16 aprel 2016, 11:20

Araz Budaqovdan, Sabirabad, Azərbaycan

Əziz və hörmətli cənab Prezident İlham Əliyev.

Bu məktubu Sizə ürəyimin və qəlbimin hökmü ilə yazıram. Sizin daxili və xarici siyasətiniz həmişə xalqa xidmət edir, onun mənafeyini qoruyur. Xalq Sizi sevir və dəstəkləyir.

Son günlər Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq Ali Baş Komandan kimi Sizin fəaliyyətiniz sayəsində mümkün olmuşdur. Sizin dediyiniz kimi, Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır. Cəbhədəki son hadisələr bunu göstərdi, xalqımız və dünya dövlətləri də buna inandı. Təhlükəsizlik Şurasının iclasında Sizin hər bir sözünüz qəlbimizdə qürur hissi yaradırdı, bizi sevindirirdi.  Fikirləşirdik, nə yaxşı ki, xalqın belə rəhbəri, xilaskarı var. Sizə qulaq asdıqca sevincdən, qürurdan göz yaşlarımızı saxlaya bilmirdik. İnanırıq ki, Qarabağımız tezliklə işğaldan azad ediləcək. Çünki Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır.

Cənab Prezident, Allah Sizi, Azərbaycanı qorusun. Sizi bağrıma basıb bərk-bərk qucaqlamaq istərdim. Sizə uzun ömür, möhkəm cansağlığı, Azərbaycanın inkişafı və rifahı naminə işlərinizdə  uğurlar, şəxsi həyatınızda nəhayətsiz sevinclər arzulayıram.

Səmimi və dərin hörmətlə,

Budaqov Araz Məhəmməd oğlu.

Azərbaycan Respublikası, Sabirabad rayonu, Surra kəndi.