04 iyul 2013, 18:30

Yadigar Muradovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident! 

Azərbaycan milli teatrının 140 illik yubileyi münasibətilə imzaladığınız sərəncamlarla bir çox teatr xadimlərimizi orden və medallarla, fəxri adlarla mükafatlandırmağınız milli teatrımıza əsl yubiley hədiyyəsi oldu. Onlardan Şuşa Dövlət Musiqili Dram Teatrının əməkdaşları Şükufə Musayevanın “Tərəqqi” medalı ilə təltif edilməsinə, Nəsib Məhərrəmova “Əməkdar Mədəniyyət İşçisi”, Azad Məmmədova “Əməkdar Artist” fəxri adlarının verilməsinə görə bütün kollektivimiz adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətli cənab Prezident!

Ermənistanın hərbi təcavüzü nəticəsində teatrımızın məcburi köçkünlük şəraitində fəaliyyət göstərməsinə baxmayaraq, biz ölkəmizin hərtərəfli inkişafı naminə Sizin qarşıya qoyduğunuz vəzifələrin həyata keçirilməsi üçün var qüvvəmizlə çalışırıq. Əminik ki, Sizin rəhbərliyiniz ilə torpaqlarımız tezliklə işğaldan azad olunacaq, teatrımız öz fəaliyyətini doğma Şuşada davam etdirəcəkdir. Sizə uzun ömür, cansağlığı və yeni-yeni uğurlar arzulayırıq.

Yadigar Muradov
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru

Azərbaycan Respublikası, Bakı şəhəri