İlham Əliyev ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib

10 may 2018, 18:08
İlham Əliyev ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.

Dövlət başçısı mərasimdə nitq söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

- Hörmətli xanımlar və cənablar, əziz dostlar.

Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümüdür. Bu gün Azərbaycan xalqı bir daha Ulu Öndərin əziz xatirəsinə öz hörmət və ehtiramını bildirir.

Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir. Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olmuşdur.

Sovet dövründə Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə Azərbaycan uğurla, sürətlə inkişaf edib. 1969-cu ildə o, Azərbaycan Respublikasının rəhbəri seçiləndə Azərbaycan sovet məkanında ən geridə qalmış respublikalardan biri idi. Bunu sosial-iqtisadi göstəricilər də təsdiq edir. On üç il ərzində yorulmaz fəaliyyət nəticəsində Azərbaycan sovet məkanında ən qabaqcıl respublikalardan birinə çevrilmişdir. Əgər sovet dövründə - 1980-ci illərdə iki donor respublika var idisə, onlardan biri Azərbaycan idi. Azərbaycan ümumittifaq xəzinəsinə daha çox vəsait verirdi, nəinki alırdı.

Məhz o illərdə Azərbaycanda sənaye inkişafı böyük templərlə təmin olunurdu. Yüngül sənayedə, ağır sənayedə, neft sənayesində böyük işlər görülmüşdür. O vaxt yaradılmış infrastruktur bu gün müstəqil Azərbaycanın inkişafına xidmət göstərir. Kənd təsərrüfatına böyük diqqət göstərilirdi. Azərbaycan böyük tikinti meydançasına çevrilmişdi. Yəni, 1982-ci ilin sosial-iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, doğrudan da Heydər Əliyevin rəhbərliyi ilə 13 il ərzində böyük işlər görülmüşdür və Azərbaycan, qeyd etdiyim kimi, qabaqcıl yerlərdə idi.

Onun gördüyü işlər, prinsipiallığı, şəxsi keyfiyyətləri, əlbəttə ki, sovet rəhbərliyində də yüksək qiymətləndirilirdi. 1982-ci ildə Leonid Brejnev vəfat edəndən və Yuri Andropov hakimiyyətə gələndən sonra onun ilk təyinatı məhz Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Heydər Əliyevi Moskvaya dəvət etmiş və ona yüksək vəzifə təklif etmişdir - Nazirlər Soveti sədrinin birinci müavini və Siyasi Büronun üzvü vəzifələrini.

Mən yaxşı xatırlayıram, atam bir neçə gün tərəddüd edirdi, Azərbaycandan getmək istəmirdi. Onun gördüyü işlər, əlbəttə ki, Azərbaycanı böyük dərəcədə inkişaf etdirmişdi və Azərbaycanın gələcək inkişafı ilə bağlı böyük planları var idi. Ancaq o vaxt təbii ki, güclü nizam-intizam var idi və eyni zamanda, sovet dövləti qarşısında yeni vəzifələr durmuşdu və o, bu yüksək məsuliyyəti öz üzərinə götürmüşdü. 1982-1987-ci illərdə o, bir çox önəmli sahələrə rəhbərlik edərək sovet dövlətinin uğurlu inkişafına öz töhfəsini vermişdir. Onun bilavasitə rəhbərliyi ilə böyük infrastruktur layihəsi olan Baykal-Amur dəmir yolu uğurla inşa edilmişdir, onun tikintisi tamamlanmışdır.

Eyni zamanda, daim Azərbaycana böyük diqqət, kömək göstərirdi. Əlbəttə, onun burada gördüyü işlər və fəaliyyəti imkan verirdi ki, o, Azərbaycanı tərk edəndən sonra da Azərbaycan inkişaf etsin. Ancaq buna baxmayaraq respublikada sosial-iqtisadi göstəricilər getdikcə aşağı düşürdü, vəziyyət tənəzzülə uğrayırdı. Nəticədə 1980-ci illərin sonlarında - 1990-cı illərin əvvəllərində Azərbaycan böyük fəlakətlə üz-üzə qalmışdır.

Bir sözlə, o dövrdə Ulu Öndər çox böyük işlər görmüşdür və sovet məkanında onun xatirəsinə bu gün çox böyük hörmət və ehtiram var. Mənim onunla bərabər işləyən şəxslərlə çoxsaylı görüşlərim deməyə əsas verir ki, o, sözün əsl mənasında, böyük hörmətə layiq olan insan idi.

1987-ci ildə heç bir əsas olmadan ovaxtkı sovet rəhbərliyi tərəfindən Heydər Əliyev bütün vəzifələrdən uzaqlaşdırıldı. Bunun heç bir əsası yox idi. Çünki onun peşəkarlığı, gördüyü işlərin nəticələri, əlbəttə ki, ona qarşı edilən ədalətsizliyə uyğun gəlmirdi. Ancaq o vaxt sovet rəhbərliyində olan adamlar, sovet dövlətinin rəhbəri ona qarşı çox mənfi münasibət göstərirdi. Heydər Əliyev çox prinsipial, sözünü deyən insan idi. O görürdü ki, ölkədə vəziyyət pisləşməyə doğru gedir. O görürdü ki, real islahat əvəzinə, boşboğazlıq, populizm hökm sürür. O görürdü ki, qəbul edilmiş qərarlar sovet dövlətinin zəifləməsinə xidmət göstərir. Eyni zamanda, 1985-ci ildən başlayaraq, Sovet İttifaqında milli münasibətlər sahəsində çox böyük pozuntulara yol verilmişdir. Sovet dövlətini vahid bir dövlət kimi saxlayan, ilk növbədə, milli münasibətlərin tənzimlənməsi idi. 1985-ci ilə qədər bu münasibətlər demək olar ki, sağlam zəmində qurulmuşdur. Bütün xalqlar rahat inkişaf edə, öz mədəniyyətini qoruya bilirdilər.

Ona görə bütün bu xoşagəlməz meyillərə qarşı Heydər Əliyev biganə qala bilməzdi, öz səsini ucaldırdı və əlbəttə ki, bu, sovet rəhbərliyinin xoşuna gəlmirdi. Heç bir əsas olmadan bütün vəzifələrdən uzaqlaşdırılandan sonra Azərbaycan böyük dayağı itirmiş oldu. Bizim mənfur qonşularımız dərhal bundan istifadə etdilər, onun istefasından iki həftə keçməmiş erməni separatçıları və onların mərkəzdəki havadarları məsələ qaldırdılar ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilsin.

Yəni, Heydər Əliyev amili, güclü şəxsiyyətin dövlətin mərkəzində olması imkan vermirdi ki, belə separatçı meyillər baş qaldırsın. Baxmayaraq ki, 1969-cu ilə qədər belə meyillər var idi. Ancaq Heydər Əliyev Azərbaycana rəhbər vəzifəsinə gələndən sonra bütün bu meyillərin qarşısı alınmışdır.

O vaxtdan xalqımıza, respublikamıza qarşı çox böyük ədalətsizliklər edilmişdir. Bunun nəticəsində Azərbaycan böyük fəlakətlə üzləşmişdir. Tam əminliklə deyə bilərəm ki, əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, Azərbaycan rəhbəri kimi heç vaxt imkan verməzdi ki, separatçı meyillər baş qaldırsın və Dağlıq Qarabağ münaqişəsi başlasın. Çünki onun qətiyyəti, cəsarəti, nüfuzu heç vaxt imkan verməzdi ki, belə meyillər mövcud olsun. Ancaq ondan sonrakı rəhbərlər, əfsuslar olsun ki, zəiflik göstərmişlər, prinsipiallıq göstərməmişlər və onlar üçün öz şəxsi karyerası xalqın mənafeyindən qat-qat böyük əhəmiyyət kəsb edirdi.

1990-cı ilə qədər Heydər Əliyev pensiyaçı kimi yaşayırdı. Baxmayaraq ki, Heydər Əliyevə qarşı mərkəzdə təşkil edilmiş qarayaxma kampaniyaları aparılırdı, ancaq Azərbaycan xalqı ona olan hörmətini daim öz qəlbində yaşadırdı. 1990-cı ilin faciəvi günlərində Heydər Əliyev əsl lider kimi yenə də öz xalqının yanında yer tutdu, xalqa yol göstərdi. Mən o dəhşətli günləri yaxşı xatırlayıram, sovet hökuməti, sovet rəhbəri tərəfindən Azərbaycan xalqına qarşı böyük cinayət törədilmişdi. Qanlı Yanvar faciəsi böyük cinayətdir, öz xalqına qarşı böyük cinayətdir. Yüzdən çox günahsız insan vəhşicəsinə qətlə yetirilmişdir, yüzlərlə insan yaralanmışdır və itkin düşmüşdür. Heydər Əliyev dərhal bu ədalətsizliyə qarşı öz səsini ucaltdı. Yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək, - mən də onun yanında idim, - orada sovet rəhbərliyini, bu vəhşi aktı pislədi və Azərbaycan xalqına öz həmrəyliyini ifadə etdi. Bu, böyük cəsarət tələb edən addım idi. Çünki o vaxt Heydər Əliyev sovet təbliğatında çox böyük təzyiqlərə, böyük kampaniyalara məruz qalırdı. Ancaq xalqın ona olan sevgisini bu çirkin əməllər söndürə bilməzdi. Əksinə, xalq görürdü ki, öz liderinə qarşı böyük ədalətsizlik törədilir və onun ətrafında daha da sıx birləşməyə cəhd göstərirdi. 1990-cı il yanvarın 21-də Heydər Əliyevin Moskvada daimi nümayəndəlikdə keçirilmiş mətbuat konfransındakı çıxışı dəfələrlə dərc edilib, televiziyada göstərilib. Yenə də deyirəm, bu, böyük cəsarət tələb edən addım idi. Bu addım bir daha göstərirdi ki, Azərbaycan xalqının problemləri, mənafeyi, dərdi onun üçün hər şeydən üstündür, hər şeydən əzizdir və ağır günlərdə o, mütləq öz xalqının yanında olmalı idi. Onu da qeyd etməliyəm ki, o vaxt sovet hakimiyyəti hələ möhkəm idi, Sovet İttifaqının dağılmasına hələ iki il vaxt qalırdı. Heç kimin ağlına gələ bilməzdi ki, nə vaxtsa sovet dövləti dağılacaq.

Ondan sonra Heydər Əliyev uzun illər xidmət etdiyi Kommunist Partiyasının sıralarından çıxdı. Çox ciddi bəyanat vermişdi və təbii ki, ona qarşı bundan sonra da təzyiqlər, təqiblər daha da geniş vüsət almışdı, hətta tam dəqiq məlumata görə, onun həbsi məsələsi də qoyulmuşdu. Moskvada qalmaq mümkün deyildi, onun bütün ailə üzvlərinə qarşı da çox ciddi addımlar atılmışdı. Bütün ailə üzvləri tutduqları vəzifələrdən, - vəzifələr o qədər də böyük vəzifələr deyildi, adi vəzifələr idi, - çıxarılmışdı. Demək olar ki, sovet hakimiyyətinin repressiya maşınının nəticələrini biz o vaxt görmüşük və hiss etmişik.

Heydər Əliyev doğma Vətənə üz tutur və Bakıya gəlir. Əfsuslar olsun ki, Bakıda da ona yaşamağa imkan vermədilər və Naxçıvana - doğulduğu yerə gedib orada yaşamağa məcbur olur və Azərbaycan xalqı onun ətrafında birləşməyə başlayır. Azərbaycan xalqı açıq-aydın görürdü ki, bu ağır vəziyyətdən xalqı ancaq Heydər Əliyev çıxara bilər, xalqı ancaq o xilas edə bilər. Naxçıvanlılar onun ətrafında sıx birləşərək Heydər Əliyevi Ali Məclisin Sədri vəzifəsinə seçdilər və o, Naxçıvanı işğaldan qorudu. Çünki o vaxt Ermənistan Naxçıvanı da işğal etmək istəyirdi. Ancaq Heydər Əliyev buna imkan vermədi. Orada böyük səfərbərlik işləri görülmüşdür, özünümüdafiə dəstələri yaradılmışdır və Naxçıvanın işğalına imkan verilməmişdir. Naxçıvanlılar da Heydər Əliyevi qorudular. Çünki o vaxt - 1992-ci ildə hakimiyyəti qanunsuz, dövlət çevrilişi nəticəsində zəbt etmiş AXC-Müsavat hakimiyyəti Heydər Əliyevə qarşı işlərə başlamışdı və Naxçıvanda da çevriliş etmək fikirləri var idi. Hətta o vaxt Daxili İşlər Nazirliyinin daxili qoşunlarının bir dəstəsini Naxçıvana desant göndərmək istəmişlər, naxçıvanlıları, Heydər Əliyevi hədələmişdilər, ancaq sonra bu çirkin əməllərdən əl çəkməli oldular. Çünki gördülər ki, onları çox ciddi müqavimət gözləyir və bu, avantüra onlara çox baha başa gələ bilər və yenə də, - sonra da bunu dəfələrlə göstərəcəklər, - qorxaqlıq göstərərək öz çirkin niyyətlərindən əl çəkməli oldular.

Naxçıvan dövrü çox yaddaqalan dövrdür. Mən o dövrü çox yaxşı xatırlayıram. Mən dəfələrlə Naxçıvana atamın yanına getmişəm, onunla bərabər olmuşam. Çox ağır vəziyyətdə Naxçıvanın qorunması, Naxçıvanın yaşaması üçün çox böyük işlər görülmüşdür. Müstəqilliyimiz üçün də çox böyük işlər görülmüşdür. Çünki uzun fasilədən - 1920-ci ildən sonra ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə Ali Məclisin sessiyasında rəsmi dövlət bayrağı kimi təsdiq olundu. Bu, müstəqilliyə gedən yolun başlanğıcı idi.

Azərbaycanda vəziyyət getdikcə gərginləşirdi, torpaqlarımız erməni işğalı altına düşürdü. Ovaxtkı AXC-Müsavat hakimiyyəti xalqın ümidlərini doğrulda bilmədi, öz yarıtmaz, xəyanətkar siyasəti ilə Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə böyük zərbələr vurdu və demək olar ki, ölkəni idarəolunmaz vəziyyətə gətirdi. Xaos, anarxiya, talançılıq, özbaşınalıq, siyasi, iqtisadi, hərbi böhran hökm sürürdü, torpaqlarımız işğal altına düşürdü. Azərbaycanın ovaxtkı iqtidarı isə öz laxlayan hakimiyyətini qorumaq üçün cinayətlərə, vətəndaş müharibəsinə əl atmışdır. Biz o günləri, o illəri yaxşı xatırlayırıq. Öz hakimiyyətini saxlamaq üçün Gəncəni bombalamağa qərar vermişdi və Gəncənin dağılmış binalarının o mənzərəsi bu gün bizim gözümüzün qabağındadır. Azərbaycan xalqı o anti-milli hakimiyyətə yox demişdir, cəmi bir il ona dözə bilmişdir və öz lideri ətrafında birləşmişdir. Hələ 1992-ci ildə Azərbaycanın qabaqcıl ziyalıları, tanınmış insanlar, ictimai xadimlər Heydər Əliyevə müraciət edərək partiyanın yaradılması ilə bağlı təkliflər irəli sürmüşlər və 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Bu da gənc dövlətin siyasi sisteminin yaradılması demək idi. Çünki o günə qədər Azərbaycanda siyasi sistem yox idi, siyasi münasibətlər, ümumiyyətlə, mövcud deyildi. 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyev Bakıya gəlmişdir. Ovaxtkı AXC-Müsavat hakimiyyəti yenə də qorxaqlıq göstərərək kənara çəkilmiş, ölkə, demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. O ağır, çətin vəziyyətdə xalq bu tarixi missiyanı Heydər Əliyevə həvalə etmişdir.

1993-cü ildən başlayaraq Azərbaycan bu günə qədər uğurlu inkişaf yolu ilə gedir. Baxmayaraq, 1994-cü və 1995-ci illərdə iki dəfə dövlət çevrilişinə cəhd göstərilmişdir, ancaq Azərbaycan xalqı imkan vermədi ki, cinayətkar ünsürlər hakimiyyəti bir daha qanunsuz zəbt etsinlər. Əlbəttə ki, Heydər Əliyevin nüfuzu, onun cəsarəti, onun siyasəti imkan vermədi ki, kimsə hakimiyyəti qanunsuz yollarla zəbt etsin.

Ondan sonra Azərbaycanda sabitlik dövrü başlamışdır və bu dövr bu gün də davam edir. Ölkəmiz üçün çox önəmli qərarlar qəbul edilmişdir, siyasi islahatlara start verilmişdir. Məhz o illərdə bizim inkişafımızla bağlı strateji seçimlər edilmişdir ki, Azərbaycan müasir, demokratik ölkə kimi inkişaf etməlidir. İqtisadi islahatlara start verilmiş, bazar iqtisadiyyatı prinsipləri əsas prinsiplər kimi tətbiq olunmağa başlamışdır. Azərbaycan beynəlxalq aləmlə münasibətləri qura bilmişdir və demək olar ki, müstəqilliyimizin ilk illərində mövcud olan beynəlxalq təcriddən də çıxa bilmişdir. Ölkəmiz üçün lazım olan beynəlxalq əlaqələr Azərbaycana investisiya cəlb edilməsinə gətirib çıxarmışdır. 1994-cü ildə “Əsrin kontraktı” imzalanmışdır. Bu kontraktın bizim tariximizdə, iqtisadi inkişafımızda müstəsna rolu vardır. 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edilmişdir. Eyni zamanda, 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət verilmişdir. Əfsuslar olsun ki, ondan əvvəlki hakimiyyət bu məsələyə biganə qalmışdır. Azərbaycan uğurla inkişaf etməyə başlamışdır. 1993-2003-cü illərdə ölkə qarşısında duran vəzifələr uğurla icra edilmişdir. Ordu quruculuğu işində böyük addımlar atılmışdır, uğurlu Horadiz əməliyyatı keçirilmişdir və torpaqlarımızın bir hissəsi işğalçılardan azad edilmişdir. Yəni, 10 il ərzində Azərbaycanda dövlət quruculuğu işində çox böyük addımlar atılmışdır və bu addımlar bu gün bizim uğurlu siyasətimizi şərtləndirir.

2003-cü ilin oktyabr ayında Heydər Əliyev xalqa müraciətində görülmüş işlərlə bağlı öz fikirlərini bildirmiş və əminliyini ifadə etmişdir ki, onun davamçıları onun yolu ilə gedərək, Azərbaycanı ondan sonra da uğurla idarə edə bilərlər.

2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərmişdir və o gündən bu günə qədər çalışıram ki, bu etimadı doğruldum. 2003-cü ildə prezident seçkiləri ərəfəsində söz vermişdim ki, əgər xalq etimad göstərərsə, Heydər Əliyev siyasəti Azərbaycanda davam etdiriləcəkdir. Fəxr edirəm ki, sözümə əməl etdim və son 15 il ərzində Azərbaycan Heydər Əliyevin qoyduğu yolla uğurla, inamla gedir. Azərbaycanda sabitlik tam təmin olunur, sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Biz indi görürük ki, dünyanın müxtəlif yerlərində vəziyyət gərginləşir, yeni münaqişələr, qanlı toqquşmalar, vətəndaş müharibələri, çevrilişlər baş verir. Ona görə baş verir ki, insanlar hakimiyyətdən narazıdırlar. Ona görə baş verir ki, hakimiyyət lazım olan səviyyədə, düzgün siyasət aparmır, insanları narahat edən problemləri həll etmir, iqtisadi inkişafı təmin edə bilmir, böyük pozuntulara yol verir. Azərbaycanda isə sabitliyin təminatçısı, onun qarantı Azərbaycan xalqıdır və xalq-iqtidar birliyidir. Bu gün Azərbaycan dünya miqyasında ən sabit və ən uğurla inkişaf edən ölkələrdən biridir.

Azərbaycan dövləti möhkəm əsaslar üzərində qurulubdur. Biz son 15 il ərzində milli dəyərlərimizlə bağlı çox ciddi siyasət aparırıq. Bizim milli dəyərlərimiz, ənənəvi dəyərlər bizim üçün əsasdır. Çox şadam ki, bu gün gənc nəsil milli ruhda tərbiyə olunur və milli ləyaqət hissləri güclənir, müstəqillik ən böyük sərvət kimi cəmiyyət tərəfindən qəbul edilir və dəstəklənir.

Azərbaycan dünya miqyasında dinlərarası, millətlərarası münasibətlərin tənzimlənməsində nümunəvi ölkəyə çevrilibdir. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri Azərbaycan səması altında bir ailə kimi, sülh, mehribanlıq, dostluq şəraitində yaşayırlar. Bu, bizim böyük sərvətimizdir və bu, bizim siyasətimizin böyük uğurudur.

Azərbaycan beynəlxalq aləmdə böyük nüfuza malik olan bir ölkədir. Bizim bir çox ölkələrlə bərabərhüquqlu, gözəl, konstruktiv münasibətlərimiz vardır. Biz prinsipial mövqeyimizdən heç vaxt bir addım geri atmırıq. Tərəfdaşlarımızla qarşılıqlı maraqlar üzərində qurduğumuz münasibətlər, düzgün xarici siyasət bizə imkan verir ki, həm beynəlxalq arenada öz gücümüzü, təsir imkanlarımızı artıraq, eyni zamanda, daxili problemləri, xüsusilə iqtisadi inkişafla bağlı olan problemləri həll edək.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. 2003-2018-ci illərdə - 15 il ərzində bir çox beynəlxalq təşkilatlar - BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar bu münaqişə ilə bağlı bizim mövqeyimizi, ədaləti əks etdirən qərar və qətnamələr qəbul etmişlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. Münaqişənin digər həlli yolları yoxdur. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, heç vaxt olmayıb və heç vaxt olmayacaqdır. Azərbaycan xalqı və dövləti heç vaxt imkan verməz ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Əgər kimsə başqa cür fikirləşirsə, hesab edirəm ki, o, əbəs yerə illüziyalarla yaşayır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə və qeyd-şərtsiz təmin edilməlidir. Bunu ədalət və beynəlxalq hüquq tələb edir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bunu tarix deyir, mədəniyyət deyir, bunu beynəlxalq hüquq deyir. Dağlıq Qarabağda keçirilmiş son qondarma “referendum” heç bir ölkə, heç bir beynəlxalq təşkilat tərəfindən tanınmayıb. Bu, bir daha onu göstərir ki, beynəlxalq aləm, bütün ölkələr Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz öz prinsipial mövqeyimizi bundan sonra da gücləndirəcəyik. Azərbaycanın həm beynəlxalq müstəvidə, həm də regionda kifayət qədər imkanları var. Bizim iştirakımız olmadan bölgədə heç bir layihə icra edilə bilməz. Ermənistanda bu reallığı nə qədər tez başa düşsələr, münaqişə o qədər də tez həll edilər və bölgəmizdə sülh təmin olunar.

Biz, eyni zamanda, Xocalı soyqırımı ilə bağlı dünyada çox böyük işlər görürük. Ermənilər tərəfindən törədilmiş misli görünməmiş vəhşilik olan Xocalı soyqırımını son illər ərzində 10-dan çox ölkə soyqırımı kimi tanıyıb və bu proses davam etdiriləcəkdir.

Biz güclü ordu qurmuşuq. Orduların gücünü müəyyən edən aparıcı reytinq agentlikləri Azərbaycan Ordusunu 50 güclü ordu sırasında görürlər. Biz bunu bilirik və bizim hərbi gücümüz gündən-günə artır. İki il bundan əvvəl Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etmişdir və o torpaqlarda – bizim doğma torpaqlarımızda bu gün Azərbaycan bayrağı dalğalanır. Əminəm ki, gün gələcək və Azərbaycan bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda, o cümlədən Şuşada və Xankəndidə qaldırılacaqdır.

Biz Ulu Öndərin yolu ilə gedərək güclü iqtisadiyyat qura bilmişik. Son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmamışdır. Bizim iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Aparıcı beynəlxalq təşkilatlar, Davos İqtisadi Forumu Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə dünyada 35-ci yerə layiq görübdür, inkişaf edən ölkələr arasında isə biz 3-cü yerdəyik. Bizim çox böyük iqtisadi resurslarımız var. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 5 dəfə böyükdür. Azərbaycanda yoxsulluqla, işsizliklə mübarizə gözəl nəticələr verir. Bu böyük sosial problemlərin həlli işində böyük uğurlar əldə edilibdir. Biz energetika, nəqliyyat sahələrində tarixi layihələr icra etmişik və onların icrası davam edir. Biz ölkə daxilində enerji təhlükəsizliyi ilə bağlı məsələləri tam şəkildə həll etdik. Gələcəkdə Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılması ilə bağlı böyük layihələrin başa çatması gözlənilir.

Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilibdir. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri bizim böyük sərmayələrimizlə həyata keçirilir və bu istiqamətdə hələ də həllini tapmamış məsələlər mütləq öz həllini tapacaqdır.

Biz bütün istiqamətlərdə uğurla inkişaf edirik. Bizim inkişafımızın təməlində ulu öndər Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik, biz tutduğumuz yoldan dönməyəcəyik, daim irəli gedəcəyik.

Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm ki, biz bundan sonra da həmişə inkişaf və tərəqqi yolu ilə gedəcəyik. Sağ olun.

X X X

Sonra Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qızıl çinar” beynəlxalq mükafatının 2018-ci il üzrə qalibləri elan olundu.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli musiqi mədəniyyətimizin inkişafı və təbliği, Azərbaycan dirijorluq məktəbi ənənələrinin yüksək səviyyədə davam etdirilməsi istiqamətində göstərdiyi böyük xidmətlərə görə Azərbaycan Respublikasının Xalq Artisti, Dövlət Mükafatı, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri laureatı Rauf Abdullayevə “Qızıl çinar” beynəlxalq mükafatını təqdim etdi.

Azərbaycan Respublikasının Xalq Artisti Rauf ABDULLAYEV dedi:

-Mehriban xanım, mən Sizə çox təşəkkür edirəm. Əlbəttə, Sizin işləriniz həddindən çoxdur. Sizin gördüyünüz hər bir iş biz mədəniyyət işçilərinin gözləri qabağındadır. Mən Sizə cansağlığı, işlərinizdə uğurlar diləyirəm. Biz həmişə Sizinləyik. Biz Sizinlə fəxr edirik, çox sağ olun, bir daha təşəkkür edirəm.

X X X

Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Qızıl çinar” beynəlxalq mükafatını Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi xidmətlərinə görə Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Azərbaycan Respublikasının “Dostluq” və “Şöhrət” ordenləri ilə təltif olunmuş Mixail Qusmana təqdim etdi.

TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail QUSMAN dedi:

- Hörmətli Prezident, hörmətli Mehriban xanım.

Bu mükafata görə çox sağ olun. Bu, mənim üçün sadəcə mükafat deyil. Bu, əlbəttə ki, doğulduğum bu gözəl torpağa, əhatəsində boya-başa çatdığım ailə ocağıma, ömrümün yarısını bir yerdə yaşadığım istedadlı, parlaq, qonaqpərvər, mehriban, sülhsevər Azərbaycan xalqına mənim sonsuz məhəbbətimin əksi və ifadəsidir. Lakin bu məhəbbət hissi indi mənim Azərbaycan Respublikası ilə xüsusi qürur duymağımla da tamamlandı. Onun heyrətamiz uğurları barədə bu gün İlham Heydər oğlu çox gözəl danışdı. Cənab Prezident, Sizi bu doğma torpağın məğrurluğuna görə təbrik etmək istəyirəm. Çünki Heydər Əliyevin vəsiyyətlərini yerinə yetirən Azərbaycan məhz Sizin rəhbərliyinizlə bu cür heyrətamiz uğurlara nail olub. Mən Sizə Heydər Əliyevin, zənnimcə, ən əsas vəsiyyətlərindən birini yerinə yetirdiyinizə görə də təşəkkür etmək istəyirəm. Bu, Sizin böyük Rusiya, böyük rus xalqı ilə hərtərəfli əlaqələrin və dostluğun, strateji əməkdaşlığın möhkəmləndirilməsi naminə yorulmadan göstərdiyiniz qayğıdır.

Biz bilirik ki, bu gün Azərbaycanda rus dili, əvvəllərdə olduğu kimi, milyonlarla insanın ünsiyyət dilidir. Bu, Sizin və tolerant Azərbaycan xalqının böyük xidmətidir. Mən buna görə Sizə çox təşəkkür edirəm. Deməliyəm ki, Azərbaycana məhəbbət hissini, yəqin hamıdan daha yaxşı 80 il bundan əvvəl unudulmaz Səməd Vurğun özünün ölməz “Azərbaycan” şeirində tərənnüm edib. Biz bu şeiri uşaqlıqdan əzbər bilirik. Lakin abidənin pyedestalında həkk olunmuş dörd sətri bizim hər birimiz dua kimi heç olmasa gündə bir dəfə təkrarlamalıyıq:

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam doğma vətənimsən!

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!

X X X

Daha sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə görkəmli kinorejissor və ssenarist, Azərbaycan Respublikasının Xalq Artisti, “Şöhrət” və “Şərəf” ordenli Eldar Quliyevə “Qızıl çinar” beynəlxalq mükafatını təqdim etdi.

Xalq Artisti Eldar QULİYEV dedi:

-Mehriban xanım, mən Sizə və Heydər Əliyev Fonduna dərin minnətdarlığımı bildirirəm. Siz mənim sadə fəaliyyətimə belə yüksək qiymət verdiniz. İndi 3-4 yaş cavan olsaydım deyərdim ki, bəli, bu, avansdır. Amma hər halda bunu avans hesab edirəm. Mən hələ işləyəcəyəm.

Mən nə rəssam, nə bəstəkar, nə də yazıçı deyiləm ki, təkbaşına nə isə yarada bilim. Mən kinorejissoram. Mənimlə birlikdə bir filmin çəkilişində 40-50 nəfər iştirak edir. Onların arasında rəssamlar da, yazıçılar da var. Hesab edirəm ki, bu mükafatda onların da payı var. Çünki onlarla birlikdə yaratdığımız filmlər Azərbaycanın tarixini, onun bugünkü həyatını bütün dünyaya tanıdır. Fəxr edirəm ki, mən də onların sırasındayam.

Çox sağ olun, Mehriban xanım, Sizə bir daha təşəkkür edirəm. Söz verirəm ki, yaradıcılığımı davam etdirəcəyəm.

X X X

Mərasim geniş konsert proqramı ilə davam etdi.

Sonda xatirə şəkli çəkdirildi.

X X X

Mərasimdən sonra Heydər Əliyev Mərkəzinin binasının üzərində videokompozisiya nümayiş etdirildi.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin həyat yolunun səhifələrini vərəqləmək Azərbaycan tarixinin bütöv bir qərinəsinə nəzər salmaq deməkdir. Ulu öndər Heydər Əliyev millətin taleyi üçün misilsiz əhəmiyyət kəsb edən bütün fəaliyyət sahələrini həmişə diqqətdə saxlayıb. Onun ölkəyə rəhbərliyinin hər iki dövründə Azərbaycanın taleyi ilə bağlı olan bütün sahələr dövlət səviyyəsində layiqli dəyərini alıb. Bunu ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə təntənəli mərasimin keçirildiyi Heydər Əliyev Mərkəzinin binasının üzərində nümayiş etdirilən videokompozisiyadan da görmək olurdu.

Bakının simvollarından biri, dünyanın modern memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilən kompozisiya müasir Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin Azərbaycana bağlılığını, ölkəmizdəki tərəqqini və Ümummilli Liderə xalq məhəbbətini əks etdirirdi. “Xalq Heydər söyləyəcək” mahnısı ilə müşayiət olunan videoinstalyasiya saat 20-dən gecəyarıyadək davam etdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06