirmək istəyirəm ki, şirkətimiz İmişli rayonu ərazisində kənd təsərrüfatı sahəsində, xüsusilə də pambıqçılıq və taxılçılıq sahəsində geniş fəaliyyət göstərir. Müəssisəmizə dövlət qayğısı sayəsində 3800 hektar sahədə iri taxılçılıq təsərrüfatının yaradılmasına 5 milyon manat güzəştli kredit ayrılıb. Ümumilikdə 8,8 milyon manat olmaqla, fermerlərlə bağlanmış müqavilə əsasında 5200 hektarda pambıq, 800 hektar sahədə isə arpa və buğda əkilib. Taxıl sahələrində hər hektardan orta hesabla təxminən 45-55 sentner məhsul əldə edilib. Ona görə də şirkətimiz taxıl əkini sahələrinin genişləndirilməsini nəzərdə tutur. Bundan əlavə, indiyədək 10 min ton pambıq yığılıb. Sahələrdə məhsulumuz boldur və hər hektardan 24 sentnerdən çox pambıq gözləyirik.

Möhtərəm cənab Prezident.

İmişli əhalisinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Şirkətimizin kollektivi adından Sizi əmin etmək istəyirik ki, bundan sonra daha əzmlə çalışacaq və rayon iqtisadiyyatına, kənd təsərrüfatının inkişafına öz töhfəmizi verəcəyik.

Diqqətinizə görə təşəkkürümü bildirirəm.

Sağ olun.

X X X

“İD – Aqropark” MMC-nin təsərrüfat rəhbəri Sədafər HÜSEYNOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli tədbir iştirakçıları.

Ölkəmizdə uğurla aparılan sosialyönümlü iqtisadi islahatların daha da dərinləşməsi, xalqımızın maddi‐rifah halının yaxşılaşdırılması, cənab Prezident, məhz Sizin həyata keçirdiyiniz məqsədyönlü siyasətin məntiqi nəticəsidir.

Biz sahibkarlar fəaliyyət sahələrimizi genişləndirərkən təkcə dövlətin maddi dəstəyini deyil, həm də cənab Prezident, Sizin böyük mənəvi dəstəyinizi də hiss edirik. Sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyiniz qərarlar və sahibkarlara verdiyiniz tövsiyələr bizim üçün böyük stimul yaradır.

Möhtərəm cənab Prezident, təmsil etdiyim “İD-Aqropark” MMC şirkəti 2017-ci ilin əvvəlində yaradılıb. Şirkətin yeni layihəsi Saatlı rayonunun Azadkənd kəndi ərazisində 7000 hektar sahədə müasir innovativ texnologiyalara əsaslanan təsərrüfatın yaradılmasıdır. Bu məqsədlə aqroparka dövlət dəstəyi çərçivəsində 10 milyon manat güzəştli kredit verilib. Aqroparkın birinci mərhələsinin 2019-cu ildə istifadəyə verilməsi planlaşdırılır.

Şirkət tərəfindən 5000 hektar sahədə arpa, buğda, qarğıdalı, soya, günəbaxan və digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, 1000 hektar sahədə nar və 500 hektar sahədə badam bağlarının salınması nəzərdə tutulur. Ötən il ərazinin bir hissəsində günəbaxan, soya və qarğıdalı, bu il isə qarğıdalı və günəbaxan əkilib. 2018-ci ilin yaz mövsümündə 120 hektar sahədə intensiv nar bağı salınıb, damla üsulu ilə müasir suvarma sistemi quraşdırılıb. Nar bağının suvarılması üçün 2 hektar sahədə süni göl yaradılıb və su nasos stansiyası tikilib, 9 kilometr uzunluğunda yeni elektrik xətləri çəkilib və 2 transformator quraşdırılıb.

2019-cu ilin əvvəlində əlavə 240 hektar sahədə nar bağının salınması üzrə işlər aparılır. Bununla yanaşı, 1300 hektar torpaq sahəsi dənli bitkilərin yetişdirilməsi üçün hazırlanıb, açıq tipli 6 drenaj xətti və su kanalı çəkilib. Bütünlükdə isə 7000 hektar sahə üçün 58 kilometr uzunluğunda açıq tipli drenaj xətləri çəkilir. 20 hektar sahədə yonca əkilib. Hazırda arpa və buğda əkini aparılır. Əkin sahələrinə tələb olunan gübrələr verilib.

2019-cu ilin yazında 1156 hektar sahədə dənli bitkilər və pambıq əkilməsi üçün şumlama işləri aparılır. 1000 hektar sahə üçün yeni 15 müasir suvarma - pivot sistemi layihəsi hazırlanıb və 2019-cu ildə bu sistemin tikintisi planlaşdırılır. Yaxın gələcəkdə bu sistem üçün 5 nasos stansiyasının tikilməsi nəzərdə tutulur.

Möhtərəm cənab Prezident, Saatlı aqroparkında dənli bitkilərin yetişdirilməsi, nar və badam bağlarının salınması, müvafiq texniki tədbirlərin həyata keçirilməsi ilə əlaqədar infrastruktur, yaxın gələcəkdə quşçuluq fabriki və heyvandarlıq fermaları yaradılacaq. Aqrotexniki tədbirlərin həyata keçirilməsi üçün “Aqrolizinq” ASC-nin köməyi ilə müasir standartlara cavab verən 38 adda müxtəlif növ kənd təsərrüfatı texnikası alınıb. Hazırda təsərrüfatımızda 41 daimi işçi çalışır. Nar bağının salınması dövründə 200-dən çox mövsümi işçilər də cəlb olunub. Ümumilikdə, aqroparkda 400-dək daimi iş yerinin açılması nəzərdə tutulur.

Möhtərəm cənab Prezident, çıxışımın sonunda bütün sahibkarların himayədarı və dayağı olduğunuz üçün Sizə sahibkarlar və kollektivimiz adından dərin minnətdarlığımı bildirirəm. Sizi əmin etmək istəyirik ki, yaratdığınız şəraitdən istifadə edərək ölkədə aqrar sahənin inkişafına öz töhfəmizi verəcəyik.

Diqqətinizə görə çox sağ olun.

X X X

“Aqropark Yaşıl Ada” MMC-nin icraçı direktoru Fərhad BAĞIROV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

İcazə verin, Biləsuvar əhalisinin, bütün kənd təsərrüfatı işçilərinin səmimi minnətdarlıq hissini və salamlarını Sizə çatdırım.

Biləsuvarlılar rayonumuza hər gəlişinizi, rayon əhalisi ilə görüşlərinizi böyük sevinc hissi ilə qarşılayır, aqrar sahənin inkişafı ilə bağlı müdrik və uzaqgörən çağırışlarınıza səs verərək, yaratdığınız yüksək şəraitdən və qayğıdan bəhrələnməklə əzmlə çalışır, ilbəil yüksək nəticələr əldə edirlər.

Möhtərəm cənab Prezident, Sizin tapşırığınızla təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilmiş 3000 hektar ərazidə Arazın yeni qol-kanalından istifadə edəcək “Yaşıl Ada” aqroparkını yaratdıq. Həmin ərazi əvvəllər qış otlaq sahəsi kimi istifadə edilib, yüksək keyfiyyətli bu torpaqlar baxımsız vəziyyətdə olub, orada meliorasiya və irriqasiya qurğuları olmayıb. Bu gün isə həmin ərazilərdə Sizin göstərişinizlə geniş meliorasiya işləri görülür, infrastruktur yaradılır.

Bu gün açılışına toplaşdığımız Araz çayının yeni qol-kanalının istifadəyə verilməsi müəllifi olduğunuz mühüm layihələrdən biridir. Bu layihənin reallaşdırılması tarixi hadisədir, kənd təsərrüfatı işçilərinə, aqrar sahəyə investisiya yatıran sahibkarlara çox dəyərli töhfədir. Bu layihə ilə Siz, cənab Prezident, Muğan torpaqlarına yeni nəfəs, yeni həyat verdiniz. İcazə verin, bizə bu tarixi günü yaşatdığınıza görə biləsuvarlılar adından, kənd təsərrüfatı işçiləri, eləcə də “Yaşıl Ada” aqroparkının kollektivi adından Sizə sonsuz təşəkkürümüzü və minnətdarlığımızı çatdırım.

Möhtərəm cənab Prezident, bu layihə Biləsuvar rayonunun 10356 hektar əkin sahəsini əhatə edəcək. Bunun 3000 hektarı “Yaşıl Ada” aqroparkının istifadəsinə verilmiş torpaq sahələridir. Məruzə edirəm ki, aqroparkın ərazisində zəruri infrastrukturun yaradılması, torpaqların əkinə, yüksək məhsuldarlığa hazırlanması ilə bağlı bir çox işlər görülüb və hazırda da bu işlər davam etdirilir. Belə ki, 10 min tonluq anbar, ofis binası, işçilərin istirahətini təmin etmək üçün 6 tarla düşərgəsi tikilib, 8 kilometr elektrik xətti çəkilib, 100 kvt-lıq transformator quraşdırılıb, 10 kilometr suvarma kanalı təmizlənib, aqroparka gedən 18 kilometr yol təmir olunub, 60 kilometr sahələrarası yollar təmir olunaraq yararlı vəziyyətə gətirilib.

Aqroparka İqtisadiyyat Nazirliyi tərəfindən 7 milyon manat dəyərində investisiya təşviqi sənədi verilib. 2019-cu ildə aqroparkın birinci mərhələsinin istifadəyə verilməsi nəzərdə tutulur. İlkin mərhələdə 1000 hektar ərazidə müasir suvarma - pivot sistemləri quraşdırılacaq. Aqroparkın ərazisinə 6,5 kilometr beton su kanalının, 21 kilometrlik elektrik xəttinin çəkilişi planlaşdırılır. Aqropark gələcəkdə böyük toxumçuluq təsərrüfatı kimi fəaliyyət göstərəcək.

Möhtərəm Prezident, əmin ola bilərsiniz ki, Sizin tapşırıq və tövsiyələrinizə uyğun olaraq aqroparkın ölkəmizin aqrar sektoruna əhəmiyyətli töhfə verə biləcək iri təsərrüfata çevrilməsi üçün var qüvvəmizlə çalışacaq, kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirdiyiniz tarixi işlərin fəal iştirakçıları olacaq, etimadınızı doğruldacağıq.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Daha sonra Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə və iqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına layihə üzrə görülən işlər barədə məlumat verdilər.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, hələ 2010-cu ildə Kür-Araz çaylarında baş vermiş sel və daşqınların yaratdığı təhlükələrin qarşısını almaq məqsədilə Araz çayının gursulu illərdə çayda baş verə biləcək daşqınlardan yaranacaq fəlakətlərin qarşısını almaq və onun sərfinin bir hissəsinin İmişli və Biləsuvar rayonlarının ərazisindən keçirməklə Mahmudçalaya, oradan isə Qızılağac qoruğunun ərazisi ilə Xəzər dənizinə axıdılması üçün ümumi uzunluğu 130 kilometr olan Araz çayının yeni qol-kanalının tikintisi nəzərdə tutulmuşdu. Texniki İqtisadi Əsaslandırma ilə həmin işlərin 4 mərhələdə həyata keçirilməsi planlaşdırılmışdı. Hazırda onun birinci mərhələ üzrə baş suqəbuledici qurğu daxil olmaqla, 5 kilometrlik hissəsinin tikintisi başa çatdırılıb. Tikilmiş baş suqəbuledici qurğu və yeni qoldan istifadə etməklə Saatlı, İmişli və Biləsuvar rayonlarının 53 min hektar torpaq sahələrinin suvarılması üçün 54,2 kilometr uzunluğunda kanalın hidrotexniki qurğularla birgə inşası həyata keçirilib. Kanalın başlanğıcda suburaxma qabiliyyəti saniyədə 46, sonda isə 24 kubmetr təşkil edir. Kanal üzərində 84 müxtəlif təyinatlı hidrotexniki qurğu, o cümlədən 14 avtomobil körpüsü inşa olunub.

Perspektivdə Biləsuvar və Sabirabad rayonlarının daha 10 min hektar azməhsuldar sahələrinin suvarma suyu ilə təmin edilməsi mümkün olacaq. Araz çayının yeni qolundan Saatlı, İmişli və Biləsuvar rayonlarının 53 min hektar torpaq sahələrinə suvarma suyunun çatdırılması üçün ümumi uzunluğu 175,46 kilometr, müxtəlif suburaxma qabiliyyəti olan paylayıcı kanalların qurğularla birgə tikintisi 2 mərhələdə nəzərdə tutulub və bu il inşaat işlərinə start verilib.

Dövlətimizin başçısı Araz çayının yeni qol-kanalının açılışını bildirən düyməni basdı.

Onu da deyək ki, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə son illərdə regionlarda mütərəqqi suvarma texnologiyalarının tətbiqi ilə aqroparklar, iri fermer təsərrüfatları və müasir heyvandarlıq kompleksləri yaradılıb. Bu da qeyri-neft sektorunun inkişafında xüsusi rol oynayıb. Bu işlərin davamı olaraq Saatlı, Biləsuvar və İmişli rayonlarında pambıqçılığın, taxılçılığın və digər kənd təsərrüfatı bitkiləri və heyvandarlıq məhsulları istehsalının inkişafı məqsədilə aqroparkların və iri kənd təsərrüfatı müəssisələrinin yaradılması nəzərdə tutulub. Aqroparkların yaradılması regionlarda iqtisadi potensialın, kənd təsərrüfatında istehsalın artmasına, məhsulların keyfiyyət göstəricilərinin daha da yaxşılaşmasına, özünütəminetmə səviyyəsinin və regionlarda əhalinin məşğulluğunun yüksəlməsinə, ixrac potensialının genişlənməsinə töhfə verəcək. Araz çayının yeni qol-kanalı da regionda kənd təsərrüfatının inkişafına, xüsusilə aqroparkların yaradılmasına geniş imkanlar açır. Torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi sahibkarlar tərəfindən 454 milyon manat investisiya qoyuluşuna və 5000-dək yeni iş yerinin açılmasına şərait yaradacaq. Bu layihələr çərçivəsində yaradılacaq aqroparklarda heyvandarlıq komplekslərinin, emal müəssisələrinin təşkili, buğda, qarğıdalı, soya, pambıq, şəkər çuğundurunun əkilməsi, nar və xurma bağlarının salınması həyata keçiriləcək. Müasir aqrotexniki və intensiv üsulların tətbiq olunacağı təsərrüfatlarda ildə 176 milyon manat dəyərində kənd təsərrüfatı məhsullarının istehsalı gözlənilir. Bundan başqa, sahibkarlar tərəfindən tutumu 30 min ton olan logistik mərkəzlərin və tutumu 140 min ton olan taxıl anbarı komplekslərinin də tikintisi nəzərdə tutulur.

Hazırda bu ərazilərdə 4 aqroparkın yaradılmasına başlanıb. Ümumi dəyəri 65,2 milyon manat olan bir investisiya layihəsinin maliyyələşdirilməsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb və iki aqroparkın ümumi dəyəri 15,9 milyon manat olan layihələrinə investisiya təşviqi sənədi verilib. Hazırda 30 rayon üzrə 45 aqroparkın, o cümlədən 17 müasir cins heyvandarlıq kompleksinin və 28 iri bitkiçilik təsərrüfatının yaradılması üzrə işlər sürətlə davam etdirilir. Bu çərçivədə görülən işlərə dövlət tərəfindən 329,7 milyon manat maliyyə dəstəyi göstərilib. Bundan başqa, 15 aqropark üzrə 25 layihəyə investisiya təşviqi sənədi verilib. Görüləcək işlər nəticəsində, ümumilikdə, 10 minədək yeni iş yerinin yaradılması nəzərdə tutulur. İlin sonunadək daha 13 aqropark fəaliyyətə başlayacaq. Aqroparklar tam fəaliyyətə başladıqdan sonra il ərzində dəyəri 600 milyon manatdan çox olan məhsul istehsalı gözlənilir.

Sonda xatirə şəkilləri çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 27 dekabr 2024
16:15
“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti ləğv edilsin.

2. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar...

27 dekabr 2024, 16:15
SƏNƏDLƏR Fərmanlar 27 dekabr 2024
16:06
“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 75-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr...

27 dekabr 2024, 16:06
SƏNƏDLƏR Qanunlar 27 dekabr 2024
16:02
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində...

27 dekabr 2024, 16:02