Vaqif Abdullayev və başqalarından, Salyan, Azərbaycan
Möhtərəm Prezident!
Bütün Azərbaycan xalqı kimi Salyan rayonunun Şorsulu kəndinin sakinləri də Sizin apardığınız siyasəti bəyənir və daim ətrafınızda sıx birləşirlər. Biz bu siyasətin səmərəli nəticələrini rayonumuzda, eləcə də kəndimizdə aparılan abadlıq və quruculuq işlərində görürük. Sizin diqqət və qayğınız sayəsində Salyanda bir sıra mühüm infrastruktur layihələri həyata keçirilmiş, müasir tələblərə cavab verən təhsil, səhiyyə, mədəniyyət, idman obyektləri istifadəyə verilmiş, istehsal və emal müəssisələri açılmış, kəndlərdə sutəmizləyici qurğular quraşdırılmış, yollar çəkilmişdir. Sizin bu günlərdə rayonumuza gəlişiniz, sakinlərimizlə görüşünüz, rayonumuzun abadlıq-quruculuq işlərinin davam etdirilməsi, körpü tikintisi, avtomobil yolunun yenidən qurulması üçün vəsait ayırmağınız salyanlıları bir daha sevindirdi və onlarda böyük ruh yüksəkliyi yaratdı.
Bizə göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizə və ailənizə cansağlığı və xoşbəxtlik arzulayırıq. Qarşıdan gələn prezident seçkilərində biz hamılıqla məhz Sizə səs verəcəyik.
Hörmətlə,
Abdullayev Vaqif Qulu oğlu
Süleymanzadə Razim Mirzə oğlu
Əhmədov Balaş Nəcəfqulu oğlu
Eyvazov Əli Qulaməli oğlu
Eyvazov Mətləb Qəfər oğlu və başqaları (cəmi: 20 imza).
Azərbaycan Respublikası, Salyan rayonu, Şorsulu kəndi.