Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə “Heydər Əliyev” ordeni təqdim edilib

03 aprel 2017, 14:40
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə “Heydər Əliyev” ordeni təqdim edilib

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə “Heydər Əliyev” ordeninin təqdim edilməsi mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli Nursultan Abişeviç, hörmətli qonaqlar, əziz dostlar.

Bu gün bizim münasibətlərimizin tarixində çox əlamətdar gündür. Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərdə böyük hadisədir. Səfər çox uğurlu, səmərəli olub, yaxşı nəticələr verib. Biz bu gün bu barədə artıq mətbuata və ictimaiyyətə məlumat vermişik. Mən böyük məmnuniyyətlə elan edirəm ki, bu gün Nursultan Abişeviç Nazarbayevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı imzalanıb.

“Heydər Əliyev” ordeni Azərbaycan dövlətinin ali mükafatıdır və mənə çox xoşdur ki, bu gün həmin mükafatı Heydər Əliyevin böyük dostu və Azərbaycan xalqının, Azərbaycanın dostu Nursultan Abişeviç Nazarbayevə təqdim edirəm. Nursultan Abişeviç, bu, həm də ona görə rəmzi xarakter daşıyır ki, Siz uzun illər boyu Heydər Əliyev ilə dostluq etmisiniz və onunla birlikdə işləmisiniz. Siz Sovet dövründə də həmişə ünsiyyət saxlayırdınız. Atamın söhbətlərindən xatırlayıram ki, sizin aranızda həmişə çox səmimi və yaxın münasibətlər olub. Ölkələrimizin müstəqilliyi dövründə də sizin aranızda həmişə xüsusi münasibətlər olub. Bunu bizim vətəndaşlar da bilirdi və indi də bilirlər, MDB məkanında da bunu bilirlər. Əslində, Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin əsasını siz ikiniz qoymusunuz.

Təəssüf ki, Azərbaycanda müstəqilliyin ilk illəri faciəli hadisələrlə, çətin sınaqlarla dolu olub. Azərbaycanın həmin dövrdəki rəhbərliyi nəinki özünün tarixi dostları ilə münasibətləri nizamlaya bilməyib, hətta onların çoxu ilə bu münasibətləri o dərəcədə korlayıb ki, sonradan uzun illər boyu həmin münasibətləri qaydaya salmaq lazım gəlib. Qazaxıstanın bəxti gətirib ki, müstəqilliyin lap əvvəlindən bu ölkəyə Nursultan Abişeviç Nazarbayev kimi görkəmli lider rəhbərlik edib. Bu, Qazaxıstanı çox bəlalardan, çox risklərdən qoruyub. Bu gün - Qazaxıstanın müstəqilliyinin elan edilməsindən 25 il sonra qüdrətli dövlət çox məsələləri həll edir, uğurla inkişaf edir, irəliləyir. Buna görə də Heydər Əliyevin adını daşıyan ordenin Sizə təqdim edilməsi ədalətli qərardır və bir daha demək istəyirəm ki, bu qərar rəmzi məna daşıyır.

Sizin rəhbərliyinizlə Qazaxıstan dünyada böyük nüfuz sahibi olan güclü dövlətə çevrilib. Ölkənizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi bunun ən yaxşı göstəricisidir. Çox nümunə göstərmək olar, lakin mənim fikrimcə bu, dünya birliyinin Sizə və Sizin ölkənizə münasibətinin göstəricisidir. Siz regional məsələlərdə çox böyük rol oynayırsınız, çoxsaylı uğurlu layihələr barədə təşəbbüs irəli sürürsünüz, həmçinin istər bizim regionda, istərsə də bütün planetdə sülhün möhkəmləndirilməsi işinə böyük töhfə verirsiniz. Suriyada sülhün möhkəmləndirilməsi və risklərin azaldılması üçün Sizin sülhyaratma səyləriniz dünya birliyi tərəfindən çox yüksək qiymətləndirilir. Siz uzun illər boyu sanki həlli mümkün olmayan məsələləri həll etməyə nail olmusunuz.

Sizi həm də “Ekspo-2017” sərgisinin keçirilməsinə uğurla hazırlaşmağınız münasibətilə təbrik etmək istərdim. Bu, ölkənin yetkinliyinin, onun imkanlarının, potensialının, habelə Sizin əməkdaşlığa yönəlmiş siyasətinizin daha bir göstəricisidir. Ona görə ki, bu, əməkdaşlığın genişləndirilməsinə, əmtəə dövriyyəsinin artırılmasına, ölkənin potensialının nümayiş etdirilməsinə yönəlmiş sırf sülh təşəbbüsüdür.

Sizin rəhbərliyinizlə Qazaxıstan uğurla tərəqqi edir, regionlarda coşqun inkişaf prosesi gedir. Siz paytaxt Astananı yaratmısınız. Sizin respublikanın hər bir sakini bu nadir, son dərəcə gözəl şəhərlə haqlı olaraq fəxr edə bilər. Siz qısa müddətdə praktiki olaraq həlli mümkün olmayan işlər görmüsünüz və bu gün mahiyyət etibarı ilə ölkənin potensialını, onun coşqun inkişafını təcəssüm etdirən gözəl paytaxt şəhəri yaratmısınız. Mən hər dəfə Astanaya gələndə görürəm ki, quruculuq prosesi hələ də davam edir. Hərçənd, belə hesab etmək olar ki, artıq hər şey edilib, lakin Sizin daim qurub-yaratmaq, irəliyə doğru hərəkət etmək xarakteriniz bütün istiqamətlər üzrə fəal inkişafı stimullaşdırır. Qazaxıstan dövlətinin güclü iqtisadi potensialı hamıya məlumdur. Sizin sənayeləşdirmə siyasətiniz çox yaxşı nəticələr verib. Siz Qazaxıstanda ölkənizin sakinləri olan çoxsaylı xalqlar arasında nadir şərait – sülh və qarşılıqlı anlaşma ab-havası yaratmısınız. Bu gün, xüsusən dini, etnik zəmində münaqişələr, müxtəlif iddialara əsaslanan münaqişələr fonunda Qazaxıstanın nadir təcrübəsinə daha çox ehtiyac var. Ola bilsin ki, əvvəllər bu məsələni belə qəbul etmirdilər, düşünürdülər ki, bu, belə olmalıdır. Lakin əslində belə deyil. Bu, böyük istedad tələb edir, hər bir xalqın nümayəndəsinin özünü öz ölkəsində, öz evində olduğu kimi hiss etməsi və öz ölkəsi üçün daha çox iş görməyə çalışması üçün şərait yaratmaqdan ötrü bu məsələyə çox ehtiyatla yanaşmaq tələb olunur.

Nursultan Abişeviç, Siz Prezident olduğunuz illərdə çox təşəbbüslər irəli sürmüsünüz, onlar çox uğurlu layihələrə çevrilib. Siz irəli sürdüyünüz bütün təşəbbüsləri reallaşdıra bilmisiniz. Sizin rəhbər istedadınız burada da təzahür edir və hesab edirəm ki, bu istedadın əsası öz xalqınıza sevgidir. Mən Sizin öz ölkənizə necə münasibət bəslədiyinizi, öz xalqınızı necə sevdiyinizi dəfələrlə görmüşəm və müşahidə etmişəm. Bu vətənpərvərlik hissi, öz ölkəsinə, öz xalqına görə qürur hissi heyranlığa layiqdir. Azərbaycanda Sizi çox sevirlər, Siz bunu bilirsiniz. Sizin öz ölkəniz üçün etdiklərinizə, Azərbaycana münasibətinizə görə Sizi hamı özünə doğma hesab edir, Sizə böyük hörmət bəsləyir. Biz bunu hiss edirik, bilirik, görürük. Azərbaycan xalqı Sizi xüsusən bizim iştirak etmədiyimiz təşkilatlarda Azərbaycanın dəstəklənməsi üzrə fəaliyyətinizə görə yüksək qiymətləndirir. İnanın ki, Sizin hər bir sözünüz, hər bir hərəkətiniz çox geniş ictimai rezonansa səbəb olur. Buna görə düşünürəm ki, Sizə hələ uzun illər boyu fəal işləmək, sağlamlıq arzularımı çatdırmaqla, bu gün bütün xalqımızın fikrini ifadə etmiş olaram. Siz Qazaxıstana, Qazaxıstanın bütün dostlarına lazımsınız. İcazə verin, bu şərəfli missiyanı yerinə yetirim və yüksək mükafatı Sizə təqdim edim.

X X X

Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Prezident Nursultan Nazarbayevə təqdim etdi.

X X X

Daha sonra Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev çıxış etdi.

Prezident Nursultan Nazarbayevin çıxışı

-Hörmətli İlham Heydər oğlu, dostlar, xanımlar və cənablar. 

Mən çox həyəcanlıyam, ölkənizin bu cür ali ordenini Sizin əlinizdən qəbul etmək mənim üçün böyük şərəfdir. Məni çox riqqətə gətirən odur ki, bu orden Heydər Əlirza oğlu Əliyevin adını daşıyır. Mən Heydər Əliyev ilə 25 il ərzində - 1979-cu ildən onun ömrünün sonuna qədər tanış idim. Bütün bu illər ərzində onu yaxından tanımışam. Heydər Əliyev Sovet İttifaqının rəhbərliyində olanda mən ona güvənirdim, onun dəstəyini hiss edirdim. İndi, bu il isə siz də, biz də müstəqilliyin, ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyini qeyd edirik. Bu, çox rəmzi məna daşıyır. Mən o vaxt Heydər Əliyevlə bərabər razılaşdığımız işləri faktiki olaraq davam etdirirəm. Bizim bugünkü danışıqlarımız, görüşlərimiz onu göstərir ki, biz onun başladığı işi uğurla davam etdiririk. Heydər Əliyev, əlbəttə, öz ölkəsinin və xalqının müstəsna patriotu, Azərbaycanda qan tökülməsinə son qoymuş və bugünkü Azərbaycanın əsasını yaratmış qeyri-adi və böyük insan idi. Bu, bizim münasibətlərimizin daha da möhkəmlənməsinin əlamətidir. Mən belə bir ordenin laureatı adını böyük şərəflə daşıyacağam.

İlham Heydər oğlu, bununla əlaqədar mən də demək istəyirəm ki, Siz bizim tanıdığımız Bakı şəhərinin simasının dəyişdirilməsində böyük uğurlar qazanmısınız. Bakı qədim şəhərdir, vaxtilə burada neft mancanaqları mərkəzi küçələrdə qoyulmuşdu. İndi köhnə Bakının və ən yeni, modernləşdirilmiş Bakının gözəl koloritini tanımaq olmur. Onun dənizkənarı bulvarı, gözəl binaları göz oxşayır. Boş çöldə Astana şəhərini tikmiş bir insan kimi mən bunun nə demək olduğunu bilirəm. Ona görə fürsətdən istifadə edib Sizi bu münasibətlə təbrik edirəm. Biz Sizin Azərbaycan xalqının, ölkənizin, şəhərinizin rifahı üçün gördüyünüz bütün işləri müşahidə edirik. Beləliklə, Azərbaycan xalqına dost, ona etimad bəsləyən, xoş gələcək, əmin-amanlıq və firavanlıq arzulayan Qazaxıstan həmişə Sizin yanınızda olacaq. Mən şəxsən Sizə möhkəm cansağlığı arzu edirəm. Siz öz ölkəniz üçün, ölkələrimiz arasında möhkəm dostluq üçün hələ çox iş görəcəksiniz. Mən istəyirəm ki, bizim münasibətlərimiz iki dövlətin və onların xalqlarının rifahına xidmət etsin.

X X X

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin şərəfinə ziyafət verilib.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:35
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının...

25 dekabr 2024, 15:35
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:34
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 07:56-da havaya qalxan və Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstan...

25 dekabr 2024, 15:34