Zaur Əliyevdən, Münster, Almaniya
Hörmətli cənab Prezident.
BMT Baş Assambleyasının 3-cü Komitəsində "İtkin düşmüş şəxslər'" adlı qətnamənin yekdilliklə qəbul edilməsini Sizin rəhbərliyiniz altında Azərbaycanın beynəlxalq arenadakı uğurlarından biri kimi qiymətləndirirəm. Bu hadisə, həm diplomatiyamızın gücünü, həm də ölkəmizin humanitar hüquq sahəsindəki qlobal əhəmiyyətini bir daha təsdiq edir.
Qətnamənin mətninə 56 ölkənin həmmüəllif qismində qoşulması, itkin düşmüş şəxslərlə bağlı məsələnin yalnız Azərbaycanın deyil, bütün dünyanın diqqətində olduğunu göstərir. Sizin təşəbbüsünüzlə irəli sürülmüş bu qətnamə, beynəlxalq hüquq normalarının üstünlüyünün təmin edilməsində Azərbaycan diplomatiyasının fəal iştirakını bir daha vurğulayır.
Bu qətnamə yalnız itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi və humanitar hüquqların təmin edilməsi baxımından deyil, eyni zamanda Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq səviyyədə tanınmasının hüquqi və siyasi təsdiqi kimi də qiymətləndirilə bilər. Ermənistanın mina xəritələrini təqdim etməməsi və işğal dövründə törədilmiş digər humanitar pozuntular bu qətnamədə öz əksini tapan məsələlər vasitəsilə beynəlxalq hüquq müstəvisində ifşa edilir. Bu isə Azərbaycanın ədalətli mövqeyini beynəlxalq səviyyədə daha da möhkəmləndirir.
Hörmətli cənab Prezident, Sizin strateji və prinsipial siyasətiniz nəticəsində ölkəmiz münaqişələrin həllində, humanitar dəyərlərin müdafiəsində və beynəlxalq hüququn təmin edilməsində əhəmiyyətli rol oynayır. Bu qətnamə Azərbaycanın həm milli maraqlarının müdafiəsi, həm də beynəlxalq nüfuzunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Biz, xalq olaraq, hər zaman Sizin apardığınız ədalətli və uzaqgörən siyasəti dəstəkləyir və Azərbaycanın dünya miqyasında nüfuzunun artmasından qürur duyuruq.
Dərin hörmətlə,
Zaur Əliyev,
Avropa Azərbaycan Mərkəzinin sədri
Almaniya Federativ Respublikası, Münster şəhəri.