Enerji Məsələlərini Tənzimləmə Agentliyinin NİZAMNAMƏSİ

22 dekabr 2017, 21:26

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 22 dekabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Enerji Məsələlərini Tənzimləmə Agentliyi (bundan sonra – Agentlik) Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində (bundan sonra – müvafiq sahə) istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, müəssisələrin fəaliyyətinin təhlilini, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirən publik hüquqi şəxsdir.

1.2. Agentlik Azərbaycan Respublikası Energetika Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir.

1.3. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Nazirliyin qərar, əmr və sərəncamlarını rəhbər tutur.

1.4. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Agentlik ümumdövlət və ictimai əhəmiyyət kəsb edən fəaliyyətlə məşğul olur. Agentliyin fəaliyyəti nəticəsində əldə olunan vəsait, bu Nizamnamənin 5.6-cı bəndi nəzərə alınmaqla, onun fəaliyyətinin təmin edilməsinə yönəldilir.

1.6. Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.7. Qanuna uyğun olaraq, Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Agentlik məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edir.

1.8. Agentlik Bakı şəhərində yerləşir.

2. Agentliyin fəaliyyətinin məqsədi və fəaliyyət istiqamətləri

2.1. Agentliyin fəaliyyətinin məqsədi müvafiq sahənin səmərəli işini, dayanıqlı inkişafını və şəffaflığını təmin etmək, nəzarət mexanizmlərini təkmilləşdirməklə bu sahəni inkişaf etdirmək, göstərilən xidmətləri bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırmaq, habelə sözügedən xidmətlərin sahibkarlar üçün əlçatanlığını təmin etməkdir.

2.2. Agentlik aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

2.2.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında və bu siyasətin həyata keçirilməsində iştirak edir;

2.2.2. qüvvədə olan qanunvericiliyə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə müvafiq sahədə əməl edilməsinə nəzarəti həyata keçirir;

2.2.3. müvafiq sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə, habelə energetika sahəsində fəaliyyətin ətraf mühitə mənfi təsirinin qarşısının alınması və ya azaldılması üzrə müvafiq normalara uyğun tədbirlər görülməsinə nəzarəti həyata keçirir;

2.2.4. müvafiq sahədə investisiya mühitinin əlverişliliyinin artırılması, habelə beynəlxalq təcrübə nəzərə alınmaqla, həmin sahələrə investisiya cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlərin hazırlanmasını təmin edir;

2.2.5. müvafiq sahədə istehsalçılar, təchizatçılar, ötürücülər, paylayıcılar və istehlakçılar arasında mübahisələrə baxır;

2.2.6. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada müvafiq sahədə yoxlamalar aparır;

2.2.7. müvafiq sahədə qiymət (tarif) siyasətinin formalaşdırılması ilə bağlı təkliflər verir;

2.2.8. müvafiq sahədə sağlam rəqabət mühitinin yaradılması və enerji istehsalının səmərəliliyinin artırılması üçün tədbirlər görür.

3. Agentliyin vəzifələri və hüquqları

3.1. Agentlik, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. müvafiq sahədə qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının, məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

3.1.2. elektrik və istilik enerjisinin, habelə qazın qiymətləri (tarifləri) ilə bağlı daxil olmuş təklifləri təhlil edir və həmin qiymətlərin (tariflərin) dövlət tənzimlənməsinə dair təkliflərini aidiyyəti üzrə təqdim edir;

3.1.3. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada yoxlamalar aparır;

3.1.4. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sənaye qaz qurğusunun istismarına icazə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi güc həddindən yuxarı elektrik qurğuları üçün istismara buraxılış aktı verir, habelə onlara münasibətdə həmin Qanunun 6.3-cü maddəsində nəzərdə tutulmuş icazə verən orqanın səlahiyyətlərini həyata keçirir;

3.1.5. istehlakçıların elektrik və istilik enerjisi, habelə qaz təchizatında kəsintilərə dair limitlərin müəyyənləşdirilməsi, təchizat müəssisəsinin kəsinti limitlərini keçməsinə görə istehlakçılara kompensasiya ödəməsi mexanizmlərini hazırlayır və müvafiq qaydada təsdiq olunduqdan sonra onları tətbiq edir;

3.1.6. müvafiq sahədə istehlakçılara keyfiyyətli və səmərəli xidmət göstərilməsinin təmin edilməsi üçün tədbirlər görür;

3.1.7. müvafiq sahədə istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə nəzarəti həyata keçirir, bu sahədə qanun pozuntularının qarşısının alınması və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirlər görür;

3.1.8. müvafiq sahədə istehlakçıların hüquqlarının və qanuni mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması üçün tədbirlər hazırlayır və həyata keçirir;

3.1.9. elektrik, istilik enerjisi və qaz resurslarından səmərəli və qənaətlə istifadə olunması, elektrik və istilik enerjisinə, habelə qaza tələbatın tam ödənilməsi məqsədi ilə təşkilati-texniki tədbirlərin həyata keçirilməsini təmin edir;

3.1.10. müvafiq sahədə istehsalın diversifikasiyası və investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər görür;

3.1.11. Nazirliyin müəyyən etdiyi bölgüyə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş, Nazirliyin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edir;

3.1.12. müvafiq sahədə fəaliyyət göstərən müəssisələrin qərarlarından, hərəkət və ya hərəkətsizliyindən verilmiş şikayətlərə qanunla müəyyən olunmuş qaydada baxır;

3.1.13. aidiyyəti dövlət orqanları ilə birlikdə müvafiq sahədə fəaliyyət göstərən müəssisələrdə sağlam rəqabət mühitinin formalaşdırılması ilə bağlı tədbirlər görür;

3.1.14. mühəndis-kommunikasiya təminatı sistemlərinə dair məcburi tələblərin müəyyən olunmasında iştirak edir;

3.1.15. Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsi tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

3.1.16. Azərbaycan Respublikasının yanacaq-enerji balansının tərtib edilməsində və onun yerinə yetirilməsi üçün tədbirlər görülməsində iştirak edir;

3.1.17. elektrik və istilik enerjisi, habelə qaz istehsalı və istehlakı proqnozlarının hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

3.1.18. müvafiq sahədə qanunvericiliyə, o cümlədən iqtisadi, texniki və təşkilati tələblərə, təlimatlara əməl olunmasına, habelə müəssisələrin texniki şərtlər verməsinə nəzarət edir;

3.1.19. dövlət müəssisələrində elektrik və istilik enerjisindən, habelə qazdan istifadə üzrə istehlak limitlərinin müəyyənləşdirilməsində iştirak edir və bu limitlərə əməl olunmasına nəzarət edir;

3.1.20. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində hər il üçün yanacaq-enerji resurslarının istifadəsi, itkisi və texnoloji sərfi normaları ilə bağlı Nazirliyə təkliflər verir və təsdiq olunmuş normalara əməl edilməsinə, bu normaların azaldılması üzrə tapşırıqların, habelə enerjiyə qənaət planı üzrə təşkilati-texniki tədbirlərin yerinə yetirilməsinə nəzarət edir;

3.1.21. enerji təchizatı və qazpaylayıcı şəbəkələrdə, habelə enerji və qaz verilməsində, qurğularda, avadanlıqlarda baş vermiş hadisələrin, yaxud istismar olunan avadanlığın sıradan çıxması hallarının qeydiyyatını aparır, onların baş vermə səbəblərini araşdırır, eləcə də belə hadisələrin və halların qarşısının alınması üçün təşkilati-texniki tədbirlər hazırlayır və onların yerinə yetirilməsinə nəzarət edir;

3.1.22. istehlak olunan elektrik və istilik enerjisinə, habelə təbii qaza görə hesablaşmaların müvafiq sayğaclar vasitəsilə aparılmasına nəzarət edir;

3.1.23. müvafiq sahədə fəaliyyət göstərən müəssisələrdə enerji istehsalına sərf olunan yanacaq normalarının azaldılması məqsədi ilə həyata keçirilən tədbirlərə nəzarət edir;

3.1.24. enerji istehsalı və təchizatı müəssisələrində elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi və paylanması proseslərinin idarə edilməsinə, mərkəzi və yerli idarəetmə səviyyəsində dispetçer xidmətlərinin işinin mövcud qaydalara, təlimatlara və digər hüquqi aktların tələblərinə uyğun təşkil olunmasına nəzarət edir;

3.1.25. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin hər il üzrə gəlir və xərclər smetalarının razılaşdırılmasında və onların icrasına nəzarətin həyata keçirilməsində iştirak edir;

3.1.26. enerji sistemində elektrik enerjisi və güc çatışmazlığı ilə əlaqədar enerji istehsalı və təchizatı müəssisələrinin tətbiq etdikləri məhdudiyyət və birbaşa açılma qrafiklərinin düzgün tərtib olunmasına və yerinə yetirilməsinə nəzarət edir;

3.1.27. müvafiq sahədə fəaliyyət göstərən müəssisələrin təqdim etdikləri hesabatları təhlil edir, nəticələrindən asılı olaraq tədbirlər görür;

3.1.28. istehlakçıya satılan qazın keyfiyyət göstəricilərini – tərkibini, sıxlığını, rütubətliliyini, istilik yaratmaq qabiliyyətini və digər göstəricilərini laboratoriya şəraitində və ya xüsusi texniki vasitələrlə yoxlayır və nəticələri barədə istehlakçılara və qaz paylayıcısına məlumat verir;

3.1.29. bu Nizamnamənin 3.1.28-ci yarımbəndində nəzərdə tutulan yoxlama nəticəsində qazın keyfiyyət göstəriciləri texniki normativ hüquqi aktların tələblərinə cavab vermədikdə, qazın keyfiyyətinin həmin texniki normativ hüquqi aktlara uyğunlaşdırılması üçün tədbirlər görülməsini qaz paylayıcısından tələb edir;

3.1.30. enerji istehsalçılarının, təchizatçılarının, ötürücülərinin, paylayıcılarının və istehlakçıların yeni və ya yenidən qurulan, icazə verilmiş gücü artırılan, enerji təchizatı sxemi dəyişən elektrik və istilik qurğularının enerji təchizatı layihələrinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada rəy verir;

3.1.31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismara qəbulunda və qaz şəbəkəsinə qoşulmasında iştirak edir, habelə sənaye qaz qurğusu olan istehlakçıların qaz sayğaclarının dəyişdirilməsində iştirak edir;

3.1.32. qanunvericiliklə müəyyən olunmuş qaydada qazdan səmərəli istifadəni, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismarını təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkələrə texniki baxış keçirilməsində iştirak edir;

3.1.33. elektrik qurğularının reaktiv gücünün kompensasiyasının optimal səviyyəsini təmin edir;

3.1.34. tikilən, yenidən qurulan obyektlərin layihə sənədlərinin, həmçinin sahibkarın müraciəti əsasında, fəaliyyətdə olan obyektlərin enerjidən səmərəli istifadə üzrə ekspertizasını həyata keçirir;

3.1.35. müvafiq sahədə baş vermiş, enerji istehsalı və təchizatı müəssisəsinin sabit işləməsinə və enerji təchizatına təhlükə yaradan qəzaların araşdırılmasında iştirak edir;

3.1.36. bu Nizamnamədə müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq sahədə icrası məcburi göstərişlər verir;

3.1.37. qanunla müəyyən edilmiş hallarda və qaydada istehlakçılara elektrik, istilik enerjisi və qaz verilməsinin dayandırılması barədə icrası məcburi göstərişlər verir;

3.1.38. müvafiq sahədə fəaliyyət göstərən müəssisələrin və onların tabeliyindəki qurumların əməkdaşlarına, habelə istehlakçılara (məişət abonentləri istisna olmaqla), elektrik təsərrüfatlarına cavabdeh şəxslərə və təhlükəsizlik texnikası üzrə mühəndislərə müvafiq sahədə əməyin mühafizəsi norma və qaydalarına dair təlimlər keçir, onların peşə biliklərini yoxlayır və yoxlamanın nəticələri barədə təkliflər verir;

3.1.39. Agentliyə ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

3.1.40. kargüzarlığı, vətəndaşların qəbulunu, onların təklif, ərizə və müraciətlərinə baxmanı normativ hüquqi aktların tələblərinə uyğun təşkil edir, kadrların əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görür;

3.1.41. dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün müvafiq sahəyə dair peşəkar tövsiyələrin və rəylərin hazırlanması məqsədi ilə tədbirlər görür;

3.1.42. müvafiq sahədə ixtisaslı mütəxəssislər hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər verir və həmin təkliflərin həyata keçirilməsində iştirak edir;

3.1.43. mülkiyyətindəki (balansındakı) əmlakdan səmərəli istifadə olunmasını təmin edir;

3.1.44. müvafiq sahədə istehsalın texnoloji cəhətdən müasirləşdirilməsinə, ölkənin elm və kadr potensialının inkişaf etdirilməsinə dair təkliflər verir;

3.1.45. işçilərinin xarici ölkələrə təlim və təcrübə mübadiləsi səfərlərini təşkil edir;

3.1.46. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin edir;

3.1.47. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görür;

3.1.48. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;

3.1.49. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görür;

3.1.50. bu Nizamnamə ilə Agentliyə həvalə edilmiş hüquq və vəzifələrin icrası ilə bağlı hesabatları və illik iş planını Nazirliyə təqdim edir;

3.1.51. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.

3.2. Agentlik, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, aşağıdakı hüquqları həyata keçirir:

3.2.1. müvafiq sahədə normativ hüquqi aktların hazırlanmasına və təkmilləşdirilməsinə dair təkliflər verir, bu sahənin vəziyyəti və inkişafı ilə əlaqədar analitik materiallar və təkliflər təqdim edir;

3.2.2. enerji resurslarından istifadə normalarına, texniki itki (texnoloji sərfiyyat) normalarına əməl olunması, elektrik enerjisinin hasilatı, ötürülməsi və başqa göstəricilər haqqında enerji istehsalçılarından, təchizatçılarından, ötürücülərindən və paylayıcılarından hesabat alır;

3.2.3. dövlət və yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə elektrik və istilik enerjisi, habelə qaz təchizatı ilə bağlı öz fəaliyyət istiqamətlərinə aid məlumatlar (sənədlər) barədə sorğu verir və onlardan məlumatlar (sənədlər) alır;

3.2.4. müvafiq sahədə çalışan işçilərin dövlət təltiflərinə və digər mükafatlara təqdim edilməsi ilə bağlı Nazirliyə təkliflər verir, onların həvəsləndirilməsi üçün tədbirlər görür;

3.2.5. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər verir, təhlillər və ümumiləşdirmələr aparır, analitik materiallar hazırlayır, tədqiqatlar aparır;

3.2.6. müvafiq sahədə dövlət orqanları ilə, hüquqi şəxslərlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, xarici dövlətlərin təcrübəsini öyrənir, xaricdə fəaliyyət göstərən enerji sektoru tənzimləyiciləri ilə təcrübə mübadiləsi aparır;

3.2.7. səlahiyyətlərinə aid edilmiş məsələlərin işlənib hazırlanması və yerinə yetirilməsi üçün xarici və yerli ekspertləri və mütəxəssisləri cəlb edir;

3.2.8. xüsusi bülletenlər və digər nəşrlər buraxır;

3.2.9. işçilərinin peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə ixtisasartırma və digər istiqamətlərdə təlimlər təşkil edir;

3.2.10. vəzifələrinin yerinə yetirilməsi məqsədi ilə təsərrüfat cəmiyyətləri yaradır və ya onlarda iştirak edir;

3.2.11. müvafiq sahədə fəaliyyət göstərən müəssisələrin iqtisadi-maliyyə vəziyyətini təhlil edir və onların fəaliyyətinin iqtisadi tənzimlənmə mexanizminin təkmilləşdirilməsinə, səmərəliliyinin yüksəldilməsinə dair təkliflər verir;

3.2.12. qanunda nəzərdə tutulmuş hallarda, müvafiq sahədə fəaliyyət göstərən müəssisələrdən Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Nazirliyin müəyyən etdiyi qaydada və məbləğdə haqq alır;

3.2.13. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirir.

4. Agentliyin idarə olunması

4.1. Agentlik öz fəaliyyətində mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Agentliyi İdarə Heyəti idarə edir.

4.3. İdarə Heyəti Agentliyə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi üç nəfərdən: Azərbaycan Respublikasının energetika naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və onun iki müavinindən ibarətdir.

4.4. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi İdarə Heyətinin digər üzvü həyata keçirir.

4.5. İdarə Heyəti aşağıdakı vəzifələri yerinə yetirir:

4.5.1. Agentliyin inkişaf istiqamətlərini müəyyən edir;

4.5.2. təsisçinin səlahiyyətlərini həyata keçirmək üçün müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinə və Nazirliyə təkliflər verir və sənədlər təqdim edir;

4.5.3. Agentliyin fəaliyyətinə dair illik hesabatı hazırlayaraq Nazirliyə təqdim edir;

4.5.4. Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı hüquqi aktların layihələrinə baxır, həmin layihələri Nazirliyə təqdim edir;

4.5.5. bu Nizamnamənin 3.1.39-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

4.5.6. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxır və qərar qəbul edir;

4.5.7. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının və qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını hazırlayaraq təsdiq üçün Nazirliyə təqdim edir, Agentliyin əldə etdiyi vəsait hesabına işçilərin əməkhaqqına əlavənin ödənilməsini nəzərdə tutan həvəsləndirmə sisteminin müəyyən edilməsinə dair Nazirliyə təkliflər təqdim edir;

4.5.8. Agentliyin fəaliyyətinə dair daxili qaydaları, habelə onun idarə, filial və nümayəndəliklərinin əsasnamələrini hazırlayır və təsdiq olunması üçün Nazirliyə təqdim edir;

4.5.9. İdarə Heyətinin və əməkdaşların fəaliyyəti zamanı maraqlar münaqişəsinin istisna olunmasının qayda və şərtlərini müəyyənləşdirir və onların icrasına nəzarət edir;

4.5.10. Nazirliyin razılığı ilə Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul edir;

4.5.11. Nazirliyin razılığı ilə Agentliyin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;

4.5.12. aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;

4.5.13. Agentliyin kənar auditorunu təyin edir və audit hesabatını qəbul edir;

4.5.14. müvafiq sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən ödənilən haqların məbləği və bu haqların ödənilmə qaydası ilə bağlı Nazirliyə təkliflər verir;

4.5.15. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür;

4.5.16. cari və operativ məsələlər barədə Nazirliyi məlumatlandırır.

4.6. İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin sədri və ya digər üzvü çıxış edir. İdarə Heyətinin iclasları İdarə Heyəti üzvlərinin ən azı ikisi iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirəyə çıxarılmış məsələlərə dair qərarlar qəbul edilir. İdarə Heyətinin iclasında hər iştirakçı bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər bölünərsə, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən İdarə Heyətinin digər üzvünün) səsi həlledici sayılır. Səsvermə zamanı iştirakçıların bitərəf qalmasına icazə verilmir.

4.7. İdarə Heyətinin sədri:

4.7.1. Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirir və onu təmsil edir;

4.7.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir;

4.7.3. öz təşəbbüsü ilə və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4.7.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı digər üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4.7.5. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.7.6. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.7.7. Nazirliyin razılığı ilə Agentliyin idarə, filial və nümayəndəliklərinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir;

4.7.8. bu Nizamnamənin 4.7.7-ci yarımbəndi nəzərə alınmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsinə dair qərarlar qəbul edir;

4.7.9. Agentliyin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.7.10. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.7.11. bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində, Azərbaycan Respublikası energetika nazirinin razılığı ilə Agentliyin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.7.12. Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür;

4.7.13. Agentliyin fəaliyyət istiqamətləri üzrə məşvərətçi komitələr və işçi qruplar yaradır;

4.7.14. İdarə Heyətinin fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür;

4.7.15. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.7.16. Agentlikdə vətəndaşların qəbulunu və müraciətlərinə baxılmanı təmin edir;

4.7.17. səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;

4.7.18. Nazirliyin tapşırığı ilə konfrans, iclas, seminar və digər tədbirlərin keçirilməsini təşkil edir;

4.7.19. Agentliyin fəaliyyəti ilə bağlı illik maliyyə hesabatlarını Nazirliyə təqdim edir;

4.7.20. Nazirlik rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.

4.8. İdarə Heyətinin üzvləri:

4.8.1. İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;

4.8.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.8.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

4.8.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə İdarə Heyətinin iclaslarında baxmaq barədə təkliflər verirlər;

4.8.5. İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.9. İdarə Heyətinin üzvləri İdarə Heyətinin iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər.

5. Agentliyin nizamnamə fondu, əmlakı və maliyyə
fəaliyyətinin əsasları

5.1. Agentliyin nizamnamə fondu 1 000 (bir min) manatdır.

5.2. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, müvafiq sahədə fəaliyyət göstərən müəssisələrin ödədikləri haqlardan, Agentliyin fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.

5.3. Agentlik öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Agentlik qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Agentliyin, onun idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5.5. Agentlik “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər göstərməsinə (hüquqi hərəkətləri həyata keçirməsinə) görə həmin Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu tutur. Bu dövlət rüsumunun Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən hissəsi Agentliyin fəaliyyətinin maliyyələşdirilməsi məqsədi ilə Agentliyin hesabına köçürülür.

5.6. Agentliyin büdcəsi və xərclər smetası müəyyən edilərkən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumundan həmin Qanunun 4.1-ci maddəsinə əsasən Agentliyin hesabına köçürülən vəsaitdən, habelə qanunla müəyyən olunmuş hallarda elektrik, istilik enerjisi və qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələrin Agentliyə ödəyəcəkləri haqdan Nazirlik işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə həmin Nazirliyə ayırmalar nəzərdə tutulur.

5.7. Agentliyin göstərdiyi xidmətlərin qiymətləri tənzimlənən qiymətlərə aid deyildir.

6. Agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. Agentliyin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, həmçinin təsisçinin səlahiyyətləri çərçivəsində Nazirlik həyata keçirir.

6.2. Agentliyin fəaliyyətinə dair illik hesabat Nazirliyə təqdim edilir.

7. Agentlikdə uçot və hesabat

7.1. Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotunu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik uçot aparır, statistik hesabatları tərtib və təqdim edir.

7.3. Agentlik idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

8. Agentliyin ləğvi və yenidən təşkili

Agentliyin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

SƏNƏDLƏRSərəncamlar17 noyabr 2018
16:02
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixl...

17 noyabr 2018, 16:02
SƏNƏDLƏRSərəncamlar17 noyabr 2018
11:05
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1258-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikas...

17 noyabr 2018, 11:05
SƏNƏDLƏRQanunlar17 noyabr 2018
10:30
“Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasının orden və medalla...

17 noyabr 2018, 10:30
SƏNƏDLƏRFərmanlar16 noyabr 2018
22:39
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1280-VQD nömrəli Qanununun tətbiqi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1280-VQD n...

16 noyabr 2018, 22:39
SƏNƏDLƏRQanunlar16 noyabr 2018
22:34
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunverici...

16 noyabr 2018, 22:34
SƏNƏDLƏRSərəncamlar16 noyabr 2018
22:33
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1304-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tar...

16 noyabr 2018, 22:33