Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 12 sentyabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” (bundan sonra – Qaydalar) “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 mart tarixli 1885 nömrəli Fərmanının 1.6-cı bəndinə əsasən hazırlanmışdır və dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi qaydasını, o cümlədən məlumatların mübadiləsi mexanizmini müəyyən edir.
1.2. Bu Qaydaların məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. dövlət informasiya ehtiyatı – mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər, həmçinin yerli özünüidarəetmə orqanları (bundan sonra – qurumlar) tərəfindən formalaşdırılan elektron sənədlər və ya sənədlər toplusundan (sənədləşdirilmiş informasiyadan) ibarət məlumat bazaları, reyestrlər və digər informasiya resursları;
1.2.2. dövlət informasiya sistemi – qurumlar tərəfindən formalaşdırılan, informasiya proseslərinin (informasiyanın yaradılması, yığılması, işlənməsi, saxlanması, axtarışı) həyata keçirilməsini təmin edən dövlət informasiya ehtiyatlarının, texniki və proqram vasitələrinin nizamlanmış məcmusu;
1.2.3. dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılması – dövlət informasiya ehtiyatının və sisteminin yaradılması, həmçinin formalaşdırılması, genişləndirilməsi, bölünməsi və ya birləşdirilməsi üzrə layihənin hazırlanması (təsdiqlənməsi), texniki və proqram vasitələr toplusunun təşkil edilməsi, onların istismardan əvvəlki sınaqlarının aparılması, istismara verilməsi, dövlət qeydiyyatına alınması və dövlət reyestrinin aparılması;
1.2.4. dövlət informasiya sisteminin aparılması – dövlət informasiya sistemində olan informasiya ehtiyatlarında informasiya proseslərinin həyata keçirilməsi, informasiya ehtiyatından istifadənin və informasiya sisteminin fəaliyyətinin təmin edilməsi və təkmilləşdirilməsi üçün tədbirlərin görülməsi;
1.2.5. informasiya prosesləri – dövlət informasiya sistemində olan informasiya ehtiyatlarında məlumatların toplanılması, axtarılması, təhlili, emalı, mühafizəsi və ötürülməsi ilə bağlı fəaliyyət;
1.2.6. dövlət informasiya ehtiyatının və sisteminin inteqrasiyası – dövlət informasiya ehtiyatının və sisteminin səmərəli təşkili və istifadəsi, informasiyanın ilkin mənbədən əldə edilməsi və təkrarçılığın aradan qaldırılması üçün mübadiləsinin təmini məqsədi ilə informasiya ehtiyatları və sistemləri arasında qarşılıqlı əlaqələrin yaradılması;
1.2.7. dövlət informasiya ehtiyatının arxivləşdirilməsi – bu Qaydalarda müəyyən edilən hallarda dövlət informasiya ehtiyatının və ya onun bir hissəsini təşkil edən informasiyanın dəyişiklik olunmadan, qanunvericiliklə müəyyən edilən müddətə saxlanılması;
1.2.8. dövlət informasiya ehtiyatının və sisteminin sahibi – normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət informasiya ehtiyatı və sistemi üzərində sahiblik və istifadə hüququnu həyata keçirən, qanunvericiliyə müvafiq qaydada dövlət informasiya ehtiyatı və sisteminin aparılmasını təmin edən qurum;
1.2.9. dövlət informasiya ehtiyatının və sisteminin operatoru – dövlət informasiya ehtiyatının və sisteminin sahibi və ya onun bu sahədə fəaliyyətinin həyata keçirilməsi üzrə hüquq və vəzifələrini normativ hüquqi aktlarla müəyyən edilən həcmdə və şərtlərlə həvalə etdiyi qurum;
1.2.10. dövlət informasiya sisteminin iştirakçısı — dövlət informasiya sisteminin informasiya proseslərində iştirak edən qurum;
1.2.11. dövlət informasiya ehtiyatının istifadəçisi – normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada müvafiq informasiya ehtiyatından informasiya əldə etmə və ya informasiyadan istifadə hüququ verilmiş dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və ya fiziki şəxslər;
1.2.12. əsas dövlət informasiya ehtiyatı və sistemi – Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, qanunlar, Azərbaycan Respublikası Prezidentinin aktları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktları ilə yaradılan, qurumlar tərəfindən dövlət xidmətlərinin göstərilməsi, funksiyalarının həyata keçirilməsi üçün nəzərdə tutulan informasiya ehtiyatı və sistemi;
1.2.13. yardımçı dövlət informasiya ehtiyatı və sistemi – qurumların sahibi və istifadəçisi olduğu, həmin qurumların daxili fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan informasiya ehtiyatı və sistemi;
1.2.14. informasiyanın ilkin mənbəyi – informasiyanın ilk formalaşdığı və saxlanıldığı informasiya ehtiyatı və sistemi;
1.2.15. İnformasiya Mənbələrinin Reyestri (bundan sonra - İMR) – informasiya mübadiləsinin təşkili üçün fiziki və hüquqi şəxslər ilə bağlı informasiyanın (o cümlədən elektron sənədin) yaradıldığı və saxlanıldığı ilkin mənbələr, həmin mənbələrdən istifadə edən qurumlar, bu Qaydaların 3.2-ci bəndində müəyyən edilən məsul şəxslər, onlara verilən hüquqlar və onların sistemdə fəaliyyət dövrü haqqında məlumatları ehtiva edən informasiya ehtiyatı;
1.2.16. Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) – qurumların informasiya ehtiyatlarının və sistemlərinin əlaqələndirilməsini, həmin ehtiyat və sistemlərdə olan sənədlərin, habelə informasiyanın qanunla müəyyən edilmiş qaydada əldə edilməsini, elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada təqdim olunmasını və istifadəçilərin onlardan istifadəsini təmin edən dövlət informasiya sistemi.
1.3. Bu Qaydalarda istifadə olunan digər anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunları, eləcə də Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
1.4. Dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası, arxivləşdirilməsi və effektiv idarə edilməsi sahəsində koordinasiyanın, əməli və metodiki rəhbərliyin həyata keçirilməsi, informasiyanın ilkin mənbəyinin müəyyən edilməsi, belə mənbələrin elektron reyestrinin təşkili və aparılması, informasiya mübadiləsinin təşkili Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (bundan sonra – Əlaqələndirici qurum) tərəfindən təmin edilir.
1.5. Bu Qaydalar əldə edilməsi məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə həmin sahəni tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq edilir.
1.6. Normativ hüquqi aktların tələblərinə uyğun yaradılmış dövlət informasiya ehtiyatı, eyni zamanda, kağız daşıyıcılar üzərində aparıla bilər.
1.7. Dövlət informasiya ehtiyatlarında və sistemlərində yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.
2. Dövlət informasiya ehtiyatı və sisteminin formalaşdırılmasının ümumi prinsip və tələbləri
2.1. Dövlət informasiya ehtiyatı və sistemi qurumların hüquqlarının həyata keçirilməsi, funksiyalarının və vəzifələrinin icrası və ya elektron xidmətlərin təşkili məqsədilə aşağıdakı prinsiplər nəzərə alınmaqla formalaşdırılır:
2.1.1. mötəbərlik – dövlət informasiya ehtiyatında saxlanılan məlumatların həqiqiliyini təsdiqləyən və yoxlanılmasına imkan verən mexanizmlərin təmin edilməsi;
2.1.2. unikallıq – dövlət informasiya ehtiyatları və sistemlərində eyni informasiyanın təkrar yaradılmasının yolverilməzliyi, informasiyanın ilkin mənbə hesab edilən dövlət informasiya ehtiyatları və sistemlərində bir dəfə yaradılması və digər informasiya sistemləri və ehtiyatlarının inteqrasiya vasitəsilə bu ilkin mənbədən informasiyanı əldə etməsi və ondan istifadə etməsi;
2.1.3. dayanıqlılıq – dövlət informasiya ehtiyatı və sisteminin fasiləsiz işləməsinin təmin edilməsi;
2.1.4. təhlükəsizlik – sertifikatlaşdırılmış proqram təminatından və proqram-texniki vasitələrdən istifadə edilməsi, məlumatlarla, o cümlədən fərdi məlumatlarla bağlı informasiya mübadiləsi zamanı normativ hüquqi aktların tələblərinə riayət edilməsi, təşkilati, texniki və texnoloji tədbirlər həyata keçirməklə informasiyanın mühafizəsinin təmin edilməsi;
2.1.5. modulluq və miqyaslılıq – mövcud informasiya sistemində ciddi dəyişikliklər edilmədən proqram-texniki komponentlərin inkişaf etdirilməsi;
2.1.6. inteqrasiya imkanı – informasiyanı digər dövlət informasiya ehtiyatı və sistemi ilə mübadilə etmək imkanının olması;
2.1.7. effektivlik – formalaşdırılan dövlət informasiya ehtiyatı və sisteminin təyinatı üzrə tələblərə cavab verməsi;
2.1.8. səmərəlilik – mümkün qədər az resurs istifadə edilməklə nəzərdə tutulan nəticənin əldə olunması.
2.2. Dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılması bu Qaydalara uyğun olaraq və beynəlxalq standartlar və Azərbaycan Respublikasının bu sahədə qəbul olunmuş normativ hüquqi aktları nəzərə alınmaqla həyata keçirilir.
2.3. Dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılmasına Əlaqələndirici qurumun və digər qurumların təklifləri əsasında başlanılır. Bu məqsədlə hazırlanan layihələr (hüquqi akt layihələri, konsepsiyalar, strategiyalar, tədbirlər planları və s.) Əlaqələndici qurumun texniki və səmərəlilik baxımından məqsədəuyğunluğu haqqında müsbət rəyi əlavə edilməklə normayaratma orqanına təqdim edilir.
2.4. Qurumların təklifinə əsasən dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılması ilə bağlı layihənin hazırlanması Əlaqələndirici qurumla birgə həyata keçirilə bilər.
2.5. Dövlət informasiya ehtiyatının və sisteminin fəaliyyətini tənzimləyən (əsasnamə) hüquqi aktla aşağıdakılar müəyyən olunur:
2.5.1. informasiya ehtiyatının və ya sisteminin adı, strukturu;
2.5.2. formalaşdırılma məqsədi və müddəti;
2.5.3. sahibinin və operatorunun adı, hüquqları, vəzifələri və funksiyaları;
2.5.4. funksionallığa dair tələblər;
2.5.5. fərdi məlumatların işlənilmə məqsədi və nəzərdə tutulan üsulları (fərdi məlumatların informasiya sistemi üçün);
2.5.6. maliyyələşdirilmə mənbələri;
2.5.7. informasiya ehtiyatına və sisteminə daxil edilən informasiyanın tərkibi, informasiyanın növü, informasiyadan istifadə qaydaları, o cümlədən belə məlumatların istifadəçilərinin dairəsi;
2.5.8. informasiya sistemi vasitəsilə sorğu edilən məlumatların tərkibi;
2.5.9. inteqrasiya imkanları;
2.5.10. informasiya ehtiyatından və sistemindən məlumat almağa görə ödəniş qaydası, o cümlədən belə ödənişlərdən azadolma halları.
2.6. Dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılması onların sahibləri, operatorları və ya müqavilə əsasında qeyd edilən sahə üzrə ixtisaslaşmış hüquqi şəxslər tərəfindən həyata keçirilir.
2.7. Bu Qaydaların 2.6-cı bəndində qeyd edilən subyektlər müəyyən edilən müddətdə layihə üzrə nəzərdə tutulan işlərin görülməsini tamamlayır və istismara verilməzdən əvvəl Əlaqələndirici qurumun iştirakı ilə dövlət informasiya ehtiyatının və sisteminin sınağını həyata keçirir.
2.8. Sınaq müddəti ərzində hər hansı problem aşkar edilmədikdə və ya aşkar edilən problemlər aradan qaldırıldıqdan sonra dövlət informasiya ehtiyatı və sistemi istismara verilir. Əlaqələndirici qurum istismara verilən dövlət informasiya ehtiyatı və sistemi haqqında məlumatları həmin informasiya ehtiyatının və sisteminin dövlət qeydiyyatına alınması məqsədilə “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə (bundan sonra – Reyestr) daxil edir.
2.9. Əsas dövlət informasiya ehtiyatının və dövlət informasiya sisteminin istifadəyə verilməsi həmin informasiya ehtiyatı və sistemi Reyestrə daxil edildikdən və EHİS-ə inteqrasiya edildikdən sonra həyata keçirilir.
2.10. "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların informasiya sistemləri Reyestrə daxil edildikdən sonra onlarda fərdi məlumatların toplanılmasına və işlənilməsinə yol verilir.
2.11. Vətəndaşlara xidmət göstərilməsi üçün formalaşdırılan dövlət informasiya ehtiyatının və sisteminin sahibi istismara verilmə ilə bağlı ictimaiyyəti məlumatlandırır.
2.12. Dövlət informasiya sistemlərinin tərkibində bir neçə dövlət informasiya ehtiyatı və altsistem yaradıla bilər.
2.13. Digər qurumların informasiya ehtiyatında mövcud olan informasiya ilə eyni olan informasiyanı yaratmaq məqsədilə yeni dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılmasına yol verilmir.
2.14. İki və ya daha çox qurum tərəfindən istifadəsi nəzərdə tutulan bütün yardımçı dövlət informasiya ehtiyatları Əlaqələndirici qurum tərəfindən vahid texniki baza və platformada qurulur.
2.15. Dövlət informasiya ehtiyatının və sisteminin genişləndirilməsi, bölünməsi və ya birləşdirilməsi bu Qaydaların 2.6 – 2.12-ci bəndlərinə uyğun olaraq həyata keçirilir və Reyestrdə müvafiq dəyişikliklər aparılır.
3. Dövlət informasiya ehtiyatının və sisteminin aparılması
3.1. Dövlət informasiya ehtiyatının və sisteminin normativ hüquqi aktlara uyğun olaraq aparılmasına nəzarət həmin informasiya ehtiyatının və sisteminin sahibi və operatoru tərəfindən həyata keçirilir.
3.2. Dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılmasında, aparılmasında və texniki dəstək verilməsində iştirak edən şəxslər, o cümlədən ona məlumat daxil etmək səlahiyyəti verilən məsul şəxslər barədə məlumatlar, onlara verilən hüquqlar və onların sistemdə fəaliyyət dövrü haqqında məlumatlar informasiya sisteminin sahibi və operatoru tərəfindən İMR-ə ötürülür.
3.3. Dövlət informasiya ehtiyatının və sisteminin aparılması, onlara giriş, informasiyanın daxil edilməsi və dəyişdirilməsi hər mərhələdə mötəbərliyi təmin etmək üçün sahibin və ya operatorun müəyyən etdiyi məsul şəxsin gücləndirilmiş elektron imzasından istifadə olunmaqla təsdiq edilir.
3.4. Dövlət informasiya ehtiyatının və sisteminin aparılmasında aşağıdakı tələblərə riayət edilməlidir:
3.4.1. məlumatların mötəbərliyinin informasiya sistemi tərəfindən nəzarətdə saxlanılması və mütəmadi (dövri) yoxlanılması imkanları təmin olunmalıdır;
3.4.2. qanunsuz daxilolma və saxtalaşdırma hallarının qarşısı alınmalı, giriş və əməliyyat tarixçələri (loqları) saxlanmalıdır;
3.4.3. fəaliyyətin fasiləsizliyi təmin edilməli, dayanma hallarının qeydiyyatı aparılmalı, mütəmadi texniki dəstək fəaliyyəti həyata keçirilməlidir;
3.4.4. fərdi məlumatların toplanılması və işlənilməsi "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilməlidir;
3.4.5. informasiya ehtiyatında və sistemində dəyişikliklər müvafiq qeydlər edilməklə aparılmalı, belə qeydlərin edilməsinə əsas olan sənədlər isə müvafiq sənədlər qovluğuna daxil edilməlidir;
3.4.6. arxivləşməyə hazırlığın (arxiv qeydi aparılmaqla) avtomatlaşdırılmış qaydada həyata keçirilməsi təmin edilməlidir;
3.4.7. informasiya ehtiyatının və sisteminin ehtiyat mərkəzi mövcud olmalı, formalaşdırılan, daxil edilən və yığılan məlumatların əlavə nüsxələri ehtiyat mərkəzlərdə saxlanılmalı, mütəmadi yenilənməli və sistemin bərpası tələb olunduqda istifadə edilmək üçün hazır olmalıdır;
3.4.8. informasiya ehtiyatının və sisteminin aparılması ilə bağlı iş və vəzifələrin bölgüsü müəyyən edilməli, əməkdaşlar görəcəkləri işlər barədə məlumatlandırılmalıdırlar;
3.4.9. inkişaf strategiyası hazırlanmalı, fəaliyyət dövründə təkmilləşmə ilə bağlı əlavələr edilməlidir;
3.4.10. təhlükəsizlik qaydaları hazırlanmalı, fəaliyyətə təsir edən amillər təhlil edilməli, ehtiyat plan hazırlanmalıdır;
3.4.11. risklər təhlil edilməli, habelə risklərin idarə edilməsi, böhran və bərpa planları hazırlanmalıdır;
3.4.12. fəaliyyətin mütəmadi monitorinqi həyata keçirilməli, mütəmadi auditin, o cümlədən elektron auditin keçirilməsi nəzərdə tutulmalıdır.
3.5. Dövlət informasiya sistemində olan ehtiyatlara informasiyanın daxil edilməsində aşağıdakı tələblərə riayət edilməlidir:
3.5.1. dövlət informasiya ehtiyatına daxil edilən məlumatlar dürüst, dəqiq və tam olmalıdır;
3.5.2. dövlət informasiya ehtiyatına məlumatlar səlahiyyətli qurumlar tərəfindən gücləndirilmiş elektron imzadan və ya digər elektron eyniləşdirmə vasitələrindən istifadə etməklə daxil olunmalı və təsdiqləyən şəxsin gücləndirilmiş elektron imzası ilə imzalanmalıdır;
3.5.3. dövlət informasiya ehtiyatına daxil edilən informasiya həmin ehtiyatın fəaliyyət sahəsinə uyğun olmalıdır;
3.5.4. informasiya ilkin mənbədən əldə edilməlidir, dövlət informasiya ehtiyatına eyni informasiya təkrar daxil edilməməli və ilkin mənbəyi müəyyən edilmiş informasiya təkrar formalaşdırılmamalıdır;
3.5.5. dövlət informasiya ehtiyatında saxlanılan məlumatların aktuallığı təmin edilməlidir;
3.5.6. yeni yaradılan informasiyanın (cədvəl, sütun və s.) ilkin mənbəyi Əlaqələndirici qurum tərəfindən müəyyən edilməli və digərləri tərəfindən informasiya həmin mənbədən əldə edilməlidir.
3.6. Dövlət informasiya ehtiyatına və sisteminə onun sahibinin normativ hüquqi aktlarla müəyyən edilmiş səlahiyyətlərinə aid olmayan informasiyanın daxil edilməsi qadağandır.
3.7. Dövlət informasiya ehtiyatına və sisteminə yalnız sistemin fəaliyyətini və ya onun funksionallığını təmin etmək məqsədi ilə əlavə məlumatlar daxil edilir.
3.8. Dövlət informasiya ehtiyatı və sistemindəki məlumatlardan istifadə normativ hüquqi aktlara uyğun qaydada həyata keçirilir.
3.9. Dövlət informasiya ehtiyatının və sisteminin sahibi və ya operatoru informasiya ehtiyatından və sistemindən istifadəni (o cümlədən informasiyanın axtarılması və əldə edilməsini) hüquqi aktlarla müəyyən edilmiş səviyyədə, həcmdə və vaxtda təmin etməlidir.
3.10. Açıq informasiya əsasında qurulmuş informasiya xidmətlərinin təmin olunması üçün müvafiq informasiya ehtiyatında və sistemində ümumi istifadəli hissə yaradılır.
3.11. Dövlət informasiya ehtiyatının və sisteminin sahibi, operatoru və Əlaqələndirici qurum informasiya ehtiyatından və sistemindən birgə və səmərəli istifadə imkanlarının artırılması məqsədi ilə texniki və təkmilləşdirici tədbirlər həyata keçirir.
3.12. İstifadəçilərin onlar haqqında dövlət informasiya ehtiyatlarında toplanan məlumatlardan istifadə barədə məlumatı (qanunvericiliklə müəyyən edilən hallar istisna olmaqla) əldə etməsi (tanış olması) üçün EHİS vasitəsilə müvafiq imkan yaradılır.
3.13. İstifadəçilərə onlar haqqında dövlət informasiya ehtiyatında və sistemində olan məlumatlarda dəyişiklik olunmasını təklif etmək imkanı EHİS vasitəsilə yaradılır. Təklif edilən dəyişikliklər dövlət informasiya ehtiyatının və sisteminin sahibləri və ya operatorları tərəfindən yoxlanılıb təsdiq olunduqdan sonra dövlət informasiya ehtiyatına və sisteminə daxil edilir.
3.14. Əldə olunması qanunla məhdudlaşdırılan, o cümlədən xidməti istifadə üçün nəzərdə tutulan informasiyadan yalnız müvafiq normativ hüquqi aktlara uyğun şəkildə istifadə edilir.
3.15. Azərbaycan Respublikasının normativ hüquqi aktlarında başqa hallar nəzərdə tutulmadıqda, dövlət informasiya ehtiyatından istifadəçilərə verilmiş elektron sənəd möhürlə təsdiq edilmiş, əl imzası ilə imzalanmış sənədlə bərabər hüquqi qüvvəyə malikdir.
3.16. Dövlət informasiya ehtiyatının və sisteminin sahibi və ya operatoru mühafizə ilə bağlı normativ hüquqi aktlarda müəyyən edilmiş zəruri təşkilati, texniki tədbirləri görür, sistemdə formalaşdırılan, daxil edilən və yığılan məlumatların aktual, təhlükəsiz şəraitdə saxlanılmasına və mühafizəsinə görə məsuliyyət daşıyır.
3.17. Dövlət informasiya ehtiyatında və sistemində məlumatların toplanılması, işlənilməsi, sorğuların verilməsi və icrası, müraciətlərin qeydiyyatının və baxılmasının nəticələri, habelə informasiya sisteminin idarə olunması və mühafizəsi ilə bağlı əməliyyat tarixçələrinin elektron nəzarət-audit jurnallarında toplanılması (hesabatlılığı) onun sahibi və ya operatoru tərəfindən təmin olunur.
3.18. Dövlət informasiya ehtiyatında və sistemində fərdi məlumatların toplanılması, işlənilməsi, yayılması və verilməsi zamanı həmin fərdi məlumatların və müvafiq informasiya sistemlərinin mühafizəsinə nəzarət “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu və ona uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada həyata keçirilir.
4. Dövlət informasiya ehtiyatlarının və sistemlərinin inteqrasiyası və məlumat mübadiləsinin təşkili
4.1. Dövlət informasiya ehtiyatının və sisteminin sahibi və ya operatoru normativ hüquqi aktlarla müəyyən edilən hüquqlarının həyata keçirilməsi, dövlət xidmətləri göstərilməsi, vəzifələrinin və ya funksiyalarının icrası zamanı tələb olunan məlumatları inteqrasiya edilməklə ilkin mənbələrdən əldə edir.
4.2. İnformasiyanın adı, identifikasiya vasitəsi, həmin informasiyanın saxlanıldığı və ilkin mənbə olan informasiya ehtiyatı və sistemi, qurum və digər məlumatları ehtiva edən İMR-i Əlaqələndirici qurum formalaşdırır və aparılmasını həyata keçirir.
4.3. İnformasiyanın ilkin mənbələrdən əldə edilməsi və istifadəsi üçün dövlət informasiya ehtiyatının və sistemlərinin inteqrasiyası Əlaqələndirici qurumun qərarına əsasən EHİS vasitəsilə həyata keçirilir.
4.4. Əlaqələndirici qurum informasiyanın ilkin mənbələrdən əldə edilməsi və istifadəsi, informasiya ehtiyatının və sistemlərinin inteqrasiyası ilə bağlı qərarların qəbul edilməsi zamanı aidiyyəti dövlət qurumlarının, müstəqil ekspert və mütəxəssislərin rəylərini alır. Əlaqələndirici qurum bu Qaydaların 4.3-cü bəndində nəzərdə tutulmuş qərarları Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə razılaşdırmaqla qəbul edir.
4.5. Dövlət informasiya ehtiyatlarının və sistemlərinin inteqrasiyası aşağıdakı qaydada təmin edilməlidir:
4.5.1. sahib və ya operator dövlət informasiya ehtiyatına və sisteminə daxil ediləcək (istifadəsi nəzərdə tutulan) informasiyanın tərkibi və növlərinin siyahısı ilə Əlaqələndirici quruma müraciət edir;
4.5.2. Əlaqələndirici qurum müraciət edən tərəfin informasiyanı əldə etmə ilə bağlı hüquqi əsasını, həmin informasiyanın ilkin mənbə olan və EHİS-ə qoşulan dövlət informasiya ehtiyatında və sistemində, habelə İMR-də mövcud olmasını yoxlayır;
4.5.3. dövlət informasiya ehtiyatına daxil ediləcək informasiyanın ilkin mənbəyi İMR-də mövcud deyildirsə, Əlaqələndirici qurum:
1. informasiyanın yeni olub-olmadığını və informasiya yeni olduğu halda ilkin mənbəyini təşkil edəcək dövlət informasiya ehtiyatını müəyyən edir;
2. müəyyən edilən ilkin mənbə müraciət edən sahib və operator tərəfindən aparılmalıdırsa, informasiyanın yaradılması ilə bağlı icazə verir və digər qurumlar yeni yaradılan ilkin mənbə ilə bağlı İMR vasitəsilə məlumatlandırılır;
3. müəyyən edilən ilkin mənbə digər sahib və operator tərəfindən aparılmalıdırsa, informasiyanın həmin qurum tərəfindən yaradılması ilə bağlı quruma müraciət edir və müddət müəyyən edir;
4. qurum müəyyən edilən müddətdə informasiyanın ilkin mənbəyini yaratmadıqda, həmin səlahiyyəti ilk müraciət edən quruma verir və yeni yaradılan ilkin mənbə ilə bağlı məlumatlar İMR-ə daxil edilir;
5. ilkin mənbə olan dövlət informasiya ehtiyatının və sisteminin EHİS-ə qoşulmadığı müəyyən edildikdə Əlaqələndirici qurum tərəfindən həmin informasiya ehtiyatının və sisteminin EHİS-ə qoşulması təmin edilir;
4.5.4. müraciət edən quruma tələb etdiyi informasiyanın verilməsi Əlaqələndirici qurumun qərarına əsasən aşağıdakı qaydada həyata keçirilir:
1. həmin informasiyanın ilkin mənbəyi ilə bağlı məlumatlar İMR-də və EHİS-ə qoşulan dövlət informasiya ehtiyatında və sistemində mövcud olduqda, təxirəsalınmadan;
2. həmin informasiyanın ilkin mənbəyi ilə bağlı məlumatlar İMR-də və EHİS-ə qoşulan dövlət informasiya ehtiyatında və sistemində mövcud olmadıqda isə həmin məlumatlar İMR-ə daxil edildikdən, ilkin mənbə olan dövlət informasiya ehtiyatı və sistemi EHİS-ə qoşulduqdan sonra;
4.5.5. dövlət informasiya ehtiyatlarının və sistemlərinin EHİS-ə qoşulması Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron hökumət” portalı haqqında Əsasnamə”yə, qanunvericiliklə müəyyən edilmiş qaydaya və texniki tələblərə uyğun olaraq həyata keçirilir.
4.6. Dövlət informasiya ehtiyatında və sistemində məlumatların mübadiləsi sorğular əsasında real vaxt rejimində fiziki şəxslərlə bağlı informasiya üzrə fərdi identifikasiya nömrəsi (FİN), hüquqi şəxslərlə bağlı informasiya üzrə vergiödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və digər hallarda sistem daxili eyniləşdirmə kodu vasitəsilə Əlaqələndirici qurumun müəyyən etdiyi texniki tələblərə əsasən həyata keçirilir. Sorğuların verilməsi və cavablandırılması üçün dövlət informasiya ehtiyatlarında və sistemlərində tətbiq edilən ümumi əlaqələndirici kodlardan istifadə olunur.
4.7. İlkin informasiya mənbəyi, eyni zamanda, Əlaqələndirici qurumun təşəbbüsü ilə yaradıla bilər.
4.8. Mövcud dövlət informasiya ehtiyatında və sistemində olan informasiyanın ilkin mənbələr ilə uzlaşdırılması bu Qaydaların 4.5-ci bəndinə uyğun olaraq həyata keçirilir.
4.9. Dövlət informasiya ehtiyatının və sisteminin inteqrasiyasından yalnız müraciət edənin hüquqi əsası olmadıqda və ya tərəflərin ehtiyat və sistemləri texniki normalara, standartlara və tələblərə cavab vermədikdə müvafiq təkmilləşdirmə tədbirləri görülənə qədər imtina edilə bilər.
5. Dövlət informasiya ehtiyatının arxivləşdirilməsi
5.1. Dövlət informasiya ehtiyatının arxivləşdirilməsi aşağıdakı hallarda həyata keçirilir:
5.1.1. qurumun və ya ona verilən səlahiyyətlərin ləğv edilməsi;
5.1.2. dövlət informasiya ehtiyatının və ya sisteminin digər informasiya ehtiyatına və ya sisteminə birləşdirilməsi;
5.1.3. dövlət informasiya ehtiyatının və ya sisteminin istifadəsinin sona çatması (istifadəsinə zərurətin olmaması);
5.1.4. dövlət informasiya ehtiyatının və ya sisteminin formalaşdırılması ilə bağlı qəbul edilmiş hüquqi aktda (qərarda, əmrdə, sərəncamda və s.) digər əsasların olması.
5.2. Dövlət informasiya ehtiyatının və sisteminin arxivləşdirilməsinin əsasını təşkil edən hüquqi aktda informasiyanın digər informasiya ehtiyatında və sistemində arxivləşdirilməsi və ya məhv edilməsi müddətləri, arxivləşdirilmə prosesində iştirak edən subyektlərin funksiyaları müəyyənləşdirilir.
5.3. Bu Qaydaların 5.1.1-ci və 5.1.2-ci yarımbəndlərində nəzərdə tutulan hallarda arxivləşdirilmə həmin halların həyata keçirildiyi günə qədər formalaşan hissənin ehtiyat surətinin köçürülməsi və saxlanılması ilə təmin edilir. Bu halda informasiyanın (fərdi məlumatlar istisna olmaqla) ötürülməsi Əlaqələndirici qurumun nümayəndəsinin iştirakı ilə dövlət informasiya ehtiyatının və sisteminin sahibi və ya operatoru tərəfindən həyata keçirilir.
5.4. Bu Qaydaların 5.1.3-cü yarımbəndində nəzərdə tutulan halda dövlət informasiya ehtiyatında və ya sistemində olan bütün informasiyanın müvafiq normativ hüquqi aktlara əsasən arxivləşdirilməsi həyata keçirilir.
5.5. Dövlət informasiya ehtiyatının arxivləşdirilməsi ilə bağlı onun sahibi və ya operatoru aşağıdakı ilkin tədbirləri yerinə yetirir:
5.5.1. informasiyanın toplanılmasını, işlənilməsini, yayılmasını və verilməsini dayandırır;
5.5.2. digər informasiya ehtiyatı və sistemləri ilə əlaqəni kəsir;
5.5.3. informasiya ehtiyatına və sisteminə girişə qadağa qoyur.
5.6. Dövlət informasiya ehtiyatı və sistemində olan informasiyalar “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 153-cü bəndinin tələblərinə uyğun olaraq arxivləşdirilməyə hazırlanır.
5.7. Dövlət informasiya ehtiyatının arxivləşdirilməsinin təşkilində aşağıdakılar nəzərə alınmalıdır:
5.7.1. arxiv məlumatlarının Əlaqələndirici qurumla razılaşdırılmış, o cümlədən bütövlüyünü yoxlamağa imkan verəcək formatda və paralel olaraq dövlət informasiya ehtiyatının cari formatında saxlanılması;
5.7.2. təhvil alan və təhvil verən tərəflərin iştirakı ilə təhvil alınmış arxivdən hər hansı məlumatın oxunmasının test edilərək yoxlanılması;
5.7.3. arxiv məlumatlarının düzgün oxunması üçün təlimatın, prosedurların hazırlanması, əlaqəliliyin yaradılması və informasiya ehtiyatına aid bütün texniki sənədləşmənin, tərkibinə aid qısa statistik məlumatların, arxivə aid şərhlərin sənəd formasında Əlaqələndirici quruma təhvil verilməsi;
5.7.4. arxivlərin zamanla dəyişən texnologiyalara uyğunlaşdırılması, zərurət yarandıqda arxivləşdirilən məlumatlardan cari informasiya sistemlərində istifadə imkanının təmin edilməsi;
5.7.5. arxivləşdirilmiş informasiya ehtiyatlarına təhlükəsiz giriş imkanı təmin olunmaqla sürətli axtarış imkanının təmin edilməsi.
5.8. Dövlət informasiya ehtiyatının və sisteminin sahibi və ya operatoru ləğv edildikdə arxivləşdirilmiş dövlət informasiya ehtiyatı onların hüquqi varisləri tərəfindən saxlanılır.
5.9. Dövlət informasiya ehtiyatının və sisteminin sahibi və ya operatoru ləğv edildikdə, hüquqi varisləri müəyyən edilməzsə, arxivləşdirilmiş dövlət informasiya ehtiyatı normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada müvafiq data mərkəzdə saxlanılması üçün Əlaqələndirici quruma təhvil verilir.
5.10. Dövlət informasiya ehtiyatının arxivləşdirilməsini və ya məhvini həyata keçirən qurum arxivləşdirilmə haqqında məlumatı 3 (üç) iş günü müddətində Əlaqələndirici quruma təqdim edir. Əlaqələndirici qurum həmin məlumatları 1 (bir) iş günü müddətində Reyestrə daxil edir.
5.11. Dövlət informasiya ehtiyatında və sistemində olan informasiyanın məhv edilməsi aşağıdakı üsullarla həyata keçirilir:
5.11.1. elektron informasiya daşıyıcısının bərpası mümkün olmayan qaydada formatlanması;
5.11.2. xüsusi proqram təminatı vasitəsilə elektron informasiya daşıyıcısında olan məlumatların bərpası mümkün olmayan qaydada silinməsi;
5.11.3. elektron informasiya daşıyıcısının mexaniki təsir üsulu ilə məhv edilərək bərpası mümkün olmayan vəziyyətə salınması.
5.12. Dövlət informasiya ehtiyatının və sisteminin məhvi hüquqi şəxslərin normativ hüquqi aktlarla müəyyən edilən ləğvetmə mexanizminə uyğun qaydada həyata keçirilir.
5.13. Dövlət informasiya ehtiyatında və sistemində olan informasiya onun ehtiyat nüsxələri ilə birlikdə bu Qaydaların 5.11-ci bəndində qeyd edilən üsullardan biri və ya bir neçəsi seçilməklə, sahibinin və ya operatorunun vəsaiti hesabına, təhlükəsizlik tələblərinə riayət olunaraq məhv edilir.
5.14. Dövlət informasiya ehtiyatında və sistemində olan informasiyanın bu Qaydaya uyğun məhv edilməsi ən geci 5 (beş) iş günü müddətində başa çatdırılmalı, məhvetməni həyata keçirmiş və ona nəzarət etmiş şəxslər tərəfindən informasiyanın məhv edilməsinə sərf olunmuş müddət, məhvetmə zamanı həyata keçirilmiş tədbirlər, məhvetmənin yeri, üsulu (üsulları), məhvetməni həyata keçirmiş və ona nəzarət etmiş şəxslər, informasiya sistemində qalan informasiyanın kateqoriyası və informasiya sistemində məhv edilməmiş informasiyanın saxlanılma səbəbləri göstərilməklə aktlaşdırılmalıdır.
5.15. Arxivləşdirilən dövlət informasiya ehtiyatında və sistemində olan fərdi məlumatların ötürülməsi və ya məhvi fərdi məlumatlar haqqında Azərbaycan Respublikasının normativ hüquqi aktlarına müvafiq qaydada həyata keçirilir.
6. Dövlət informasiya ehtiyatı və sistemi sahibinin və operatorunun funksiyaları
6.0. Dövlət informasiya ehtiyatı və sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi zamanı onun sahibi və operatoru aşağıdakı funksiyalara malikdir:
6.0.1. dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi üzrə işləri layihələrə, texniki normalara, standartlara və bu Qaydalarla müəyyən edilən tələblərə uyğun formada aparmaq;
6.0.2. dövlət informasiya ehtiyatını və sistemini EHİS-ə inteqrasiya etmək və digər dövlət informasiya ehtiyatı və sistemi ilə məlumat mübadiləsini EHİS vasitəsilə həyata keçirmək;
6.0.3. dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənmək, tətbiq etmək, bu sahədə müvafiq ölkədaxili və beynəlxalq qurumlarla (təşkilatlarla) əməkdaşlıq etmək;
6.0.4. dövlət informasiya ehtiyatına və sisteminə çıxışı olan, habelə onların aparılmasında iştirak edən əməkdaşlarını gücləndirilmiş elektron imza ilə təmin etmək;
6.0.5. normativ hüquqi aktlarla müəyyən edilən hüquqlarının həyata keçirilməsi, vəzifələrinin və ya funksiyalarının icrası zamanı əldə etdiyi məlumatları dövlət informasiya ehtiyatına və sisteminə daxil etmək;
6.0.6. dövlət informasiya ehtiyatına və sisteminə daxil edilmiş məlumatların mühafizəsi ilə bağlı zəruri təşkilati və texniki tədbirlər görmək, məlumatların aktuallığını, etibarlılığını, əlçatanlığını, tamlığını, konfidensiallığını, habelə onların ehtiyat surətlərinin saxlanılmasını və qorunmasını təmin etmək, informasiya təhlükəsizliyini təmin etmək üçün digər tədbirlər görmək;
6.0.7. dövlət xidmətləri göstərilməsi üçün tələb edilən sənədlər barədə informasiya dövlət informasiya ehtiyatında və sistemində olduqda həmin informasiyanın ilkin mənbədən əldə edilməsini bu Qaydalara uyğun təmin etmək;
6.0.8. elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında EHİS vasitəsilə göstərilməsini təmin etmək;
6.0.9. dövlət informasiya ehtiyatının və sisteminin dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək;
6.0.10. dövlət informasiya ehtiyatının və sisteminin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək, təkmilləşdirilməsi üzrə profilaktik işlər aparmaq;
6.0.11. dövlət informasiya ehtiyatından və sistemindən istifadə və onların funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparmaq;
6.0.12. informasiya ehtiyatının və sisteminin təşkili və fəaliyyəti üzrə Əlaqələndirici qurum tərəfindən qiymətləndirmələrin aparılmasına zəruri şərait yaratmaq;
6.0.13. dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı rəsmi sənədləri və texniki məlumatları Əlaqələndirici quruma təqdim etmək;
6.0.14. EHİS-də yaradılan elektron imkanlar vasitəsilə, istifadəçilərin tələbi əsasında onlar barədə məlumatlarda aparılan düzəlişləri təsdiq və ya rədd etmək;
6.0.15. Əlaqələndirici qurumun əsaslandırılmış tələbinə uyğun dövlət informasiya ehtiyat və sistemlərinin fəaliyyətini təşkil etmək, onlarda dəyişiklik və təkmilləşdirmələr aparmaq;
6.0.16. normativ hüquqi aktlarda müəyyən edilən digər funksiyalar.
7. Əlaqələndirici qurumun funksiyaları
7.1. Dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı Əlqələndirici qurum aşağıdakı funksiyalara malikdir:
7.1.1. bu Qaydalara uyğun olaraq dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi proseslərində iştirak etmək;
7.1.2. dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələbləri müəyyən etmək;
7.1.3. dövlət informasiya ehtiyatının və sisteminin yaradılmasının texniki imkanlar və səmərəlilik baxımından məqsədəuyğunluğu barədə rəylər vermək və bu məqsədlə yaradılan işçi qruplara digər qurumların mütəxəssislərini cəlb etmək;
7.1.4. dövlət informasiya ehtiyatının və sisteminin funksional imkanlarının artırılması və təkmilləşdirilməsi ilə bağlı rəy və təkliflər vermək, onların həyata keçirilməsinə nəzarət etmək;
7.1.5. dövlət informasiya ehtiyatı və sistemi onların yaradılması, həmçinin formalaşdırılması, genişləndirilməsi, bölünməsi və ya birləşdirilməsinə dair layihələrə uyğun olmadıqda, texniki normalara, standartlara və tələblərə cavab vermədikdə, onlarda zəruri dəyişiklik və təkmilləşdirmə aparılmasını tələb etmək, onlara əməli və metodiki köməklik göstərmək;
7.1.6. dövlət informasiya ehtiyatının və sisteminin sahibi və operatoru ilə birgə həmin informasiya ehtiyatından və sistemindən səmərəli və effektiv istifadə imkanlarının artırılması məqsədi ilə texniki və təkmilləşdirici tədbirlər görmək və bu məqsədlə yaradılan işçi qruplara digər qurumların mütəxəssislərini cəlb etmək;
7.1.7. dövlət informasiya ehtiyatının və sisteminin inteqrasiya edilməsinin təşəbbüsçüsü kimi çıxış etmək;
7.1.8. inteqrasiya olunan dövlət informasiya ehtiyatının və sisteminin təhlükəsiz, dayanıqlı və fasiləsiz fəaliyyətini informasiya ehtiyatının və sisteminin iştirakçısından tələb etmək;
7.1.9. bütün dövlət qurumları tərəfindən istifadəsi nəzərdə tutulan yardımçı dövlət informasiya sistemlərinin siyahısını müəyyən etmək və vahid həllərin tətbiqi ilə bağlı aidiyyəti üzrə təkliflər vermək;
7.1.10. inteqrasiya olunan dövlət informasiya ehtiyatının və sisteminin sahibi və ya operatoru tərəfindən normativ hüquqi aktların tələbləri pozulduqda və ya dövlət informasiya ehtiyatının və sisteminin fəaliyyətini ləngidəcək, dayandıracaq və ya onlara zərər vura biləcək davranışlara yol verildikdə, məlumat mübadiləsinin bu nöqsanlar aradan qaldırılanadək dayandırılmasını tələb etmək;
7.1.11. yaranan elektron təhlükələr barədə aidiyyəti dövlət qurumlarına məlumat vermək və birgə tədbirlər həyata keçirmək;
7.1.12. fərdi məlumatların konfidensiallığının və onların mühafizəsi ilə bağlı tələblərin pozulmasına səbəb olan faktlar aşkarlandıqda onların aradan qaldırılması üçün aidiyyəti qurumlarla birgə tədbirlər görmək;
7.1.13. dövlət xidmətlərinin həyata keçirilməsi üçün zəruri olan informasiya sistemləri və ehtiyatlarının saxlanmasını həyata keçirən data mərkəzlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək, onların həyata keçirilməsinə nəzarət etmək;
7.1.14. dövlət xidmətlərinin elektronlaşdırılması ilə bağlı prioritetlərin müəyyən edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək, elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında EHİS vasitəsilə göstərilməsini təşkil etmək;
7.1.15. informasiyanın ilkin mənbələrinin müəyyənləşdirilməsini, həmin mənbələrdən əldə edilməsini və istifadəsini, İMR-in idarə edilməsini təşkil etmək;
7.1.16. istifadəçilərin EHİS-in portalı vasitəsilə onlar haqqında toplanan məlumatlarla tanış olması və həmin məlumatlarda dəqiqləşdirmələr aparması üçün zəruri tədbirlər görmək;
7.1.17. informasiya ehtiyatının və sisteminin təşkili və fəaliyyəti üzrə qiymətləndirmələr aparmaq və bu məqsədlə yaradılan işçi qruplara digər qurumların mütəxəssislərini cəlb etmək;
7.1.18. dövlət informasiya ehtiyatlarında və sistemlərində olan məlumatların ilkin mənbələrdən əldə edilməsi ilə bağlı qərarların qəbul edilməsi zamanı aidiyyəti dövlət qurumlarının rəyini almaq;
7.1.19. informasiya ehtiyatının və sisteminin təşkili və fəaliyyəti üzrə qiymətləndirmələrin nəticəsində onların optimallaşdırılması ilə bağlı təkliflər vermək, fərdi məlumatların toplanması və işlənməsinin normativ hüquqi aktlara uyğun aparılmadığı müəyyən edildikdə müvafiq tədbirlər görmək;
7.1.20. dövlət informasiya ehtiyatından və sistemindən istifadə və onların funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparmaq;
7.1.21. normativ hüquqi aktlarda müəyyən edilən digər funksiyalar.
7.2. Əlaqələndirici qurum bu Qaydalarla müəyyən edilən funksiyalarını birbaşa və ya tabeliyində olan qurumlar vasitəsilə həyata keçirir.
8. Yekun müddəalar
8.1. Dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi normativ hüquqi aktlarda nəzərdə tutulan maliyyə mənbələri hesabına həyata keçirilir.
8.2. Dövlət informasiya ehtiyatına və sisteminə daxil edilməsi üçün natamam və ya təhrif olunmuş informasiyanın təqdim edilməsində təqsirkar olan, məlumatların informasiya ehtiyatına və sisteminə daxil edilməsində təhrifə, saxtakarlığa yol verən, habelə informasiya ehtiyatında və sistemində olan informasiyanı qanunsuz məqsədlərlə istifadə edən və yayan şəxslər Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
8.3. Dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsində iştirak edən qurumlar bu sahədə hüquq və vəzifələrinin yerinə yetirilməməsinə, o cümlədən məlumatların ilkin mənbələrindən istifadə edilməməsinə görə məsuliyyət daşıyırlar.
8.4. Dövlət informasiya ehtiyatından və sistemindən informasiyanın əldə edilməsi və digər istifadə qaydalarının pozulmasına görə istifadəçilər Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar.
8.5. Dövlət informasiya ehtiyatının və sisteminin sahibləri və operatorları informasiya əldə edilməsinin təşkilinə görə normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar.