24 yanvar 2025, 17:08

Rauf Abbasovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Bu gün dünyada baş verən qanlı təlatümləri izlədikcə Azərbaycandakı stabilliyin təminatçısı olan şəxsən Sizə minnətdaram. Şimal qonşumuz böyük Rusiya dövlətinin Ukrayna ilə hərbi münaqişələri, Cənub qonşumuzla İsrail Dövləti gərgin münasibətlər fonunda bir-birinə hava zərbələri endirməkdən çəkinmir, Gürcüstanda da hadisələr öz məcrasından çıxmaq üzrədir, Suriyada isə əsl vətəndaş müharibəsi gedir. Belə bir ağır dönəmdə, geosiyasi vəziyyətin gərgin vaxtında Azərbaycan dövlət suverenliyini bərpa edib, ardınca da böyük beynəlxalq tədbirləri tam təhlükəsiz keçirib, dünyanın hər yerindən, hətta ölkəmizə qarşı birmənalı münasibəti olmayan dövlət başçılarından da bu münasibətlə təbrik məktubları alıb.

Bu qarmaqarışıq bir zamanda tarixi torpaqlarımızda yenidən məskunlaşmanın da şahidi oluruq. Cəbrayıla mütəmadi olaraq əhali köçürülür, Xankəndi qaynar şəhərə çevrilir, Şuşada əhalinin köçü ilə yanaşı, mədəni-kütləvi tədbirlər baş tutur. Laçına insanlarımız istirahət üçün gedir, təsərrüfatlarımız bu səfalı yerlərdən bəhrələnir. Ağdam isə yoxdan var edilir. Bu sadaladıqlarımı daha da artırmaq mümkündür. Görünən dağa bələdçilik etmək istəmirəm.

Bu keşməkeşli bir zamanda ölkəmizdəki sabitliyin təminatçısı kimi Sizə xalqımız adından dərin minnətdarlığımı bildirirəm.

Allah Sizi qorusun!

Hörmətlə:

Abbasov Rauf Müzəffər oğlu, tələbə.

Azərbaycan Respublikası, Gəncə şəhəri.