25 yanvar 2013, 22:05

İ.Əliyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizin tapşırığınıza əsasən Şəhidlər xiyabanı kompleksinin bir hissəsində aparılan əsaslı təmir və yenidənqurma işləri çərçivəsində təbii amillərin təsirindən yararsız hala düşmək təhlükəsi yaranmış qərargahımızın yerində bizim ictimai təşkilat üçün yeni binanın tikintisi, hər cür avadanlıq və inventarlarla təmin olunmasına görə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının çoxsaylı üzvləri adından Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü çatdırırıq.

Xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanında yerləşən qərargahımızda normal fəaliyyət, toplantıların təşkili, gənclərlə vətənpərvərlik tərbiyəsi istiqamətində işlərin həyata keçirilməsi üçün hər cür şərait yaradılmış, otaqlarımızda müasir səviyyədə tərtibat işləri aparılmışdır.

Biz, Qarabağ müharibəsi veteranları və əlilləri, ailə üzvlərimiz bunu ölkəmizin rəhbəri, Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Sizin biz veteran döyüşçülərə olan diqqət və qayğınızın təzahürü hesab edir və dərin təşəkkürümüzü bildiririk.

Əmin edirik ki, biz veteran döyüşçülər Sizin apardığınız siyasəti hər zaman dəstəkləyəcəyik. Ölkəmizin inkişafı və tərəqqisi, xalqımızın firavan gələcəyi naminə gördüyünüz işlərdə Sizə uğurlar arzulayırıq.

Dərin hörmətlə,

İ.Əliyev,
Azərbaycan Vətən Müharibəsi
Veteranları Birliyi Səbail rayon təşkilatının sədri

Azərbaycan Respublikası, Bakı şəhəri.