Sergey Mixaylovdan, Moskva, Rusiya Federasiyası
Hörmətli İlham Heydər oğlu!
İcazə verin, Müstəqil Dövlətlər Birliyinin Dövlət İnformasiya Agentliklərinin Rəhbəri Şurası adından Sizə MDB İnformasiya Şurasının 2013-cü il fevralın 25-də Bakıda keçirilmiş XVI iclasının iştirakçılarını son dərəcə səmimi, dostcasına qəbul etdiyinizə görə təşəkkürümü bildirim. Sizinlə görüş zamanı olan söhbət iclas iştirakçılarına müasir Azərbaycanın həyatı və uğurları barədə, mətbuatın sərbəst fəaliyyəti, kütləvi informasiya vasitələrinin baş verən hadisələri dəqiq və düzgün işıqlandırmaq üçün məsuliyyəti, habelə müasir şəraitdə Birlik ölkələrinin Dövlət informasiya agentliklərinin qarşılıqlı fəaliyyətinin zəruri olması barədə aktual məlumat almaq imkanı verdi.
MDB İnformasiya Şurasının iclasının yüksək səviyyədə hazırlanmasına görə, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) Baş direktoru Aslan Əhməd oğluna, Bakıda səmərəli iş üçün zəruri şərait yaratmış bütün azərbaycanlı həmkarlarımıza da dərin təşəkkürümüzü bildiririk.
MDB İnformasiya Şurası nüfuzlu milli KİV-lərin qarşılıqlı fəaliyyətinin mühüm orqanıdır. MDB ölkələrinin Dövlət informasiya agentlikləri güclü yaradıcı və müasir texniki potensiala malikdir. Bizim agentliklər arasında yaranmış tərəfdaşlıq münasibətləri Birlik dövlətləri və xalqları arasında tarixi əlaqələrin inkişafına kömək edir, MDB-də baş verən proseslər haqqında ictimaiyyətin obyektiv və operativ məlumatlandırılması üçün yaxşı baza rolu oynayır.
Azərbaycan Respublikasının dövlət kütləvi informasiya vasitələri ilə ənənəvi sıx əməkdaşlığın davam edəcəyinə ümidvar olduğumu bildirirəm.
Hörmətlə,
Sergey Mixaylov,
İTAR-TASS agentliyinin Baş direktoru
Rusiya Federasiyası, Moskva şəhəri.