14 fevral 2025, 14:23

Zaur Əliyevdən, Münster, Almaniya

Hörmətli cənab Prezident.

Avropa Azərbaycan Mərkəzi adından Sizə bu məktubu yazmaqdan şərəf duyuram. Mərkəzimizin üzvləri Azərbaycan Respublikasının Ukraynaya göstərdiyi humanitar yardımlar və xüsusilə 2025-ci il 5 fevral tarixli Sərəncamınızla Ukraynaya elektrik avadanlığının göndərilməsi ilə bağlı Sizə dərin hörmət və təşəkkür hisslərini ifadə edirlər.

Azərbaycan dövləti humanizm prinsiplərinə söykənərək, dünyanın müxtəlif ölkələrinə, o cümlədən Ukraynaya göstərdiyi dəstək və yardımlarla beynəlxalq aləmdə insani dəyərlərin tərəfdarı kimi mövqeyini bir daha nümayiş etdirdi. Ukrayna xalqının çətinliklərlə üzləşdiyi bu dövrdə Azərbaycanın göstərdiyi həmrəylik və dayanıqlı dəstək xalqlarımız arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradır.

Sizin Sərəncamınızla Ukraynaya göndərilən elektrik avadanlıqları və digər texniki vasitələr təkcə infrastrukturun bərpasına kömək deyil, həm də Azərbaycanın humanitar siyasətinin əsas prinsiplərini əks etdirən əvəzolunmaz addımdır. Bu yardımlar Azərbaycanın regionda və dünyada sülh, sabitlik və əməkdaşlıq üçün daim fəal mövqe tutan lider dövlət kimi rolunu bir daha təsdiqləyir.

Avropa Azərbaycan Mərkəzi olaraq, Sizin bu müdrik və insani qərarınızı ürəkdən dəstəkləyirik. Eyni zamanda, digər dövlətlərə göstərdiyiniz humanitar yardımlar beynəlxalq aləmdə ölkəmizin sülhsevər və insanpərvər yanaşmasının bariz nümunəsidir.

Sizin rəhbərliyinizlə Azərbaycan dövlətinin uğurları və beynəlxalq aləmdə qazandığı nüfuz hər bir vətəndaşımız üçün qürur mənbəyidir. Biz inanırıq ki, Azərbaycanın humanitar siyasəti və Ukraynaya dəstəyi gələcəkdə də davam edəcək və bu, xalqlarımız arasında əbədi dostluq münasibətlərini daha da möhkəmləndirəcəkdir.

Dərin hörmətlə,

Əliyev Zaur, Avropa Azərbaycan Mərkəzinin sədri.

Almaniya Federativ Respublikası, Münster şəhəri.