02 mart 2024, 09:10

Polad Bülbüloğludan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

İcazə verin, Sizi 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı və möhtəşəm qələbəniz münasibətilə özümün, Səfirliyimizin əməkdaşları və Rusiya Federasiyasında Sizə səs vermiş çoxsaylı həmvətənlərimizin adından səmimi qəlbdən təbrik edim.

Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin səs çoxluğu ilə yenidən Prezident seçilməyiniz son 20 il ərzindəki nailiyyətlərinizin xalqımız tərəfindən yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Uzaqgörən xalqımız qalib Prezidentini yenidən ölkəmizə rəhbər seçilməsində güclü birlik və həmrəylik nümayiş etdirmişdir.

Məhz Sizin siyasi müdrikliyiniz və sərkərdə qətiyyətiniz sayəsində xalqımızın 30 illik Qarabağ həsrətinə son qoyuldu. Doğma torpaqlarından didərgin düşmüş vətəndaşlarımız yenidən öz ata-baba yurdlarına qayıdırlar.

Şəxsən mən də öz doğma yurduma qayıtmaq hissinin necə olmasını yaşayaraq hiss edənlərdən biriyəm. Şuşadakı evimizə, uşaqlıq xatirələrimə, qovuşduğum anı ömrümün sonuna qədər həyəcanla xatırlayacağam. Sizin və Mehriban xanımın mənə və ailəmə olan diqqətiniz, qayğınız məni yaşadır!

Bülbülün Ev-muzeyinin yenidən təmir edilməsi, yararsız hala düşdüyü büstünün yenidən bərpası həyatımın ən əziz anlarını mənə yaşatmışdır.

Nəhayət ki, atamın ruhunu şad etmək mənə nəsib olmuşdur. Şuşada keçirilən "Xarı bülbül" festivalında iştirakım və orada ifa etdiyim musiqilər atamın ruhuna bir xitab idi. Bunun üçün də Sizə ayrıca təşəkkürümü ifadə etmək istəyirəm.

Bir daha bu möhtəşəm qələbə münasibətilə Sizi ürəkdən təbrik edir, yeni prezidentlik dönəminizdə dövlətimizin inkişafı, onun beynəlxalq nüfuzunun artırılması, müstəqilliyimizin daha da qüdrətlənməsi və xalqımızın rifahının yüksəldilməsi naminə yorulmaz və ardıcıl fəaliyyətinizdə yeni-yeni böyük uğurlar arzu edirəm.

Dərin hörmət və ehtiramla,

Polad Bülbüloğlu, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri

Azərbaycan Respublikası, Bakı şəhəri.