19 fevral 2024, 11:42

Tahir Budaqovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizi prezident seçkilərində inamlı qələbə qazanmağınız münasibətilə səmimi- qəlbdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı və Azərbaycan dövlətinin milli maraqlarına xidmət edən məqsədyönlü fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.

Sizin güclü iradəniz, prinsipial mövqeyiniz, dövlətçilik maraqlarına, xalqımızın tarixi ənənələrinə və milli-mənəvi dəyərlərinə əsaslanan uğurlu siyasətiniz sayəsində böyük nailiyyətlər qazanan Azərbaycan qüdrətli və nüfuzlu dövlətə çevrilərək tərəqqi və Zəfər zirvəsinə yüksəlmiş, xalqımızın milli qüruru bərpa olunmuşdur. Məhz bu reallıqlar fonunda müasir dövlətçilik və müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən və haqlı olaraq Zəfər seçkisi adlandırılan prezident seçkilərində Azərbaycan xalqı növbəti dəfə Heydər Əliyev irsinə sədaqət, qalib Lider və Müzəffər Ali Baş Komandan kimi Sizin siyasətinizə birmənalı və qətiyyətli dəstək nümayiş etdirmişdir. Ümumxalq etimadının bariz nümunəsi olan bu qələbə xalq-Lider birliyinin möhtəşəm təntənəsi kimi Azərbaycan tarixinə əbədi həkk olunmuşdur.

Cənab Prezident, Zəfər seçkisinin nəticələri xalqın mütləq əksəriyyətinin öz alternativsiz Liderinə sonsuz inamını ifadə etməklə yanaşı, öz xoşbəxt gələcəyinin yeganə təminatçısı kimi Sizə etibar etdiyini bir daha təsdiqləyir. Şübhə yoxdur ki, qalib və qüdrətli Azərbaycan bundan sonra da Sizin xalqın birmənalı dəstəyinə əsaslanan liderliyinizlə böyük nailiyyətlər və yeni qələbələr qazanacaq, qarşıda duran bütün strateji hədəfləri uğurla reallaşdıracaqdır.

Zati-aliləri, Sizin rəhbərliyinizlə inkişaf yolunda əmin addımlarla irəliləyən və bundan sonsuz qürur duyan Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının kollektivi adından Zəfər seçkisində möhtəşəm qələbə qazanmağınız münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, xalqımızın firavanlığı, dövlətimizin daha da qüdrətlənməsi naminə gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Dərin hörmət və ehtiramla,

Tahir Budaqov

Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri,

Azərbaycan Respublikası, Bakı şəhəri