Sevda Məmmədəliyevadan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Sizi növbədənkənar prezident seçkilərində parlaq qələbəniz münasibətilə ürəkdən təbrik edirəm. Mütləq səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz xalqımızın Sizə olan böyük etimadının, sonsuz məhəbbətinin təzahürüdür.
Bu etimadı, xalqın hədsiz etibarını və rəğbətini Siz Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, bölgədə və dünyada öz siyasətini inamla aparan bir dövlətə çevrilməsi istiqamətində gördüyünüz misilsiz işlərlə qazanmısınız.
Məqsədyönlü siyasətiniz nəticəsində ölkəmizin əldə etdiyi möhtəşəm uğurlar Sizi qurucu, islahatçı Prezident kimi tanıtmışdır. Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Sizin qətiyyətli, yenilməz siyasi iradəniz, rəşadətli Ordumuzun şücaəti sayəsində qırx dörd günlük Vətən müharibəsində Azərbaycan tarixi qələbə qazanmış, 2023-cü ildə isə lokal antiterror tədbirləri ilə ölkəmizin suverenliyi tam bərpa edilmişdir. Sizin adınız qalib Prezident, qüdrətli Sərkərdə kimi Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılmışdır.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra ölkəmizin bütün ərazisində ilk dəfə keçirilən Zəfər seçkilərində müzəffər Prezidentin ailə üzvləri ilə birlikdə məhz Xankəndidə səs verməsi müstəsna əhəmiyyət kəsb edərək dünyaya mühüm mesaj kimi qəbul edilir.
Möhtərəm cənab Prezident!
Sizi inamlı qələbəniz münasibətilə bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, müstəqil Azərbaycanımızın nurlu sabahı, ümummilli qayələrimizin gerçəkləşməsi naminə ali dövləti fəaliyyətinizdə möhtəşəm uğurlar diləyirəm.
Dərin hörmət və ehtiramla,
Sevda Məmmədəliyeva,
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor
Azərbaycan Respublikası, Bakı şəhəri.