2013-cü ildə böyük səhnə ustası, Azərbaycanın teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti Hökümə Abbasəli qızı Qurbanovanın 100 illiyi tamam olur.
Hökümə Qurbanova canlandırdığı romantik çalarlı və mübariz xarakterli qəhrəman qadın obrazları qalereyası ilə Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsini zənginləşdirmişdir. Yüksək istedada malik qüdrətli aktrisanın bənzərsiz yaradıcılığı sənətkarların yeni nəsli üçün məktəb olaraq qalmaqdadır.
Azərbaycan mədəniyyətinin inkişafına dəyərli töhfələr vermiş SSRİ xalq artisti Hökümə Qurbanovanın 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə SSRİ xalq artisti Hökümə Qurbanovanın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2013-cü il.