İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paradda olub

26 iyun 2018, 09:50
İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paradda olub

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva paradda olublar.

Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərləri, müharibə veteranları və paytaxt ictimaiyyətinin nümayəndələri hərbi paradı izləyiblər.

Hərbi paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4 min nəfərədək şəxsi heyəti iştirak edib.

Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunub.

Paradda, həmçinin Türkiyə, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və Ukraynadan olan 100-dək nümayəndə iştirak edib.

Azadlıq meydanına toplaşanlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi sürəkli alqışlarla qarşıladılar.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev hərbi paradda iştirak edən şəxsi heyəti salamladı.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestri Azərbaycan Respublikasının dövlət himnini ifa etdi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbi paradda nitq söylədi.

Prezident, Ali Baş Komandan İlham Əliyevin nitqi

-Əziz əsgərlər, zabitlər, generallar.

Əziz hərbçilər.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Mən sizi və bütün Azərbaycan xalqını Azərbaycan Ordusunun 100 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətinə yeni uğurlar, yeni nailiyyətlər arzulayıram.

Keçən ay biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etmişik. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş ən önəmli qərarlardan biri Azərbaycan Ordusunun yaradılması ilə bağlı qərar idi. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. İki ildən sonra respublika süqut etdi və Azərbaycan dövlət müstəqilliyini itirdi. Bu, bir daha onu göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətin işdir.

Azərbaycanın dövlət müstəqilliyi 1991-ci ildə bərpa edilmişdir. Ancaq bildiyimiz kimi, müstəqilliyimizin ilk iki ili ölkəmiz üçün çox ağır keçmişdir, faciəvi illər idi. Sanki tarix XX əsrin sonunda təkrarlanırdı. 1991-1993-cü illərdə Azərbaycan böyük fəlakətlə üz-üzə qalmışdı. Ölkə idarəolunmaz vəziyyətdə idi. Müstəqilliyimiz formal, şərti xarakter daşıyırdı. Azərbaycan müstəqil siyasət apara bilmirdi. Ölkə daxillində çəkişmələr, hakimiyyət uğrunda mübarizə vəziyyəti daha da ağırlaşdırırdı. İqtisadi tənəzzül, böhran hökm sürürdü. 1992-ci ildə Xalq Cəbhəsi və Müsavat tərəfindən dövlət çevrilişi vəziyyəti daha da ağırlaşdırdı. Azərbaycanda vəziyyət kritik həddə çatmışdı. Bundan istifadə edən Ermənistan xalqımıza, gənc dövlətimizə qarşı işğalçılıq siyasəti aparırdı. Bu siyasət nəticəsində torpaqlarımızın bir hissəsi işğal altına düşmüşdür. Demək olar ki, müstəqilliyimizin ilk iki ili Azərbaycanın gələcəkdə müstəqil ölkə kimi yaşamasını sual altına qoymuşdu. Belə bir ağır vəziyyətdə Azərbaycan xalqı həmişə olduğu kimi, müdriklik göstərdi, ulu öndər Heydər Əliyevə müraciət etdi, onu hakimiyyətə dəvət etdi. Ancaq bundan sonra, ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra vəziyyət sabitləşdi və Azərbaycan bu ağır vəziyyətdən çıxa bildi.

Müstəqilliyimizin ilk illərində nizami ordu yaradılmamışdı. Ayrı-ayrı silahlı birləşmələr Azərbaycanın ərazi bütövlüyünü qoruya bilməmişlər. Ona görə, Ulu Öndər tərəfindən qəbul edilmiş bir çox önəmli qərarlar arasında nizami ordunun yaradılması qərarı xüsusi yer tutur. Nizami ordunu yaratmaq üçün iqtisadi imkanlar olmalı idi. Məhz buna görə, o illərdə Azərbaycanda çox ciddi iqtisadi islahatlar aparılmışdır, xarici sərmayənin cəlb olunması təmin edilmişdir, Azərbaycan beynəlxalq təcriddən çıxa bilmişdir. Ölkədə aparılan siyasi, iqtisadi islahatlar vəziyyəti sabitləşdirdi və Azərbaycan 1993-cü ildən sonra inkişaf və tərəqqi yolu ilə gedir. Bu siyasət bu gün də davam etdirilir. 1993-2003-cü illər sabitlik və inkişaf illəri kimi tariximizdə qalmışdır.

2003-cü ildən başlayaraq bütün istiqamətlər üzrə işlər sürətlə gedir, o cümlədən ordu quruculuğu sahəsində. Ordu quruculuğu bizim üçün ən başlıca, ən prioritet məsələdir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir.

Qeyd etdiyim kimi, Ermənistan müstəqilliyimizin ilk illərində ölkəmizdə gedən mənfi proseslərdən, o cümlədən Xalq Cəbhəsi-Müsavat tərəfindən başlanmış vətəndaş müharibəsindən istifadə edərək torpaqlarımızı zəbt etmişdir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamış, yaratmışdır. Beynəlxalq hüquqa görə də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Son illər ərzində dünyanın aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı bir çox qərar və qətnamələr qəbul etmişlər. O cümlədən BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir və orada da göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr hələ də qüvvədədir və öz qüvvəsini itirməyib.

Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır, Xocalı soyqırımı törədilmişdir. Aralarında uşaqlar, qadınlar, qocalar da olan 600-dən çox günahsız insan erməni cəlladları tərəfindən qətlə yetirilmişdir. Mindən çox insan itkin düşmüşdür. Bu gün dünyanın 10-dan çox ölkəsi Xocalı soyqırımını rəsmən soyqırımı kimi tanıyıb.

Azərbaycan işğalla heç vaxt barışmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Bu gün Azərbaycan ordusu dünyanın güclü orduları sırasındadır. Ordu quruculuğu əsas vəzifəmizdir. Güclü ordunu yaratmaq üçün güclü iqtisadiyyatımız olmalıdır. Biz bu istiqamətdə çox fəal işləmişik. Son 15 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. İqtisadiyyatımız 3,2 dəfə artmışdır. İqtisadi potensialına görə Azərbaycan bu gün özünü çox rahat hiss edir. Bütün aparıcı beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan ən qabaqcıl yerlərdədir. İnkişafda olan ölkələrin arasında Azərbaycan inkişafına görə dünya miqyasında üçüncü yerdədir. Biz öz hesabımıza yaşayırıq, heç bir yerdən yardım almırıq. Buna ehtiyac da yoxdur. Öz zəhmətimizlə qazanılan vəsaiti ölkə qarşısında duran əsas məqsədlərin həllinə yönəldirik. Onların arasında ordu quruculuğu birinci yerdədir.

2003-cü ildən bu günə qədər bizim hərbi xərclərimiz 15 dəfə artmışdır. Hərbçilərin xidmət şəraiti yaxşılaşır. Son illər ərzində onlarla hərbi şəhərcik yaradılmışdır. Hərbçilərin xidmət şəraiti çox yaxşıdır. Hərbi hissələrimizin, hərbi şəhərciklərimizin 80 faizi son bir neçə il ərzində yenidən tikilib və ya əsaslı təmir edilib. Növbəti 2-3 il ərzində bizim bütün şəhərciklərimiz tam təmirli olacaq. Beləliklə, bu məsələ də öz həllini tapmış olacaq. Hərbçilərin mənzil-məişət məsələləri həll olunur. Qəbul edilmiş qərar əsasında 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən pulsuz mənzillər verilir. Bu gün bizim hərbi hissələrimizdə 20 mindən çox mülki vətəndaş çalışır. Əvvəllər bu işlərdə əsgərlər işləyirdilər. Biz əsgərləri məişət işlərindən azad etdik. Eyni zamanda, mülki vətəndaşlar üçün 20 mindən çox iş yeri yaradılmışdır.

Ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilmişdir. O cümlədən Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir. Bizim təşəbbüsümüzlə son illər ərzində 20-dən çox hərbi zavod yaradılmışdır. Bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda, biz artıq hərbi məhsullarımızı ixrac etməyə də başlamışıq. Həmçinin Azərbaycan bir çox ölkələrdən ən müasir silah və texnika alır. Bu gün bu silahların kiçik bir hissəsi paradda nümayiş etdiriləcək.

Son illər ərzində ən müasir texnika və silahlar alınıbdır. Onların arasında yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən sistemlər, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, ən müasir artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri – bütün bunlar bizim hərbi gücümüzü artırır. Deyə bilərəm ki, ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir.

Biz bütün bunları ona görə edirik ki, Azərbaycan Ordusu daha da güclü olsun. Ona görə edirik ki, hərbi potensialımız güclənsin. Ona görə edirik ki, görürük və dünyada gedən proseslər də onu göstərir ki, beynəlxalq hüquq işləmir. Əgər işləsəydi Azərbaycan torpaqları çoxdan işğalçılardan azad olunardı. Beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələr icra edilmir, onların icra mexanizmi yoxdur. Güc amili dünyanın müxtəlif bölgələrində əsas amil kimi çıxış edir. Belə olan halda əlbəttə ki, bizim apardığımız siyasət düzgün siyasətdir. Bu siyasəti biz uzun illərdir ki, aparırıq. Bu hərbi potensialı biz bir ilə əldə etməmişik. Bir neçə il ərzində ardıcıl siyasət nəticəsində, o cümlədən dost ölkələrlə səmərəli əlaqələr sayəsində biz dünyanın ən müasir silahlarını əldə etmişik və bu proses davam etdiriləcəkdir. Bundan sonra da Azərbaycan ən müasir silah və texnikanı alacaq. Buna nail olmaq üçün bizim dost ölkələrlə çox səmərəli əlaqələrimiz var. Bizim böyük maliyyə resurslarımız və güclü iradəmiz var.

Ordumuzun döyüş qabiliyyəti artır. Mən dəfələrlə hərbi hissələrdə vəziyyətlə tanış olarkən qeyd edirdim ki, Azərbaycanda çox yüksək vətənpərvərlik ruhu var. Azərbaycan Ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir və bunu yaxın tarix göstərir. İki il bundan əvvəl Ermənistan xalqımıza qarşı növbəti hərbi təxribat törətmişdir, bizim mövqelərimizi atəşə tutmuşdur, mülki əhaliyə qarşı təcavüz etmişdir. Həm hərbçilərimiz, həm mülki vətəndaşlar şəhid olmuşdur. Azərbaycan Ordusu işğalçını cəzasız qoymadı, onlara layiqli cavab verdi, onları yerinə oturtdu, uğurlu əks-hücum əməliyyatı keçirərək işğal edilmiş torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdi. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi, iki min hektar ərazi təmizləndi. Uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. Ermənilərin torpaqlarımızda, işğal edilmiş torpaqlarda qazdıqları səngərlərdə bu gün bizim əsgərlərimiz xidmət göstərir. Lələtəpədə bizim bayrağımız dalğalanır. Ağdərə dağlarında bizim bayrağımız dalğalanır. Biz strateji yüksəklikləri əldə etmişik və bu, bizə çox böyük üstünlük verir. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan əsgəri, zabiti, generalı - Azərbaycan Ordusu əsl qəhrəmanlıq, peşəkarlıq, rəşadət göstərmişdir. Bir daha göstərmişdir ki, Azərbaycan xalqı bu işğalla barışmayacaq. Bir daha göstərmişdir ki, Ermənistan tərəfindən onların ordusu ilə bağlı uzun illər ərzində yayılan nağıllar mif idi. Biz bu mifi darmadağın etdik. Biz onların illər boyu yaratdıqları dırnaqarası möhkəm müdafiə xəttini bir neçə gün ərzində yardıq, məhv etdik. Aprel döyüşləri tariximizin şanlı səhifəsidir.

Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı bu bayram ərəfəsində - keçən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edildi. Çox böyük mühəndislik və kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərmişdir. Biz strateji yüksəklikləri zəbt etdik. Biz indi strateji kommunikasiya yollarını nəzarət altında saxlayırıq. Naxçıvan əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur. Bir daha onu göstərdi ki, biz istənilən vəzifəni icra edə bilərik və icra edirik, böyük məharətlə və peşəkarlıqla. Bundan sonra Azərbaycan Ordusu hər an hazır olmalıdır ki, öz ərazi bütövlüyünü bərpa etsin. Biz istəyirik ki, münaqişə sülh yolu ilə həll olunsun və Azərbaycanın apardığı siyasət bunun əyani sübutudur. Ancaq bir daha demək istəyirəm ki, biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Biz çox güclü ordu yaratmışıq. Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər. Bizim bu gün nümayiş etdirəcəyimiz silahlar həm Azərbaycan xalqına, həm düşmənə, həm də bütün dünyaya bunu göstərəcək. Ona görə, hesab edirəm ki, məsələnin tezliklə danışıqlar yolu ilə ədalətli həlli, Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi qarşı tərəfin də marağında olmalıdır.

Azərbaycan getdikcə güclənəcək. Biz inkişaf yolundayıq. Bizim qarşımızda bütün yollar açıqdır, üfüqlər aydındır. Bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcək. Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir. Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki, o, tam arxayın ola bilər, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır.

2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.

Eşq olsun Azərbaycan Ordusuna!

Yaşasın Azərbaycan!

x x x

Sonra Silahlı Qüvvələrin şəxsi heyətinin və hərbi texnikanın təntənəli keçidi başladı.

Meydana əvvəlcə Azərbaycan Respublikasının dövlət bayrağı gətirildi.

Yüz il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş üçrəngli dövlət bayrağımız 72 ildən sonra ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə yenidən qaldırılıb. Xalqımız və Silahlı Qüvvələrimizin şəxsi heyəti bu bayraq altında yeni-yeni zəfərlərə doğru inamla irəliləməkdədir.

Dövlət bayrağının ardınca quruda, dənizdə və havada müqəddəs Vətənin keşiyini çəkən Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqlarını aparan hərbçilər addımlayırdılar. 2016-cı ilin aprelində Füzuli, Cəbrayıl və Tərtər rayonlarının ərazilərinin bir hissəsinin işğaldan azad edilməsində xüsusi xidmətləri olan hərbi hissələrin və bu yaxınlarda Naxçıvan Muxtar Respublikasında bir çox strateji yüksəklikləri azad edərək 11 min hektar ərazinin nəzarətə götürülməsində fərqlənən Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrinin döyüş bayraqları tribuna önündən aparıldı.

Ulu öndər Heydər Əliyevin 1971-ci ildə yaratdığı Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarından ibarət parad heyəti tribunaya yaxınlaşdı. Xalqımızın haqlı olaraq Heydər Əliyev Məktəbi adlandırdığı bu xüsusi təyinatlı təhsil ocağının Azərbaycan Ordusunun yaranmasında və formalaşmasında müstəsna rolu var.

Azərbaycan Ordusunun zabitlərindən ibarət parad heyətləri də mətin addımlarla tribunanın önündən keçdi. Ulu öndərimiz Heydər Əliyev vaxtilə demişdir: “Vətəni, torpağı, dövləti qorumaq peşəsi hər bir peşədən üstündür, şərəflidir!”. Zabitlərimiz xalqımızın və Ordumuzun gələcəyinin təminatıdır.

Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrinin flaqmanı olan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin parad heyəti tribunanın önündən keçdi. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində müxtəlif ixtisaslar üzrə peşəkar zabitlər hazırlanır. Onlar hərbi xidmətin çətinliklərinin öhdəsindən layiqincə gələrək respublikamızın müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda hər bir əmrə hazırdırlar. Məktəbin 15 məzunu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunları, Hərbi Dəniz Qüvvələri fakültələrində aviasiyanın döyüş idarəetməsi, eləcə də dənizçi ixtisasları üzrə peşəkar zabitlər, təyyarəçilər, şturmanlar, mexaniklər, silahlanmanın müxtəlif sistemləri üzrə mütəxəssislər, aviasiya xidmətləri, radiotexniki vasitələr üzrə mühəndislər hazırlanır.

İlk dəfə bu paradda qardaş Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin parad heyəti də iştirak etdi. 1918-ci il sentyabrın 15-də türk-Azərbaycan birləşmiş qoşunlarının cəmləşdiyi Qafqaz İslam Ordusu bu möhtəşəm hərbi paradın keçirildiyi Bakını daşnak-bolşevik qüvvələrindən təmizləyərək Azərbaycan dövlətinin paytaxtını azad etdi. Türk ordusunun parad heyətinin bu tədbirdə iştirakı da 100 il əvvəl olduğu kimi, sarsılmaz dostluğun və qardaşlığın növbəti göstəricisi oldu.

Sülhməramlı, Əməliyyat İmkanları Konsepsiyası və Əməliyyat Ehtiyatları taborlarını təmsil edən hərbi qulluqçular da mətin addımlarla tribuna önündən keçdilər. Sülhməramlı taborumuz sülhməramlı əməliyyatlarda fəal iştirak edir, beynəlxalq sülhün və sabitliyin bərqərar olunmasına ölkəmizin töhfəsini verir. Azərbaycan sülhməramlıları hazırda NATO-nun “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyası çərçivəsində Əfqanıstanda vəzifələrini şərəflə yerinə yetirirlər.

Doğma Azərbaycanımızın qorxmaz, igid övladları – Xüsusi Təyinatlı Qüvvələrin və Dəniz Piyadaları bölmələrinin hərbi qulluqçuları, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçuları tribuna önündən keçərək Vətənə, xalqa, dövlətə, Ali Baş Komandana və Heydər Əliyev ideyalarına öz sədaqətlərini bir daha bildirdilər.

Müasir silah, xüsusi avadanlıq və texnika ilə təchiz edilmiş Xüsusi Təyinatlılar ən ekstremal şəraitdə belə düşmən dərinliyində mühüm əhəmiyyətli obyektləri ələ keçirmək, qarşıya qoyulmuş digər müxtəlif dərəcəli tapşırıqları uğurla yerinə yetirmək imkanına malikdirlər. Şəxsi heyətin tribuna önündən keçməsi ilə eyni vaxtda paraplanlarda uçuş fəaliyyətləri nümayiş etdirilərək havada xüsusi tapşırıqlar yerinə yetirildi.

Dəniz piyadaları və döyüş dalğıcları dövlət dəniz hüdudlarının müdafiəsi üzrə dənizdə və su altında bütün tapşırıqları yerinə yetirməyə hər an hazırdırlar. Onlar vətəndaşın, cəmiyyətin və dövlətin mənafeyinin qorunması, ictimai asayişin mühafizəsi, həmçinin mühüm dövlət obyektlərinin mühafizəsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetirir.

Dövlət Təhlükəsizliyi Xidməti xalqımızın mənafeyini və dövlətimizin təhlükəsizliyini bu gün qətiyyətlə qoruyur. Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti fövqəladə halların fəsadlarının aradan qaldırılması, xilasetmə və humanitar əməliyyatların həyata keçirilməsi üzrə öz vəzifələrini nəinki ölkə daxilində, habelə xarici dövlətlərdə də şərəflə yerinə yetirir. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Vətənimizin hüdudlarını etibarlı şəkildə mühafizə edirlər. Xüsusi Dövlət Mühafizə Xidməti ölkə rəhbərliyinin, respublikamıza gələn xarici ölkələrin rəsmi nümayəndələrinin təhlükəsizliyinin təmin edilməsi, həmçinin mühüm dövlət obyektlərinin, o cümlədən neft-qaz infrastrukturunun mühafizəsinin təşkili və təmin edilməsi üzrə vəzifələrinin öhdəsindən layiqincə gəlir.

Azərbaycan Ordusu yenilməzdir, güclüdür. Azərbaycan əsgəri vətənpərvərdir, mübarizdir, qorxmazdır, cəsarətlidir, yüksək hazırlıqlıdır. Azərbaycan əsgəri Vətəninə, xalqına, dövlətinə, Ali Baş Komandanına həmişə sadiqdir. Zaman bu deyilənlərin nə qədər həqiqət olduğunu tarixdə dəfələrlə sınaqdan çıxarıb. Vətənpərvərlik ruhu ilə silahlanmış Azərbaycan əsgərinin qarşısında ən müasir silahlara sarılmış düşmən belə tab gətirə bilməz. Azərbaycan əsgəri bu keyfiyyətlərini 2016-cı ilin aprel döyüşlərində, bu yaxınlarda Naxçıvan Muxtar Respublikasının Şərur rayonu istiqamətində də bir daha təsdiq etdi. Bu gün Azərbaycan bayrağı Talış zirvəsində, Lələtəpədə, Naxçıvanın Günnüt, Qızılqaya yüksəkliklərində əzəmətlə dalğalanır. Strateji əhəmiyyət daşıyan bu yüksəkliklərin geri qaytarılması sübut edir ki, Azərbaycan məhz Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında öz tarixi torpaqlarını mütləq geri qaytaracaq, respublikamızın ərazi bütövlüyü təmin ediləcək, dövlət bayrağımız Şuşada, Xankəndidə, Laçında və işğal altında olan digər torpaqlarımızda da vüqarla dalğalanacaq.

Silahlı Qüvvələrin 100 illiyinə həsr olunmuş paradı birləşmiş hərbi orkestr müşayiət etdi.

Sonra hərbi paradda Azərbaycan Ordusunun güc və qüdrətinin təqdimatı, ən müasir hərbi və xüsusi texnikaların keçidi başladı. Bu texnikalar bir daha göstərdi ki, son illərdə Ordumuz əhəmiyyətli dərəcədə güclənib. Güclü iqtisadiyyata söykənən güclü ordu formulu Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilib. Ölkəmizin iqtisadi inkişaf tempi Silahlı Qüvvələrin müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində mühüm rol oynayıb. Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir.

Çoxtəyinatlı zirehli avtomobillər tribuna önündən keçdi. Bu avtomobillər kəşfiyyat, komanda-qərargah, müxtəlif silah növləri ilə təchiz edilmiş xüsusi çevik qüvvələrin xidmətində olmaqla bir neçə konfiqurasiyada mövcuddur.

Zirehli avtomobillər üzərində quraşdırılmış “SPAYK-LR”, silahlanmaya yeni qəbul edilmiş daha güclü “SPAYK-ER” tank əleyhinə idarə olunan raket kompleksləri paradı izləyənlərin böyük marağına səbəb oldu. 2016-cı ilin aprel döyüşləri zamanı bu silah vasitəsilə 30-dan artıq düşmən tankı və digər zirehli döyüş texnikası məhv edilib.

Üzərində pilotsuz uçuş aparatları əleyhinə qurğu yerləşdirilmiş zirehli avtomobillər, mina əleyhinə yüksək müdafiə sistemi ilə təchiz olunmuş “MARAL-1” və “MARAL-2” zirehli avtomobilləri tribunaya yaxınlaşdı. Bu hərbi texnikalar Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin zavodlarında istehsal olunur.

Ağır hərbi texnika istehsalında yenilik hesab edilən zirehli transportyor “BTR-82A”nın xüsusiyyətləri onu bütün növ qoşunlarda, həmçinin desant və kəşfiyyat bölmələrində istifadə etməyə imkan verir.

Tribuna önündən Dövlət Sərhəd Xidmətinin hərbi texnikaları keçdi. Çevik hərəkət maşınları, zirehli piyada daşıyan maşınlar, zirehli transportyorlar, mobil müşahidə sistemləri dövlət sərhədlərimizin mühafizəsi üçün təyin olunub.

Çöl şəraitində qərargah və kəşfiyyat orqanlarının fəaliyyətini təmin etmək üçün nəzərdə tutulmuş zirehli komanda-qərargah və kəşfiyyat avtomobillərində quraşdırılan və kabinədən idarə olunan “LORENS” yerüstü müşahidə stansiyası qoşunların döyüş düzülüşündə fəaliyyət göstərərək kəşfiyyat məlumatlarının əldə edilməsinə və real vaxt rejimində idarəetmə məntəqələrinə ötürülməsinə imkan yaradır.

“ORBİTER 1K”, “ORBİTER 3B”, “AEROSTAR BP” pilotsuz uçuş aparatları hava kəşfiyyatının aparılması və taktiki səviyyədə düşmənin canlı qüvvəsinin və yüngül zirehli texnikasının zərərsizləşdirilməsi, müşahidə və kəşfiyyat, artilleriya dəstəyi və xüsusi əməliyyatlarla bağlı qarşıya qoyulmuş vəzifələrin icrası üçün yüksək dəqiqliyi ilə seçilir. Uzun müddət havada qalma qabiliyyətinə malik və müasir peyk-naviqasiya sistemi ilə təchiz olunan “HERON”, orta ölçülü çoxməqsədli “HERMES 900”, “HERMES 450”, “HAROP” pilotsuz uçuş aparatları da paradda nümayiş etdirildi. Hava məkanında patrul funksiyasını yerinə yetirərək hədəfi aşkar etdikdə “mərmi-təyyarəyə” çevrilərək yer hədəflərini yüksək dəqiqliklə məhv etmək imkanına malik “HAROP” aparatları Aprel döyüşlərində düşmənə sarsıdıcı zərbələr vurub.

Zirehli-tank texnikası, özüyeriyən artilleriya qurğuları, ən müasir, modernləşdirilmiş piyadaların döyüş maşınları, dünyada ən döyüşkən tank kimi tanınan “Т-90S” tankı, Hava Hücumundan Müdafiə silahları sistemləri, yüksək mobilliyi ilə seçilən “BUK-МB” zenit-raket kompleksi, “S-300 FAVORİT” çoxkanallı universal mobil zenit-raket sistemi, “İldırım” və “Qalxan” hava hücumundan müdafiə kompleksləri, yubiley ərəfəsində Azərbaycan Ordusunun silahlanmasına daxil edilmiş yüksək dəqiqliyə malik qanadlı hava-yer raketi, artilleriya silahları sistemləri, silahlanmaya yeni daxil olmuş avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş 152 millimetrlik özüyeriyən artilleriya qurğusu, 300 millimetrlik yaylım atəşli reaktiv sistemləri, raket silahları sistemləri, avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş 301 millimetrlik və 624 millimetrlik əməliyyat-taktiki raket kompleksləri də hərbi paradda nümayiş olundu.

Xalqımız əmin ola bilər ki, bu gün paradda nümayiş etdirilən silah sistemləri və hərbi texnikalarla Azərbaycanın hava məkanı düşmənin istifadəsində olan istənilən texnika və silah növlərindən, hava və yerüstü zərərvurma vasitələrindən etibarlı şəkildə qorunub və bundan sonra da qorunacaq.

Azərbaycan Ordusunun 100 illiyi münasibətilə təşkil olunan parada Hərbi Dəniz Qüvvələrinin gəmiləri dənizdən dəstək verdi. Dənizdə fəxri keçid edən hərbi gəmilərimiz Xəzərin Azərbaycan sektorunda dövlətimizin iqtisadi və strateji maraqlarını qorumaqla yanaşı, yüksək döyüş hazırlığı nümayiş etdirdi.

Bunun ardınca Azadlıq meydanı üzərində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin və helikopterlərin uçuşu başladı. Hərbi Hava Qüvvələrinin uçuş nümayişini “Mi-17” tipli iki helikopter açdı. Helikopterlər Azərbaycan Respublikasının dövlət bayrağını və xalqımızın ümummilli lideri Heydər Əliyevin portretini Azadlıq meydanı üzərində dalğalandırdı.

Paradda yüngül çoxməqsədli, yüksək manevr qabiliyyətinə malik “BELL-412”, dənizdə və su hövzələri üzərində axtarış-xilasetmə tapşırıqlarının yerinə yetirilməsi, həmçinin dəniz desantının su hövzələrinə çıxarılması üçün təyin olunan “KA-32”, çoxfunksiyalı hərbi-nəqliyyat təyinatlı “Mi-24 QRİFİN”, şəxsi heyətin və müxtəlif yüklərin daşınması, iriölçülü yüklərin xarici asqılarda nəqli üçün təyin olunan “Mi-17-1V” döyüş-nəqliyyat, eləcə də “LAHAT”, “SPAYK NLOS” tipli raketlərlə silahlanmış “Mi-17”, habelə “Mİ-35” və “Mİ-24” helikopterləri müxtəlif düzülüşlərdə hərəkət edərək Azadlıq meydanının üzərindən keçdi.

Helikopterlərdən sonra Bakı səmasına döyüş təyyarələri və qırıcılar daxil oldu, milli şahinlərimiz paytaxt səmasında nümunəvi uçuşları davam etdirdilər.

Təlim-döyüş təyyarəsi uçuş heyətinin səriştələrinin artırılması və idarəolunmayan raket və bombalarla döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün təyin edilən “L-39”, yaxın və orta məsafələrdə hava döyüşlərinin aparılması üçün nəzərdə tutulan “MiQ-29”, təyyarələrə, yerüstü hədəflərə idarəolunmayan raket, müxtəlif növ bombalar və 30 millimetrlik top ilə həmlə imkanına malik “Su-25” təyyarələri müxtəlif düzülüşlərdə hərəkət edərək yüksək pilotaj fiqurları nümayiş etdirdilər.

Məhz bu paradda hərbi aviasiya tarixində ilk dəfə Azərbaycan şahinləri “SU-25” hücum təyyarələri ilə yüksək pilotaj məharəti göstərdilər. Onlar paytaxt səmasında üçrəngli bayrağımızın möhtəşəm əksini yaratdılar.

Azərbaycanın Hərbi Hava Qüvvələri hərbi əməliyyatlar zamanı istənilən nöqtədə düşmənə sarsıdıcı zərbələr endirmək qabiliyyətinə malikdir. Qırıcı-bombardmançı aviasiya bütün hündürlüklərdə hava hədəflərini məhv etmək, yerləşdiyi məkandan asılı olmayaraq yerüstü obyektlərə və hədəflərə zərbələr endirmək iqtidarındadır. Hücum və döyüş helikopterləri tam qüvvələri ilə Quru Qoşunlarına aviasiya dəstəyi göstərmək və bütün cəbhə boyu düşmənə fasiləsiz zərbə vurmaq gücündədir. Nəqliyyat aviasiyası desant və kəşfiyyat qruplarının düşmənin arxa cəbhəsinə çıxarılması və ehtiyatların təmin edilməsi istiqamətində tapşırıqları müvəffəqiyyətlə yerinə yetirir.

Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin və helikopterlərinin Bakı səmasında uçuşu xalqımızda düşmən üzərində qəti qələbəyə sarsılmaz inamı daha da möhkəmləndirdi.

1997-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin ilk buraxılış mərasimində ulu öndərimiz Heydər Əliyev demişdi: “Çox sevinirəm ki, indi milli şahinlərimiz var. Sevinirəm ki, bizim şahinlərimiz Azərbaycan səmasını daim qorumağa, Azərbaycan ərazisini qorumağa, Azərbaycanın müstəqilliyini qorumağa qadirdirlər”.

Paraddan sonra Prezident İlham Əliyev Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə dövlətimizin başçısının iyunun 25-də imzaladığı Sərəncamla 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunmuş general-polkovnik Zakir Həsənova, general-polkovnik Nəcməddin Sadıkova və general-leytenant Kərəm Mustafayevə həmin ordenləri təqdim etdi.

Sonda xatirə şəkilləri çəkdirildi.

x x x

Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçirilən möhtəşəm hərbi parad başa çatandan sonra qardaş Türkiyənin “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan 2 ədəd “F-16” və 8 ədəd “F-5” tipli təyyarə də Bakı buxtası üzərində nümunəvi uçuşlar keçirdi.

Beləliklə, bu parad bir daha göstərdi ki, peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir və bu ordunun gücü onun öz xalqına və dövlətinə sədaqətində, Vətən sevgisindədir. Millətimizin ləyaqət rəmzi, özünütəsdiq imkanı olan ordumuz xalqımızın milli düşüncəsində ali və müqəddəs ucalıqda dayanır, dövlətimizin varlıq, mövcudluq və milli kimlik meyarı kimi çıxış edir və bütün bu ali ideyaları yalnız bir milli dəyər birləşdirir - Müstəqillik!

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06