Rəşad Məciddən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Göstərdiyiniz yüksək diqqətə - 60 illik yubileyim ərəfəsində məni 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Siz Ümummilli Lider Heydər Əliyevin ənənələrini davam etdirərək, daim ölkə mətbuatına qayğı ilə yanaşmış, milli mətbuatımızın inkişafı, kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin göstərilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atmısınız. Bu illər ərzində mətbuatımızın problemləri ilə maraqlanmış, onların aradan qaldırılması məqsədilə konkret göstərişlər vermisiniz və zaman-zaman bu problemlərin hər biri öz müsbət həllini tapıb.
Media nümayəndələri ilə görüşlərinizdə iki dəfə Sizin qarşınızda çıxış etmişəm. 2013-cü il iyulun 22-də – Milli Mətbuat Günündə keçirilmiş mərasimdəki çıxışımda belə bir inamımı ifadə etmişdim ki, Sizin Ali Baş Komandanlığınızla torpaqlarımız mütləq işğaldan azad olunacaq, Azərbaycan Bayrağı Qarabağda, Şuşada dalğalanacaqdır. Şükürlər olsun ki, Sizin Ali Baş Komandanlığınızla torpaqlarımız işğaldan azad edildi və arzularımız gerçəkləşdi. Bir neçə ildir Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində dünyanın ayrı-ayrı ölkələrini təmsil edən çoxsaylı qonaqların da qatıldıqları müxtəlif tədbirlər keçirilir. Mən özüm 14 dəfə azad Şuşada olmuşam, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında, Vaqif Poeziya Günlərində, I və II Şuşa Qlobal Media Forumlarında iştirak etmişəm. Dünyanın 50 ölkəsinin təmsilçilərinin qatıldıqları Şuşa Qlobal Media Forumlarında əcnəbi jurnalistlərin suallarını cavablandırarkən çağdaş dünya mediası, medianın məsuliyyəti və cəmiyyətdəki rolu, müasir media trendləri, sosial media və peşəkar kütləvi informasiya vasitələri ilə bağlı söylədikləriniz, həmçinin dünyada cərəyan edən qlobal siyasi proseslər, Azərbaycanın böyük Zəfərindən sonra Cənubi Qafqaz regionunda baş verən tarixi, geosiyasi dəyişikliklər barədə dərin və məzmunlu təhlilləriniz böyük diqqət və rəğbətlə qarşılandı.
Möhtərəm cənab Prezident, bu gün köhnə alyansların yeni əməkdaşlıq formatları ilə əvəzlənməyə başlandığı dünya düzənində qalib Azərbaycanın və onun müzəffər lideri kimi Sizin beynəlxalq aləmdə, o cümlədən, regionumuzda və Türk dünyasında öncül, aparıcı mövqeyiniz dövlətimiz və xalqımız adına olduqca qürurvericidir.
Çıxışlarınızdan birində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, münaqişələrin və qarşıdurmaların keçmişdə qaldığını vurğulayaraq bildirdiniz ki, biz – bu regionun xalqları özümüzü təhlükəsiz hiss edəcəyik. Hər bir Azərbaycan vətəndaşı kimi mən də ölkəmizdə, regionumuzda bir daha hansısa münaqişənin baş verməməsi diləyi ilə bundan sonrakı bütün şərəfli və məsuliyyətli fəaliyyətinizi Vətənimizin daha da çiçəklənməsinə, indikindən də firavan, indikindən də güclü, qüdrətli Azərbaycanın bərqərar olmasına həsr etməyinizi arzulayıram. Əminəm ki, Sizin görmək istədiyiniz Azərbaycan hamımızın arzuladığı Azərbaycandır.
Tanrı Azərbaycanımızı və Sizi qorusun!
Dərin hörmət və ehtiramla,
Rəşad Məcid
Azərbaycan Mətbuat Şurasının sədri,
“525-ci qəzet”in baş redaktoru.
Azərbaycan Respublikası, Bakı şəhəri.