18 oktyabr 2024, 14:03

Elçin Cavadovdan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin apardığınız uzaqgörən siyasətin, qətiyyətin və igid əsgərlərimizin qəhrəmanlığı nəticəsində xalqımız böyük Qələbə sevincini yaşadı. Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri bütün dünyaya göstərdi ki, bu torpaqların əsl sahibi azərbaycanlılardır. Hüdudları ölçüyəgəlməz, analoqu olmayan bu işlər Sizin sayənizdə ərsəyə gəlir.

İşğaldan azad olunan ərazilərimizdə aparılan işlərlə bərabər, regionlarda da böyük işlər görülür. Bu gün respublikamızın bütün bölgələrini əhatə edən abadlıq-quruculuq işləri Gəncə şəhərinin timsalında xüsusilə hiss olunur. Sizin xüsusi diqqətiniz və qayğınız sayəsində Nizami yurdu qədim Gəncədə abadlıq-quruculuq işləri bu gün də uğurla davam etdirilməkdədir. Şəhərimiz gündən-günə gözəlləşir, yeni görkəm alır. Qədim Gəncəmizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk.

Şəhərimizdə yeni istifadəyə verilən sosial infrastruktur obyektləri yerli sakinlərin sevimli məkanına çevrilmişdir. Gəncə sakinlərinin üzünə açılan Gəncə İdman Sarayı, həmçinin Ekoloji Park Kompleksi şəhərimizin gözəlliyinə xüsusi çalarlar verir.

Əziz Prezidentimiz, doğma Gəncəmizdə görülən işlərə görə Sizə bir daha təşəkkür edirik. Ən yeni Azərbaycan tarixinə Zəfər səhifəsini yazan Sərkərdə kimi xalqımız Sizə dərin məhəbbət bəsləyir və Sizi dəstəkləyir.

Uca Tanrı Sizi və sevdiklərinizi qorusun.

Hörmətlə,

Cavadov Elçin Məhəmməd oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.