06 aprel 2016, 18:37

Elşən Uluxanlı və başqalarından, Bakı, Azərbaycan

Möhtərəm Prezident.

Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi 2001-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir.

Təşkilatımız, adından da göründüyü kimi, Milli Qəhrəmanlarımızın həyat və döyüş yolunu öyrənmək və təbliğ etməklə yeniyetmə və gənclərimizdə vətənpərvərlik hissinin tərbiyəsi üzrə iş aparır. Bu məqsədlə bir çox möhtəşəm layihələr həyata keçirtmişik. Şəxsən Ümummili Liderimiz Heydər Əliyevin tövsiyəsi ilə bütün Milli Qəhrəmanlarımızın fotoları olan plakatlar çap etdirilmiş, müxtəlif müəssisələr və təhsil ocaqlarında Milli Qəhrəmanlar guşəsinin yaradılmasına nail olmuşuq. Milli Qəhrəmanlarımızın həyat və döyüş yolunu əks etdirən ”Azərbaycanın Milli Qəhrəmanları”, “Heydər Əliyev və Milli Qəhrəmanlarımız” adlı kitablar nəşr etdirərək təhsil ocaqlarına təmənnasız olaraq paylamışıq.

Son günlər erməni faşistlərinin cəbhə xəttində etdikləri vəhşiliklərə dözməyən igid Azərbaycan əsgərlərinin – Azərbaycan Ordusunun ermənilərə layiqli cavab verməsi nəticəsində Azərbaycan Xalqı, Azərbaycan ictimaiyyəti həm böyük sevinc, həm də şəhidlərimizlə bağlı kədər içərisindədir.

Milli Ordumuz tərəfindən düşmənə layiqli cavab verilməsi məhz Sizin Milli Orduya göstərdiyiniz diqqət və qayğının, həmçinin müdrik siyasətinizin nəicəsidir.

Möhtərəm Prezidenti, birliyin Milli Qəhrəman və veteran üzvlərinin könüllü olaraq ön cəbhəyə getmələri barədə Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinə ünvanladıqları müraciəti nəzərə alaraq Sizdən xahiş edirik ki, hal-hazırda ehtiyatda olan sağ Milli Qəhrəmanları və Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin aşağıda adları qeyd olunan tərkibdə rəhbər heyətini bir əsgər kimi cəbhə bölgəsində ön xəttdə düşmənə qarşı mübarizə aparmaq üçün könüllü olaraq ordu sıralarına qəbul edəsiniz.

Dərin hörmətlə,

Uluxanlı Elşən Aydın oğlu, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma

İctimai Birliyinin sədri.

Azərbaycanın Milli Qəhrəmanları - Allahverdiyev Bəxtiyar Əzizulla oğlu, Quliyev Zabit Adil oğlu,

Atakişiyev İntiqam Vahid oğlu, Quliyev Vahid Həbibulla oğlu, Həsənov Fizuli Yaqub oğlu.

Birliyin üzvləri və Qarabağ veteranları - Musayev Elşən Əhmədiyyə oğlu, Allahverdiyev Niyaz  Allahverdi oğlu.

Birliyin üzvləri - Əzimov Elçin Məhiyyədin oğlu, Şirinov Asif Xasay oğlu, Abdullayev

Mehman İsa oğlu, Cahangirov Samir Bəkir oğlu, Hacıyev Şəmistan

Şamil oğlu, Mürsəlov Vüqar Əhməd oğlu, Kərimov Vamid Vəliyəddin

oğlu, Məmmədov Münasib Arif oğlu, Əfəndiyev Rauf Rafiq oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.