Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 6 mart tarixli 347 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat” dan
ÇIXARIŞ
XI. İCRA HAKİMİYYƏTİ BAŞÇISININ APARATINDA VӘTӘNDAŞLARIN TƏKLİF, ƏRİZƏ VƏ ŞİKAYƏTLƏRİ İLƏ İŞ VƏ VӘTӘNDAŞLARIN QƏBULUNUN TƏŞKİLİ QAYDASI
92. İcra hakimiyyəti başçısının aparatında daxil olmuş vətəndaşların təklif, ərizə və şikayətləri ilə iş “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununa və Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması qaydaları"na müvafiq olaraq aparılır.
Vətəndaşların icra hakimiyyəti başçısı aparatına göndərdikləri bütün təklif, ərizə və şikayətlər aparatın Ümumi şöbəsinə daxil olub və elə həmin gün müəyyən edilmiş formalı qeydiyyat-nəzarət vərəqələrində (jurnalda) qeydiyyata alınıb.
93. Vətəndaşların qeydiyyatdan keçirilən təklif, ərizə və şikayətləri gündəlik olaraq baxılmaq üçün icra hakimiyyətinin başçısına verilir və onun dərkənarına müvafiq olaraq icra edilmək üçün aparatın şöbələrinə və digər struktur bölmələrinə göndərilir. Lazım gəldikdə icra hakimiyyəti başçısının dərkənarına uyğun olaraq Ümumi şöbə müraciətləri qaldırılan məsələlərin həlli ilə məşğul olmaq səlahiyyəti olan yerli idarəetmə orqanlarına, rayonda yerləşən idarə, müəssisə və təşkilatlara baxılmaq üçün göndərir.
Şikayət ərizələrinin qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət olunan orqanlara və ya vəzifəli şəxslərə göndərməyə icazə verilmir.
İcra hakimiyyətinin başçısı vətəndaşların təklif, ərizə və şikayətlərinə baxmaq üçün komissiyalar yarada bilər və həmin komissiyalara bu və ya digər faktları yoxlamaq səlahiyyətləri verir. Qaldırılan məsələlərin əhəmiyyətindən asılı olaraq xüsusi ilə vacib təklif, ərizə və şikayətlər icra hakimiyyəti başçısı yanında Şuranın iclasında müzakirə oluna bilər.
Yuxarıda göstərilən halların hamısı vətəndaşa mütləq bildirilməli, onun müraciətinin baxılmaq üçün hara və kimə göndərildiyi və müraciətə baxılmasının nəticələri barədə yazılı məlumat verilməlidir.
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatından göndərilən vətəndaş təkliflərinə, ərizə və şikayətlərinə xüsusi nəzarətlə baxılır. Əgər müraciətə baxılmasının nəticələri barədə cavab verilməsi tələb olunursa, Prezidentin İcra Aparatına qanunla müəyyən edilmiş qaydada və müddətdə məlumat verilir.
94. Vətəndaşların müraciətlərinə həmin Qanunda göstərilmiş müddətlərdə baxılır. Əgər vətəndaşların yazılı müraciətlərində qaldırılan məsələlər dərindən öyrənilməyibsə, onlara dair lazımi tədbirlər görülməyibsə və qanuni cavablar verilməyibsə, icra hakimiyyətinin başçısı baxılma müddətini bir az uzada bilər və bu barədə müəllifə mütləq məlumat verilir. Əlavə öyrənilmə və yoxlanma tələb olunmayan təklif, ərizə və şikayətlərə maksimum qısa müddətdə baxılır.
95. Hər bir təklif, ərizə və şikayətə baxılmasının nəticələri əsasında vətəndaşın qaldırdığı məsələ və ya faktlar, onların yoxlanılma nəticələri barədə qısa məlumatı özlərində əks etdirən arayış tərtib edilir. Müraciətdə baxılmasının nəticələri haqqında rəyi bilavasitə məktubun üzərində və ya dövlət, təsərrüfat orqanlarından, müəssisə və ictimai təşkilatlardan alınmış arayışın üzərində yazmaq olar.
Vətəndaşların şifahi və yazılı müraciətlərinə baxılmasının nəticələri əsasında icra hakimiyyətinin başçısına təqdim edilən arayışları başçısının müavini və ya müvafiq struktur bölməsinin rəhbəri imzalayır və icraçı viza qoyur.
Qəti qərardan və onun icrasından sonra hər bir vətəndaş müraciətinin üzərində dərkənarı qoymuş vəzifəli şəxs tərəfindən "İşə tikilsin" sözləri yazılmalı, tarix göstərilməli və imza qoyulmalıdır.
96. Aparatın struktur bölmələrində vətəndaşların təklif, ərizə və şikayətlərinə vaxtında, obyektiv və hәrtәrәfli baxılması üçün məsuliyyəti başçı, onun müavinləri, şöbə müdirləri, aparatın müraciətə baxan işçiləri daşıyırlar. Aparatda vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması ilə əlaqədar mövcud Qanuna əməl edilməsinə nəzarəti Ümumi şöbə həyata keçirir.
Vətəndaşların icra hakimiyyəti başçısının aparatına daxil olmuş təklif, ərizə şikayətləri baxıldıqdan sonra onlara aid bütün materiallarla birlikdə saxlanılmaq üçün ümumi şöbəyə qaytarılmalıdır.
97. Ümumi şöbə daxil olan müraciətlər haqqında hər an məlumat hazırlayır, yarımillikdə və ildə bir dəfə isə vətəndaşların yazılı və şifahi müraciətlərini xarakterinə görə müəyyənləşdirir və təhlil edir, vətəndaşların təklif ərizə və şikayətlərində qaldırılan ən əhəmiyyətli, aktual problemlər haqqında icra hakimiyyəti başçısına arayış verilir. Bu arayışa aparatda vətəndaşların müraciətlərinə baxılmasının vəziyyəti və müvafiq Qanuna riayət edilməsi haqqında məlumat da əlavə edilir.
98. İcra hakimiyyəti başçısı aparatının vətəndaşları qəbul otağında vətəndaşları xüsusi qrafik üzrə hər gün (bazar və bayram günlərindən başqa) başçı və onun müavinləri, şöbələri və struktur bölmələrinin rəhbərləri qəbul edilirlər.
Qrafik әvvәlcәdәn rayonun mətbu orqanında dərc edilir və qəbul otağında asılır. Vətəndaşların qəbula yazılmasının qəbul qrafikinə uyğun olaraq Ümumi şöbənin işçiləri həyata keçirirlər.
Qəbulu aparan icra hakimiyyətinin başçısı, onun müavinləri, şöbə müdirləri və aparatın digər işçiləri tərtib edilmiş qəbul qrafikinə ciddi riayət etməlidirlər. İcra hakimiyyəti başçısının razılığı olmadan vətəndaşların qəbulu qrafikinə dəyişiklik etmək olmaz.
99. Qəbula gələnlərin qeydiyyatı müvafiq jurnalda və ya qəbula yazılan vətəndaşların qeydə alınması vərəqəsində aparılır. Bu işə və qəbul qrafikinə əməl edilməsinə nəzarət Ümumi şöbənin müdirinə, vətəndaşın qaldırdığı məsələnin həllinə nəzarət icra hakimiyyəti başçısının aparatında vətəndaşı qəbul edən şəxsə həvalə edirik. Qəbul zamanı müraciət edənin məsələsini operativ həll etmək mümkün olmadıqda qəbulu aparan şəxs həmin müraciətə hansı müddətdə baxılacağını bildirməlidir. Bu barədə vətəndaşın qeydə alınması vərəqəsində (jurnalda) müvafiq qeyd və tapşırığın məzmunu yazılır. Aparatın şöbələri şikayətə baxılmasının son nəticələri haqqında Ümumi şöbənin müdirinə məlumat verirlər və o, şikayəti nəzarətdən çıxarır. Bütün hallarda qəbulda olmuş vətəndaşa onun müraciətinə baxılmasının nəticəsi haqqında məlumat verilir.
Qəbul zamanı vətəndaş yazılı müraciət təqdim etdikdə həmin müraciət müəyyən edilmiş qaydada qeydiyyat-nəzarət vərəqəsində qeydiyyata alınmalıdır.