26 fevral 2013, 15:05

“Azəryolservis” ASC-nin kollektivindən, Bakı, Azərbaycan

Möhtərəm Prezident!

Azərbaycanın iqtisadi və sosial həyatı son illər durmadan inkişaf edir. Respublikamızın müstəqilliyini yenidən əldə edərək daha da möhkəmləndirməsi və bugünkü qüdrətli Azərbaycan dövlətinin yaranması ümummilli lider Heydər Əliyev siyasətinin nəticəsi, ulu öndərin ölkəmiz və xalqımız qarşısında tarixi xidmətidir. Bu gün bu strategiya Sizin yüksək idarəçilik bacarığınız, tükənməz enerjiniz və işgüzarlığınız, vətənpərvərliyiniz sayəsində daha da zənginləşdirilərək, dövlətimizin mənafeyinin qorunmasını və xalqımızın firavan yaşamasını təmin edən səviyyədə uğurla həyata keçirilir. Siz son illər müasir dünyamızda gedən prosesləri Azərbaycanın milli maraqlarına yönəltməyi müvəffəqiyyətlə bacardınız və Azərbaycanın dünyada sürətlə inkişaf edən demokratik bir ölkə kimi nüfuz qazanmasını təmin etdiniz. Biz bununla hədsiz qürur duyuruq.

İqtisadi tərəqqisinə görə nəinki MDB-də, hətta dünyada lider dövlətlərdən olan Azərbaycan bu nəticəni məhz Sizin həyata keçirdiyiniz uğurlu siyasət, aparılan hərtərəfli və köklü islahatlar sayəsində qazanmışdır. Sizin xüsusi dəstəyiniz və səyləriniz nəticəsində respublikanın nəqliyyat-yol kompleksi də gündən-günə yenilənir, daha da inkişaf edir, avtomobil yolları infrastrukturu genişlənir və səviyyəsi yüksəlir. Son illər ölkəmizin sürətli tərəqqisinə, aparılan iqtisadi islahatların uğurla təmin olunmasına yönəlmiş tədbirlər planının və regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının həyata keçirilməsi çərçivəsində avtomobil yollarının dünya standartlarına uyğun səviyyədə yenidən qurulması istiqamətində də Sizin şəxsi qayğınız və diqqətiniz sayəsində mühüm işlər görülmüş, nəhəng layihələr həyata keçirilmişdir.

Hörmətli cənab Prezident, indi Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin, o cümlədən də nəqliyyatın inkişafı üçün hər bir şərait mövcuddur. Sizin “Yollar iqtisadiyyatın və iqtisadi inkişafın əsas faktorlarından biridir. İqtisadiyyat müasir infrastruktur və yollar olmadan inkişaf edə bilməz” sözləriniz bu sahəyə necə xüsusi önəm verdiyinizi göstərir.

Nəqliyyat-yol kompleksinin, o cümlədən avtomobil yollarının bərpasına və yol infrastrukturunun müasir səviyyədə yenidən qurulmasına göstərdiyiniz diqqət sayəsində bu gün respublikanın müxtəlif bölgələrində müasir tələblərə cavab verən yüzlərlə kilometr yol tikilərək istismara verilmiş, gediş-gəlişin asanlaşdırılması və insanların sosial şəraitinin yaxşılaşdırılması məqsədilə ölkənin ən ucqar əraziləri ilə nəqliyyat əlaqəsi yaradılmış, həmçinin paytaxt Bakıda göz oxşayan onlarla müxtəlif səviyyəli qovşaqlar, körpülər, piyada keçidləri xalqın istifadəsinə verilmişdir.

Çox hörmətli Prezident, biz avtomobil yollarının tikilməsi və yenidən qurulması sahəsində çalışan çoxminli avtomobil yolu işçiləri əməyimizə verdiyiniz yüksək qiymətə, göstərdiyiniz diqqət və qayğıya görə Zati-alilərinizə dərin minnətdarlığımızı bildirir və Sizi əmin etmək istəyirik ki, nəqliyyat-yol kompleksinin beynəlxalq standartlara cavab verəcək səviyyəyə çatdırılması naminə bundan sonra daha əzmlə çalışacaq və yüksək etimadınızı doğruldacağıq.

Dərin hörmət və ehtiramla,

Nəqliyyat Nazirliyinin “Azəryolservis”

Açıq Səhmdar Cəmiyyətinin kollektivi.

Azərbaycan Respublikası, Bakı şəhəri.