Süsənbər Ağamalıyevadan, Naxçıvan, Azərbaycan
Hörmətli cənab Prezident,
İcazə verin, 2024-cü ilin fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız möhtəşəm qələbə münasibətilə Sizi səmimi-qəlbdən təbrik edim, fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayım.
Siz xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasətini uğurla davam etdirməklə sübut etdiniz ki, Azərbaycanda bu siyasətin alternativi yoxdur və xalqımız Sizə inamında yanılmayıb. Belə ki, Siz Qarabağı işğalçılardan azad etməklə ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam təmin etdiniz, həmçinin adınızı Qarabağ fatehi kimi tarixə yazdınız.
Biz - Naxçıvanda yaşayan Qərbi azərbaycanlılar Sizin fəaliyyətinizi həmişə dəstəkləyir və əldə etdiyiniz bütün uğurlarla fəxr edirik. Siz bizim heç bir alternativi olmayan Liderimizsiniz! Ümumilikdə, ötən 20 ildə Azərbaycanın dünya birliyinin layiqli üzvünə çevrilməsi, beynəlxalq nüfuzunun sürətlə artması, dinamik iqtisadi inkişaf yoluna qoşulması, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasətin yürüdülməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təşkili məhz Sizin şəxsi liderlik keyfiyyətləriniz sayəsində mümkün olmuşdur. Buna görə də Azərbaycan vətəndaşları Sizə böyük etimad bəsləyir, Sizin siyasi kursunuzu birmənalı şəkildə dəstəkləyirlər.
Cənab Prezident, cəmiyyətdə böyük əksəriyyət bu fikirdədir ki, xalqın inamını doğrultmuş dövlət başçısının uğurla davam etdirdiyi islahatlar hələ uzun illər Azərbaycanın möhkəmləndirilməsi və gücləndirilməsinə, ölkənin iqtisadi qüdrətinin artırılmasına və firavanlığa qovuşmasına xidmət edəcəkdir.
Sizi bir daha “Zəfər” Prezident seçkilərində qazandığınız möhtəşəm qələbə münasibətilə Naxçıvanda məskunlaşmış, Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımız adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Nailiyyətlərlə dolu olan yolunuz uzun olsun!
Uca Allah Sizi və doğmalarınızı qorusun!
Dərin hörmətlə,
Süsənbər Ağamalıyeva, filologiya üzrə fəlsəfə doktoru.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri.