22 yanvar 2025, 16:00

Lyudmila İbrahimovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident, dəyərli ölkə başçımız.

“Yeni Həyat” xristian incil dini icması Azərbaycan vətəndaşlarının dini hüquq və azadlıqları sahəsində göstərdiyiniz diqqətə, müdrik münasibətinizə və qüsursuz siyasətinizə görə Sizə dərin minnətdarlığını bildirir. Ölkəmiz həqiqətən də multikulturalizm və tolerantlıq bariz nümunəsidir və bu, tamamilə Sizin xidmətlərinizdir. Sizin sayənizdə biz ibadət xidmətlərimizi təhlükəsiz şəkildə həyata keçiririk, çünki Azərbaycan Respublikası ərazisində dini etiqad azadlığı sahəsində heç bir ayrı-seçkilik yoxdur. Biz digər konfessiyalarla yanaşı, dini etiqadından asılı olmayaraq ölkəmizdə yaşayan hər bir insan üçün Sizin himayənizi, qayğınızı və dəstəyinizi daim hiss edirik. Siz xalqınızın etimadına və dəstəyinə layiq lidersiniz.

Möhtərəm Prezident,

Azərbaycan Respublikasının bütün dini icmalarını hər il maddi cəhətdən dəstəkləmək barədə xoşməramlı qərarınız dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, ölkə vətəndaşlarının hamısı üçün bərabər şərait yaratmaq istəyinizin təsdiqidir. Sizin sayənizdə ölkəmiz bütün fəaliyyət sahələrində çiçəklənir, Sizin həssas və müdrik rəhbərliyinizlə xalqımız tarixi qələbələr qazanır, çox böyük zirvələr fəth edir. Tanrı Sizi Azərbaycan xalqına rəhbərlik etmək üçün seçdi və bu məsuliyyətli və mühüm yolda Rəbb Sizi qorusun!

Dərin hörmətlə,

İbrahimova Lyudmila, “Yeni Həyat” xristian incil dini icmasının sədri

Azərbaycan Respublikası, Bakı şəhəri.