28 oktyabr 2024, 12:35

Zərifə Osmanlıdan, Padova, İtaliya

Hörmətli cənab Prezident.

Bu il sentyabrın 9-11-də Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun təşkilinə verdiyiniz dəstəyə görə Sizə dərin təşəkkürümü bildirirəm.

Fikrimcə, Forumun keçirilməsi xaricdə yaşayan alimlərimizin şəbəkələşməsinə və ölkəmiz üçün fayda vermək naminə öz bilik və bacarıqlarını məhsuldar bir şəkildə birlikdə istifadə etməsinə zəmin yaratdı. Düşünürəm ki, fərqli sahələr, ölkələr və yaş qruplarından olan alimlərimizin bir yerə toplanması, onlarla tanışlıq imkanı, yerli təhsil müəssisələri, elmi tədqiqat institutları ilə müzakirələr gələcək əlaqələr və birgə işlər üçün bir başlanğıcdır.

Bundan əlavə, ölkəmizdə elm və təhsilin inkişafı naminə atdığınız addımların sayının gündən-günə artması sevindirici haldır. Bu addımlardan biri olan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan faydalanmış gənc alim olaraq Sizə ayrıca təşəkkür edirəm. Öz üzərimə düşən məsuliyyətin ikiqat olduğunu düşünürəm. Vətəndən kənardakı elmi fəaliyyətimlə ölkəmizin inkişafına əlimdən gələn qədər töhfə verməyə böyük məmnuniyyət və qürur hissi ilə hazıram.

Hörmətlə,

Osmanlı Zərifə,

Bioinformatika üzrə fəlsəfə doktoru, Padova Universitetinin elmi tədqiqatçısı.

İtaliya, Padova şəhəri.