Tahir Budaqovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident,
Mənim kiçik əməyimə böyük qiymət verərək “Şöhrət” ordeni ilə təltif etdiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm.
Mən gənc yaşlarımdan Ulu Öndər Heydər Əliyevin, sonradan isə Zati-alinizin yüksək diqqət və qayğısını öz üzərimdə hər zaman hiss etmiş, müstəqil Azərbaycan dövlətinin çətin sınaqlardan keçərək möhtəşəm nailiyyətlərə imza atmaqla bugünkü zirvələrə çatması üçün həyata keçirdiyiniz nəhəng proseslərin sıradan bir iştirakçısı olmaqdan, müxtəlif vəzifələrə təyin etməklə etibar etdiyiniz sahələrə kiçicik də olsa, töhfə verməkdən sonsuz qürur hissi keçirmiş, göstərilən etimadı doğrultmağa çalışmışam.
Azərbaycanın ən müqəddəs amallarına, ümdə maraqlarına xidmət edən uzaqgörən siyasətiniz xalqımıza tarixi Zəfər qazandırmış, milli ləyaqətimizi özümüzə qaytarmaqla ölkəmizi dünyada söz və nüfuz sahibinə çevirmişdir. Ata vəsiyyətlərini qətiyyətlə və məharətlə yerinə yetirməklə Ulu Öndərimizin əminliklə söylədiyi “Vaxt gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq” fikrini gerçəkləşdirdiyiniz üçün Siz hər bir Azərbaycan vətəndaşının, bütün dünya azərbaycanlılarının əbədi rəğbət və məhəbbətini qazanmışsınız. Bu gün hər birimiz dünyada Sizin simanızda Azərbaycana olan münasibətin dəyişməsinin şahidiyik və Ulu Öndərimizin iftixarla dediyi kimi, fəxr edirik ki, azərbaycanlıyıq.
Zati-aliləri,
Ali dövləti fəaliyyətiniz əldə edilmiş uğurlarla yanaşı, ölkəmiz üçün parlaq perspektivlər yaratmışdır. Daha qüdrətli Azərbaycan naminə həyata keçirdiyiniz məqsədyönlü siyasətə Sizin rəhbərliyinizlə xidmət etmək imkanı yaratdığınız üçün bir daha minnətdarlığımı ifadə edir, bundan sonra da üzərimə düşən vəzifələri var gücümlə, məsuliyyətlə yerinə yetirəcəyimə, əlimdən gələni əsirgəməyəcəyimə söz verirəm.
Dərin hörmət və ehtiramla,
Budaqov Tahir Yaqub oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri.