Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında ƏSASNAMƏ

21 sentyabr 2018, 18:02

Azərbaycan Respublikası Prezidentinin

2018-ci il 21 sentyabr tarixli

Fərmanı ilə təsdiq edilmişdir


1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (bundan sonra - Agentlik) turizm sahəsində, habelə tabeliyindəki dövlət qoruqlarının (bundan sonra - Qoruqlar) ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması sahəsində (bundan sonra – müvafiq sahə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Agentliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.5. Agentliyin saxlanma xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Agentlik Bakı şəhərində yerləşir.

2. Agentliyin fəaliyyət istiqamətləri

2.0. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;

2.0.2. müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirmək;

2.0.3. müvafiq sahədə dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni həyata keçirmək;

2.0.4. turizmin inkişafı məqsədi ilə digər dövlət orqanları, müəssisələri və təşkilatları, habelə fiziki və hüquqi şəxslər, o cümlədən beynəlxalq və qeyri-hökumət təşkilatları arasında əlaqəli fəaliyyəti təmin etmək;

2.0.5. Qoruqların ərazilərindən məqsədyönlü istifadəni təşkil etmək və onların qorunub saxlanılmasını təmin etmək;

2.0.6. milli kulinariya nümunələrinin qorunmasını və təbliğini təmin etmək.

3. Agentliyin vəzifələri

3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır:

3.0.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;

3.0.2. müvafiq sahəyə aid dövlət proqramlarını və inkişaf konsepsiyalarını hazırlayaraq həyata keçirmək;

3.0.3. Azərbaycan Respublikasının müvafiq sahədə tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək;

3.0.4. fəaliyyət istiqamətləri ilə bağlı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək;

3.0.5. gəlmə turizminin və daxili turizmin Azərbaycan Respublikasında inkişafının məqsədli proqramlarını hazırlamaq, ölkə ərazisində turizm infrastrukturunun və sənayesinin, həmçinin Qoruqların inkişafına, turizm zonaları və turizm xidməti sahələrinin yaradılmasına investisiya cəlb olunması üçün müvafiq tədbirlər görmək;

3.0.6. Azərbaycan Respublikasının beynəlxalq səviyyədə turizm mərkəzinə çevrilməsi məqsədi ilə müvafiq təşviqat işini aparmaq;

3.0.7. Azərbaycan Respublikasının turizm brendini formalaşdırmaq və təşviq etmək;

3.0.8. tabeliyindəki qurumlar vasitəsilə turizm xidmətlərinin təkmilləşdirilməsini təmin etmək;

3.0.9. turizm sahəsində mövcud vəziyyətin, gələcək inkişaf istiqamətlərinin, həmçinin perspektivlərinin müəyyən edilməsi üçün elmi tədqiqat və araşdırmalar aparmaq;

3.0.10. turizm sahəsində mövcud vəziyyətin və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə imkan verən məlumatları toplamaq, həmin məlumatlardan istifadəni və onların qanuna uyğun olaraq mühafizəsini təşkil etmək;

3.0.11. turizmdə mövsümilik probleminin regional səviyyədə aradan qaldırılması üçün müvafiq tədbirlər görmək və bu istiqamətdə zəruri xidmət infrastrukturunun təkmilləşdirilməsi barədə təkliflər vermək;

3.0.12. sağlamlıq, idman, dağ və qış turizmi, mədəni, ekstremal, işgüzar, ekoloji turizm, çimərlik, ov turizmi və digər turizm növlərinin inkişafını təmin etmək;

3.0.13. aidiyyəti təşkilatlarla birlikdə turizm regionlarının, turizm-istirahət zonalarının, Qoruqların inkişaf istiqamətlərini və xarici turistlər üçün Azərbaycan Respublikası ərazisində turizm marşrutlarını müəyyən etmək;

3.0.14. əsas turizm bazarlarının müəyyənləşdirilməsi məqsədi ilə bazar araşdırmaları aparmaq, müvafiq ölkə və regionlardan turistlərin cəlb edilməsi üçün təbliğat-təşviqat tədbirləri həyata keçirmək;

3.0.15. Azərbaycan Respublikası regionlarının, ayrı-ayrı şəhərlərinin marketinq və kommunikasiya planlarını hazırlamaq və icrasını təmin etmək;

3.0.16. Azərbaycan Respublikası regionlarının, ayrı-ayrı şəhərlərinin turizm potensialından tam faydalanmaq üçün müvafiq təbliğat-təşviqat tədbirləri görmək;

3.0.17. turizm infrastrukturunun, o cümlədən müvafiq hava, dəniz, avtomobil və dəmir yolları şəbəkəsinin inkişafında iştirak etmək və həmin yollarda xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə aidiyyəti qurumlarla razılaşdırılmış təkliflər vermək;

3.0.18. Xəzər dənizində, habelə onun Bakı akvatoriyasında dəniz sərnişindaşıma xidmətlərinin inkişafını aidiyyəti qurumlarla birlikdə təmin etmək;

3.0.19. Agentliyin tabeliyində olan təhsil müəssisələrinin fəaliyyətinə nəzarəti həyata keçirmək, turizm sahəsində peşə təhsili üzrə istiqamətlərin və ixtisasların müəyyən edilməsi ilə bağlı təkliflər vermək;

3.0.20. turizm sahəsində təhsil proqramlarına investisiya qoyuluşunu təşviq etmək;

3.0.21. turizm xidmətlərinin keyfiyyətini artırmaq məqsədi ilə peşəkar kadrların hazırlanmasında iştirak etmək;

3.0.22. turizm sahəsində standartlaşdırma və sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsində iştirak etmək;

3.0.23. turist məmnunluğunun artırılması məqsədi ilə aidiyyəti qurumlarla birlikdə turizmin keyfiyyət sisteminin yaradılmasını təmin etmək;

3.0.24. turizm sahəsinin sürətli inkişafını təmin edəcək innovasiyaların tətbiqini təmin etmək;

3.0.25. turizm sahəsində sahibkarlığın inkişafına dair tədbirlər görmək;

3.0.26. dənizkənarı ərazilərə turistlərin cəlb olunması üçün müvafiq infrastrukturun yaradılmasına dair təkliflər vermək;

3.0.27. turizm və rekreasiya zonalarının hüdudları daxilində baş inkişaf planlarına daxil olan turizm xidməti obyektlərinin tikintisi üzrə investisiya təşviqi sənədinin verilməsi üçün rəy vermək;

3.0.28. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə turizm nümayəndələrinin təyin olunması barədə təklif vermək və həmin nümayəndələrin fəaliyyətini təşkil etmək;

3.0.29. respublika ərazisində təşkil olunan beynəlxalq elmi, mədəni, idman və digər tədbirlərdə ölkənin turizm potensialını təbliğ və təşviq etmək, bu istiqamətdə fəaliyyətini aidiyyəti qurumlarla koordinasiya etmək;

3.0.30. turizm və rekreasiya zonalarının yaradılması üçün təklif vermək və onların idarə olunmasını təmin etmək;

3.0.31. Qoruqların ərazilərində qanunla onun səlahiyyətinə aid edilmiş dövlət nəzarətini həyata keçirmək;

3.0.32. Qoruqların ərazilərində yerləşən və turizm baxış obyektləri olan mədəni, təbii və tarixi irsdən səmərəli istifadəni təşkil etmək;

3.0.33. Qoruqların ərazilərində yerləşən dövlət və ya bələdiyyə mülkiyyətində olan ölkə və yerli əhəmiyyətli daşınmaz memarlıq abidələri, xüsusi mülkiyyətdə olan daşınmaz abidələr və onların ayrı-ayrı hissələri (arxeoloji abidələr istisna olmaqla) müqavilə əsasında elmi, mədəni, dini məqsədlər, xidmət və turizm məqsədləri üçün icarəyə verilərkən onlardan istifadə proqramına, uyğunlaşdırma və bərpa layihələrinə dair razılıq vermək;

3.0.34. Qoruqların ərazilərində dövlət mülkiyyətində olan yerli əhəmiyyətli memarlıq abidələrinin özəlləşdirilməsinə razılıq vermək;

3.0.35. Qoruqların ərazilərində mühafizə rejiminin pozulmasının qarşısını almaq;

3.0.36. Qoruqların ərazilərində yerləşən abidələrin mülkiyyətçisi və ya istifadəçisi ilə həmin abidənin qorunmasına dair mühafizə müqavilələri bağlamaq;

3.0.37. Qoruqların ərazisində abadlıq və abidələrin mühafizə zonalarında yenidənqurma işlərinin aparılmasına razılıq vermək;

3.0.38. Qoruqların ərazilərində qanuna uyğun olaraq icazə verilən arxeoloji işləri qeydə almaq, abidələrin öyrənilməsinə, arxeoloji qazıntı aparılmasına nəzarət etmək;

3.0.39. Qoruqların ərazilərində abidələrin mühafizə zonalarını müəyyən etmək, Qoruqların mühafizə zonaları barədə məlumatları torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil olunması üçün təqdim etmək;

3.0.40. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Qoruqlarda tarix və mədəniyyət abidələrinin ərazilərində və onların mühafizə zonalarında, memarlıq abidələrinin (binalarının) dam hissəsində reklam daşıyıcılarının yerləşdirilməsinə razılıq vermək;

3.0.41. Qoruqların ərazilərində tarix və mədəniyyət abidələrindən istifadə rejimini təmin etmək, tarix və mədəniyyət abidələrinin mühafizəsi qaydalarını pozmuş hüquqi və fiziki şəxslərin məsuliyyətə cəlb edilməsi üçün tədbir görmək;

3.0.42. Qoruqların ərazilərində dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə aid yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və ya qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə razılıq vermək;

3.0.43. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq, Qoruqların ərazilərində dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarında tikintiyə icazə verilməsinə razılıq vermək;

3.0.44. Qoruqların ərazilərində xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar konservasiya, təmir, bərpa, rekonstruksiya və regenerasiya işlərinin həyata keçirilməsinə razılıq vermək və gedişinə nəzarət etmək;

3.0.45. Qoruqların ərazilərində yerləşən tarix və memarlıq abidələrinin və tikililərin inventarlaşmasını aparmaq, səlahiyyətləri daxilində texniki pasportlaşmanı həyata keçirmək və abidələrin əhəmiyyət dərəcələrinə aid müvafiq siyahılar barədə təkliflər vermək;

3.0.46. Qoruqların ərazilərində turizmi inkişaf etdirmək, turist marşrutlarını müəyyən etmək və bununla bağlı infrastrukturun yaradılmasını, idarə edilməsini və mühafizəsini təşkil etmək;

3.0.47. Azərbaycan Respublikasında milli kulinariya nümunələrinin sistemləşdirilməsini, qorunmasını, təbliğini və milli mədəni irsə aid edilməsini təmin etmək;

3.0.48. digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı işini, həmçinin müvafiq sahədə fəaliyyət göstərən qurumların, birliklərin, hüquqi şəxslərin fəaliyyətini əlaqələndirmək;

3.0.49. müvafiq sahədə beynəlxalq əlaqələrin koordinasiyasını həyata keçirmək, sahə üzrə beynəlxalq qurumlara üzv olmaq və müvafiq beynəlxalq sənədlərin imzalanmasına dair təkliflər vermək;

3.0.50. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

4. Agentliyin hüquqları

4.0. Öz vəzifələrini həyata keçirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:

4.0.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

4.0.2. müvafiq sahə üzrə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

4.0.3. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.4. müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin turizm sahəsində təcrübəsini öyrənmək;

4.0.5. aidiyyəti qurumlarla statistik məlumatları mübadilə etmək, bazar araşdırması aparmaq, fəaliyyət istiqamətləri üzrə digər məqsədlərə çatmaq üçün qanuna uyğun olaraq məlumat toplamaq, həmin məlumatları təhlil etmək və onlardan istifadə etmək;

4.0.6. fəaliyyət istiqamətlərinə uyğun rəy və təkliflər vermək, təhlillər, ümumiləşdirmələr və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq;

4.0.7. məsləhətçiləri (məsləhətçi şirkətləri), müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

4.0.8. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

4.0.9. istifadəsində olan dövlət əmlakına dair hüquqları həyata keçirmək;

4.0.10. aidiyyəti dövlət qurumlarının və təşkilatların mütəxəssislərini cəlb etməklə, fəaliyyət istiqamətlərinə uyğun idarələrarası komissiyalar, koordinasiya və ekspert şuraları, komissiyalar və işçi qruplar yaratmaq, müvafiq sahəyə dair metodik materiallar və tövsiyələr hazırlamaq;

4.0.11. turizm sahəsinin inkişafı üçün dövlət vəsaitinin, beynəlxalq qrantların və kreditlərin ayrılmasına dair təkliflər vermək, onlardan təyinatı üzrə istifadəyə digər qurumlarla birlikdə səlahiyyətləri çərçivəsində nəzarət etmək;

4.0.12. mehmanxanalarda, mehmanxana tipli obyektlərdə və digər turizm obyektlərində monitorinqlər keçirmək;

4.0.13. turizm obyektlərində xidmət keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq sənədlər vermək;

4.0.14. dövlət-özəl sektor tərəfdaşlığı prinsipinə əsasən layihələr həyata keçirmək;

4.0.15. Qoruqların ərazilərində yerləşən, dövlət və bələdiyyə mülkiyyətində olan abidələrin konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası haqqında qərar qəbul etmək;

4.0.16. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. Agentliyin fəaliyyətinin təşkili

5.1. Agentliyin Aparatı və onun strukturuna daxil olan qurumlar, tabeliyindəki digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.), habelə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti Agentliyin vahid sistemini təşkil edir. Agentlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

5.2. Agentliyin strukturunu, Agentliyin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həddini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və s.) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

5.3. Agentliyə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr rəhbərlik edir. Agentliyin sədri Agentliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.4. Agentlik sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır. Agentlik sədrinin müavini sədrin ona həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.

5.5. Agentliyin sədri:

5.5.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Agentliyi təmsil edir;

5.5.3. Agentliyin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələrini Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi qurumlar istisna olmaqla), tabeliyindəki qurumların əsasnamələrinin təsdiqi barədə, həmçinin bu Əsasnamənin 5.9-cu bəndində Agentliyin Kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə qərar formasında normativ hüquqi aktlar qəbul edir;

5.5.4. Agentliyin tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini təsdiq edilmək üçün təqdim edir;

5.5.5. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

5.5.6. Agentliyə aid edilmiş məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər verir;

5.5.7. Apellyasiya Şurasının sədrini, habelə Apellyasiya Şurası sədrinin təqdimatı (təklifi) əsasında Apellyasiya Şurasının digər üzvlərini, Katibliyin rəhbərini və tərkibini təsdiq edir;

5.5.8. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət orqanları, idarə, müəssisə və təşkilatları, hüquqi və fiziki şəxsləri ilə, habelə beynəlxalq təşkilatlarla münasibətlərdə Agentliyi təmsil edir, danışıqlar aparır, verilmiş səlahiyyətlər daxilində müvafiq beynəlxalq sənədləri imzalayır;

5.5.9. Agentliyin Aparatının işçilərini, Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi hallar istisna olmaqla, Agentliyin strukturuna daxil olan qurumların rəhbərlərini və onların müavinlərini, işçilərini, Agentliyin nomenklaturuna daxil olan digər işçiləri vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.5.10. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar xüsusi vəsaitin sərəncamçısı olaraq, maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;

5.5.11. Agentliyin işçiləri üçün əmr və göstərişlər verir;

5.5.12. əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Agentlikdə qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

5.5.13. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

5.5.14. Agentlikdə vətəndaşların qəbulunu və müraciətlərinə baxılmanı təmin edir;

5.5.15. Agentliyin fəaliyyəti barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi olaraq hesabat verir;

5.5.16. dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir.

5.6. Agentlikdə sədrdən (Kollegiyanın sədri), sədrin müavinindən, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktorundan və Agentliyin rəhbər işçilərindən ibarət Kollegiya yaradılır. Agentliyin Kollegiyasının tərkibinə mütəxəssislər və alimlər də daxil edilə bilərlər.

5.7. Agentliyin Kollegiyası üzvlərinin sayını və Kollegiyanın tərkibini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

5.8. Agentliyin Kollegiyası öz iclaslarında Agentliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.

5.9. Agentliyin Kollegiyası qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:

5.9.1. Agentliklə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktları;

5.9.2. qəbul edilməsini Azərbaycan Respublikası Prezidentinin Agentliyə tapşırdığı konkret normativ hüquqi aktları;

5.9.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktları;

5.9.4. aidiyyəti dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktları;

5.9.5. sədrin təşəbbüsü ilə Agentliyin Kollegiyasının müzakirəsinə çıxarılan, bu Əsasnamənin 5.5.3-cü yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktları;

5.9.6. Agentliyin Kollegiyasının bu Əsasnamənin 5.9.1–5.9.5-ci yarımbəndlərinə uyğun olaraq qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişiklik edilməsi barədə normativ hüquqi aktları.

5.10. Agentliyin Kollegiyasının iclasları Kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Kollegiyanın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Kollegiyanın qərarı qəbul edilərkən səslər bərabər olarsa, Kollegiya sədrinin səsi həlledici sayılır.

5.11. Agentliyin Kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda sədr bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Agentliyin Kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.

5.12. Agentliyin Kollegiyasının iclaslarına digər icra hakimiyyəti orqanlarının və təşkilatların, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri də dəvət edilə bilərlər.

5.13. Sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin öz sahibkarlıq fəaliyyəti ilə bağlı Agentliyin və ya onun struktur (yerli) qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”də nəzərdə tutulmuş hallar istisna olmaqla) təkrar şikayətlərinə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə baxmaq məqsədi ilə Agentlikdə ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən və kollegial orqan olan Apellyasiya Şurası yaradılır.