16 oktyabr 2024, 17:30

Mirzə Mütəllimovdan, Maynz, Almaniya

Hörmətli cənab Prezident.

Ötən ay Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) təşkil etdiyi beynəlxalq foruma dəvət aldım və böyük məmnuniyyətlə həmin tədbirdə iştirak etdim. İlk növbədə, bu tədbirdə iştirak etməyimizə göstərdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Forum çox yüksək səviyyədə təşkil olunmuşdu və biz burada xeyli yeni tanışlıqlar əldə etdik. Bu tədbirdə iştirak etməklə mən dünyanın bir çox ölkələrindən gəlmiş, o cümlədən Azərbaycanda yaşayan elm xadimlərini yaxından tanımaq imkanı qazandım. Dəyərli müzakirələr apararaq, gələcəkdə Azərbaycandakı həmkarlarımızla elmi və kliniki təcrübələrimizi bölüşmək və yeni əlaqələr qurmaq fürsəti yarandı.

Xüsusilə maraqlı məqamlardan biri Qarabağda gələn il qurulması planlaşdırılan Tibb fakültəsinə dəstək təşəbbüsümüz oldu. Bildirmək istəyirəm ki, komandamız əsasən Azərbaycan əsilli mütəxəssislərdən ibarətdir və Maynz Universitetinin Öyrətim Klinikası kardiologiya sahəsində Almaniyada və Avropada innovativ əməliyyatlar həyata keçirən və seçilən klinikalardandır.

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etdiyiniz, bizə bu qüruru yaşatdığınız üçün Ali Baş Komandan olaraq Sizə və müharibədə iştirak edən qazilərimizə təşəkkürümü bildirirəm. Allah Vətən uğrunda canlarından keçən şəhidlərimizə rəhmət eləsin. Sonda bildirmək istəyirəm ki, Qarabağa etdiyimiz bu səfər mənə və bütün tədbir iştirakçılarına unudulmaz gözəl hisslər bəxş etdi.

Hörmətlə,

Mirzə Mütəllimov,

kardioloq-həkim.

Maynz Universitetinin Öyrətim Klinikasının və Saarland Universitetinin əməkdaşı.

Almaniya Federativ Respublikası, Maynz şəhəri.