Əbülfət Bədəlov və başqalarından, Salyan, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizin rəhbərliyiniz altında həyata keçirilən Dövlət proqramına uyğun olaraq Salyan rayonunda da bir sıra təhsil, səhiyyə və digər sosial obyektlər tikilib istifadəyə verilmişdir. Bunlardan biri də rayon təhsil şöbəsi üçün inşa edilən yeni binadır. Bu bina 2013-2014-cü tədris ilinin başlanğıcına kimi istifadəyə veriləcəkdir. Bina təhsilin idarə olunması üçün müasir tələblərə cavab verən bütün avadanlıqlarla təchiz edilmiş, burada hər işçi üçün normal iş şəraiti yaradılmışdır.
Hörmətli cənab Prezident, Salyan təhsili nəticələrinə görə respublikada həmişə qabaqcıllar sırasında olmuş və bizim bu nailiyyətlərimiz tərəfinizdən yüksək qiymətləndirilmişdir. Hər il ali məktəblərə qəbulun nəticələrinə görə Prezident təqaüdü alan tələbələr barədə verdiyiniz sərəncamlarda rayonumuzun bir və ya iki məzununun adı olur. Bundan əlavə il ərzində ümumtəhsil məktəb müəllimləri arasında Salyan müəllimləri də təltif edilirlər. Rayonumuzda hər il Dövlət proqramına uyğun olaraq yeni məktəb binaları tikilir və əsaslı təmir olunur. Bütün bunlar əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Sizin tərəfinizdən uğurla davam etdirilən dövlət qayğısının bariz nümunəsidir.
Möhtərəm Prezident, Salyan rayonunun təhsil işçiləri adından bizə göstərilən bu böyük diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirir və gənc nəslin təlim-tərbiyəsi, cəmiyyət üçün layiqli vətəndaşların hazırlanması, ölkəmiz üçün vətənpərvər gənclərin yetişdirilməsi sahəsində bundan sonra daha əzmlə çalışacağımızı bildiririk.
Dərin hörmətlə,
Bədəlov Əbülfət
X.Piriyev
N.Zərbəliyev
X.Hacıyeva
M.Ağalarov və başqaları (cəmi: 25 nəfər).
Azərbaycan Respublikası, Salyan rayonu.