Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanın qabaqcıl təhsil ocaqlarından biri sayılan, ölkədə mühəndis kadrlarına, eləcə də informasiya-kommunikasiya texnologiyaları və texnikanın digər müasir sahələri üzrə mütəxəssislərə tələbatın ödənilməsində mühüm rolu olan Azərbaycan Texniki Universitetinin binasının əsaslı təmiri və bərpası məqsədi ilə qərara alıram:
1. Azərbaycan Texniki Universiteti binasının əsaslı təmiri və bərpası üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Texniki Universitetinə ilkin olaraq 3,5 milyon (üç milyon beş yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 dekabr 2012-ci il.