27 dekabr 2024, 12:05

Şəhid qızından, Xocalı, Azərbaycan

Hörmətli cənab Prezident!

Mən, Xocalı şəhidinin qızı olaraq, bu məktubu Sizə böyük minnətdarlıq və sevgi hissi ilə yazıram. Atamın nəşi, illər sonra, 32 il uzanan gözlənti və ümidin ardınca tapılıb və ailəmizə qaytarılıb. Bu, bizim üçün həm kədərli, həm də qürurverici bir andır. Çünki onun mübarizəsi və canını qurban verməsi bu Vətən torpaqları uğrunda idi.

Sizin rəhbərliyiniz altında Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və milli birliyi uğrunda göstərilən səylər bizə dəstək oldu. Xocalı faciəsinin qurbanlarını və şəhidlərimizi daim xatırlamanız, onların haqq işini bütün dünyaya çatdırmaq üçün apardığınız mübarizə, hər bir azərbaycanlının qəlbində bir ümid çırağı yandırır.

Biz bilirik ki, şəhidlərimizin qanı yerdə qalmadı, Qarabağ artıq azaddır. Atamın və onun kimi igid şəhidlərin ruhu azad torpaqlarımızda azan səsi ilə rahatlıq tapdı.

Cənab Prezident, şəxsən özümün və ailəmin adından Sizə dərin təşəkkürümü bildirirəm. Sizin rəhbərliyinizlə Vətənimizin daha güclü, daha firavan olacağına əminik.

Allahdan Sizə möhkəm cansağlığı, ölkəmizə isə daim sülh və əmin-amanlıq arzu edirəm.

Ən dərin ehtiramla,

Lamiyə Qarayeva,

şəhid qızı

Azərbaycan Respublikası, Xocalı rayonu.