24 yanvar 2025, 15:30

Milix Yevdayevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycan digər etnik və dini qruplar kimi yəhudi icmaları üçün də doğma bir məskəndir. İndiyədək heç bir xalqın nümayəndəsinə ögey münasibət göstərilməyən ölkəmizdə yəhudilər siyasət, səhiyyə, təhsil, elm və mədəniyyət daxil olmaqla, bütün sahələrdə təmsil olunur, ölkənin ictimai həyatında fəal iştirak edirlər.

Fəxr ediləsi məqamdır ki, Azərbaycanda tolerant və multikultural mühitin qorunması istiqamətindəki siyasətin tərkib hissəsi kimi dini mənsubiyyətindən asılı olmayaraq bütün dini icmalara dövlət tərəfindən xüsusi diqqət göstərilir. Sizin Sərəncamınızla hər il müsəlman və qeyri-müsəlman dini icmalarına, o cümlədən yəhudi dini qurumlarına ayrılan maliyyə yardımı, ibadət evlərinin təmir və bərpa edilməsi istiqamətində dünyada bənzəri az rast gəlinən işlər görülür.

Dünyadaki islamofobiya, ksenofobiya, antisemitizm hallarının artdığı bir dövrdə Azərbaycanın nəinki öz torpağında, həmçinin ölkə xaricində müxtəlif dinlərə aid abidələri diqqətdə saxlaması təqdirəlayiq haldır.

Möhtərəm cənab Prezident, Sizə ölkədə mövcud dini konfessiyaların fəaliyyətini dəstəkləmək, habelə dinlərarası həmrəyliyin daha da inkişaf etdirilməsi, dini maarifləndirmə işinin müasir tələblərə uyğun şəkildə qurulması məqsədilə imzaladığınız Sərəncama, o cümlədən mədəni-dini irsimizə göstərilən davamlı diqqət və qayğınıza görə dərin təşəkkürlərimizi bildirir, şərəfli fəaliyyətinizdə uğurlar diləyirik.

Tanrı Sizi və Azərbaycanımızı qorusun!

Dərin hörmətlə,

Milix Yevdayev, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri

Azərbaycan Respublikası, Bakı şəhəri.