İlham Əliyev Lerik rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür

25 iyun 2010, 13:38
İlham Əliyev Lerik rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür

Prezident İlham Əliyev Lerikə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Prezident İlham ƏLİYEV rayon sakinlərini təbrik edərək dedi:

- Biz bu gün Heydər Əliyev Mərkəzinin açılışını qeyd etdik. Çox gözəl, yaraşıqlı mərkəzdir. Həm xarici görünüşü çox gözəldir, həm daxili tərtibatı. Ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər çox böyük təsir bağışlayır. Bu, Azərbaycanın tarixidir. Həm 1970-ci illərdə, həm 1980-ci illərin əvvəllərində, həm də müstəqillik dövründə Heydər Əliyevin fəaliyyəti Azərbaycanın inkişafına xidmət edibdir. Onun zəhməti və fəaliyyəti nəticəsində ölkəmiz o illərdə böyük və uğurlu yol keçmişdir. Bu siyasət bu gün də davam edir. Heydər Əliyev siyasəti bütün sahələrdə davam etdirilir. Lerikin bugünkü siması o siyasətin nəticəsidir.

Mən çox şadam ki, Lerikdə inkişaf çox sürətlə gedir. Mən artıq üçüncü dəfədir ki, Lerikdəyəm. Hər dəfə gələndə yeni müəssisələr, yeni obyektlər açılır, abadlıq işləri aparılır. Bunları görürəm və çox sevinirəm. Rayonun, sözün əsl mənasında, inkişafı həm yerli sakinlər, həm də bütün ölkə üçün çox vacibdir. Çünki Lerik paytaxtdan uzaqda yerləşən dağ rayonudur. Dağ rayonlarına, paytaxtdan, mərkəzdən uzaqda yerləşən bölgələrə xüsusi diqqət göstərilməlidir və bu diqqət göstərilir. Bax bu gün həm Heydər Əliyev Mərkəzinin, həm də əsaslı təmirdən sonra fəaliyyətə başlayan mərkəzi xəstəxananın açılışını qeyd edirik. Mənə verilən məlumata görə, mədəniyyət evi də təmir olunubdur, ora da baxacağam. Uzunömürlülər muzeyi yaradılıb. Bu da çox gözəl təşəbbüsdür. Çünki Lerik uzunömürlülər diyarıdır. Yəni, biz bir gündə rayonun inkişafını əks etdirən bir neçə obyektin açılışını bərabər qeyd edəcəyik. Bu, onu göstərir ki, hər bir bölgədə, hər bir rayonda inkişaf üçün imkanlar vardır. Əsas odur ki, iradə olsun, iradə də vardır. Azərbaycanın hərtərəfli və uğurlu inkişafı bölgələrin inkişafından asılıdır.

Bir neçə il bundan əvvəl biz Lənkəran-Lerik yolunun açılışını bərabər qeyd edirdik. Lerik sakinləri yaxşı xatırlayır ki, o yol hansı vəziyyətdə idi. Bərbad vəziyyətdə idi. Çox böyük çətinliklər yaradırdı. Gənclər isə yəqin ki, indi onu xatırlamırlar. Yəni, bu yeni yola öyrəşiblər və bu da təbiidir. Hər bir yenilik, hər bir gözəl təşəbbüs, irəliləyiş gözəl bir şərait yaradır.

Yolun ardınca Lerik rayon mərkəzinə qaz xətti də çəkildi. Heç sovet vaxtında bu zona qazlaşdırılmamışdı. O layihə böyük maliyyə vəsaiti tələb edirdi. Ancaq biz bunu etdik. Çünki Azərbaycanın bütün rayonları qazla təmin edilməlidir. Növbəti mərhələlərdə kəndlərdə qaz təchizatı genişlənməlidir, yeni xətlər çəkilməlidir. Elektrik enerjisi ilə təchizat yaxşılaşır. Düzdür, bəzi hallarda Lerikin hava şəraitinə görə - hava pisləşəndə işıq dirəkləri sıradan çıxır. Ancaq əsas odur ki, bizdə indi kifayət qədər imkanlar var ki, ilk növbədə təmir işlərini sürətlə aparaq. Digər tərəfdən yeni enerji gücləri yaranır. Astarada elektrik stansiyasının tikintisi bütün zona üçün enerji təminatını böyük dərəcədə yaxşılaşdırıb.

Hər halda biz Lerikin timsalında Azərbaycanın sürətli inkişafını çox əyani şəkildə görürük. Biz əldə edilmiş uğurlarla növbəti illərdə kifayətlənməməliyik, irəliyə baxmalıyıq, əlavə hansı tədbirlər görülməlidir. Rayonun potensialı maksimum dərəcədə işə salınmalıdır. Xüsusilə kənd təsərrüfatı, emal və sənaye müəssisələri, turizm imkanları çox genişdir. Bildiyimə görə artıq rayon ərazisində bir neçə turizm mərkəzi yaradılmışdır və Azərbaycanın müxtəlif bölgələrindən istirahət üçün buraya gələnlərin sayı artır. Lerikin çox gözəl təbiəti, təbii sərvətləri, gözəl havası vardır. Yəni, bu, böyük sərvətdir və əlbəttə ki, biz bu imkanlardan - turizm imkanlarından səmərəli şəkildə istifadə etməliyik.

Ümumiyyətlə, ölkəmizdə işlər yaxşı gedir. İslahatlar aparılır. Azərbaycan uğurla inkişaf edir. Bölgələr inkişaf edir. Regional inkişaf proqramı icra edilir və bütün zonaları əhatə edir. Biz bu proqramın növbəti illərdə icrası nəticəsində elə etməliyik ki, ölkə qarşısında duran əsas iqtisadi və sosial məsələlər həll olunsun. Belə imkanlar vardır və bu günə qədərki işlər, onların uğurla icrası belə deməyə əsas verir.

2004-cü ildə regionların inkişafına böyük təkan verən proqram qəbul edildi və icra olundu. Əsas odur ki, proqramda nəzərdə tutulmuş bütün məsələlər son 6 ildə öz həllini tapdı, o cümlədən Lerik rayonunda. Bax burada görülən işlər, həm infrastruktur, yollar, ondan sonra qaz xətləri, səhiyyə ocaqları, məktəblər – onların hamısı regional inkişaf proqramında nəzərdə tutulmuş məsələlər idi. Biz növbəti illərdə fəaliyyətimizi plan üzrə davam etdirəcəyik və kifayət qədər vəsait də nəzərdə tutulub.

Azərbaycanın iqtisadi imkanları yaxşıdır. Mən dəfələrlə demişəm ki, biz öz hesabımıza yaşayırıq. Azərbaycan xalqının zəhməti hesabına yaradılan bu şəraitdən vətəndaşlarımız istifadə edirlər. Ölkəmizin iqtisadi potensialı artacaq, buna şübhə yoxdur. Görülən bütün işlər bu məqsədi güdür. Maliyyə imkanlarımız genişlənəcək və belə olan halda insanlar daha da yaxşı yaşayacaqlar. Pensiyalar, əmək haqları, sosial müavinətlər vaxtında ödənilir və onların həcmi artmalıdır.

Bax belə, mən gəlmişəm ki, sizinlə yenidən görüşüm, bu gözəl tədbirdə bərabər iştirak edək. Sizə ən xoş arzularımı çatdırmaq istəyirəm. Arzu edirəm ki, sizin həyatınızda hər şey yaxşı olsun.

X X X

Lerik rayon sakini, əməkdar müəllim Gültəkin ŞIXƏLİYEVA rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edərək dedi:

- Möhtərəm cənab Prezident, icazə verin, Sizi Lerik ictimaiyyəti adından salamlayım, rayonumuza “Xoş gəlmisiniz” deyim. Bu, Sizin Lerikə üçüncü səfərinizdir. Sizin hər dəfə rayonumuza gəlişiniz Lerikin sosial, iqtisadi və mədəni həyatının inkişafında yeni bir mərhələnin başlanğıcını qoyur.

Cənab Prezident, hamımız bilirik ki, Azərbaycan dövlətinin qazandığı hər bir uğur əbədiyaşar Prezidentimiz, müstəqil Azərbaycan adlı şah əsərini yaratmış ümummilli lider Heydər Əliyev siyasətinin nəticəsidir. Bu, uzun illərə hesablanmış siyasət Sizin tərəfinizdən uğurla davam etdirilərək Azərbaycanımızı daha da inkişaf etdirmiş, qüdrətləndirmiş, zənginləşdirmiş, ölkəmizin hər bir regionunun, o cümlədən rayonumuzun da simasını tamamilə dəyişdirmişdir. Açılışına toplaşdığımız bu gözəl meydan, bu əzəmətli abidə kompleksi, möhtəşəm Heydər Əliyev Mərkəzi buna bariz nümunədir. Leriklilər uzun illər ulu öndərimiz Heydər Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuşlar. Bu gün bu qayğını Siz göstərirsiniz, cənab Prezidentimiz. Lerikin sosial-iqtisadi problemlərinin həll olunması istiqamətində gördüyünüz işlər rayonumuzun simasını tamamilə dəyişmişdir. Əvvəllər problemlər üzündən rayonu tərk edən leriklilər indi Lerikə qayıdırlar, özlərinə yeni evlər tikirlər, həyat şəraitini yaxşılaşdırırlar.

Dağ camaatı qədirbilən olur, cənab Prezidentimiz. Onlar Sizin bu qayğınızı heç vaxt unutmayacaqlar, həmişə Sizə minnətdar olacaqlar. Məhz Sizin göstərişinizlə Lerik-Lənkəran avtomobil yolu, şəhərarası, kəndlərarası yollar tamamilə yenidən qurulmuş, asfaltlaşdırılmışdır. Dörd il bundan öncə Sizin tapşırığınızla rayonumuza təbii qaz çəkildi. İndi Lerik şəhəri tam qazlaşdırılmışdır. İndi hər bir leriklinin evində yanan qaz ona istilik gətirir, qəlbini iftixar hissi ilə doldurur.

Cənab Prezident, bu gün Sizin qayğınızla rayonumuzun bir problemi də öz həllini tapmışdır. Əsaslı təmirdən çıxmış, hər cür müasir tibbi avadanlıqla təmin olunmuş mərkəzi xəstəxanadan rayon sakinləri istifadə edə biləcəklər. Yaxın vaxtlarda şəhər statusu almış Lerik həqiqətən də tanınmaz dərəcədə dəyişmiş, doğrudan da şəhərə çevrilmişdir.

Cənab Prezident, bir təhsil işçisi kimi onu da qeyd etmək istəyirəm ki, Sizin diqqət və qayğınızla son 7 ildə rayonumuzda 22 məktəb binası tikilmiş, 7 məktəbdə əsaslı təmir işləri aparılmışdır. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində rayonumuzda 6 müasir məktəb kompleksi tikilmiş, hər cür avadanlıqla təmin edilmişdir. Fürsətdən istifadə edib, icazənizlə, respublikamızda təhsilin inkişafına, milli və mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və inkişaf etdirilməsində misilsiz xidmətlərinə görə Heydər Əliyev Fondunun prezidenti, çox hörmətli Mehriban xanım Əliyevaya leriklilərin dərin minnətdarlığını çatdırmaq istəyirəm.

Cənab Prezident, biz Sizin uğurla həyata keçirdiyiniz Heydər Əliyev siyasi kursunun təntənəsinə inanırıq. İnanırıq ki, Sizin sayənizdə, rəhbərliyiniz altında dövlətimizin taleyüklü məsələləri yaxın vaxtlarda öz həllini tapacaqdır. Bir daha bütün leriklilər adından Sizə rayonumuza və onun sakinlərinə göstərdiyiniz diqqətə görə dərin minnətdarlığımızı bildirir, ölkəmizin inkişafında, titanik fəaliyyətinizdə Sizə uğurlar diləyirik. Sizə Lerik uzunömürlülüyü, möhkəm cansağlığı diləyirik, cənab Prezidentimiz. Tanrı Sizi qorusun!

X X X

Prezident İlham ƏLİYEV: - Sağ olun, minnətdaram. Sizi əmin edirəm, mən bundan sonra da fəaliyyətimdə əlimdən gələni edəcəyəm ki, Azərbaycanı daha da gücləndirək. Bizim bir məqsədimiz var ki, ölkəmiz daha da güclənsin. Həm dünyadakı mövqelərimiz daha da güclü olsun, həm də ölkə daxilində bütün proseslər müsbət istiqamətdə davam etsin. Bu gün bunu etmək üçün bütün imkanlar vardır. Mən tam əminəm ki, gələcək inkişafımız çox uğurlu olacaqdır. Çünki bunu etmək üçün bütün əsaslar vardır.

Azərbaycan dövlətçiliyi möhkəm təməl üzərində qurulubdur. Baxmayaraq ki, biz müstəqilliyi əldə edəndə gələcək müstəqil həyatımız, demək olar ki, şübhə altında idi. O illəri hamımız yaxşı xatırlayırıq. Həm daxili çəkişmələr, həm Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, vətəndaş müharibəsi, hakimiyyət uğrunda mübarizə - bütün bu hadisələr müstəqilliyimizi sarsıdırdı. Sual yaranırdı ki, Azərbaycan müstəqil ölkə kimi yaşaya biləcək, yoxsa yox? Çünki müstəqilliyimizin əvvəlki dövrlərdə tarixi uzun olmamışdır. Rus imperiyasının dağılmasından sonra 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranmışdı və cəmi iki il yaşadı. Ondan sonra müstəqilliyimiz müxtəlif səbəblər üzündən əlimizdən alındı. Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan yenidən müstəqilliyə qovuşdu. Yenə də iki il keçəndən sonra müstəqilliyimiz şübhə altında idi, əldən gedə bilərdi. Azərbaycan xalqı o vaxt həmişə olduğu kimi, öz müdrik sözünü dedi. Ulu öndəri hakimiyyətə dəvət etdi və 1993-cü ilə qədərki bütün xoşagəlməz hadisələrə onun fəaliyyəti nəticəsində son qoyuldu, sabitlik bərpa olundu, inkişaf başladı.

İndiki dövr o dövrün davamıdır. İndiki dövrün əlbəttə ki, öz xüsusiyyətləri vardır. Çünki həyat yerində durmur, ölkə qarşısına yeni çağırışlar, yeni məsələlər çıxır. Həm beynəlxalq müstəvidə, həm bölgədə yeni hadisələr baş verir. Biz bütün bu hadisələrə hazırıq. Bütün hadisələrə münasibətimizi bildiririk. Ona görə Azərbaycan bu gün beynəlxalq aləmdə çox böyük hörmətə malik olan bir ölkədir. Nəyin hesabına? Ona görə ki, bizim siyasətimiz çox səmimidir, açıqdır və birmənalıdır. İstər daxili, istərsə də xarici siyasətdə bizim öz siyasi xəttimiz vardır. O xətt bizə imkan verir ki, istədiyimizə nail olaq.

Ölkə daxilində gedən proseslər bizi gücləndirir. Əgər güclü iqtisadiyyatımız olmasaydı, biz necə müstəqil siyasət apara bilərdik? Daxili imkanlar səfərbər olundu. Enerji sektorundakı təşəbbüslər real nəticələr verdi. Biz enerji sektorunda əldə edilmiş nailiyyətlərin nəticələrini, yəni maliyyə resurslarını digər sektorlara yönəltdik. Kənd təsərrüfatı, qeyri-neft sektoru, sahibkarlıq, kənd təsərrüfatının müxtəlif istiqamətlərində aparılan islahatlar özünü bu gün göstərir. Ölkəmizin hərtərəfli inkişafına nail ola bildik. Bu proses - ölkəmizin gücləndirilməsi və Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması, bütün sosial məsələlərin həlli davam edəcəkdir.

Bax, bu gözəl xəstəxana indi xidmət göstərəcəkdir. Düzdür, leriklilər çox sağlamdırlar və onların səhhətində heç bir problem yoxdur. Onlar dünya miqyasında məşhurdurlar, uzunömürlüdürlər, – fiziki cəhətdən çox sağlamdırlar. Amma hər ehtimala qarşı xəstəxana da olmalıdır. Burada da bütün lazımi avadanlıq quraşdırılıb. Ən müasir aparatlar, texnika – yəni burada bütün tibbi xidmət göstərilməlidir. Mən tövsiyə edirəm ki, hər bir vətəndaş ildə bir dəfə müayinədən keçsin və beləliklə, biz insanlarımızın sağlamlığını təmin edəcəyik. Uşaqlıq, körpəlik dövründən bu məsələlərə fikir verilməlidir.

Azərbaycanda bu sahədə də böyük işlər görülür. Bütün bölgələrdə müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikilibdir. İndi doğum evlərinin tikintisi sürətlə gedir. Bunun nəticəsində Azərbaycanda uşaq ölümünün səviyyəsi aşağı düşübdür. İnsanlarımızın sağlamlığını təmin edən tədbirlərin sayı çoxdur - həm tibbi xidmət, eyni zamanda, təmiz ekoloji vəziyyət. Leriklilərin bu cəhətdən bəxti gətirib. Onlar çox gözəl təbii şəraitdə yaşayırlar. Ancaq başqa müxtəlif yerlər vardır ki, orada ekoloji vəziyyət o qədər də yaxşı deyil, xüsusilə neftlə çirklənmiş ərazilərdə. Biz indi böyük proqramlar icra edirik ki, çirklənmiş gölməçələri qurudaq, təmizləyək, abadlaşdıraq, Abşeron yarımadasında da ekoloji vəziyyət bizi qane etsin. Bütün işlər görülür. Böyük proqram icra olunur. Həm Xəzər dənizinin təmizlənməsi, kanalizasiya sisteminin quraşdırılması, həm də ağacəkmə kampaniyası davam etdirilir. Azərbaycan əhalisi bu və ya digər bölgədən asılı olmayaraq, təmiz ekoloji şəraitdə yaşamalıdır.

Ona görə bir daha demək istəyirəm ki, bax, bu gün Lerikdə açılan obyektlərin - xəstəxananın, gözəl mərkəzin, muzeyin, mədəniyyət mərkəzinin əhəmiyyəti və kəmiyyəti böyük bir göstəricidir. İndi siz qeyd etdiniz, son illər ərzində 22 məktəb tikilibdir. Bu, böyük bir işdir. Hələ bəlkə 22 məktəb də tikilməlidir. Çünki hələ çox da yaxşı vəziyyətdə olmayan məktəblər vardır. Ancaq son 7 ildə Azərbaycanda iki min məktəb tikilib. Azərbaycanda bütün dövrlərdə cəmi 4500 məktəb tikilibdir. Demək olar ki, əsasən ən bərbad vəziyyətdə olan məktəblər dağıdıldı, yerində yeniləri tikildi. Ancaq hələ ki, qəzalı vəziyyətdə məktəblər vardır. Bütün bu işləri biz plan üzrə aparırıq.

Bölgələrdə tibbi xidmət yaxşılaşdırılır. İndi hər bir bölgədə, rayonlarda gözəl mərkəzlər vardır. İndi tibbi yardım almaq üçün heç yerə getmək lazım deyildir. Bu, hər rayonda olmalıdır. Hər kənddə şərait olmalıdır. Kənd yolları tikilməlidir ki, əhali rahat gedib-gələ bilsin. Hər rayon üzrə konkret proqram vardır. Lerik rayonu üzrə də konkret proqram vardır və dövlət tərəfindən həmişə diqqət göstəriləcəkdir. Əmin ola bilərsiniz ki, mən də həmişə leriklilərə öz diqqətimi əsirgəməyəcəyəm. Bir daha demək istəyirəm ki, Lerikə üçüncü dəfədir, gəlirəm. Bu gözəlliyi görəndə ürəyim sevinir. Bütün uğurlarla sizi təbrik edirəm.

X X X

Sonra rayon ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevlə xatirə şəkli çəkdirdilər.