İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçilərlə görüş keçirib

31 mart 2017, 11:00
İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçilərlə görüş keçirib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüş keçirib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Dövlət başçısı görüşdə çıxış etdi.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çıxışı

-Aprel döyüşlərindən bir il keçir. Mən bu hərbi qələbə gününün ildönümü ərəfəsində Müdafiə Nazirliyinin rəhbərliyini, döyüşlərdə iştirak etmiş hərbçiləri dəvət etmişəm. Xahiş edirəm ki, ilk növbədə, aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş hərbçilərimizin və eyni zamanda, həlak olmuş mülki şəxslərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. 

Allah rəhmət eləsin, Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Bir il bundan əvvəl Ermənistan növbəti dəfə silahlı təxribata əl atdı, bizim mövqelərimizə atəş açdı, hücum etdi, yaşayış məntəqələrimizi atəşə tutdu. Bu təxribat nəticəsində hərbçilərimiz şəhid oldu, yaralandı, mülki şəxslər arasında da həlak olanlar oldu. Onların arasında azyaşlı bir qız uşağı da həlak olmuşdur. Bu, növbəti təxribat idi. Ondan əvvəlki dövrlərdə də Ermənistana beynəlxalq təzyiq gücləndikcə onlar bu cür təxribatlara əl atırdılar. 2014-cü ilin noyabr ayında da buna oxşar hadisə baş vermişdi. O vaxt da Azərbaycan Ordusu onlara tutarlı cavab vermişdir. Onların keçənilki təxribatı daha da genişmiqyaslı idi. Azərbaycan Ordusu öz doğma torpaqlarını müdafiə edərək, uğurlu əks-hücum əməliyyatı keçirmiş və düşmənə sarsıdıcı zərbələr endirmişdir. Əməliyyat nəticəsində minlərlə hektar Azərbaycan torpağı işğalçılardan azad edilmişdir, biz indi on minlərlə hektar torpaq sahəsinə nəzarət edirik.

Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir.

Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərmişdir. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək.

Təmas xətti dəyişdirildi. Bu gün Azərbaycan Ordusu təmas xəttində tam üstünlüyü özündə saxlayır. Aprel döyüşləri, - mən bunu əvvəllər də qeyd etmişdim, - hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün həmişə olduğu kimi birinci yerdə duran prioritet məsələdir.

Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yaradırdı ki, onların güclü ordusu var və bu ordu böyük qələbə əldə etmişdir. Halbuki biz hamımız yaxşı bilirik ki, 1990-cı illərin əvvəllərində nələr baş vermişdir. O vaxt Azərbaycanda xaos, anarxiya hökm sürürdü, hakimiyyət uğrunda mübarizə gedirdi. O vaxt - 1992-ci ildə AXC-Müsavat cütlüyü hərbi çevriliş etmişdir və bundan sonra biz cəbhədə torpaqlarımızı itirməyə başladıq.

Şuşa, Laçın 1992-ci ildə, Kəlbəcər 1993-cü ilin aprel ayında işğal altına düşəndən sonra Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaradılmışdır və biz strateji mövqelərimizi o vaxt itirdik. O, dövlətə, xalqa qarşı bir xəyanət idi və ermənilər, Ermənistan, onların havadarları bu vəziyyətdən istifadə edərək xarici dəstək, xarici müdaxilə hesabına bizim torpaqlarımızı işğal etmişdir. Bu, tarixdir, biz bu tarixi bilirik və gənc nəsil də tarixi olduğu kimi bilməlidir. Qeyd etdiyim kimi, ondan sonra Ermənistan rəhbərliyi uzun illər miflər yaradırdı. Aprel döyüşləri bu mifləri, bu əfsanələri darmadağın etdi və göstərdi ki, bu gün əgər bölgədə güclü ordu varsa, o da Azərbaycan Ordusudur. Bu döyüşlər göstərdi ki, xarici yardım almadan Ermənistan işğal edilmiş torpaqları işğal altında saxlaya bilmir və bilməz. Onlar özləri də məcbur qalıb bunu etiraf etməyə başlamışlar.

Aprel döyüşləri zamanı onlar beynəlxalq təşkilatlara, ayrı-ayrı ölkələrə müraciət etmişlər ki, döyüşlər tezliklə dayandırılsın. Sonra isə onlar bəzi ölkələri ittiham etməyə başlamışlar ki, onların yardımına gəlməyiblər. Halbuki Dağlıq Qarabağ məsələsi bizim daxili məsələmizdir. Dağlıq Qarabağ bütün dünya tərəfindən, Minsk qrupunun həmsədr ölkələri tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır. Dağlıq Qarabağda və işğal edilmiş bütün torpaqlarda baş verən və baş verə biləcək hadisələr bizim daxili işimizdir. Heç bir beynəlxalq təşkilat, yaxud da ki, hansısa bir ölkə bizim daxili işimizə qarışa bilməz.

Ermənistan rəhbərliyi aprel döyüşləri zamanı özlərini tam şəkildə ifşa etmişdir. Onlar həm döyüş meydanında acı məğlubiyyətə uğradılar, həm də siyasi meydanda heç bir dəstək almadılar. Halbuki onlar o dəstəyə çox arxalanırdılar, ona bel bağlayırdılar. O dəstəyi almadıqdan sonra həmişə olduğu kimi, müxtəlif ölkələri ittiham etməyə başladılar. Axırda məcbur olub aprel döyüşlərinin məğlubiyyətini etiraf etdilər. Gah deyirdilər ki, onlar torpaqları itirməyiblər. Gah deyirdilər ki, o, əhəmiyyətsiz torpaqlardır. Gah da deyirdilər ki, onlar o torpaqları geri qaytaracaqlar. Bütün bunlar hamısı yalandır. Ermənistan rəhbərliyi özünü o qədər biabırçı vəziyyətə saldı ki, onun acı nəticələrini Ermənistan bu gün də hiss edir.

Aprel döyüşləri demək olar ki, onların ideoloji əsaslarını dağıtdı. Bu gün Ermənistan cəmiyyəti sarsıntı, təşviş içindədir. Artıq vəziyyətə daha praqmatik baxımdan yanaşan qüvvələr açıq-aydın bildirirlər ki, əgər Azərbaycan ilə münasibətlər yoluna qoyulmasa, Ermənistanın gələcəyi yoxdur. Mən bunu dəfələrlə demişəm ki, Ermənistanın bir ölkə kimi bundan sonra da yaşaması üçün yeganə yol qonşularla münasibətləri tənzimləməkdir. Bunun üçün də yeganə yol var. Bu yol ondan ibarətdir ki, bizim işğal edilmiş torpaqlardan işğalçı qüvvələr qeyd-şərtsiz və dərhal çıxmalıdır. Bu baxımdan bu döyüşlərin çox böyük təsiri oldu. Bu təsir bu gün də özünü göstərir. Bu döyüşlər Azərbaycan xalqının, dövlətimizin, ordumuzun gücünü əyani şəkildə göstərdi. Göstərdi ki, son illər ərzində ordu quruculuğuna yetirilən diqqət, aparılan siyasət, maddi-texniki bazanın möhkəmləndirilməsi, ordumuzun döyüş potensialının gücləndirilməsi, bax, bu nəticələrə gətirib çıxarır.

Bu gün həm danışıqlar prosesində, həm də bölgədə yeni bir vəziyyət yaranıb. Düzdür, Ermənistan çalışır ki, danışıqlardan boyun qaçırsın. Ancaq buna müvəffəq olmayacaq. Nə qədər çalışsa da, məcbur olub danışıqlara qayıdacaq. Çünki danışıqlar aparılmasa, onlar yaxşı bilirlər ki, vəziyyət hansı istiqamətdə inkişaf edəcək. Əlbəttə ki, aprel döyüşlərindən sonra danışıqlar masasında bizim mövqeyimiz daha da möhkəmlənib və bunu bütün beynəlxalq aləm əyani şəkildə gördü. Əlbəttə, onlar bilirdilər ki, Azərbaycan dövləti Dağlıq Qarabağ problemini istənilən yolla həll edə bilər. Bu məsələ ilə məşğul olan vasitəçilər dəfələrlə bəyan etmişlər və bu yaxınlarda da bəyanatlar səsləndi ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Biz bunu dəstəkləyirik. Status-kvonun dəyişdirilməsi işğala son qoymaq deməkdir. Çünki status-kvonu Ermənistan dəyişdirməlidir. Onlar işğalçı qüvvələrini işğal edilmiş torpaqlardan çıxarmaqla status-kvo dəyişdiriləcək və sülh üçün əsas yaranacaq.

Biz bu döyüşlər zamanı və döyüşlərdən sonra xalqımızın qəhrəmanlığını gördük. Ermənistan həmişə olduğu kimi, döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə atəş açır. Bu dəfə də belə oldu. Bizim yüzlərlə kəndlimizin evləri dağıdıldı, bir neçə mülki şəxs həlak oldu. Ancaq təmas xəttinə yaxın yerlərdə yaşayan insanlarımız, vətəndaşlarımız çox böyük cəsarət göstərmişlər. Biri də yerindən tərpənmədi. Öz evlərini, kəndlərini tərk etmədilər. Ermənilər hesab edirdilər ki, 1990-cı illərin əvvəllərində olduğu kimi olacaq. Ancaq onlar səhv etdilər. O vaxt satqın AXC-Müsavat rəhbərliyi ancaq hakimiyyət barədə düşünürdü və vətəndaşlar da onu bilirdilər ki, o hakimiyyətdən hər hansı bir dəstək, hər hansı bir kömək gözləmək əbəsdir, mənasızdır. Bu dəfə isə vətəndaşlarımız tam əmin idilər ki, Azərbaycan dövləti və ordusu onları müdafiə edəcək, onların əziyyətlərinin, tökülmüş qanın əvəzini çıxacaq. Belə də oldu. Hesab edirəm ki, bu, əsas amildir. Ona görə düşmənlə üz-üzə, daim təhlükədə yaşayan Azərbaycan vətəndaşları çox yüksək qiymətə layiqdirlər. Aprel döyüşlərindən sonra mən təmas xəttində yerləşən kəndlərə baş çəkərkən bir daha Azərbaycan xalqının cəsarətini və Vətənə bağlılığını əyani şəkildə gördüm.

Aprel döyüşlərində hərbçilərimiz qəhrəmanlıq göstərdilər. Şəhid hərbçilərimizin xatirəsi bizim qəlbimizdə, Azərbaycan xalqının ürəyində daim yaşayacaq. Eyni zamanda, döyüşlərdən sonra hərbi hospitalda yaralı hərbçilərə baş çəkərkən gördüm ki, onlarda nə qədər böyük Vətən sevgisi var. Ağır, yaralı vəziyyətdə olmalarına baxmayaraq deyirdilər ki, bizim arzumuz tezliklə sağalıb yenə də cəbhə bölgəsinə getməkdir. Bax, budur bu gün Azərbaycan gənci, Azərbaycan vətəndaşı, onun düşüncəsi, onun əqidəsi və Vətənə olan sevgisi. Bizim ölkəmizi gücləndirən əsas amillər bunlardır.

Bu gün Azərbaycan xalqı vahid amal ətrafında birləşib - ölkəmizi daha da gücləndirməliyik, müstəqilliyimizi daha da möhkəmləndirməliyik, ordumuzun gücünü daha da artırmalıyıq ki, öz ərazi bütövlüyümüzü bərpa edək. Mən əminəm ki, biz buna nail olacağıq. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu xalqımız bu torpaqda yaşayıb, yaradıb, qurub, tikib. Biz Dağlıq Qarabağ bölgəsinin tarixini yaxşı bilirik. İndi XIX əsrdə ermənilərin oraya necə köçürülməsi barədə çox gözəl elmi əsərlər, kitablar yazılır. Hətta XX əsrin əvvəllərində çar Rusiyasında dərc edilmiş xəritələrə baxmaq kifayətdir görək ki, nəinki Dağlıq Qarabağda, indiki Ermənistan Respublikasında da əksər toponimlər Azərbaycan mənşəlidir. O da sirr deyil və bunu artıq beynəlxalq aləm də bilir ki, indiki Ermənistan da tarixi Azərbaycan torpaqlarında yaranıbdır. İrəvan, Zəngəzur, Göyçə mahalları bizim tarixi torpağımızdır. Biz ədalətsizlik, böyük dövlətlərin siyasəti nəticəsində bu torpaqlardan məhrum olduq. Əlbəttə, biz bu tarixi bilməliyik. Bilməliyik ki, qondarma “Dağlıq Qarabağ qurumu”nun heç bir gələcəyi yoxdur. Biz başqa ölkələrin torpağına iddiaçı deyilik. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verməyəcəyik.

Əfsuslar olsun ki, 1918-ci ildə gənc Azərbaycan Xalq Cümhuriyyəti İrəvanı Ermənistana, demək olar, bağışladı. Bütün sənədlər var. Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri də o idi ki, İrəvan paytaxt kimi Ermənistana verilsin. Baxmayaraq ki, o vaxt İrəvanda əhalinin əksəriyyəti azərbaycanlılar idi. Bu, böyük səhv idi. Bu, o vaxt gənc Azərbaycan dövlətini erməni təxribatlarından qorumadı. Bəlkə də buna ümid edirdilər. Biz demək olar ki, İrəvanı o vaxt itirdik. Amma görürük ki, ermənilərin iddiaları azalmır. Onlar vaxtaşırı ən yüksək səviyyədə müxtəlif cəfəng şüarlar, fikirlər səsləndirirlər ki, yenə də onların qonşu ölkələrin torpağına iddiaları var. Biz aprel döyüşləri zamanı onları yerinə oturtduq. Hər an hazır olmalıyıq ki, onları yerinə oturdaq. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Heç bir ölkə bu qondarma qurumu tanımır. Orada bu yaxınlarda keçirilmiş qondarma “referendum” bunu bir daha göstərdi. Bizim bütün qonşu dövlətlərimiz, beynəlxalq təşkilatlar, Minsk qrupunun həmsədr ölkələri birmənalı şəkildə bəyanatlar vermişlər ki, onlar bu “referendum”u tanımırlar. Bu, o deməkdir ki, Ermənistan və onun rəhbərliyi növbəti dəfə özünü biabır etdi. Hər dəfə orada qondarma “referendum” keçirilərkən bu, bizim xeyrimizə işləyir. Çünki hər dəfə beynəlxalq təşkilatlar və dövlətlər bunu qəbul etmirlər. Beləliklə, hər dəfə Azərbaycanın ərazi bütövlüyünü onlar bir daha dəstəkləyirlər və təsdiqləyirlər.

Biz ərazi bütövlüyümüzü, əlbəttə ki, bərpa edəcəyik. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində həmişə olub, bu gün də onun tərkibindədir, gələcəkdə də ölkəmizin tərkibində olacaq. Sadəcə 1990-cı illərin əvvəllərində ovaxtkı hakimiyyətin, xüsusilə AXC-Müsavat hakimiyyətinin xəyanətkar və satqın fəaliyyəti nəticəsində biz o torpaqları müvəqqəti olaraq itirmişik. Ancaq biz ərazi bütövlüyümüzü bərpa edəcəyik və etməliyik.

Bu gün Ermənistan rəhbərliyi öz təxribatçı fəaliyyətini davam etdirir. Aprel döyüşlərindən sonra bir müddət təşviş, qorxu içində idi. İndi elə bil ki, o stressdən bir qədər çıxmağa çalışır və yenə də cəfəng bəyanatlar verir, bizi hədələməyə, hansısa silahlarla qorxutmağa çalışır. Bizim buna gülməyimiz gəlir. Çünki onlar yaxşı bilməlidirlər və bilirlər, bu gün Azərbaycan Ordusu o qədər güclüdür ki, bu gün bizim o qədər güclü texnikamız, silah-sursatımız, müasir silahlarımız var ki, düşmənin istənilən strateji və hərbi obyektini məhv etməyə hər an hazırıq. Onlar bunu bilir və bilməlidirlər, elə bir strateji və hərbi hədəf yoxdur ki, biz onu məhv edə bilməyək. Biz sadəcə olaraq çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq son illər ərzində aldığımız ən müasir, - mən onu bir daha qeyd etmək istəyirəm, - dünyanın ən müasir silahları bizə çox böyük imkan yaradır.

Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu, bir daha onu göstərir ki, aprel döyüşləri Ermənistanın təxribatı idi. İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və sair. Birincisi, biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib. Əgər aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq altındadır. Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir. Biz onlardan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın.

Bizim işimiz haqq işidir. Bunu xalqımız, beynəlxalq aləm bilir və bizim haqq işimiz bizə haqq verir ki, məsələni istədiyimiz yolla həll edək. Baxın, BMT Təhlükəsizlik Şurası, - dünyada bu təşkilatdan ali qurum yoxdur, - dörd dəfə qətnamə qəbul edib və tələb edib ki, erməni silahlı qüvvələri torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılsın. Əməl edilmir. Amma bu, beynəlxalq təşkilatın qərarıdır, qətnaməsidir. Bu, əsasdır. Digər beynəlxalq təşkilatlar da oxşar qərarlar qəbul ediblər. Yəni, bu, məsələnin həlli üçün hüquqi baza yaradır, çox önəmlidir. Əgər biz buna tarixi həqiqəti də əlavə etsək, əlbəttə ki, burada iki fikir ola bilməz. Dağlıq Qarabağ tarixi və hüquqi cəhətdən Azərbaycan torpağıdır və biz, əlbəttə ki, bu torpaqlara qayıdacağıq. Bunun üçün daha güclü olmalıyıq. Bütün siyasi və beynəlxalq tədbirlər görülübdür. Sadəcə olaraq, iqtisadiyyatımızı, ordumuzu daha da gücləndirməliyik.

Deyə bilərəm ki, Ermənistan öz müstəqil həyatını, bax, bu işğala qurban verdi. Çünki əgər bu işğal olmasaydı, əgər onlar Azərbaycan ilə münasibətləri normal qura bilsəydilər, bu gün Ermənistan müstəqil ölkə kimi bəlkə də özünü göstərə bilərdi. Ancaq bu gün hamı bilir ki, Ermənistan müstəqil dövlət deyil. Onlar bu işğala görə müxtəlif ölkələrdən, müxtəlif xarici dairələrdən, beynəlxalq maliyyə qurumlarından, demək olar ki, tam asılı vəziyyətə düşüblər. Çünki bunların iqtisadiyyatı iflic vəziyyətindədir, xarici borc kritik həddə çatıb, yoxsulluq demək olar ki, 40-50 faiz səviyyəsindədir, heç bir perspektiv yoxdur. Bunlar öz xalqını nə qədər aldadacaqlar? Ona görə də bu vəziyyətə düşmələrinin əsas səbəbi onların işğalçı siyasətidir. Bu gün bu yolu seçmiş Ermənistan rəhbərliyi öz xalqını uçuruma aparır.

Biz isə müstəqillik dövründə əsl müstəqil ölkəyə çevrildik. Biz sübut etdik ki, bizim taleyimiz öz əlimizdədir, heç bir kənar qüvvə bizə heç nəyi diktə edə bilməz və tarix bunu göstərdi. Biz ləyaqətlə yaşayırıq, dünya arenasında öz maraqlarımızı müdafiə edirik və sözümüzü deyirik. Ermənistan isə demək olar ki, bütün bu imkanlardan məhrum olub və bu, əlbəttə, heç bir ölkəyə başucalığı gətirmir. Ona görə, bugünkü Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə ki, onların maraqları üçün işğala son qoyulmalıdır, məsələ o qədər tez həllini tapar, sülh bərpa olunar və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edər.

Biz öz siyasətimizi davam etdirəcəyik, ölkəmizi gücləndirəcəyik, ordumuza daim yüksək diqqət göstəriləcəkdir. Bildiyiniz kimi, baxmayaraq ki, indi maliyyə vəziyyətimiz əvvəlki illərdəki kimi deyil, bu da təbiidir, ancaq ordumuzun ehtiyaclarını ödəmək üçün heç bir məhdudiyyət yoxdur. Mən hökumətə də bunu demişəm, bütün dövlət qurumları bunu bilir. İlk növbədə, ordumuzun sifarişləri təmin edilməlidir və büdcə xərclərinin tərkibində ən böyük xərclər hərbi xərclərdir. Yeni şəhərciklər salınır, hərbi bazalar tikilir, ən müasir silah, texnika alınır. Aprel döyüşlərindən sonra çox böyük məbləğdə yeni kontraktlar imzalanmışdır və ən müasir, yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan silahlar sifariş edilmişdir. Onların bir hissəsi Azərbaycana gətirilib. Sadəcə Ermənistan rəhbərlərindən fərqli olaraq, biz bunu təbliğat naminə nümayiş etdirmirik. Amma lazım gələrsə və vaxt gələndə, lazım bildiyimiz anda biz bir daha göstərəcəyik ki, nəyimiz var. Qoy, onlar bilsinlər ki, bu gün Azərbaycan Ordusu həm döyüş qabiliyyəti, vətənpərvərlik ruhu və maddi-texniki təminat baxımından dünya miqyasında güclü ordular sırasındadır.

Biz işğal edilmiş torpaqlara qayıdacağıq. Bu, bizim əsas vəzifəmizdir. Necə ki, keçən il azad edilmiş torpaqlarda bu gün bayrağımız dalğalanır, hələ də işğal altında olan bütün başqa torpaqlarımızda da Azərbaycan bayrağı qaldırılacaqdır.

Mən bu gün sizi dəvət edərək bir il əvvəl baş vermiş hadisələrə bir daha öz qiymətimi vermək, ordumuzu uğurlar münasibətilə təbrik etmək istəyirəm. Sizə və Silahlı Qüvvələrin bütün şəxsi heyətinə yeni uğurlar və qələbələr arzulayıram. Sağ olun.

                                                                                        X X X

Müdafiə naziri, general-polkovnik Zakir HƏSƏNOV çıxış edərək dedi:

-Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Məruzə edirəm ki, Sizin rəhbərliyiniz ilə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar nəticəsində ordu yeni, müasir, dağıdıcı qüvvəyə malik silah, döyüş texnikası və avadanlıqla təmin olunur. Ordunun döyüş hazırlığı gündən-günə artır, mənəvi–psixoloji durumu yüksək səviyyədədir. Xüsusi qeyd etmək istəyirəm ki, sosial bazanın möhkəmlənməsi istiqamətində böyük işlər görülmüşdür. Yeni, müasir, işıqlı hərbi şəhərciklər şəxsi heyətin istifadəsinə verilmişdir. Zabit və gizirlər həm xidməti, həm də daimi mənzillərlə - mindən çox mənzillə təmin olunmuşlar. Mən xüsusi qeyd etmək istəyirəm ki, Sizin tapşırığınızla biz “Açıq qapı” günü keçirmişik. İcazə verin valideynlərin xahişini Sizə çatdırım. Onlar dərin minnətdarlıqlarını bildirirlər ki, hərbi qulluqçular üçün belə yüksək səviyyədə şərait yaradılıb və təminat yüksək səviyyədədir.

Möhtərəm cənab Prezident, Silahlı Qüvvələrin şəxsi heyəti Sizin diqqət və qayğınızı daim hiss edir və buna görə Sizə dərin minnətdarlığını bildirir. Silahlı Qüvvələr Sizin əmr və göstərişlərinizi hər an yerinə yetirməyə hazırdır və qadirdir. Sağ olun cənab Prezident.

                                                                                      X X X

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:35
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının...

25 dekabr 2024, 15:35
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:34
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 07:56-da havaya qalxan və Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstan...

25 dekabr 2024, 15:34