21 may 2024, 14:22

Aleksandr Qluxovdan, Sabirabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu il mayın 5-də bütün pravoslav xristianları Pasxa bayramını qeyd etdilər. Pasxa ərəfəsində - mayın 2-də bayram münasibətilə təbrik üçün bizi ənənəyə uyğun olaraq tədbirə dəvət etdilər və tədbirdən əvvəl bizə maddi yardım göstərildi. Tədbirə dəvət alan 34 nəfər bu yardımı aldı. Sağlamlıq imkanları məhdud olan insanlara evində baş çəkildi və onlar da dövlətimizin dəstəyini gördülər.

Azərbaycanda olan multikulturalizm və tolerantlıq ənənələri, dövlət-din münasibətləri bir çox ölkələrə nümunə ola bilər.

Rayonda təşkil edilmiş görüşdə hər zaman olduğu kimi bu dəfə də çıxışlarımız dinlənildi, bizi narahat edən məsələlərlə maraqlandılar. Pasxa münasibətilə təşkil olunan bu yığıncaq artıq sayca 28-dir. Bakıda yerləşən kilsələrin və Azərbaycanın rus icmasının nümayəndələrinin gəlişi bu görüşü daha da şərəfləndirdi. Onların da səfərdən razı qalmaları, maraqlı söhbətləri bizi sevindirdi. Qonaqlar hər zaman olduğu kimi, bu dəfə də xoş münasibətlə qarşılanmalarından və rus qəbiristanlığının vəziyyətindən razı qaldılar.

Möhtərəm Prezident, rus icmasına göstərilən böyük qayğıya görə icmanın bütün üzvləri adından Sizə dərin təşəkkürümüzü bildirirəm.

Dərin hörmətlə,

Qluxov Aleksandr Fyodoroviç, Sabirabad rayonunun rus icmasının sədri.

Azərbaycan Respublikası, Sabirabad şəhəri.