31 yanvar 2025, 13:55

Məmməd Musayevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ölkəmizdə uğurla həyata keçirdiyiniz daxili və xarici siyasəti bəyənən, daim dəstəkləyən ölkə sahibkarlarının yekdil iradəsini ifadə edərək, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbəri kimi “Şöhrət” ordeni ilə təltif olunduğuma görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Sizin tərəfinizdən göstərilən bu ali diqqət çoxminlik sahibkarların əməyinə verilən qiymət kimi dəyərləndirilməlidir.

Müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının Sizin tərəfinizdən böyük müdriklik və uzaqgörənliklə davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi qüdrəti günbəgün artır. Dünya birliyində öz layiqli yerini tutan, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək hədəfinə doğru böyük inamla irəliləyir. Reallaşdırılan mühüm tədbirlər nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyatın şaxələnməsi uğurla təmin olunur, özəl bölmənin inkişafı üçün daha əlverişli biznes və investisiya mühiti formalaşdırılır.

Zati-alinizin rəhbərliyi ilə aparılan genişmiqyaslı işlər nəticəsində sahibkarlar ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilmiş, sağlam bazar münasibətləri, azad rəqabət mühiti, özəl bölmə üçün əlverişli imkanlar formalaşdırılmışdır. Azad sahibkarlığın inkişafında və dövlət-sahibkar əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsində Sizin dəstəyinizi və qayğınızı daim hiss edirik. Sizin bu dəstəyinizdən ruhlanan Azərbaycan sahibkarları olaraq bütün qüvvələrimizi səfərbər edərək, tez bir zamanda Qarabağımızı yenidən dirçəldərək, dünyanın ən dilbər guşələrindən birinə çevirmək və insanların öz doğma yurdlarına dönməsinin tezləşdirilməsınə nail olmaq üçün öz töhfələrimizi verməkdən qürur duyuruq.

Möhtərəm cənab Prezident, Azərbaycan sahibkarları Sizin ətrafınızda sıx birləşərək, bundan sonra da ölkəmizin tərəqqisi naminə iqtisadiyyatın inkişafının təmin olunması sahəsində üzərlərinə düşən vəzifələri şərəflə və böyük həvəslə həyata keçirəcəklər.

Zati-alinizə möhkəm cansağlığı və müstəqil, demokratik Azərbaycanın daha da möhkəmlənməsi, xalqımızın rifahı naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.

Dərin minnətdarlıq hissi ilə,

Musayev Məmməd,

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti.

Azərbaycan Respublikası, Bakı şəhəri.